Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3265/2022 08.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X9 Hüseynin sədrliyi və məruzəsi ilə, İlham Əziz oğlu Kərimli və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2-1(112)-4165/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşa görə pensiya hüququnun 01 yanvar 2021-ci il tarixdən təmin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı BDU-nun (əvvəlki ADU) kimya fakültəsinin əyani şöbəsinə 1976-cı ildə daxil olmuş, 1981-ci ildə universiteti bitirmişdir. Ali təhsil müəssisəsini bitirdikdən sonra xx.xx.1981-ci il tarixdə o, 24 saylı əmrlə Salyan rayonunda yerləşən aqrokimya laboratoriyasına baş texnik vəzifəsinə işə qəbul olunmuş, xx.xx.1982ci ildə 8 saylı əmrlə həmin müəssisədə aqrokimyaçı vəzifəsinə keçirilmişdir. Daha sonra xx.xx.1988-ci ildə öz ərizəsi ilə həmin müəssisə ilə əmək münasibətlərinə xitam vermişdir. xx.xx.1988-ci ildən Salyan plastmas zavodunda çalışmış, xx.xx.2001-ci ildən xx.xx.2005-ci ilədək şəhər 18 saylı uşaq bağçasında tərbiyəçi müəllimə işləmişdir. 22 yanvar 2021-ci il tarixdə pensiya təyinatı ilə əlaqədar AR ƏƏSMN 1 №-li “DOST” mərkəzinə müraciət etmişdir. Pensiya təyinatı ilə əlaqədar onun tərəfindən təqdim edilmiş, 1981-ci ildə verilmiş ИТ-İ № ******* əmək kitabçasında iş stajı 18 il 9 ay nəzərə alınmışdır. İddiaçı xx.xx.2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək əsl olmayan cavabdeh Dövlət Sosial Müdafiə Fondunun əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmənin 14 dekabr 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, cavabdeh Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Cаvаbdеh iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, ərizəçi İddiaçı mövcud olan sosial sığorta stajı 18 il 09 ay olmaqla tələb edilən 25 il sosial sığorta stajından azdır. İddiaçının yaşa görə əmək pensiyası hüququ xx.xx.2021-ci il tarixdə yaranmışdır. İddiaçının əmək kitabçasında qeyd edilən əmək fəaliyyəti və təhsil dövrləri 28 il 02 ay təşkil edir (xx.xx.1976-xx.xx.1981, xx.xx.1981-xx.xx.1982, xx.xx.1982-xx.xx.1988, xx.xx.1988-xx.xx.2001, xx.xx.2001-xx.xx.2005). Lakin iddiaçının əmək kitabçasında qeyd edilən X11 zavodunda olan xx.xx.1988-xx.xx.2001-ci illər əmək fəaliyyəti dövrü mübahisəlidir. Belə ki, Dövlət Sosial Müdafiə Fondunun 6 saylı regional ərazi filialının böyük mütəxəssisi və X6 filialının böyük fond mühafizəçisi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli akta əsasən X11 zavodunda qarşılıqlı yoxlama aparılmış və əmək haqqı hesablaşmalarında həmin şəxsin əmək haqqı alması faktı aşkarlanmamışdır. Həmin dövrün xx.xx.1988-xx.xx.1992-ci il illər əmək fəaliyyəti vaxtı mübahisələndirilmir və sosial sığorta stajına (18 il 09 ay) daxil edilib. Qanunvericiliyin tələbləri baxımından həmin tarixə qədər məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi tələbi olmamışdır. Lakin xx.xx.1992-ci ildən məcburi dövlət sosial sığorta haqları ödənilməlidir, şəxsin əmək haqqı almaması faktı həmin ödənişlərin edilməsini istisna edir. Bakı İnzibati Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2-1(112)-4165/2022 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı 62 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarı ləğv edib iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı işin hallarından görünür ki, İddiaçı Bakı Dövlət Universitetinin arxiv sənədlərinə əsasən X4 1976-cı il 30 avqust tarixli 299 n/c nömrəli əmrlə Kimya fakültəsinin əyani şöbəsinə qəbul olunmuş, 1981-ci il 09 iyul tarixli 3/295 nömrəli əmrlə həmin fakültənin əyani şöbəsini “Kimyaçı, kimya müəllimi” ixtisası üzrə bitirmiş və ona 1981-ci il 14 iyul tarixində qeydiyyat nömrəsi 5248 olan ЖВ seriyalı 041394 nömrəli adi diplom verilmişdir. İİİ-ЖГ № 352721 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, 28 yanvar 1958-ci il tarixdə doğulmuş X3 ilə xx xxxxxx 1959-cu il tarixdə doğulmuş X4 29 sentyabr 1983-cü il tarixdə nikahlarını bağlamış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 266 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ərə Əsgərov, arvada Əsgərova soyadı verilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 21 oktyabr 2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçının ümumi sığorta stajı 18 il 9 ay təşkil etməklə tələb olunan müddətdən (25 ildən) az olduğu, eyni zamanda xx.xx.2006-cı il tarixindən pensiya hüququ yaranan tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən ünvanlanmış sorğuya cavab olaraq Azərbaycan Respublikası X6 filialı tərəfindən təqdim edilmiş X6 filialında mühafizə olunan Salyan rayon X11 zavodunun arxiv sənədlərində, o cümlədən 1988-2001-ci illərə aid şəxsi heyət üzrə əmrlər və əmək haqqı haqqı cədvəllərindən 04 may 2022-ci il tarixli arxiv çıxarışında qeyd edilmişdir ki, X11 zavodunun şəxsi heyət üzrə əmrlərində Əkbərova İddiaçı, əmək haqqı cədvəllərində X1 uşaq bağçası və körpələr evində tərbiyəçi işləməsi aşağıdakı kimidir: xx.xx.1988-ci il tarixli 46-k nömrəli əmrlə 26.02.88-ci il tarixdən uşaq bağçası və körpələr evinə tərbiyəçi qəbul edilmişdir; xx.xx.1989-cu il tarixli 146-k nömrəli əmrlə 26.02.88-26.02.89 36 iş günü məzuniyyətə buraxılmışdır; xx.xx.1990-cı il tarixli 126k nömrəli əmrlə 01.09.90-cı ildən 12.10.90-cı ilə kimi 36 iş günü müddətinə 89/90-cı ilin növbəti məzuniyyətə buraxılmışdır; xx.xx.1992-ci il tarixli 36-k nömrəli əmrlə 23.03.92-ci ildən 05.05.92-ci ilə kimi 36 iş günü müddətinə 90/91-ci ilin növbəti məzuniyyətə buraxılmışdır; xx.xx.1993-cü il tarixli 134-k nömrəli əmrlə 01.12.93-cü ildən 11.01.93-cü ilə kimi 36 iş günü müddətinə 92/93-cü ilin növbəti məzuniyyətə buraxılmışdır; xx.xx.1994-cü il tarixli 76-k nömrəli əmrlə 22.08.94-cü ildən 01.10.94-cü ilə kimi 36 iş günü müddətinə 93/94-cü ilin növbəti məzuniyyətə buraxılmışdır; xx.xx.1995-ci il tarixli 167-k nömrəli əmrlə 15.12.95-ci ildən 03.02.96-cı ilə kimi 42t/g günü müddətinə 94/95-ci ilin növbəti məzuniyyətə buraxılmışdır; xx.xx.1996-cı il tarixli 87-k nömrəli əmrlə 10.06.96-cı ildən 02.08.96-cı ilə kimi 42 t/g günü müddətinə 95/96-cı ilin növbəti məzuniyyətə buraxılmışdır; xx.xx.1998-ci il tarixli 124-k nömrəli əmrlə 02.11.98-ci ildən 20.12.98-ci ilə kimi 42 t/g+6 t/g günü müddətinə 97/98-ci ilin növbəti məzuniyyətə buraxılmışdır; xx.xx.1999-cu il tarixli 78k nömrəli əmrlə 08.06.99-cu ildən 28.07.99-cu ilə kimi 42 t/g+9 t/g = 51t/g günü müddətinə 98/99-cu ilin növbəti məzuniyyətə buraxılmışdır; xx.xx.2000-ci il tarixli 42-k nömrəli əmrlə xx.xx.2000-ci ildən xx.xx.2000-ci ilə kimi 42 t/g günü müddətinə 99/2000-ci ilin növbəti məzuniyyətə buraxılmışdır; xx.xx.2001-ci il tarixli 03-k nömrəli əmrlə xx.xx.2001-ci ildən xx.xx.2001-ci ilə kimi 42 t/g günü müddətinə 2000/2001-ci ilin növbəti məzuniyyətə buraxılmışdır. Həmçinin həmin arxiv çıxarışında Əkbərova-İddiaçı 1988-2001-ci illər üzrə əmək haqqı cədvəli göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddənin qeyd hissəsində göstərilmişdir ki, Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. “Qaydalar”ın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. “Qaydalar”ın 3.6-cı bəndinə əsasən, Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, mövcud “Qaydalar” "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsini təsbit etmişdir. Bundan əlavə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiya təminatı” haqqında SSRİ Qanununun 1-ci maddəsinin “v” bəndinə görə, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar əmək pensiyası almaq hüququna malikdirlər. Həmin Qanunun 109-cu maddəsinin “i” yarımbəndində qeyd olunur ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. 23 sentyabr 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün şəxsin yaşı bu Qanunda göstərilən yaş həddinə çatmalı; fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli, yaxud azı 25 il sığorta stajı olmalıdır. Cavabdehin imtinasının (etirazının) əsas dəlili ondan ibarətdir ki, iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il tarixədək işlədiyi Salyan rayon X11 zavodunun əmək haqqı hesablaşmalarında əmək haqqı alması faktının aşkarlanmaması olmuşdur. Həmçinin qeyd edilmişdir ki, xx.xx.1992-ci ildən məcburi dövlət sosial sığorta haqları ödənilməlidir, şəxsin əmək haqqı almaması faktı həmin ödənişlərin edilməsini istisna edir. Birinci instansiya məhkəməsi həmin dəlillərlə bağlı qeyd etmişdir ki, hazırda qüvvədə olan Qaydalarda 2006-cı il yanvarın 1-dək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. İddiaçının iş stajını təsdiq edən əmək kitabçası mövcuddur, əmək kitabçası yuxarıda qeyd edilən normativ sənədlərə uyğun tərtib edilmişdir, cavabdeh iddiaçıya məxsus əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmamasına dair mötəbər sübut təqdim edə bilməmişdir. Bundan əlavə, iş materiallarında olan arxiv çıxarışında mübahisələndirlən dövr üzrə əmək fəaliyyətinə dair əmrlər (işə qəbul edilmə, məzuniyyət) sadalanmış, əmək haqqı cədvəlləri göstərilmişdir ki, iddiaçıya məxsus əmək kitabçasındakı qeydlərin həqiqiliyini təsdiq edir. Əmrlərdə və əmək haqqı cədvəllərində iddiaçının soyadının müxtəlif yazılması (Əkbərova, Əsgərova, Ələkbərova) ilk növbədə iddiaçının soyadının nikaha daxil olduqdan sonra “Əkbərova”-dan “Əsgərova”ya dəyişməsi ilə əlaqədardır. Ümumiyyətlə isə, iddiaçının soyadının əmrlərdə və əmək haqqı cədvəllərində müxtəlif yazılma hallarının iddiaçının iradəsindən və müdaxilə imkanından kənar olması nəzərə alındıqda, həmin hallar iddianın əsaslılığına təsir etmir və özlüyündə əmək kitabçasındakı qeydlərin mötəbərliyini şübhə altına almağa əsas vermir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır (45.1). Мəhkəmə kollegiyası təqdim edilən əmək kitabçasını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Belə ki, cavabdeh orqan əksini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Həmçinin, iddiaçının Salyan rayon X11 zavodunda işlədiyi dövrün 2006-cı il yanvarın 1-dək iş stajı kimi nəzərə alınmalı olması ilə bağlı məhkəmə bir daha qeyd edir ki, hazırda qüvvədə olan və yuxarıda istinad olunan “Qaydalar”da da 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. Bundan əlavə nəzərə alınmalıdır ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 2018-ci il 6 mart tarixli Qanunun 1-ci maddəsinə əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Həmin Qanunun 4-cü maddəsinə əsasən, bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, sığortaedənin (hazırkı halda, iddiaçının işlədiyi müəssisələrin) 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcu olsaydı belə, həmin borc 2018-ci ilin 1 aprel tarixdə tam məbləğdə silinmiş olurdu. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi ilə bağlı dəlilinə münasibətdə isə qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı iddiaçının xx.xx.2006-cı il tarixədək artıq 25 ildən çox sığorta stajına malik olması öz təsdiqini tapdığından, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi halı da, əhəmiyyət daşımır. Yaşa görə əmək pensiyasının təyin edilməsi üçün şəxsin yaşı, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, yaxud azı 25 il sığorta stajına malik olması zəruridir. İddiaçının isə 25 il sığorta stajına malik olması məhkəmə araşdırması zamanı kifayət qədər mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 25 ildən çox iş stajına malik olması və qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatması iş materialları ilə müəyyən edildiyindən iddiaçının tələbi əsaslıdır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 62 yaşından, yəni xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası hüququna malik olduğundan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2-1(112)-4165/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: İlham Kərimli Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-3265/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3265/2022
08.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver