Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-327/2021 12.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X4 oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbi barədə inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)- 1092/2020 saylı qərarından cavabdehin nümayəndəsi Ş.Əliyev tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-1092/2020 saylı qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçıya «Müharibə veteranı» adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır (hakim A.Abdullayeva). Həmin qərardan narazı qalan cavabdehin nümayəndəsi Ş.Əliyev tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adı və müvafiq veteran vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-1(083)-1396/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadına əsasən İddiaçı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi tələbinə dair iş baxılması üçün ərazi aidiyyəti üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hazırki ərizəyə əlavə edilmiş Ağdam rayon İcra Hakimiyyəti tərəfindən verilmiş arayışda, xx xxxxxx 1988-ci il tarixindən xx xxxxxxx 1991-ci il tarixədək Başgüney kənd özünümüdafiə dəstəsinin tərkibində erməni quldurlarına qarşı aparılan döyüş əməliyyatlarında iştirak etdiyi qeyd olunmuşdur. Başgüney kənd özünümüdafiə dəstəsinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirakı da sübut olmuşdur. Həmin ərizəyə əlavə edilmiş DİN Baş Əməliyyat və X2 arayışından görünür ki, onun heç bir məhkumluğu yoxdur. Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 №-li qərarına əsasən yerli icra hakimiyyəti orqanlarının təsdiq etdiyi siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), məslən növbə çəkmə kitablarından (arxiv post kitabı misal gətirmək olar bununla da, yerli icra hakimiyyəti orqanlarında saxlanılan 1988-ci ilin fevraldan xx xxxxxxx 1991-ci ilə kimi həmin kitablarda adı olan döyüşmüş insanlara müharibə veteranı adı və vəsiqəsi verilmişdir. Bütün bunlara baxmayaraq son zamanlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbələrinin vasitəsi ilə sənədlər qaydasında göndərilsə də, əsassız olaraq imtina edilmişdir. Ancaq, hazırki ərizəyə əlavə edilmiş sübutlar təsdiq edir ki, o dövrdə ölkədə başsızlıq yəni, ölkə rəhbərinin ölkəyə rəhbərlik edə bilməməsindən döyüş zonalarında kənd soveti sədrləri və kolxoz sovxoz rəhbərləri tərəfindən özünümüdafiə dəstələri yaradılaraq. Erməni quldurlarına qarşı aparılan döyüş əməliyatlarında kənd camaatı tərəfindən postlar yaradılaraq ərazi bütövlüklərinin qorunması təşkil olunurdu. Ona görə də, hesab edir ki, ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi cavabdehə həvalə olunmalıdır. İş üzrə Bakı İnzibati Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxsin izahatı: Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək, izahatında bildirmişdir ki, məhkəmənin əsas arqumenti ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X7 tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 156 nömrəli arxiv arayışından görünür ki, Dövlət X5 saxlanılan Ağdam rayon İcra Hakimiyyətinin arxiv sənədlərinə əsasən, Başgüney kənd ərazi nümayəndəliyinin xx xxxxxx 1988-ci il tarixli, 06 nömrəli əmrinə əsasən, X9 Vilayətinin Ərazisində erməni işğalçı dəstələrinin Ağdam rayon ərazisinə hücumların qarşısını almaq məqsədilə Başgüney kənd ərazisində Ağdam rayon rəhbərliyinin göstərişinə əsasən müdafiə dəstələri yaradırmışdır. Həmin dəstəyə aid olan post kitabının siyahısında İddiaçı adı 21-ci sırada qeyd edilmişdir. Nümayəndə hesab etmişdir ki, məhkəmə işə baxarkən və qərar qəbul edərkən işin faktiki hallarını düzgün araşdırmamış, habelə qəbul etdiyi qərarda maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Bütün bunlar da məhkəmə qərarın apelyasiya qaydasında ləğv olunması üçün əsasdır. Məhkəmə tərəfindən iş üzrə döyüşlərə iştirakı sübut edən sənəd kimi qəbul edilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X7 tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 156 nömrəli arxiv arayış özü-özlüyündə əsassızdır. Belə ki, Ağdam rayon İcra Hakimiyyəti həmin arayışın arayışın verilməsinə əsas kimi, “Başgüney kənd sovetinin özününmüdafiə dəstəsinin post kitabı” göstərilmişdir. Hansı ki, bu kitabın (siyahı) heç bir rekvizit məlumatları mövcud deyil, kim tərəfindən tərtib edilməsi qeyd edilməyib və hər hansı vəzifəli şəxs tərəfindən imza və möhürlə təsdiq ediməmişdir. Qəbul olunmuş normalara əsasən, sənəd - aidiyyətini təsdiqləmək üçün rekvizitləri olan maddi informasiya daşıyıcısına yazılmış informasiyadır. Qeyd olunan siyahıların kim tərəfindən tərtib olunmasının qeyd edilməməsi, vəzifəli şəxs tərəfindən imza və möhürlə təsdiq edilməməsi və rekvizit məlumatlarının olmaması bu sənədlərin (siyahıların) identifikasıya edilməsini mümkünsüz edir. Bu səbəbindən həmin siyahılar mötəbər hesab edilmə bilməz və “sənəd” kimi hüquqi qüvvəsi yoxdur. Beləliklə, Ağdam Rayon İcra Hakimiyyəti dolayısı ilə leqal olmayan “sənədləri” arxivə təhvil verməklə leqalaşdırıaraq məhkəməyə arxiv arayışı adı ilə təqdim olunmuşdur. (Həmin sənədlər arxivə 2017-ci ildən sonra təqdim edilmişdir). Beləliklə hətta iddiaçının qeyd edildiyi kimi Başgüney kənd sovetinin özününmüdafiə dəstəsinin “post kitabı”nda adının olması və həmin postlarda dayanması onun bilavasitə döyüşlərdə iştirak etməsi anlamına gəlməməlidir. Nümayəndə iddiaçının Ağdam rayon özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakını sübut edən sənədlər olmadığından, apellyasiya şikayəti təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizə ünvanlayaraq, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməsi nəticəsinə gəlir. Belə ki, işdə olan Azərbaycan Respublikası vətəndaşının AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə anadan olmuşdur. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2019-cu il tarixli, M/2001 nömrəli imtina məktubundan görünür ki, iddiaçının “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə əlaqədar təqdim etdiyi sənədlərə Xidmətin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi komissiyası”nın xx.xx.2019-cu il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Belə ki, toplanmış sənədlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında könüllü özünümüdafiə dəstələrinin tərkibində iştirak etməsinə dair təsdiqedici hüquqi sənədlər olmadığı üçün ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi mövcud qanunvericiliyin tələblərinə əsasən mümkün deyildir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş M-9958 nömrəli, xx.xx.2018-ci il tarixli tarixli arayışdan görünür ki, DİN-in Baş Əməliyyat və X3 xx xxxx 1963-cü ildə Azərbaycan Respublikası, Ağdərə rayonunda anadan olmuş İddiaçı məhkumluğu barədə məlumat yoxdur. İşdə olan Ağdam rayon İcra Hakimiyyəti Arxivi tərəfindən verilmiş xx xxxx 2018-ci il tarixli, 64 nömrəli, Ağdam rayon İcra Hakimiyyəti sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri tərəfindən təsdiq edilmiş arxiv arayışının surətindən görünür ki, İddiaçı həqiqətən Ağdam rayonu Başgüney kənd özünümüdafiə dəstəsinin tərkibində, xx xxxxxx 1988-ci il tarixdən, xx xxxxxxx 1991-ci il tarixədək erməni quldurlarına qarşı aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. Arxiv arayışına əsasən kimi, Başgüney kənd soveti sədrinin xx xxxxxx 1988-ci ildə tərtib etdiyi Başgüney kənd özünümüdafiə dəstəsinin 06 №-li əmr kitabı, sıra 24.04 №-li döyüş postu. İşdə olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respulikası Dövlət X7 tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 156 nömrəli arxiv arayışından görünür ki, Dövlət X5 saxlanılan Ağdam rayon İcra Hakimiyyətinin arxiv sənədlərinə əsasən Başgüney kənd ərazi nümayəndəliyinin xx xxxxxx 1988-ci il tarixli, 06 №-li əmrinə əsasən X9 Vilayətinin Ərazisində erməni işğalçı dəstələrinin Ağdam rayon ərazisinə hücumlarının qarşısını almaq məqsədilə Başgüney kənd ərazisində Ağdam rayon rəhbərliyinin göstərişinə əsasən müdafiə dəstəsi yaradılmışdır. Həmin dəstəyə aid olan post kitabının siyahısında İddiaçı adı 21-ci sırada qeyd olunmuşdur. Arayışa əsas: Fond N.30. Siyahı N.2. Sax Vah:116 qeyd edilmişdir. Birinci instansiya məhkəməsi aşağıda göstərilən qanunvericilik normalarına əsasən hesab etmişdir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir: “Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Birinci instansiya məhkəməsinin qənaətinə görə iddiaçının xx xxxxxx 1988-ci il tarixdən xx xxxxxxx 1991-ci il tarixədək döyüş əməliyyatlarında iştirak etməsi Ağdam rayon İcra Hakimiyyəti Arxivi tərəfindən verilmiş arxiv arayışı və Azərbaycan Respublikası Dövlət X7 tərəfindən verilmiş arxiv arayışı ilə təsdiq olunur və göstərilənlərə əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırki halda cavabdeh orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən, bununla da iddiaçının tələbi əsaslı olduğundan iddia tələbi təmin edilməlidir. Birinci instansiya məhkəməsi qərarında Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun «X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarına istinad etmişdir. Həmin Qərarda göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Göründüyü kimi, Qərarda şəxsin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibliyi vurğulanmışdır. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin birinci bəndində yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adının verilməsi nəzərdə tutulmuşdur. Lakin birinci instansiya məhkəməsi hazırki mübahisəni həll edərkən iddiaçının döyüş əməliyyatlarda iştirak edib-etməməsi hallarını araşdırmamış və yalnız Ağdam rayon İcra Hakimiyəti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 156 nömrəli arxiv arayışına istinad edərək iddianı təmin etmişdir. Halbuki, İPM-nin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə kollegiyası həmin arayışa münasibətdə qeyd edir ki, arayışın verilməsinə əsas kimi, “Başgüney kənd sovetinin özününmüdafiə dəstəsinin post kitabı” göstərilmişdir. Lakin bu kitabın (siyahı) heç bir rekvizit məlumatları mövcud deyil, kim tərəfindən tərtib edilməsi qeyd edilməmiş və hər hansı vəzifəli şəxs tərəfindən imza və möhürlə təsdiq edilməmişdir, bu səbəbdən həmin arayış mötəbər hesab edilə bilməz. Həmçinin, iddiaçının qeyd edildiyi kimi Başgüney kənd sovetinin özününmüdafiə dəstəsinin “post kitabı”nda adının olması və həmin postlarda dayanması onun bilavasitə döyüşlərdə iştirak etməsi anlamına aid edilə bilməz. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddiaçının Ağdam rayon özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakını sübut edən sənədlər olmadığından iddia tələbi təmin edilməməlidir. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdehin nümayəndəsi Ş.Əliyev tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-1092/2020 saylı qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi barədə iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-327/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-327/2021
12.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver