Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3271/2024 10.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Cəfərov Namiq Şamil oğlu, Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6116/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli 2011-ci il 28 dekabr tarixli fərmanına əsasən dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: "xx.xx.1989-cu ildən xx.xx.1991-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində əsgər heyətində müddətli həqiqi hərbi xidmət, daha sonra xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək Daxili Qoşunlarda çavuş heyətində müddətdən artıq həqiqi hərbi xidmət keçmiş, bundan əlavə xx.xx.2001-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində baş çavuş heyətində müddətdən artıq həqiqi hərbi xidmətdə olmuş və 19 iyul 2019-cu il tarixdə 4-cü X1 043 №-li əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 157-ci maddəsinin a bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Xidmətdə olduğu müddətdə qüsursuz xidmətinə görə dəfələrlə medallara, mükafatlara layiq görülmüşdür. Belə ki, Azərbaycan Respublikası Müdafiə naziri S.Əbiyevin 25 iyun 2010-cu il tarixli əmri ilə “Qüsursuz xidmətə görə 3-cü dərəcəli medal”, Azərbaycan Respublikası Müdafiə naziri Z.Həsənovun 30 iyun 2014-cü il tarixli əmri ilə “Qüsursuz Xidmətə Görə” 2-ci dərəcəli medal, Müdafiə naziri Z.Həsənovun 26 iyun 2019-cu il tarixli əmri ilə “Qüsursuz Xidmətə Görə” 1-ci dərəcəli medal ilə təltif olunmuşdur. Lakin onun dövlət vəsaiti hesabına mənzillə təmin olunması ilə bağlı müraciətinə cavabdeh tərəfindən əsassız olaraq rədd cavabı verilmişdir. Halbuki o, 2019-cu ildə Müdafiə Nazirliyi Mənzil İstitsmar İdarəsi tərəfindən siyahıya alınmış, lakin sonradan cavabdeh tərəfindən qərəzli olaraq onu həmin siyahıdan çıxardaraq yerinə başqasını mənzil ilə təmin etmişlər. Hesab edir ki, cavadehin imtinası əsassızdır, qanunvericiliyin tələblərinə ziddir...” Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş edərək bunu aşağıdakılarla əsaslanıdrmışdır: “...Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanına dövlət vəsaiti hesabına mənzillə təmin olunması Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə həvalə olunmuşdur. Həmçinin, yuxarıda qeyd olunmuş Fərmanın şərtlərinə görə, dövlət hesabına mənzillə təmin olunması üçün hərbi qulluqçunun Azərbaycan Ordusunda ən azından 20 təqvim ili xidmət etməsi şərtdir. İddiaçı isə Azərbaycan Ordusundakı xidməti 18 il 3 ay 17 gün olduğundan Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanı ona şamil oluna bilməz. Buna görə də, iddiaçının müraciətinə cavab olaraq xx.xx.2023-cü il tarixli 5970 nömrəli məktubda bildirilmişdir ki, onun xidməti 20 ildən az olduğundan mənzil təminatı “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsi ilə tənzimlənir və tövsiyyə olunmuşdur ki, qeydiyyatda olduğu rayon icra hakimiyyətinə və ya ərazi aidiyyəti üzrə yerli bələdiyyə orqanına müraciət etsin...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6116/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli 2011-ci il 28 dekabr tarixli fərmanına əsasən dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələbələrinə uyğun venilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “... Məhkəmə işə birtərəfli baxaraq iddiaçının sözləri əsasında maddi və prosessual hüquq normalarının pozulması ilə qərar qəbul etmişdir. Belə ki, məhkəmə, Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanının düzgün təfsir etməmiş, Azərbaycan Respublikası Konstitusiyasının və “Azərbaycan Respublikası Silahlı Qüvvələri haqqında” Qanunun tələblərini nəzərə almamışdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan Ordsudur Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunları isə digər silahlı birləşmələrə aiddir. Qeyd edilən Fərmanın 1-ci bəndinə əsasən iddiaçının dövlət hesabına mənzillə təmin olunması üçün Azərbaycan Ordusunda ən azından 20 təqvim ili xidmət etməsi şərtdir...” Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş cavabdeh (səlahiyyətli nümayəndələri) məhkəmə iclasına gəlməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil, 2021-ci ildə qeyd olunan Fərmanda “Silahlı Qüvvələr” sözü “Azərbaycan Ordusu" sözləri ilə əvəz olunduğunu, iddiaçının qüsursuz olaraq 22 il Silahlı Qüvvələrin tərkibində xidmət etdiyini bildirərək cavabdehin apellyasiya şikayəti ilə razılaşmamış və birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etimişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddia ərizəsinə və cavabdehin etirazı və apellyasiya şikayətinin dəlillərinə əsasən iddiaçının qüsursuz olaraq: xx.xx.1989-xx.xx.1991-ci illərdə keçmiş SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət – 2 il 18 gün; xx.xx.1994-xx.xx.1997-ci illərdə Daxili Qoşunlarda müddətdən artıq həqiqi hərbi xidmət – 2 il 9 ay 4 gün; xx.xx.2001-xx.xx.2019-cu illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət – 18 il ümumilikdə, 20 ildən artıq (22 il 9 ay 22 gün) xidmət etdiyi və onun 19 iyul 2019-cu il tarixdə 4-cü X1 043 №-li əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 157-ci maddəsinin “a” bəndinə (yaşa görə) əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxıldığı işin mübahisələndirilməyən hallarını təşkil edir. İşin cavabdeh tərəfindən mübaisələndirilən halı isə ondan ibarətdir ki, cavabdeh orqan iddiaçının xx.xx.1994 - xx.xx.1997-ci illərdə Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarda hərbi xidmət dövrünü Azərbaycan Ordusunda hərbi xidməti kimi qəbul etmir və belə hesab edir ki, Müdafiə Nazirliyi Azərbaycan Ordusudur, Daxil Qoşunlarda hərbi xidməti dövrü digər birləşmələrdə hərbi xidmətə aiddir. Məhkəmə kollegiyası aşağıdakılara görə cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmır. “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 1.0.1. Azərbaycan Respublikasının Silahlı Qüvvələri (bundan sonra – Silahlı Qüvvələr) - Azərbaycan Respublikasının müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün qorunması, habelə təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsi məqsədilə yaradılmış, Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarət hərbi təsisat; 1.0.2. Azərbaycan Ordusu - Silahlı Qüvvələrin əsas tərkib hissəsi olmaqla Azərbaycan Respublikasına qarşı yönəlmiş təcavüzün dəf edilməsini, ərazi bütövlüyünün və toxunulmazlığının silahlı müdafiəsini təmin edən və fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilən silahlı birləşmə; 1.0.3. Azərbaycan Respublikasının başqa silahlı birləşmələri (bundan sonra başqa silahlı birləşmələr) - Silahlı Qüvvələrin tərkib hissəsi olmaqla bu Qanunla müəyyən edilmiş xüsusi vəzifələri yerinə yetirən və hərbi xidmət nəzərdə tutulan dövlət orqanları (dövlət orqanlarının strukturuna daxil olan qurumlar). Başqa silahlı birləşmələrə aid dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumların) siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qanunun qeyd olunan normaları ilə ehtiva olunan mənasından göründüyü kimi, Azərbaycan Ordusu və başqa silahlı qüvvələr - Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissəsini təşkil edir. Belə olan halda, iddiaçının hərbi xidmət keçdiyi dövrdə “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsi gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-vi il tarixli, 569 nömrəli Fərmanının 1-ci hissəsinin qüvvədə olan redaksiyası imperativ qaydada nəzərdə tuturdu ki, - «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin» 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. Həmin Fərmanın 2-ci hissəsi isə nəzərdə tutur ki, bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə Komissiya yaradılsın. Qeyd edilməlidir ki, həmin Fərmanın sözügedən 1-ci hissəsində «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin» sözləri «Azərbaycan Ordusunun» sözləri ilə yalnız iddiaçı ehtiyata buraxıldıqdan sonra, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Fərmanı ilə, əvəz edilmişdir. Azərbaycan Respublikası Prezidentinin qeyd olunan Fərmanının qeyd olunan 1-ci hissəsindən isə göründüyü kimi, hərbi qulluqçular o halda, dövlət vəsaiti hesabına, mənzillə təmin etmək imkanını nəzərədə tuturdu ki, onlar 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş olsunlar. İşin mübahisələndirilməyən hallarından isə göründüyü kimi, iddiaçı, xx.xx.1989 xx.xx.2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrində, yəni, Müdafiə Nazirliyi tərkibində Azərbaycan Ordusu və Daxili İşlər Nazirliyi tərkibində Daxili Qoşunlarda xidmətdə olduğu dövrdə qüsursuz olaraq xidmət etmişdir. ”İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. . Beləliklə, iddiaçının hazırkı iddia tələbində haqlı olduğu işdə olan sübutlarla və qanunvericiliyin tələbləri ilə sübuta yetirilir. Belə olan halda, cavabdeh tərəfindən onun hazırkı tələbinin təmin olunmasından imtina etməsi hüquqlarını pozur. İPM-in 73.1-ci maddəsi isə nəzərdə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Birinci instansiya məhkəməsinin qərarından isə görünür ki, məhkəmə işdə olan sübutlara düzgün qiymət vermiş, qanunvericiliyin tələblərini düzgün təfsir etmiş, nəticədə, iddianın təmin olunması barədə düzgün nəticəyə gəlmişdir. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin, məhkəmənin işə birtərəfli baxdığını və iddiaçının sözləri əsasında maddi və prosessual hüquq normalarının pozulması ilə qərar qəbul etdiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun aplellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6116/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-nin 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6116/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3271/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3271/2024
10.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver