Məhkəmə qərarları › İş №2-1(103)-3270/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3270/2025

24.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3270/2025 24.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı işi üzrə (Açar sözlər: apellyasiya şikayəti verilməsi üçün prosessual müddətinin ötürülməsi) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X1 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka göndərilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 16 aprel 2025-ci il tarixli, 2-1(112)-2291/2025 nömrəli qərarından iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçı xx.xx.2022-ci il tarixli, 0474 nömrəli payçı müqaviləsinə əsasən "xxxx" Mənzil Tikinti Kooperativindən payçı kimi iştirak edərək əvəzi ödənilməklə ünvan 1 ünvanında tikilməkdə olan “Avant Park” Yaşayış Kompleksinin 10-cu binasında, 10-cu blok, 9-cu mərtəbə, 3 nömrəli, 3 otaqlı mənzili əldə etmişdir. Həmin mənzilin ümumi dəyəri ƏDV daxil olmaqla 177.143 (bir yüz yetmiş yeddi min yüz qırx üç) manat təşkil etmişdir. xx.xx.2022-ci tarixdə, "xxxx" MTK-nın ******************** nömrəli hesabına Azərbaycan Beynəlxalq Bankı vasitəsiylə 35.430 manat ilkin ödəniş iddiaçı tərəfindən ödənilmiş, o cümlədən qalan 141.713 manat məbləğin də bank tərəfindən ödənilmişdir. İddiaçının nağdsız qaydada alınmış yaşayış sahəsinə görə ödənilmiş ƏDVnin qaytarılması üçün cavabdehə etdiyi müraciət məlumatlarında uyğunsuzluğun olması əsas gətirilərək təmin edilməmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, 0474 nömrəli müqavilə əsasında ünvan 1 ünvanında tikilməkdə olan “Avant Park” Yaşayış Kompleksinin 10-cu binasında, 10-cu blok, 9-cu mərtəbə, 3 nömrəli, 3 otaqlı mənzili əldə etmək üçün həmin mənzilin ümumi dəyəri ƏDV daxil olmaqla 177143 (bir yüz yetmiş yeddi min yüz qırx üç) manat məbləğində AVANT GROUP MTK-nın ******************** nömrəli hesabına Azərbaycan Beynəlxalq Bankı vasitəsilə ödənilmiş pulun qanunvericiliyə uyğun olaraq ƏDV məbləğinin 30%-nin geri qaytarılması barədə Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin üzərinə öhdəliyin qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmiş, əsl olmayan cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin 16 aprel 2025-ci il tarixli, 2-1(112)-2291/2025 nömrəli (sədrlik edən hakim H.A.Ağalarov) qərarı ilə iddia rədd edilmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosessual məsələlər Apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, tərəflər məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü ilə bağlı məsələyə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq İnzibati Prosessual Məcəllə: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra-inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə aktları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə 20.3. Məhkəmə aktları və digər məhkəmə sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməlidir. Belə ki, Bakı İnzibati Məhkəməsinin 16 aprel 2025-ci il tarixli, 2-1(112)-2291/2025 nömrəli qərarı 21 may 2025-ci il tarixdə İddiaçı nümayəndəsi Nümayəndə elektron kabinetinə yerləşdirilmişdir (iş vərəqi 221). İş materiallarında olan apelyasiya şikayətinin daxil olması barədə elektron məhkəmə sistemindən çxıarışdan görünür ki, həmin şikayət 20 iyun 2025-ci il tarixdə İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən imzalanmaqla elektron məhkəmə sistemi vasitəsi ilə verilmişdir (iş vərəqi 242). Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qanunvericilik normasının tələbinə əsasən, iş üzrə qərardan apellyasiya şikayəti vermə müddəti iddiaçı tərəfə münasibətdə ona təqdim edildiyi tarixdən, yəni 21 may 2025-ci il tarixdən hesablanmaqla, xx.xx.2025-ci il tarixdə başa çatmışdır. Lakin iş materiallarında olan sübutlardan görünür ki, apellyasiya şikayəti 20 iyun 2025-ci il tarixdə verilmişdir. Göründüyü kimi, iddiaçının nümayəndəsi tərəfindən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət ötürülmüşdür. Qeyd olunmalıdır ki, iddiaçının nümayəndəsinə xx.xx.2025-ci il tarixli məktubla hüquqi yardım göstərilməsinə baxmayaraq o, buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə təqdim etməmişdir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka göndərilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 16 aprel 2025-ci il tarixli, 2-1(112)-2291/2025 nömrəli qərarından iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 80, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və onun qəbulundan imtina edilsin. Qərardaddan tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar