Məhkəmə qərarları › İş №2-1(103)-3267/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3267/2022

13.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3267/2022 13.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və əmək pensiyasının bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4454/2022 saylı, 10 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında 04 oktyabr 2021-ci il tarixli **********8 nömrəli qərarının ləğv olunması və əmək pensiyasının tam şəkildə ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixindən güzəştli şərtlərlə pensiya təyin edilmişdir və təyin edilmiş pensiya üzrə ödənişlər həyata keçirilmişdir. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra Filial) tərəfindən pensiya ödənişinin dayandırılması haqqında ona xx.xx.2021-ci il tarixli məktub ünvanlanmışdır. xx.xx.1985-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində X2 “Olefinlər” institutunun təcrübə zavodunda qazanxana sahəsində ocaqçı və maşinist peşələrində işlədiyinə görə iddiaçının güzəştli iş stajı vardır. Həmin vəzifədə qeyd olunan dövrdə işləməyi ilə bağlı Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 12 nömrəli Qərarına istinad edilə bilməz. Belə ki, əvvəlki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»na əsasən ona güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verir. Çünki onun qazanxana sahəsində ocaqçı və maşinist peşələrində işlədiyi dövr (xx.xx.1985-xx.xx.1997) ərzində güzəştli iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Qərarına uyğun yaranmışdır. İddiaçı qazanxananın ocaqçısı kimi fəaliyyətə Bakı Neft-Qaz Zavodunda başlamışdır. Sonradan həmin qazanxana zavodla birlikdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 mart 1992-ci il 140 saylı Qərarı ilə Azərbaycan Dövlət ElmiTədqiqat “Olefin” İnstitutunun tərkibinə verilmişdir. Filialın “işlədiyiniz ocaqçı və maşinist peşələri kömür və şistlə işləyən qazanxana maşinistləri (ocaqçıları) peşələrinə uyğun deyil” əsaslandırmasının özünün hansı normativ əsasa və məntiqə söykənməsi məlum olmur. Filial necə və ya hansı üsulla müəyyənləşdirir ki, onun maşinist (ocaqçı) işlədiyi qazanxana kömür və şistlə işləyən qazanxana olmamışdır. Filialın xx.xx.2021-ci il tarixli məktubunda bu məsələyə aydınlıq gətirilməmişdir. İşlədiyi ocaqçı və maşinist peşələri kömür və şistlə işləyən qazanxana maşinistləri (ocaqçıları) peşəsinə uyğundur. Belə ki, işlədiyi qazanxana həmişə kömür və şistlə işləmişdir və bu məsələ Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsi tərəfindən araşdırıldıqdan sonra pensiya təyinatı aparılmışdır. Qanunvericiliyə uyğun olaraq, onun güzəştli iş stajı yarandığı üçün heç bir qanunsuz pensiya ödənişi almamışdır. Sonradan iddiaçının nümayəndəsi və vəkili məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********8 nömrəli qərarının ləğv edilməsi və xx.xx.2021-ci il tarixdən əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqanın iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 departamenti tərəfindən araşdırılmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li Siyahıya görə 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Ümumi peşələr (35) bölməsində qazanxana (kömür və şistlə işləyən) maşinistləri (ocaqçıları) peşəsi nəzərdə tutulmuşdur. Araşdırma zamanı “X6 və İstehsalat Mərkəzi” ASC-nin 17 aprel 2015-ci il tarixli iddiaçıya dair arxiv arayışında xx.xx.1985-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində onun Ümumittifaq Elmi-Tədqiqat “Olefinlər” institutunun təcrübə zavodunda qazanxana sahəsində ocaqçı və maşinist peşələrində işlədiyi müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının ocaqçı və maşinist peşələri kömür və şistlə işləyən qazanxana maşinistləri (ocaqçıları) peşələrinə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Göstərilən uyğunsuzluğa baxmayaraq, iddiaçıya xx.xx.2016-cı il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğu aşkar edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2016-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 12661,41 manat artıq pul vəsaitinin ödənildiyi Dövlət Sosial Müdafiə X4 departamenti tərəfindən müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Yuxarıda qeyd edilənlərlə bağlı tərəflərindən 16 iyun 2021ci il tarixli **********1 nömrəli məktubla iddiaçıya məlumat verilmişdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4454/2022 saylı, 10 iyun 2022-ci qərarı ilə (hakim A.Əhədova) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, iddiaçının güzəştli iş stajı olmadığı halda ona 21,03.2016-cı il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğu aşkar edilmişdir. İddiaçıya xx.xx.2016-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 12661,41 manat artıq pul vəsaitinin ödənildiyi Dövlət Sosial Müdafiə X4 departamenti tərəfindən müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Qeyd edilənlərlə bağlı tərəflərindən 16 iyun 2021-ci il tarixli **********1 nömrəli məktubla iddiaçıya məlumat verilmişdir.’’İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci və 82-ci maddələrinə əsasən tərəfimizdən artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında 04 oktyabr 2021-ci il tarixli ********** nömrəli qərar qəbul olunmuş və artıq ödənilmiş əmək pensiyası məbləği tələb edilərək 10 gün müddətində tələbkar Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi qeyd olunaraq, aidiyyəti üzrə iddiaçının yaşadığı ünvana göndərilmişdir. Lakin iddiaçı tərəfindən artıq ödənilmiş pul vəsaitinin könüllü şəkildə büdcəyə qaytarılması təmin olunmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraza uyğun izahat verərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza və apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, hazırkı iş üzrə verilmiş iddia İPM-nin 2.2.1-ci və 32-cı maddələrinə əsasən mübahisələndirmə haqqında iddiadır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Bu növ iddialar Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsində iddia müddətlərinə tabe tutulur və iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.3-cü maddəsinə görə bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2021ci il tarixli, **********9 nömrəli məktubunda sözügedən artıq ödənilmiş məbləğin qaytarılması ilə bağlı xx.xx.2021-ci il tarixli qərarın göndərildiyini bildirsə də həmin qərarın iddiaçıya təqdim edilməsini sübut edən sənədə istinad etməmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən qərardan iddiaçının daha əvvəl məlumatlı olduğu sübuta yetirilmədiyi sürəcə hesab olunur ki, iddiaçıya qərar ən tezi xx.xx.2021-ci il tarixli məktubla (qoşma olaraq) təqdim edilmiş, iddiaçı isə həmin məktubu aldıqdan sonra xx.xx.2021-ci il tarixdə iddia qaldırmışdır. Bu halda, iddiaçı mübahisələndirdiyi inzibati akta münasibətdə iddia müddətini ötürmüş hesab edilmir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianı mümkün hesab edərək, mahiyyəti üzrə qərar qəbul etmişdir. Məhkəmə kollegiyası iddianın mahiyyəti üzrə əsaslı olması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İnziabti işdən görünür ki, Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinin xx.xx.2017-ci il tarixli, 706 nömrəli qərarına əsəsən İddiaçı oğuna xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********8 nömrəli artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında qərarına əsasən xx.xx.1959-cu il tarixində anadan olmuş ünvan 1 ünvanında yaşayan (qeydiyyatda olan) İddiaçı xx.xx.2016xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ona 12661,41 manat artıq ödənilmiş əmək pensiyası məbləği tələb edilərək 10 gün müddətində Binəqədi rayon, Ziya Bünyadov 43 ünvanında yerləşən tələbkar Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi qərara alınmışdır. İddiaçıya aid pensiya alt sistemindən çıxarışdan müəyyən olunur ki, iddiaçıya sonuncu dəfə xx.xx.2021-ci il tarixdə pensiya ödənişi olmuş, pensiyanın dayandırılma tarixi xx.xx.2021-ci il göstərilmişdir. Məhkəmə kollegiyası aşağıdakı qanunvericilik normalarını nərəzdən keçirir: “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. - 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. - 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. - 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. - 67.6.2-ci maddəsinə görə səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda maraqlı şəxs etimadın qorunması hüququna istinad edə bilməz. - 67.7-ci maddəsinə görə bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Sadalalan normaların təhlilindən görünür ki, inzibati orqanın cavabdehə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini nəzərdə tutan qərarı əlverişli inzibati aktdır. Hazırkı iş üzrə də iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi haqqında əlverişli inzibati akt mövcuddur, ləğv edilməmişdir. Başqa sözlə, qüvvədə əlverişli inzibati akt olduğu halda həmin inzibati akt ləğv edilmədən həmin qərarla ödənilmiş pensiyanın geri qaytarılması barədə qərarın qəbul edilməsi yolverilməzdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdeh pensiya ödənişinin dayandırılması məsələsini həll edərkən həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması məsələsini tənzimləyən normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Həmin Qanunun 39.2-ci maddəsinə görə bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. İşin araşdırılmış hallarından göründüyü kimi, inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan tələbləri nəzərə alınmamış, iddiaçı artıq ödənilmiş məbləğin geri qaytarılması ilə bağlı icraat barədə məlumatlandırılmamış, dinlənilmə hüququ təmin edilmədən, icraat bilavasitə onun iştirakı olmadan aparılaraq barəsində əlverişsiz inzibati akt qəbul edilmişdir. Mübahisələndirilən qərarın təsviri-əsaslandırıcı hissəsindən də görünür ki, qərarın qəbulu ilə bağlı inzibati orqan tərəfindən heç bir araşdırma aparılmamış, qərarın qəbul edilməsi üçün əsas olan məlumatların nə olduğu müəyyən edilməmiş, artıq ödəmə üçün əsas yaranmışdırsa, bunun hansı sübutlarla təsdiq edildiyi, sübutların hansı qaydada qiymətləndirildiyi barədə məlumat qeyd edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. - 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. - 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 51.1-ci maddəsinə görə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. - 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 58.2-ci maddəsinə əsasən inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. - 58.3-cü maddəsinə əsasən inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. - 61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. - 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Bundan başqa birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdeh iddiaçının xx.xx.1985-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində Ümumittifaq Elmi- Tədqiqat “Olefinlər” institutunun təcrübə zavodunda işlədiyi qazanxana sahəsində ocaqçı və maşinist peşələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Ümumi peşələr (35) bölməsində qazanxana (kömür və şistlə işləyən) maşinistləri (ocaqçıları) peşəsinə uyğun olmadığını, bu əsasdan güzəştli iş stajının olmadığına istinad etsə də bu halı sübut edən hər hansı sənədə istinad etməmişdir. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının əmək kitabçasındakı, habelə pensiya işində olan güzəştli arayışıında iddiaçının görmüş olduğu işlərin güzəştli iş stajına hesablana bilməsi ilə bağlı məlumatın həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur. Göründüyü kimi inzibati orqan qeyd olunan məlumatların yalnız həqiqətə uyğun olmadığını sübuta yetirdiyi halda, həmin staj dövrlərini qəbul etməyə bilərdi. Hazırda isə belə bir sübut nə inzibati icraat zamanı əldə edilmiş, nə də məhkəmə icraatında cavabdeh tərəfindən təqdim edilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya baxışında araşdırma zamanı iddiaçının iradə ifadəsinin əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməsi təşkil etdiyi müəyyən edilmiş və iddiaçı hazirki tələbi irəli sürməkdə haqlı olduğundan, cavabdeh inzibati orqanın hərəkətləri qanunsuz və əsassız olduğundan artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında xx.xx.2021-ci il tarixli **********8 nömrəli qərarı ləğv edilməli, iddiaçının pensiyası cavabdeh tərəfindən dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməlidir. Odur ki, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4454/2022 saylı, 10 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4454/2022 saylı, 10 iyun 2022-ci tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar