Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3265/2024 05.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinə (üçüncü şəxslər X18 və digərləri) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3973/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üçüncü şəxslər xx.xx.1955-ci il təvəllüdlü X8, xx.xx.1960-cı il təvəllüdlü X3, xx.xx.1982- ci il təvəllüdlü X9, onun azyaşlı övladları - xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2007-ci il təvəllüdlü X4 iddiaçının mülkiyyətində olan ünvan 1 -dən qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, ünvan 1 onun xüsusi mülkiyyətindədir, üçüncü şəxslər isə həmin evdə qeydiyyatdadırlar, lakin onlar onun ailə üzvləri deyillər, onun evində faktiki yaşamırlar, evlə bağlı əmlak hüquqları mövcud deyildir. Üçüncü şəxslərin, eyni zamanda üçüncü şəxs X9 övladları olan azyaşlılar xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2007-ci il təvəllüdlü X5 onun evində qeydiyyatda olmaları onun yaşayış evi üzəri mülkiyyət hüquqlarını pozur. Belə ki, o mülkiyyətində olan evə dair öz mülahizəsinə uyğun sərəncam verə bilmir. O həmin şəxslərin hansı əsaslarla evə qeydiyyata düşmələrini bilmir, o buna razılıq verməmişdir. Yaşayış evi xx.xx.2001-ci ildə keçmiş əri X6 tərəfindən alqı-satqı müqaviləsi əsasında satın alınmışdır və həmin vaxt evdə heç kim qeydiyyatda olmamışdır. Bu barədə arayış təqdim edilmişdir, həmin arayışın kserosurətini əlavə edir, əsli alqı-satqı işindədir. Ev keçmiş əri X1 mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə qeydiyyat vəsiqəsi verilmişdir. Belə ki, həmin ev sonradan onun və keçmiş ərinin adına 2011-ci ildə daşınmaz əmlakın dövlət reyestrində paylı mülkiyyət kimi qeydə alınmışdır. xx.xx.2011-ci ildə keçmiş əri X7 öz payını ona bağışlamışdır və ev onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, bu barədə 03137 nömrəli çıxarış verilmişdir. Evin ərinin və onun mülkiyyətində olduğu bütün müddət ərzində onlar tərəfindən üçüncü şəxslərin evə qeydiyyata alınmalarına razılıq verilməmişdir. Həmin şəxslər Suraxanı Rayon Məhkəməsinin 2(010)-1203/2006 saylı, xx.xx.2006-cı il tarixli qətnaməsi əsasında qeydiyyata alınmışlar, belə ki, qeyd edilən qətnamə ilə X8 ailə üzvləri ilə birlikdə Bakı şəhəri Qaraçuxur qəsəbəsi, İ.Misayev küçəsi, ¾ saylı evdə yaşayış sahəsinə istifadə hüquqları tanınmış və qeydiyyata alınmaları barədə qətnamə qəbul edilmişdir. Suraxanı rayon məhkəməsinin 2(010)-1203/2006 saylı, xx.xx.2006-cı il tarixli qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3960/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ləğv edilmişdir. Qeyd edilən qətnamə hal-hazırda qanuni qüvvəyə minmişdir və aidiyyəti üzrə Suraxanı Rayon Məhkəməsinə qaytarılmışdır. Yəni üçüncü şəxslərin iddiaçının evinə qeydiyyata alınmaları üçün əsas olmuş hal və sənəd hal-hazırda aradan qalxmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X18, X10, X19, X15 və X11 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3973/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. İşin hazırkı apellyasiya icraatı zamanı tərəflər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı qızının mülkiyyətindədir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayışından görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində xx.xx.1955-ci il təvəllüdlü X18, xx.xx.1982-ci il təvəllüdlü X19, xx.xx.2007-ci il təvəllüdlü X15, xx.xx.2007-ci il təvəllüdlü X11, xx.xx.1960- cı il təvəllüdlü X12, xx.xx.1997-ci il təvəllüdlü X16 və xx.xx.1992-ci il təvəllüdlü X17 qeydiyyatdadırlar. - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2-1203/2006 saylı xx.xx.2006- cı il tarixli qətnaməsindən görünür ki, iddiaçı X18 məhkəməyə müraciət edərək, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsi, 3/4 saylı evdə yaşayış sahəsinə istifadə hüququnun tanınması və qeydiyyata alınmaları barədə məhkəmə qaydasında qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin həmin qətnaməsi ilə İddia təmin edilmiş, iddiaçı X8 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsi, 3/4 saylı evdə yaşayış sahəsinə istifadə hüququ tanınmış və onların qeydiyyata alınması qət edilmişdir. Qətnamədə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” 04 aprel 1996-cı il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə istinadən qeyd edilmişdir ki, şahid qismində dindirilmiş X2, X26 və X13 da məhkəmə iclasında təsdiq etdilər ki, həqiqətən iddiaçı X18 2002-ci ildən etibarən ailə üzvləri ilə birlikdə Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsi, 3/4 saylı evdə yaşayır. Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının Qaraçuxur qəsəbə nümayəndəliyindən 19 may 2006cı il tarixdə verilmiş 2439 saylı arayışdan da görünür ki, X18 ailə üzvləri ilə birlikdə 2002-ci ildən etibarən hal-hazırda Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsi, 3/4 saylı evdə qeydiyyatsız yaşayır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli, 18/2-3770/2024 nömrəli məktubundan görünür ki, xx.xx.1960-cı il təvəllüdlü X10 xx.xx.2006-cı ildən, xx.xx.1982- ci il təvəllüdlü X19 xx.xx.2006-cı ildən ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3960/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, maraqlı şəxs İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2- 1203/2006 nömrəli, 30 iyun 2006-cı il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmənin həmin qətnaməsi ilə maraqlı şəxs İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1203/2006 saylı iş üzrə xx.xx.2006-cı il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilməklə X8 cavabdeh Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının Qaraçuxur qəsəbə nümayəndəliyinə qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması və qeydiyyata alınma” tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hazırkı iddia tələbi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3960/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə istinad edərək, üçüncü şəxslərin onun mülkiyyətində olan yaşayış sahəsinə qeydiyyata alınmasına əsas olan qətnamənin ləğv edilməsini göstərərək, üçüncü şəxslərin mübahisəli fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmalarını xahiş edir. Kollegiya hesab edir ki, üçüncü şəxslər mübahisəli ünvana Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2-1203/2006 saylı xx.xx.2006-cı il tarixli qətnaməsinin icrası çərçivəsində qeydiyyata alındığından, həmin qətnamə isə ləğv olunduğundan, onların mübahisəli ünvandan qeydiyyatdan çıxarılması üçün həmin iddianın təmin edilməsi barədə məhkəmə qətnaməsinin icrası çərçivəsində həyata keçirilmiş bütün tədbirlər ləğv olunmalı, yəni Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1203/2006 saylı xx.xx.2006-cı il tarixli qətnaməsinin icrasında dönüş edilməlidir. «İcrada dönüş» dedikdə, məhkəmə qətnaməsinin, icraya yönəldilməməsi, icraya yönəldilmiş qətnamənin icrasının dayandırılması və ya icra edilmiş qətnamənin ləğv edilərək tərəflərin münasibətlərinin, maraqlarının, maddi və digər mənafelərinin mübahisə ilə əlaqədar iddia verilən andakı vəziyyətə qaytarılması başa düşülür. Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin (bundan sonra – MPM - 236-1.1. İcra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır. - 236-1.2. Məhkəmə öz təşəbbüsü ilə icrada dönüş haqqında məsələyə baxmalı və iş üzrə icraatın yekunlaşdığı yeni qətnamədə, yaxud qərardadda onu həll etməlidir. - 236-1.3. Məhkəmə ləğv edilmiş qətnamənin icrasında dönüş haqqındakı məsələni həll etməzsə, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin ləğv edilmiş qətnamə və ya qərardad əsasında aparılmış icra onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin icrada dönüş haqqında ərizəsi üzrə məhkəmə qərardad qəbul edir. Bu ərizəyə işdə iştirak edən şəxslər xəbərdar edilməklə, məhkəmə iclasında baxılır. Lakin həmin şəxslərin gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələni həll etməyə mane olmur - 236-1.4. İcrada dönüş haqqında məsələ üzrə məhkəmə qərardadından şikayət verilə bilər. - 236-1.5. İşə kassasiya, əlavə kassasiya, hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə və qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üzrə məhkəmə icraatı qaydasında baxan məhkəmə, yeni qərar qəbul edirsə və ya iş üzrə icraata xitam verirsə, yaxud iddianı baxılmamış saxlayırsa, qətnamənin icrasında dönüş barədə məsələni həll etməli, yaxud da onu apellyasiya instansiyası məhkəməsinin həllinə verməlidir. - 236-1.6. Bu maddənin müddəaları ilə müəyyən edilmiş qaydalar icra edilmiş məhkəmə qərardadlarına münasibətdə müvafiq olaraq tətbiq edilir. Göründüyü kimi kimi qətnamə, yaxud qərardad icra edildikdən sonra ləğv olunarsa, sonuncu qətnaməni qəbul edən hakim onun icrasının dönüşünü təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş hərəkətləri etməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 11.3-cü bəndinə əsasən qətnamə yuxarı instansiya məhkəməsi tərəfindən ləğv edildikdə və yaxud dəyişdirildikdə məhkəmə bunun üçün zərurət yaranırsa, qətnamənin icrasının dönüşü məsələsini həll etməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının çatmaq istədiyi məqsədə nail olması üçün düzgün hüquqi müdafiə vasitəsi hazırkı iddia deyil, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2-1203/2006 nömrəli, 30 iyun 2006-cı il tarixli qətnaməsinin icrasında dönüş edilməsidir. Lakin iddiaçı müvafiq ərizə ilə qətnaməni qəbul etmiş məhkəməyə müraciət etmək əvəzinə, ilkin olaraq cavabdeh orqana, daha sonra isə müstəqil iddia ərizəsi ilə inzibati məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3973/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3265/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3265/2024
05.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver