Məhkəmə qərarları › İş №2-1(103)-3265/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3265/2023

16.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3265/2023 16.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin qoyulması” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5116/2023 saylı, xx.xx.2023cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 166 №li RİK qərarından çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,12 ha torpaq sahəsi iddiaçının adına ayrılmışdır.Həmin vaxtdan torpaq sahəsi hasara alınaraq iddiaçının istifadəsindədir.Bununla əlaqədar iddiaçı həmin torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarışın verilməsi və texniki pasportun verilməsi haqqında cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçı tərəfindən göstərilən torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 439 nömrəli fərmanı ilə təsdiq edilmiş siyahının 2.5-ci bəndinə uyğun olaraq Abşeron meyvə-tingliyi sovxoz rəhbərinin əmri, habelə Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2015-ci il tarixli, 664 nömrəli Fərmanının 2-ci bəndinə uyğun olaraq müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” AR Qanununa uyğun olaraq dövlət arxivində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən sənədlər (müvafiq sxem, plan və onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) təqdim olunmamışdır. Bundan başqa təqdim edilmiş yerləşmə cizgisi torpaq sahəsi ayrılan zaman deyil, sonradan Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin Təsərrüfat Şöbəsi tərəfindən tərtib edilmişdir.Habelə idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı göstərilən torpaq sahəsinin ümumi hasar daxilində yerləşdiyi müəyyən edilmişdir.Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5116/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5116/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - İddaçı tərəfindən məhkəməyə cavabdehin xx.xx.2022-ci il tarixli məktubu, Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivinin verdiyi Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 166 nömrəli qərarından çıxarış, iddiaçıya ayrılmış 1200 kv metr torpaq sahəsinin yerləşmə yerinin sxemi, həmin sxemin iddiaçıya göndərilməsi haqqında Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin başçısının müavininin Ş-68-091 nömrəli, xx.xx.2022-ci il tarixli məktubu, həyətyanı torpaq sahəsinin verilməsinə dair akt, torpaq sahəsinə dair "xxxx" MMC-nin mütəxəssis rəyi təqdim edilmişdir. - Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubuna əsasən iddiaçıya ayrılmış 1200,0 kv metr olan sahə X3 Sovxozunun Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. - Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivinin verdiyi Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 166 nömrəli qərarından çıxarışdan görünür ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 250 №li qərarı ilə İddiaçı boş qalmış 0.12 ha torpaq sahəsi verilməsi haqqında sovxozun əmək kollektivi şurasının həmkarlar komitəsinin 8 dekabr 1989-cu il tarixli, 31 №li qərarının və sovxozun xx.xx.1989-cu il tarixli, 129 №li və xx.xx.1990-cı il tarixli 52 №li əmrlərinin nəzərə alınması qərara alınmış, vətəndaşa torpaq sahəsində 60 kv metr ölçüyədək fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. - İddiaçıya ayrılmış 1200 kv metr torpaq sahəsinin yerləşmə sxeminə əsasən həmin sxem Sabunçu rayon İcra Hakimiyyətinin rayon təsərrüfat şöbəsi tərəfindən tərtib edilmiş və həmin şöbənin müdiri tərəfindən imzalanmışdır, sxemdə torpaq sahəsinin yerləşdiyi yer əks olunmuşdur. - Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin başçısının müavininin Ş-68-091 nömrəli, xx.xx.2022-ci il tarixli məktubuna əsasən torpaq sahəsinin yerləşmə yerinin sxemi iddiaçının ünvanına göndərilmişdir. - 1990-cı ildə tərtib edilmiş həyətyanı torpaq sahəsinin verilməsinə dair akta əsasən Abşeron rayon meyvə-tingliyi sovxozunun sakini İddiaçı RİK-nin xx.xx.1989-cu il tarixli, 250 №li qərarına əsasən fərdi yaşayış evi tikməsi üçün 0,12 hektar torpaq sahəsi yer üzərində ara nişanlar ayrılaraq daim istifadə üçün təhkim edilmişdir.Həmin akt RİK-in sədri və katibi tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir. Əsas kimi sovxozun əmək kollektivi şurasının və həmkarlar komitəsinin 8 dekabr 1989-cu il tarixli, 129 №-li və 22 may 1990-cı il tarixli, 52 №-li əmrləri göstərilmişdir. - "xxxx" MMC-nin mütəxəssis rəyinə əsasən İddiaçı ayrılmış 0,12 ha torpaq sahəsi faktiki və sənəd üzrə üst-üstə düşür. Torpaq sahəsinin sərhədləri və koordinatları müəyyən edilmişdir, İddiaçı ayrılmış 0,12 ha torpaq sahəsinin bütün sərhədləri hal-hazırda mişar daşı ilə hasarlanmışdır. Torpaq sahəsinin naturadakı vəziyyəti həyətyanı sahənin ayrılmasına dair verilmiş aktda göstərilən cizgi ilə uyğunluq təşkil edir. İddiaçı ayrılmış 0,12 ha torpaq sahəsi naturada “yaşayış məntəqələrinin torpaqları” kateqoriyalarına aiddir, sözügedən 0,12 ha torpaq sahəsinin hazırki yerləşməsi, qonşu torpaq sahələrinin mülkiyyətçilərinin hüquqlarını pozmur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0.Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir...Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:.. 139- 1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;139- 1.1.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı;139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları;139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri- yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);139- 1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: “... 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri;..” daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınması üçün əsasdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hazırda istifadəsində olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün tələb olunan sənədləri iş materiallarından mövcuddur. Belə ki, iddiaçıya 0,12 ha torpaq sahəsinin ayrılması faktı Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 166 nömrəli qərarında göstərilənlərlə təsdiqlənir, belə ki, həmin qərarın çıxarışından müəyyən edilir ki, Abşeron rayon meyvə-tingliyi sovxozunun əmək kollektivi şurasının həmkarlar komitəsinin 8 dekabr 1989-cu il tarixli, 31 №li qərarı və sovxozun xx.xx.1989cu il tarixli, 129 №li və xx.xx.1990-cı il tarixli 52 №li əmrləri ilə iddiaçıya sovxoz ərazisində fərdi yaşayış evinin inşa edilməsi üçün 0,12 ha torpaq sahəsi ayrılmışdır və qeyd edilən sənədlər nəzərə alınaraq iddiaçıya həmin torpaq sahəsində 60 kv metr ölçüyə qədər fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir.Torpaq sahəsi yerində ayrılaraq iddiaçıya təhvil verilmiş, habelə torpaq sahəsinin sxemi rayon icra hakimiyyəti tərəfindən tərtib edilmişdir “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə mülkiyyə hüququnun qeydiyyata alınması ilə bağlı yuxarıda qeyd edilən əsaslardan hər hansı biri mövcud deyildir. Cavabdehin etirazının və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 166 nömrəli qərarı ilə iddiaçıya torpaq sahəsinin yerləşdiyi sovxoz tərəfindən torpaq ayrılması təsdiqlənir, eyni zamanda torpaq sahəsi ayrılan zaman torpaq sahəsi yer üzərində ara nişanlar ayrılaraq daim istifadə üçün iddiaçıya təhkim edilmişdir.Habelə torpaq sahəsinin yerləşmə sxemi də mövcuddur, həmin sxemin tərtib edilməsi tarixinin hüquqların qeydiyyata alınması zamanı hər hansı bir əhəmiyyət kəsb etməsi qanunvericilikdə nəzərdə tutulmamışdır, təqdim edilmiş mütəxəssis rəyinə əsasən də İddiaçı ayrılmış 0,12 ha torpaq sahəsi faktiki və sənəd üzrə üst-üstə düşür. Torpaq sahəsinin sərhədləri və koordinatları müəyyən edilmişdir, İddiaçı ayrılmış 0,12 ha torpaq sahəsinin bütün sərhədləri hal-hazırda mişar daşı ilə hasarlanmışdır. Torpaq sahəsinin naturadakı vəziyyəti həyətyanı sahənin ayrılmasına dair verilmiş aktda göstərilən cizgi ilə uyğunluq təşkil edir. İddiaçı ayrılmış 0,12 ha torpaq sahəsi naturada “yaşayış məntəqələrinin torpaqları” kateqoriyalarına aiddir, sözügedən 0,12 ha torpaq sahəsinin hazırki yerləşməsi, qonşu torpaq sahələrinin mülkiyyətçilərinin hüquqlarını pozmur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5116/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5116/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar