Məhkəmə qərarları › İş №2-1(103)-3264/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3264/2023

31.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3264/2023 31.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifovdan və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3318/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. İddiaçı (bundan sonra – İddiaçı) Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) müraciət edərək, fərdi hesabında toplanmış pensiya kapitalının 50 fazilə deyil, 90 faizlə hesablanmasını xahiş etmişdir.

2. Cavabdeh xx.xx.2022-ci il tarixdə İddiaçının müraciətini cavablandırmış və bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin xx.xx.2017-ci il tarixində qüvvədə olmuş tələblərinə uyğun olaraq iddiaçıya qeyd edilən tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 29.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar onun pensiya məbləği xx.xx.2022-ci il tarixindən 575,70 manata çatdırılmışdır. xx.xx.1972-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək əyani təhsil aldığı dövr də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 34 il 4 ay 13 gün sığorta stajı və xx.xx.2006- cı il tarixindən xx.xx.2017-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 29800,80 manat pensiya kapitalı əsasında pensiyası yenidən hesablanmış və pensiyasının məbləğində (575,70 manat) dəyişiklik olmamışdır. Qanunun 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalan”nın 4.2.2-ci yarımbəndinə əsasən yaşa görə pensiyanın təyin olunması üçün ilk növbədə müraciət edən şəxslərin pensiya kapitalı hesablanır. Bu məqsədlə onun 2006-cı il yanvarın 1-dək olan dövrə aid ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesabının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır və Qaydaların 4.2.3-cü yarımbəndinə əsasən 1 iyul 2017-ci il tarixdən etibarən Qanuna edilmiş dəyişikliklərə əsasən, Qanunun 29.1-1-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq, illər üzrə isə istehlak qiymətləri indeksinin illik səviyyəsi əsasında indeksləşdirilir. xx.xx.2017-ci il tarixinədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 2.2.3-cü yarımbəndinə uyğun olaraq, Qanunun 27-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il tarixinədək) sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. xx.xx.2017-ci il tarixinədək ödənilən məcburi dövlət sosial sığorta haqlarının 50 faizi, həmin tarixdən isə sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizi fərdi hesabın sığorta hissəsində qeydə alınır. Sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 10 faizi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sosial sığorta ehtiyatına və idarəetmə xərclərinə yönəldilir. Qanunun 1.0.16-cı maddəsinə əsasən idarəetmə xərcləri - məcburi dövlət sosial sığortası, fərdi uçot, əmək pensiyası və digər sosial ödənişlər sisteminin idarə edilməsinə yönəldilən və yuxarı həddi sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 2,5 faizi məbləğində müəyyənləşdirilən xərclərdir. Bu xərclərin təsdiq edilən məbləğdən artıq olan hissəsi və istifadə edilməmiş qalığı sosial sığorta ehtiyatına aid edilir. Həmin Qanunun 1.0.17-ci məddəsinə əsasən sosial sığorta ehtiyatı - sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabın sığorta hissəsinə və idarəetmə xərclərinə yönəldilən hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğdə formalaşdırılan, əmək pensiyalarının bu Qanunda müəyyən olunmuş əmək pensiyasının minimum məbləğinə çatdırılması, məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlər və digər ödəmələr üzrə xərclərin maliyyələşdirilməsinə yönəldilən, istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan və ilin sonuna istifadə edilməmiş qalığı növbəti ilə keçən vəsaitdir. Yaşa görə əmək pensiyası hüququ xx.xx.2017-ci il tarixindən əvvəl yarandığı üçün (xx.xx.2017-ci il tarixində) xx.xx.2006-cı il tarixindən xx.xx.2017-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 80 faiz artırılaraq hesablanması qanunvericiliyin tələblərinə uyğun olaraq mümkün hesab edilmir. Vətəndaşlara yaşa görə əmək pensiyası təyin edilərkən fərdi hesablarının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı gözlənilən pensiya ödənişi müddəti aylarının sayına (144 ay) bölünür. Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37,3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır.

3. İddiaçı bu cavabla razılaşmayaraq xx.xx.2022-ci il tarixdə cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşa görə əmək pensiyasının aylıq məbləğinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun hazırda qüvvədə olan müddəalarına uyğun - onun əmək pensiyasının orta aylıq məbləği pensiya məbləğinə ödənilən məcburi dövlət sosial sığorta haqlarının 90 faizi fərdi hesabının sığorta hissəsinə daxil edilməklə hesablanması; xx.xx.2017-ci il tarixdən pensiya məbləğinə edilməli olan əlavələr hesablanmaqla həmin tarixdən qərar qəbul edilənə kimi əlavə olunan məbləğin ona birdəfəlik ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, tələbinin “2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalının 80% artırılaraq fərdi hesabının sığorta hissəsinə daxil edilməsi barədə qərar qəbul edilməsi” şəklində müəyyən edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir.

5. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə münasibətdə iddiası mümkün hesab edilməmişdir.

İİ. Tərəflərin əsaslandırması

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxx 1954-cü ildə anadan olmuş, xx.xx.2017-ci il tarixdə yaşa görə əmək pensiyası almaq hüququ əldə etmişdir. Müraciəti əsasında ona 06.06 2017-ci il tarixdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiyasının aylıq məbləği 575,70 manat təşkil edir. xx.xx.1972-ci il tarixdən xx.xx.1977-ci il tarixinədək əyani təhsil aldığı dövr də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 34 il 4 ay 13 gün sığorta stajı və xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı vardır. Ona pensiya təyin olunan tarixdə “Əmək pensiyaları haqqında”Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsi aşağıdakı redaksiyada idi: “1.0.8. fərdi hesabın sığorta hissəsi - müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş nisbətlərə uyğun olaraq sığortaolunanlər üzrə ödənilmiş və əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan məcburi dövlət sosial sığorta haqlarının qeydə alındığı subhesabdır”. Həmin dövr üçün fərdi hesabın sığorta hissəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi ilə hesablanırdı. Ona görə ona pensiya məbləği hesablanarkən fərdi hesabın sığorta hissəsində ödənilən məcburi dövlət sosial sığorta haqlarının 50 faizi nəzərə alınmışdır. 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsi aşağıdakı redaksiyada verilmişdir: “1.0.8. fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alman, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır”. xx.xx.2017-ci il tarixdən onunla eyni hüquqi statusda olanlar (yaşa görə əmək pensiyası alanlar) üçün sığorta olunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqqının 90 faizi fərdi hesabın sığorta hissəsində qeydə alınır. Beləliklə, xx.xx.2017-ci il tarixdən onun pensiya məbləği onunla eyni hüquqi statusda olanlardan xeyli fərqlənir. Bu ayrıseçkilik ona pensiyanın bir ay əvvəl təyin olunması ilə bağlı olmaqla maddi vəziyyətini əhəmiyyətli dərəcədə pisləşdirir. Qanunvericilikdəki dəyişiklik fiziki şəxs kimi hüquqi vəziyyətini yaxşılaşdırmasına baxmayaraq, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə istinad olunmaqla xx.xx.2017-ci il tarixdən pensiya məbləğində ona ödənilən məcburi dövlət sosial sığorta haqlarının 50 faizi, 90 faizlə əvəz edilib fərdi hesabının sığorta hissəsində qeydə alınmamışdır. Bununla da ona münasibətdə Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbləri pozulmuşdur. Onun əmək pensiyasının orta aylıq məbləği pensiya məbləğinə ödənilən məcburi dövlət sosial sığorta haqlarının 90 faizi fərdi hesabının sığorta hissəsində qeydə alınmaqla hesablanmalı və xx.xx.2017-ci il tarixdən pensiya məbləğinə edilməli olan əlavələr hesablanmaqla xx.xx.2017-ci il tarixdən qərar qəbul edilənə kimi əlavə onunan məbləğ ona birdəfəlik ödənilməlidir. O cavabdehə müraciətini Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə istinad etməklə əsaslandırsa da, Mərkəzi Filialın 22 sentyabr 2022-ci il tarixli cavab məktubunda həmin maddənin ona münasibətdə nə üçün tətbiq olunmaması cavablandırılmamış və beləliklə, müraciətinə əsaslandırılmış cavab almaq hüququndan məhrum olunmuşdur.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3318/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməməsi qərara alınmışdır.

8. İddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3318/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırmışdır.

İİİ. Məhkəmənin mövqeyi

10. Məhkəmə kolegiyası iş üzrə materialları, iddiaçının apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3318/2023 saylı, xx.xx.2023-cü il il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır.

11. Apellyasiya baxışının hədləri ilə bağlı məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

12. İnzibati Prosessual qanunvericiliyin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

13. Məhkəmə Kollegiyası iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

14. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

15. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

16. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür.

17. İddia tələbinin mahiyyəti və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası aşağıdakıları qeyd edir:

18. İş materialları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.2017-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının xx.xx.1970-ci il tarixindən xx.xx.1972-ci il tarixinədək, xx.xx.1977-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək, xx.xx.1978-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək cəmi 29 il 6 ay 19 gün əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla 10895,93 manat pensiya sığorta kapitalına əsasən sığorta hissəsi 75,52 manat hesablanmışdır. İddiaçının əmək pensiyasının məbləği 110 manat baza hissəsi və 75,52 manat sığorta hissəsindən ibarət olmaqla cəmi 185,52 manat təşkil etmişdir.

19. İddiaçının xx.xx.2006-cı il tarixindən xx.xx.2017-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində toplanmış 24579,98 manat pensiya sığorta kapitalına əsasən əmək pensiyasının sığorta hissəsinin məbləği yenidən hesablanmış və xx.xx.2017-ci il tarixindən 356,22 manata çatdırılmışdır.

20. İşdən görünür ki, iddiaçının Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına xx.xx.2021-ci il tarixində daxil olmuş müraciətinə əsasən əmək pensiyasının məbləği xx.xx.1972-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək 4 il 9 ay 27 gün ümumi iş stajına (təhsil illəri) uyğun 1887,17 manat pensiya kapitalı (xx.xx.2018-ci il tarixinədək indeksləşdirilməklə) və xx.xx.2006-cı il tarixindən xx.xx.2017-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış, lakin əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış 3818,89 manat pensiya kapitalı (80% artırılma və xx.xx.2018-ci il tarixinədək indeksləşdirilmə nəzərə alınaraq) daxil edilməklə xx.xx.2018-ci il tarixindən yenidən hesablanmışdır.

21. Beləliklə, iddiaçının əmək pensiyasının sığorta hissəsinin məbləği yenidən hesablanma nəticəsində müəyyən edilmiş xx.xx.2006-cı il tarixinədək və xx.xx.2006-cı il tarixindən xx.xx.2017-ci il tarixinədək cəmi 5706,6 manat kapitalına əsasən xx.xx.2018-ci il tarixindən 39,62 manat (5706,6/144=39,62 manat) artırılaraq 416,15 manata çatdırılmışdır.

22. İşdən görünür ki, iddiaçının əmək pensiyasının məbləği indeksləşdirilməklə xx.xx.2019-cu il tarixindən 428,63 manata, xx.xx.2020-ci il tarixindən 499,79 manata, 01 01.2021-ci il tarixindən 556,77 manata, xx.xx.2022-ci il tarixindən 575,70 manata, xx.xx.2023-cü il tarixindən 679,43 manata çatdırılmışdır.

16. İddiaçı hazırda qanunvericiliyə edilmiş dəyişikliyin Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən ona tətbiq edilməsini və xx.xx.2006-xx.xx.2017-ci il üzrə fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalının 80% artırılaraq fərdi hesabının sığorta hissəsinə daxil edilməsi barədə qərar qəbul edilməsini xahiş edir.

23. Məhkəmə aşağıdakılara əsasən hesab etmişdir ki, iddiaçının bu tələbi təmin oluna bilməz.

24. Belə ki, iddiaçıya pensiya təyin olunan xx.xx.2017-ci il tarixə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – ƏPQ): - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; - 1.0.8-ci maddəsində göstərilirdi ki, fərdi hesabın sığorta hissəsi - müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş nisbətlərə uyğun olaraq sığortaolunanlər üzrə ödənilmiş və əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan məcburi dövlət sosial sığorta haqlarının qeydə alındığı subhesabdır; - 1.0.9-cu maddəsinə əsasən fərdi hesabın yığım hissəsi - müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş nisbətlərə uyğun olaraq sığortaolunanlər üzrə ödənilmiş və əmək pensiyasının yığım hissəsinin hesablanması üçün nəzərə alınan məcburi dövlət sosial sığorta haqlarının, eləcə də bu vəsaitlərin dövriyyəsindən əldə edilən gəlirlərin toplandığı subhesabdır; - 1.0.10-cu maddəsinə görə isə pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. - maddə 27. Qanunun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması 27.1. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. - 37.3-cü maddəsinə görə işləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. xx.xx.2017-ci il tarixə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 6 mart 2006-cı il tarixli 377 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.9-cu bəndinə görə həmin Qanunun 1.0.5-ci maddəsinə uyğun olaraq məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi onların fərdi hesablarının sığorta hissəsində qeydə alınırdı.

19. 10 may 2017-ci il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsi ilə ƏPQ-də aşağıdakı dəyişikliklər edildi: - 1.0.8-ci maddə aşağıdakı redaksiyada verildi: “1.0.8. fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; - 27-ci maddənin adında “Qanunun qüvvəyə mindiyi günədək qazanılmış” sözləri “Qazanılmış” sözü ilə əvəz edildi; - 27.1-ci maddənin birinci cümləsində “Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların” sözləri “Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək” sözləri ilə, ikinci cümləsində “170” rəqəmi “306” rəqəmi ilə əvəz edildi və həmin maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edildi: - “Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır.”; - 37.3.1-ci maddənin birinci cümləsindən “baza və” sözləri çıxarıldı, ikinci cümləsinə “keçdikdə” sözündən sonra “, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə” sözləri və həmin maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edildi: - “. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir”; - Qanunun 2-ci maddəsi ilə həmin Qanunun 2017-ci il iyulun 1-dən qüvvəyə minməsi təsbit edildi.

25. Eyni zamanda 1 may 2017-ci il tarixli 1352 nömrəli Azərbaycan Respublikası Prezidenti Fərmanının 3.3-cü bəndi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarının həmin Qanunun 26.1-ci maddəsində nəzərdə tutulmuş qaydada şərti çevrilməsini aparılması, 3.4-cü bəndinə əsasən 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının həmin Qanunun 27.1-ci maddəsinin üçüncü cümləsində nəzərdə tutulmuş qaydada artırılmasını təmin etməsi, 3.5-ci bəndinə görə işləyən əmək pensiyaçılarına ödənilən əmək pensiyalarının məbləğinin həmin Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrində nəzərdə tutulmuş qaydada yenidən hesablanmasını təmin etməsi tapşırıldı.

26. Həmin Fərmanla həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanın 2.9-cu bəndi ləğv edildi.

27. Beləliklə, xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş yeni normalara əsasən həmin andan etibarən:

1. sığortaolunanların ödədiyi məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin fərdi hesabın sığorta hissəsində qeydə alınması;

2. sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalının isə 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınması təsbit edildi.

28. İddiaçı hazırda onun xx.xx.2006-xx.xx.2017-ci il üzrə fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalının 80% artırılaraq fərdi hesabının sığorta hissəsinə daxil edilməsini xahiş edir. Lakin yuxarıda istinad olunan normalardan da görünür ki, bu hal fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış, yəni əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış pensya kapitalına şamil edilir.

29. İddiaçıya xx.xx.2017-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilərkən məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizinin onların fərdi hesablarının sığorta hissəsində qeydə alınması barədə norma qüvvədə olduğundan, onun xx.xx.2017-ci il tarixədək ödədiyi məcburi dövlət sosial sığorta haqlarının 50 faizi fərdi hesabların sığorta hissəsinə daxil edilməklə ona yaşa görə əmək pensiyası təyin edilmiş, bununla da xx.xx.2017-ci il tarixədək fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalından istifadə olunmuşdur.

30. İşdən görünür ki, iddiaçı sonradan xx.xx.2021-ci il tarixdə cavabdehə əmək pensiyasının yenidən hesablanması üçün müraciət etmiş, bu zaman onun xx.xx.2006xx.xx.2017-ci il tarixlərdə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış, yəni ona xx.xx.2017-ci il tarixdə əmək pensiyası təyin edilərkən sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış pensiya kapitalı 80 faiz artırılaraq ona təyin edilmiş əmək pensiyası yenidən hesablanmışdır.

31. O da qeyd olunmalıdr ki, hazırda qüvvədə olan ƏPQ-nun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır.

32. Göstərilən normanın tələbindən çıxış edərək məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və yaxud pensiya təyin olunduğu xx.xx.2017-ci il tarixdən sonra 6 il işlədikdə onun xx.xx.2017-ci il tarixdən sonra fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalının 90% ilə yenidən hesablanmasını tələb etmək hüququ yaranacaqdır.

33. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

34. Beləliklə, iş üzrə müəyyən olunur ki, cavabdehin iddiaçının tələb etdiyi qaydada pensiyasının yenidən hesablanmasından imtinası əsaslı olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır.

35. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası yuxarıda qeyd edilənlərlə yanaşı bildirir ki, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 10 faizi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sosial sığorta ehtiyatına və idarəetmə xərclərinə yönəldilir. Qanunun 1.0.16-cı maddəsinə əsasən idarəetmə xərcləri - məcburi dövlət sosial sığortası, fərdi uçot, əmək pensiyası və digər sosial ödənişlər sisteminin idarə edilməsinə yönəldilən və yuxarı həddi sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 2,5 faizi məbləğində müəyyənləşdirilən xərclərdir. Bu xərclərin təsdiq edilən məbləğdən artıq olan hissəsi və istifadə edilməmiş qalığı sosial sığorta ehtiyatına aid edilir. Həmin Qanunun 1,0.17-ci məddəsinə əsasən sosial sığorta ehtiyatı - sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabın sığorta hissəsinə və idarəetmə xərclərinə yönəldilən hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğdə formalaşdırılan, əmək pensiyalarının bu Qanunda müəyyən olunmuş əmək pensiyasının minimum məbləğinə çatdırılması, məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlər və digər ödəmələr üzrə xərclərin maliyyələşdirilməsinə yönəldilən, istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan və ilin sonuna istifadə edilməmiş qalığı növbəti ilə keçən vəsaitdir. 36.İddiaçının yaşa görə əmək pensiyası hüququn xx.xx.2017-ci il tarixdən əvvəl yarandığı üçün (xx.xx.2017-ci il tarixdə) xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının 80 faiz artırılaraq hesablanması qanunvericiliyin tələblərinə uyğun olaraq mümkün hesab edilmir.Vətəndaşlara yaşa görə əmək pensiyası təyin edilərkən fərdi hesablarının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı gözlənilən pensiya ödənişi müddəti aylarının sayına (144 ay) bölünür. Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır.

37. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-3318/2023 nömrəli qərarında haqlı olaraq qeyd edilmişdir: iddiaçıya xx.xx.2017-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilərkən məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizinin onların fərdi hesablarının sığorta hissəsində qeydə alınması barədə norma qüvvədə olduğundan, onun 01.01,2017-ci il tarixədək ödədiyi məcburi dövlət sosial sığorta haqlarının 50 faizi fərdi hesabların sığorta hissəsinə daxil edilməklə ona yaşa görə əmək pensiyası təyin edilmiş, bununla da xx.xx.2017-ci il tarixədək fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalından istifadə olunmuşdur.İşdən görünür ki, iddiaçı sonradan 15.01,2021-ci il tarixdə cavabdehə əmək pensiyasının yenidən hesablanması üçün müraciət etmiş, bu zaman onun xx.xx.2006- xx.xx.2017-ci il tarixlərdə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış, yəni ona xx.xx.2017-ci il tarixdə əmək pensiyası təyin edilərkən sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış pensiya kapitalı 80 faiz artırılaraq ona təyin edilmiş əmək pensiyası yenidən hesablanmışdır.

38. Beləliklə, istinad olunanlardan göründüyü kimi iddiaçı pensiya sığorta kapitalından istifadə etmişdir. Belə olan halda xx.xx.2017-ci il tarixədək məcburi dövlət sosial sığorta haqlarının 50% hissəsi nəzərə alınmaqla hesablanmış pensiya kapitalı artıq pensiya təyin edilərkən istifadə olunduğundan, yenidən həmin istifadə olunmuş pensiya kapitalının 80% artırılması, başqa sözlə həmin vaxtadək ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90%-lə yenidən hesablanaraq pensiya kapitalının ödənilməsi qanunvericiliyin tələbinə ziddir.

39. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

40. Göründüyü kimi, birinci instansiya məhkəməsində işə baxılarkən yuxarıda qeyd olunan məsələlər araşdırılmış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirərək iddia təmin edilməmişdir. Buna görə də məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni, ədalətli və işin faktiki halları baxımdan əsaslıdır.

41. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır, odur ki, təmin edilməməlidir və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3318/2023 saylı, xx.xx.2023cü il qərarı dəyişdirilmədən saxlanılmalıdır.

42. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin tələblərinə əsasən: Maddə 58.7. sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3318/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar