Məhkəmə qərarları › İş №2-1(103)-3267/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3267/2024

04.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3267/2024 04.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdeh publik hüquqi şəxsə qarşı “cavabdehin imtina məktubunun qanunsuz hesab edilməsi və iddiaçının (ailəsinin) yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil və ya fərdi yaşayış evi ilə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” bаrədə tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3888/2024 nömrəli, 24 aprel 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiаçı İddiaçı Cavabdeh publik hüquqi şəxsə qarşı “cavabdehin imtina məktubunun qanunsuz hesab edilməsi və iddiaçının (ailəsinin) yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil və ya fərdi yaşayış evi ilə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini məhkəməyə təqdim edərək “özü və ailə üzvlərinin 2 (iki) və daha çox otaqlı mənzillə təmin olunması vəzifəsinin cavabehə həvalə edilməsi barədə qərar qəbul edilməsi”ni xahiş etmişdir. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, o və 7 nəfər ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında pasport qeydiyyatındadırlar. X2 2019-cu il tarixdə öldükdən sonra Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının 30 sentyabr 2021-ci il tarixli 309 nömrəli Sərəncamdan çıxarışa əsasən X2nun vəfatı ilə əlaqədar yaşayış yeri üzrə olan mənzil növbəsi 7 nəfər (özü, arvadı, oğlu, gəlini və 3 nəvəsi) ailə tərkibi ilə oğlu İddiaçı dəyişdirilməsi və o, xx.xx.2006-cı il tarixdən güzəştli əsaslarla yaşayış yeri üzrə mənzil növbə siyahısında hesab edilməsi qərara alınmışdır. Bir neçə müddət əvvəl ona məlum olmudur ki, mənzil növbəsində o və ailə üzvləri 1 (bir) otaqlı mənzilə görə növbə siyahısına götürülmüşlər. Bununla narazı olduğu üçün cavabdehə 13.10 və xx.xx.2023-cü il tarixli ərizələrlə ilə müraciət edərək o və ailə üzvlərinin 1 (bir) otaqlı deyil, 2 (iki) və daha çox otaqlı mənzilə görə növbə siyahısına götürülməsini xahiş etmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-3/2-71-31911/202 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, "mövcud qanunvericiliyə uyğun olaraq" baxılacaqdır. İkinci müraciət ərizəsinə isə telefonla bildirimişdir ki, müraciəti cavablandırılmışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsinin məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya dair etirazını məhkəməyə təqdim edərək göstərmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən imtiyazlı şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 20 iyun 2014-cü il tarixli 569 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamlarına əsasən həyata keçirilir və həmin Sərəncamlarda 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020- 2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mərhələlərlə və növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi tapşırığı verilmişdir. "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin, Çernobıl AES- də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli Sərəncamı ilə həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək yuxarıda qeyd olunan uçotda olan şəxslərin mənzil ilə təmin olunması nəzərdə tutulmuşdur. İddiaçı 26 may 2006-cı il tarixində Qarabağ müharibəsi iştirakçısı kimi mənzil növbəsinə dayanmış və hal-hazırda Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin 30 sentyabr 2021-ci il tarixli 309 nömrəli Sərəncamı ilə həmin növbəni yenidən öz adına keçirmişdir. Müharibə iştirakçısı olmuş şəxslərin mənzil təminatının həyata keçirilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin vəzifə səlahiyyətlərinin xaricindədir. Həmçinin Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətindən xx.xx.2023-cü il tarixli 11/2- 462/2023 məktubla Agentliyə təqdim olunmuş siyahıda İddiaçı adı öz əksini tapmamışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3888/2024 nömrəli, 24 aprel 2024-cü il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin mümkünsüz hesab edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarı ləğv olunaraq iddia ərizəsinin mümkünsüz hesab edilməsi barədə yeni qərar qəbul olunmalıdır. Müharibə iştirakçısı olmuş şəxslərin mənzil təminatının həyata keçirilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin vəzifə səlahiyyətlərinin xaricindədir. Əlavə olaraq 30 sentyabr 2021 -ci il tarixli 309 nömrəli Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin Sərəncamı ilə əhatə olunmuş şəxslər arasında iddiaçının oğlu X9 da qeyd edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestrindən təqdim olunan arayışdan görünür ki, X5 adına ünvan 1 ünvanında ümumi sahəsi 62 kv.m olan 2 otaqlı mənzil aşkar olunmuşdur. Göründüyü kimi, məhkəmə tərəfindən qanunvericiliyin qeyd edilən normaları nəzərə alınmamış və iddia tələbi əsassız olaraq təmin edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətdə yazılanlara uyğun izahat verərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını və iddia tələbinin mümkünsüz hesab edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, ona növbəlilik qaydasında 2 (iki) otaqdan az olmamaqla mənzil verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Ərizə icraata qəbul edildi. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və dəqiqləşdirilmiş iddia tələbinə uyğun izahat verərək, təmin olunmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia tələbi təmin edilməlidir. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İddiaçı subyektiv hüquqa malikdir. Cavabdeh iddiaya cavab verməli orqandır. Belə ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli sərəncamının 1-ci bəndinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin sifarişi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində inşa edilmiş 930 mənzil, Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsində inşa edilmiş 154 mənzil, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində inşa edilmiş 771 mənzil, Abşeron rayonunda inşa edilmiş 1890 mənzil, Lənkəran rayonunda inşa edilmiş 45 mənzil, Samux rayonunda inşa edilmiş 197 mənzil, həmçinin 2021 -ci ilin sonunadək təhvil verilməsi nəzərdə tutulan Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində inşa edilən 576 mənzil və Abşeron rayonunda inşa edilən 1152 mənzil hesabına Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2015-ci il 21 dekabr tarixli 1633 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli sərəncamlarının 1-ci hissələrində nəzərdə tutulmuş şəxslərin, habelə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda uçota alınmış yuxarıda qeyd edilən sərəncamlara uyğun kateqoriyadan olan 2020-ci il ərzində uçota götürülmüş şəxslərin, eləcə də bu Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan, gözdən əlilliyi olan şəxslərin və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə istifadə edilsin. Qeyd olunan Sərəncamın 3.1-ci bəndinə əsasən bu Sərəncamın 1-ci hissəsinə uyğun olaraq müvafiq kateqoriyadan olan şəxslərə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq mənzillərin verilməsini təmin edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il 1077 saylı Fərmanının 5.2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sosial xidmət göstərilməsi ilə bağlı hüquq və öhdəlikləri, habelə tabeliyindəki sosial xidmət müəssisələri bütün əmlakı ilə birlikdə bu Fərmanın 4-cü hissəsində nəzərdə tutulan Sosial Xidmətlər Agentliyinə keçir. İşin hallarından da görünür ki, iddiaçının atası X1 rayon İcra hakimiyyətinin xx.xx.2011-ci il tarixli, 456 saylı Sərəncamına əsasən 1-ci qrup gözdən əlil kimi 6 nəfər ailə tərkibi ilə yaşayış yeri üzrə güzəştli mənzil növbəsinə alınmış və onun vəfatı ilə əlaqədar yaşayış yeri üzrə olan mənzil növbəsi 7 nəfər ailə tərkibi ilə oğlu hazırki İddiaçı adına dəyişdirilmiş və o, xx.xx.2006-cı il tarixdən güzəştli əsaslarla yaşayış yeri üzrə mənzil növbə siyahısında hesab edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası diqqətə çatıdırır ki, iddiaya cavab verməli orqan olmaması ilə bağlı apellyasiya şikayətinin dəlili əsassızdır. Hazırki iş üzrə iddiaçı cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən imtina verildikdən sonra məhkəmədə iddia qaldırmışdır. İddianın mahiyyəti: Məhkəmə kollegiyası hesab edir ki, iddia mahiyyəti üzrə də əsaslıdır. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki tələbi azı 2 otaqlı mənzillə təmin edilmə öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin üzərinə qoyulması barədədir. Belə ki, iş materiallarında olan Xətai RİHB-nın 447 nömrəli, xx.xx.2006-cı il tarixli sərəncamından görünür ki, vət. İddiaçı Qarabağ müharibəsi iştirakçısı kimi mənzil növbəsi yaşayış yeri üzrə mənzil növbəsində olan vətəndaşların mənzil-uçot siyahısına daxil edilməsi və onun, mənzil növbəsində 5 nəfər olmaqla xx.xx.2006-cı il tarixindən güzəştli siyahıya daxil edilməsi qərara alınmışdır. Xətai RİHB-nın 406 nömrəli,xx.xx.2011ci il tarixli sərəncamından görünür ki, vət. İddiaçı razılıq ərizəsini nəzərə alaraq, yaşayış yeri üzrə mənzil növbəsi X2nun adına 6 nəfər (özü, oğlu, gəlini, nəvəsi, 2 nəticəsi) ailə tərkibi ilə dəyişdirilməsi və onun, 2-ci qrup əlil kimi xx.xx.2006-cı il tarixdən yaşayış yeri üzrə güzəştli mənzil siyahısına daxil edilməsi qərara alınmışdır. Həmçinin Xətai Rayon İcra Hakimiyyəti Başçısının 309 nömrəli xx.xx.2021-ci il tarixli sərəncamından (sərəncamdan çıxarışdan) görünür ki, X3 vəfatı ilə əlaqədar yaşayış yeri üzrə olan mənzil növbəsi 7 nəfər (özü, arvadı, oğlu, gəlini və 3 nəvəsi) ailə tərkibi ilə oğlu İddiaçı adına dəyişdirilməsi və onun xx.xx.2006-cı il tarixdən güzəştli əsaslarla yaşayış yeri üzrə mənzil növbə siyahısında hesab edilməsi qərara alınmışdır. Həmçinin apellyasiya baxışı zamanı Xətai Rayon İcra Haimiyyəti tərəfindən məhkəmə sorğusuna verilmiş cavab məktubundan və ona qoşma edilmiş sənədlərdən aydın olur ki, İddiaçı 2021-ci il tarixdə ərizə ilə rayon İcra hakmiyyətinə müraciət edərək X2nun vəfatı ilə əlaqədar onun yaşayış yeri üzrə olan mənzil növbəsinin öz adına keçirilməsini xahiş etmiş və Xətai RİH başçısının xx.xx.2021-ci il tarixli, 309 saylı sərəncamına əsasən mənzil növbəsi vət. İddiaçı adına keçirilmişdir. Bununla bağlı iddiaçı, inzibati orqana müraciət etmiş, cavabdehin iddiaçının müraciətinə cavab məktubunda sosial-məişət şəraitinin yaxşılaşdırılması məsələsinə mövcud qanunvericiliyə uyğun olaraq baxılacağı bildirilmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, məhkəmə iddiaçı və onun ailə üzvlərinin yaşayış sahəsinə ehtiyacı olan qismində mənzillə təmin olunması ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlsə də, qərarın nəticə hissəsində “2 (iki) və daha çox otaqlı mənzillə təmin olunması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır” şəklində gəldiyi nəticə qeyri-müəyyən olmaqla gələcəkdə qərarın icrasında çətinliklərə səbəb ola bilər. Həmçinin məhkəmə mənzilin hansı qaydada, yəni növbəli, yaxud növbədənkənar qaydada verilməsi məsələsinə də qərarda aydınlıq gətirməmişdir. Bununla bağlı apellyasiya instansiya məhkəməsində iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, ona növbəlilik qaydasında 2 (iki) otaqdan az olmamaqla mənzil verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız, dəqiqləşdirilmiş məzmunda iddia tələbini əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən dövlət mənzil fonduna münasibətdə ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» AR Qanununun 31.1-ci maddəsinə görə əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Həmin Qanunun 31.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərindən biri olan iddiaçının oğlu X5 adına ünvan 1 ünvanında ümumi sahəsi 62 kv.m olan 2 otaqlı mənzilin mövcud olması və bununla da iddiaçının mənzil şəraitinin yaxşılaşdırmaya ehtiyacı olan şəxs hesab edilməməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli 459 nömrəli Qərarına əsasən sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir. Yerli icra hakimiyyətinin sərəncamına əsasən 7 nəfər ailə tərkibi ilə mənzil növbəsinə alınmış iddiaçının oğlunun mülkiyyətində olan əmlakın ümumi sahəsi 64 kvm olduğundan və bu sahə mənzil növbəsinə durmuş hər bir şəxsə münasibətdə 16 kvm-dən az olduğundan (64:7= 9,14 kvm) qeyd edilən apellyasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsassız hesab edir. Bununla da məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh hərtərəfli araşdırma aparmadan, iddiaçının ”Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamında göstərilən şəxslər kateqoriyasına aid olmasını və mənzil uçotunda mənzil sahəsinə ehtiyacı olan şəxs kimi dayanmasını nəzərə almadan qanunvericiliklə üzərinə düşən öhdəliyi icra etməmiş, bununla da “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmuşdur. Məhkəmə kollegiyası onu da diqqətə çatdırır ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 56.1-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara yaşayış sahələri bu Məcəllənin 56.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, növbəlik qaydasına əsasən onların uçota alınma tarixi nəzərə alınmaqla verilir. Həmin Məcəllənin 56.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsinə əsasən növbədənkənar yaşayış sahələri aşağıdakılara verilir: 56.2.1. yaşayış sahələri qanunla nəzərdə tutulmuş qaydada yaşamaq üçün yararsız və təmir və ya bərpa edilə bilinməyən hesab edilmiş vətəndaşlara; 56.2.2. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, təhsil müəssisələrində və digər müəssisələrdə, o cümlədən sosial xidmət müəssisələrində, ögey ailələrdə, ailə tipli uşaq evlərində qalma müddətləri başa çatmış, üzərində himayəçiliyə (qəyyumluğa) xitam verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidməti başa çatmış və ya penitensiar müəssisələrindən qayıtmış valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar sırasından olan şəxslərə; 56.2.3. bu Məcəllənin 50.1.4-cü maddəsində nəzərdə tutulmuş siyahıda göstərilən ağır xroniki xəstəliklərə düçar olmuş vətəndaşlara. Qanunvericilik normalarından aydın göründüyü kimi, yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara yaşayış sahələri növbəlik (uçota alınma tarixi nəzərə alınmaqla) və növbədənkənar qaydada verilir. Hazırki iş üzrə iddiaçı Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 56.2-ci maddəsində qeyd olunan şəxslər kateqoriyasına aid olmadığından onun müvafiq növbəlilik qaydasında mənzillə təmin olunması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 32.3-cü maddəsinə görə inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, qeyd olunanlarla bağlı apelyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3888/2024 nömrəli, 24 aprel 2024-cü il tarixli qərarı dəyişdirilməli, dəqiqləşdirilmiş iddia tələbi təmin edilməli, İddiaçı və ailə üzvlərinin yaşayış sahəsinə ehtiyacı olan qismində 2 (iki) otaqdan az olmamaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s saylı sərəncamına əsasən müvafiq növbəlilik qaydasında mənzillə təmin olunması öhdəliyi Cavabdehn üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3888/2024 nömrəli, 24 aprel 2024-cü il tarixli qərarı dəyişdirilsin. İddia tələbi təmin edilsin. İddiaçı (ailə üzləri ilə birgə) yaşayış sahəsinə ehtiyacı olan qismində 2 (iki) otaqdan az olmamaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s saylı sərəncamına əsasən müvafiq növbəlilik qaydasında mənzillə təmin olunması öhdəliyi Cavabdehn üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cahangir Yusifov Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar