Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3271/2025 24.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı xx.xx.2024-cü il tarixli, 3- 21-2-3/2-287535/2024 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-4757/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən iddiaçı barədə çıxarılmış xx.xx.2024cü il tarixli, 3-21-2-3/2-287535/2024 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı aidiyyəti üzrə vergi orqanlarında əlavə dəyər vergisinin ödəyicisi kimi xx.xx.2010-cu il tarixdə qeydiyyatdan keçmiş və ********** saylı VÖEN almışdır. Birliyin Azərbaycan Respublikasının xəzinadarlığında büdcə hesabı var. İddiaçındə 2010-cu ildən hal-hazırkı dövrə qədər bir neçə dəfə vergi yoxlaması aparılmış, müəssisənin sahibkarlıq fəaliyyəti dövründə vergilərin ödənilməsindən yayınma faktları aşkarlanmamışdır. Mühasibat sənədləri Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ciddi uçot blanklarından istifadə edilməklə vaxtlı-vaxtında aparılmışdır. Müəssisə eyni analoji iş və xidmətləri aparılması ilə məşğul olmuş və müəssisənin fəaliyyətində heç bir vergilərin azaldılması faktı aşkarlanmamışdır. İddiaçı şəxsi hesab vərəqəsinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-287535/2024 saylı qərarla 2024-cü ilin avqust ayı üçün 36.630,00 manat ədv hesablanmış və şəxsi hesab vərəqəsinə işlənmişdir. Müəssisə tərəfindən xx.xx.2023-cü il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:**********) ilə müqavilə bağlanılmış və müvafiq olaraq müqaviləyə aid işlər görülərək İmişli Rayon İcra Hakimiyyətinə müvafiq qaydada təhvil verilmişdir. Bütün əməliyyatlar vergi qanunvericiliyinə və ciddi mühasibat sənədlərinə tam riayət edilərək həyata keçirilmişdir. Müəssisəyə hesablanmış ƏDV-nin əsasında yuxarıda göstərilən MMC əməliyyat aparıldığı tarixdən sonra, yəni xx.xx.2024-cü il, tarixdə riskli vergi ödəyicisi hesab edilmişdir. Müəssisə tərəfindən həmin MMC ilə əməliyyatlar aparılarkən, yəni onlar tərəfindən elektron qaimə faktura təqdim edilərkən və müvafiq mallar alınarkən həmin MMC-nin riskli vergi ödəyicisi olması barədə iddiaçının məlumatı olmamış, həmçinin həmin müəssisənin riskli vergi ödəyicisi olması barədə heç bir inzibati qərar çıxarılmamışdır. Vergi Məcəlləsinin 13.2.82 maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən qəbul edilir. Halbuki, iddiaçı həmin MMC-lər ilə əməliyyat apararkən onlar riskli vergi ödəyicisi siyahısında olmamışdır. 2020-ci il 28 iyul tarixli, 265 saylı qərarda isə vergi ödəyicisinin hansı hallarda riskli vergi ödəyicisi hesab edilməsi meyarları müəyyən edilmişdir. Vergi orqanının qəbul etdiyi qərarı qanunsuz və əsassızdır. Belə ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsində riskli vergi ödəyicisinin anlayışı verilmişdir. Həmin normaya əsasən, riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Yəni vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması üçün müvafiq orqan (qurum) tərəfindən qərar qəbul edilməlidir. Yalnız bu qərardan sonra (riskli) vergi ödəyicisinin apardığı əməliyyatlar da riskli hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 saylı Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.4-cü bəndinə əsasən, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Göründüyü kimi, iddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı müəssisənin riskli vergi ödəyicisi hesab olunması barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. Təbii olaraq da, iddiaçı həmin əməliyyatlara görə tərtib etdiyi elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etmişdir. İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etdiyi elektron qaimə fakturalar üzrə əməliyyatları həmin əməliyyatların aparıldığı tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin riskli vergi ödəyicisi olmayan müəssisə kimi aparmışdır. İddiaçı həmin müəssisələrin riskli vergi ödəyicisi olub-olmamasını yoxlamaq imkanına malik olmuş (əməliyat aparılarkən elektron xəbardarlığın verilməməsi və riskli vergi ödəyicilərinin reystrinə daxil edilməməsi), müəssisənin əməliyyat tarixində riskli vergi ödəyicisi olmadığına əmin olmuş, vergi orqanı tərəfindən də iddiaçıya bu barədə xəbərdarlıq edilməmişdir. Yenə də, qeyd olunmalıdır ki, əməliyyatların müəssisənin riskli vergi ödəyicisi olmasından öncə aparılması işin mübahisəsiz halıdır. Bu tip işlər üzrə artıq Ali Məhkəmənin İnzibati Kollegiyasının ümumiləşmiş mövqeyi də mövcuddur, kifayət qədər oxşar məhkəmə qərarları qəbul edilmişdir. Qeyd edilənlərə əsasən də iddiaçının hazırkı mübahisə üzrə tərtib etdiyi sənədlər (elektron qaimə fakturalar) riskli əməliyyatlar zamanı və riskli vergi ödəyiciləri ilə rəsmiləşdirilmədiyindən Vergi Məcəlləsinin 175.11-ci maddəsinin təsiri altına düşmür və iddiaçı həmin elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etməkdə haqlı olmuşdur. Eyni zamanda, “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinə əsasən, yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırılma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. Bu fakt vergi orqanı tərəfindən onun üzərinə qoyulmuş vəzifənin tələblərinə əməl olunmadığını təsdiq edir. Vergi Məcəlləsinin 24.0.2-ci maddəsinə görə, vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləmək və müdafiə etmək vergi orqanlarının vəzifəsidir. Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. Göründüyü kimi vergi qanunvericiliyinə görə vergi ödəyicisinin gəlir və xərclərinə dair məbləğlər müvafiq qaydada sənədləşdirildikdən sonra həm mühasibatlıq, həm də vergi uçotunda əks oluna bilər. Ciddi hesabat bankları, müqavilələr, təhvil-təslim aktları və digər maliyyə sənədləri ilə təsdiq olunan gəlir və xərc məbləğləri vergi qanunvericiliyi tərəfindən qəbul olunur. İddiaçı göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən ƏDV bəyannaməsində ( 06.2023 ) əvəzləşmə üçün təqdim edilmiş EBDİ seriyalı, 404887 saylı elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 36630.0 manat ƏDV məbləğinin iddiaçı tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 36630.0 manat kənarlaşma yaranmışdır. Vergi orqanının bundan əvvəl çıxış etdiyi məhkəmə mübahisələrində mövcud olmuş oxşar predmetli inzibati iş vergi orqanının xeyrinə yekunlaşmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının ‘Metan Ticarət və Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli, 2-1(102)-1212/2023 saylı qərarında sözügedən məsələyə göstərilən münasibəti: “**********702300 saylı qərardan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2021-ci il tarixdə riskli vergi ödəyicisi hesab edilmiş və müvafiq siyahıya daxil edilmişdir. İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında olan əməliyyatlar isə 2021-ci ilin iyun-avqust aylarını əhatə etmiş və sonuncu əməliyyat xx.xx.2021-ci il tarixdə həyata keçirilmişdir. Yəni "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə iddiaçı arasında əməliyyatlar həyata keçirildiyi vaxt (alğı-satqı əməliyyatları) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti riskli vergi ödəyicisi olmamışdır. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, işdən göründüyü kimi, iddiaçının istinad etdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli qərar mübahisələndirilməmiş, hər hansı orqan tərəfindən ləğv edilməmişdir. Beləliklə, həmin qərarın əsası kimi çıxış edən faktlar da təkzib olunmamışdır. Başqa sözlə, həmin hüquqi şəxsin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul edilmədiyi halda belə, bu, vergi orqanının iddiaçıya münasibətdə ödənilməli vergilərin azaldılmasına səbəb olan həmin fakta və ya faktlara (əmtəəsiz əməliyyatların aparıldığına və həmin əməliyyatlara əsaslanan xərc sənədlərinin tərtib edildiyinə) istinadla qərar qəbul etmək imkanına təsir etmir. Həmin faktlar isə, mübahisələndirilən qərar qəbul edilənədək mövcud olmuşdur”. Cavabdeh etiraza əlavə təqdim edərək bildirmişdir ki, vergi ödəyicisinin 2022-2024cü illər ərzində 14 323.4 min manat satışı olmuşdur ki, bunun da 10 379.6 min manatını iş və xidmət təşkil edir. Araşdırma zamanı vergi ödəyicisi tərəfindən əldə edilən xam-mal və ya materialın təqdim edilmiş iş və xidmətlərə uyğun olmaması, uçot-baza məlumatlarına əsasən görülmüş işlərin həcminə uyğun sayda işçilərin olmaması, bank hesabı məlumatlarına əsasən işçilərə əmək haqqı ödənişinin edilməməsi, bank hesablarına daxil olmuş vəsaitlərin bəzi hallarda «Plastik kartlar üzrə» təyinatı üzrə məxaric edilməsi müəyyən edilmişdir. Bundan başqa, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) polietlien boru və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) yastı prokat alışı olmasına baxmayaraq, həmin vergi ödəyicilərinin rəhbərləri izahatlarında qeyd olanan əməliyyatlardan məlumatları olmadığını bildirmişdir. Eyni zamanda, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) polietilen boru və aksesuarları alışı olmasına baxmayaraq, araşdırma zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin faktiki olaraq həmin malların istehsalı fəaliyyəti ilə məşğul olmadığı müəyyən olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 saylı qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.2-ci yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli hesab olunur. Cavabdeh göstərilənlərə əsasən, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 23 may 2025-ci il tarixli, e-2-1(112)-4757/2025 saylı qərarı ilə (hakim M.T.Hacıbəyova) iddia təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-287535/2024 saylı qərarının ləğv edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 23 may 2025-ci il tarixli, e-2-1(112)-4757/2025 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və ona əlavə etirazın və etiraza əlavənin məzmununa uyğun əsaslandırılmışdır. Həmçinin şikayətdə göstərilmişdir ki, vergidən yayınma sxemi halhazırkı dövrdə yeni yaradılan və ən çox iri dövriyyələr zamanı istifadə edilən əməliyyatlar toplusudur. Vergi ödəyiciləri tərəfindən bu sxem elə hazırlanır ki, həm qanuni görünür, həm də vergilərin yayındırılmasına gətirib çıxarır. Əməliyyatın və ya əməliyyatlar toplusunun vergidən yayınma sxemi əmələ gətirməsində əsas diqqət əməliyyatın məqsədinin vergi öhdəliyinin azaldılması və ya tamamilə aradan qaldırılması olmasıdır. Bu cür əməliyyatlar biznes məqsədlərinə deyil, vergi məqsədlərinə xidmət edir. Vergidən yayınma sxemi qanunvericiliyin mövcud olan tələblərindən yan keçməklə və ya mövcud olmayan tələblərindən suiistifadə etməklə yeganə məqsədi vergi öhdəliyinin azaldılması olan əməliyyatlardır. Məhz əmtəəsiz əməliyyatların araşdırılması zamanı əməliyyatlar sənədlər üzərində baş tutur, müqavilələr, təhvil-təslim aktları hazırlanaraq əməliyyatın baş tutmasının bu sənədlərlə sübut edilməsinə cəhd edilir. Lakin əsas məsələ sənədlərdə əks edilmiş əməliyyat həqiqətən də baş tutmuşdurmu, baş tutmuşdursa, həmin şəxslər arasında baş tutmuşdurmu, həmin qiymətdə baş tutmuşdurmu və s. tipli sualların cavablandırılmış olmasındadır. Bu sualların araşdırılması üzrə inzibati orqan tərəfindən inzibati icraat çərçivəsində müvafiq addımlar atılmış, vergi ödəyiciləri riskli ödəyicisi hesab edilmədən əvvəl xəbərdarlıq məktubları göndərilmiş, inzibati orqanın binasına dəvət edilmişdir. Bundan əlavə bildirilir ki, riskli vergi ödəyicisi hesab olunma ilə bağlı vergi orqanının bundan əvvəl çıxış etdiyi məhkəmə mübahisələrində mövcud olmuş oxşar predmetli inzibati iş vergi orqanının xeyrinə yekunlaşmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsin nümayəndəsi Nümayəndə izahatında məhkəməyə bildirdi ki, İddiaçınə vergi orqanınnı qərarı ilə 2024-cü ilin avqust ayı üzrə 36.630,00 manat ƏDV hesablanmışdır. Belə ki, İddiaçı tərəfindən əvəzləşmə üçün təqdim edilmiş elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan vergi orqanı tərəfindən qəbul edilməmişdir. İddiaçı 2023-ci il tarixində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə qarşılıqlı əməliyyat aparmışdır. Vergi orqanı tərəfindən aparılan araşdırma nəticəsində 2024-cü il tarixində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul edilmişdir. Belə ki, vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsinə əsas görülmüş araşdırma zamanı vergi ödəyicisi tərəfindən uçot-baza məlumatlarına əsasən görülmüş işlərin həcminə uyğun sayda işçilərin olmaması, işçilərə əmək haqqı ödənişinin edilməməsi, bank hesablarına daxil olmuş vəsaitlərin plastik kart vasitəsilə məxaric edilməsi ilə bağlıdır. Bundan başqa, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 1 616.4 manat və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 728.000 manat dəyərində polietlien boru və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 385.000 manat dəyərində yastı prokat alışı olmasına baxmayaraq, həmin vergi ödəyicilərinin rəhbərləri izahatlarında qeyd olanan əməliyyatlardan məlumatlarının olmadığını bildirmişdir. Həmçinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 227.000 manat dəyəridə polietilen boru və aksesuarları alışı olmasına baxmayaraq, araşdırma zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin faktiki olaraq həmin malların istehsalı fəaliyyəti ilə məşğul olmadığı müəyyən olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti vergi ödəyicisi riskli hesab olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında məhkəməyə bildirdi ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müvafiq dövlət orqanları tərəfindən verilən lisenziya əsasında fəaliyyət göstərən müəssisədir. Həmçinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti “Azərsun” və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətləri ilə də qarşılıqlı şəkildə fəaliyyət göstərmişdir. Həmin vergi ödəyicilərinin rəhbərlərinin izahatlarında qeyd olanan əməliyyatlardan məlumatlarının olmadığı barədə hər hansı məlumat iş materiallarında mövcud deyil. Görülmüş işlərin həcminə uyğun olaraq işçilərin sayı artıq olmuşdur. İddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən generator alınıb, İmişli Rayon İcra Hakimiyyətinə təhvil verilmişdir. Bununla bağlı təhviltəslim aktları da mövcuddur. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - “X2 X3” Şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.2010-cu ildə ********** saylı VÖEN ilə qeydiyyata alınmışdır. - “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi”ndə qeyd edilmişdir – müqavilənin tərəfləri – bir tərəfdən “sifarişçi adlandırılacaq İmişli rayon İcra Hakimiyyətinin başçısı (X5), digər tərəfdən “İcraçı” adlandırılacaq İddiaçı MMC-nin direktoru (X1) olmaqla, tərəflər təsdiq edirlər ki, sifarişçi üçün yeni inzibati binanın layihələndirilməsi və tikintisi işlərinin satın alınması üçün icraçının 6,295.697.00 manat məbləğində tender təklifini qəbul etmişdir. - Cavabdehin Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında 03 oktyabr 2024-cü il tarixli, 3-21-2-3/2-167836/2024 saylı məktubu əsasında iddiaçıdan kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri sənədlərin təqdim edilməsi tələb edilmişdir. - Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-287535/2024 saylı qərarına əsasən iddiaçıya 2024-cü ilin avqust ayı üçün kameral qaydada 36,630,00 manat ədv hesablanmışdır, qərarda hesablanmanın əsası kimi ədv bəyannaməsində (06.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDİ seriyalı, 404887 saylı elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir, qeyd edilən eletkron qaimə-faktura üzrə 36630.0 manat ədv məbləğinin əvəzləşdirildiyi nəzərə alınaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ədv məbləğinin 0.0 manat olması nəticəsində 36630.0 manat kənarlaşma yaranması göstərilmişdir. - Riskli vergi ödəyiciləri barədə məlumatdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2024-cü ildə riskli vergi ödəyicisi hesab edilmişdir. - İddiaçı tərəfindən əlavə olaraq EBDİ seriyalı, 404887 saylı; EBCC seriyalı, 906344 saylı; EBCB seriyalı, 232564 saylı; EBBT seriyalı, 009190 saylı elektron qaimə fakturalar və xx.xx.2023-cü il tarixli qısa idxal bəyannaməsi təqdim edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən, əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə görə, riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Vergi Məcəlləsinin 36.2-ci maddəsinə müvafiq olaraq, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsinin 53.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir.Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur.Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi Məcəlləsinin 175.1-ci maddəsinə görə, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ədv tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ədv məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ədvməbləği ədv-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərinin qarşılıqlı şəkildə əvəzləşdirilməsi və ya notariusun depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə əməliyyatın dəyərinin notariusun bankda açdığı depozit hesabına ödənilməsi həmin əməliyyatın ədvsiz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına ödənilməsinə bərabər tutulur. Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 saylı qərarı ilə təsdiq olunmuş “Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və Şərtləri”nin 1.3-cü bəndinə əsasən, vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə qəbul edilmiş qərarlar həmin qərarların qəbul edildiyi gün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında yerləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 saylı qərarı ilə təsdiq olunmuş “Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və Şərtləri”nin 1.4-cü bəndinə müvafiq olaraq, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi və (və ya) əlavə dəyər vergisinin depozit hesabı vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 saylı qərarı ilə təsdiq olunmuş “Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və Şərtləri”nin 2.1-ci bəndinə əsasən, aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: təqdim edilməsi müvafiq iqtisadi resurs tələb edən (təsərrüfat obyekti, işçi qüvvəsi, əsas vəsaitlər, xammal-material ehtiyatları və fəaliyyət növünün xüsusiyyətləri nəzərə alınmaqla digər iqtisadi resurslar) iş və xidmətləri bu növ resurslar mövcud olmadan və ya mövcud resursları yetərli olmadan, yaxud subpodratçı cəlb etmədən təqdim edən şəxs (2.1.1); qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş elektron qaimə faktura, malların alış aktı və yük gömrük bəyannamələri (idxal olunan mallara münasibətdə) əsasında əldə edilməyən malları (əvvəllər keçirilmiş operativ vergi nəzarəti və ya səyyar vergi yoxlaması zamanı sənədsiz mal kimi rəsmiləşdirilən mallar, notarial qaydada təsdiq edilmiş müqavilələr əsasında əldə edilmiş rəsmi reyestrdə qeydiyyata alınmış əmlaklar, istehsal zamanı əldə edilən (söküntüdən, hasilatdan) mallar və əsas vəsaitlər, o cümlədən nizamnamə kapitalına qoyulmuş əsas vəsaitlər istisna olmaqla) təqdim edən şəxs (2.1.2.); Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyatlar aparan şəxs (2.1.3.). İş materiallarında olan sənədlərdən görünür ki, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş EBDİ seriyalı, 404887 saylı; EBCC seriyalı 906344 saylı; EBCB seriyalı 232564 saylı; EBBT seriyalı 009190 saylı elektron qaimə fakturalar üzrə aparılan əməliyyatları riskli hesab etmiş və əvəzləşdirməyə əsas olmamasını göstərərək kənarlaşma yaranması əsası ilə iddiaçıya əlavə vergi məbləğlərinin hesablanması xx.xx.2024-cü il tarixli, 3-21-2- 3/2-287535/2024 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul etmişdir. Halbuki, müəyyən olunur ki, cavabdeh heç bir vergi nəzarət tədbiri ilə aşkar etmədiyi halda, iddiaçının apardığı əməlliyatları əmtəəsiz əməliyyatlar kimi qiymətləndirmişdir. Cavabdeh tərəfindən belə qənaətə iddiaçının əməlliyatları apardığı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin riskli vergi ödəyiciləri hesab edildiyindən gəlinmiş və hazırda mübahisələndirilən qərar iddiaçının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 2023-cü ildə həyata keçirilmiş əməliyyat ilə bağlıdır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı müvafiq əməliyyatlar apardığı zaman (2023-cü il) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti riskli vergi ödəyicisi olmamışdır. Belə ki, iddiaçının əməliyyatlar apardığı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2024-cü il tarixdə riskli vergi ödəyiciləri hesab edilmişdir. İddiaçının həmin müəssisə ilə əməliyyatı isə 2023-cü ilə təsadüf edir. Yəni qeyd edilən riskli vergi ödəyicisi ilə iddiaçı arasında qarşılıqlı əməliyyat vergi orqanı tərəfindən həmin müəssisənin riskli vergi ödəyicisi olması barədə müvafiq qərar qəbul edilməmişdən və həmin məlumat açıqlanmamışdan əvvəl aparılmışdır. Belə olan halda iddiaçının hazırkı mübahisə üzrə tərtib etdiyi sənədlər (elektron qaimə fakturalar) riskli əməliyyatlar zamanı və riskli vergi ödəyiciləri ilə rəsmiləşdirilmədiyindən Vergi Məcəlləsinin 175.11-ci maddəsinin təsiri altına düşmür və iddiaçı cavabdehin nəzərə almadığı elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etməkdə haqlı olmuşdur. Eyni zamanda qeyd olunmalıdır ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatların əmtəəsiz olması üçün sadəcə bir tərəfin deyil, hər iki tərəfin birgə iradəsi və iştirakçılığı zəruridir. Cavabdeh isə lazımı qaydada icraat aparmayaraq, mal(lar)ın həqiqətən alınıb-alınmamasını mötəbər sübutlar əsasında aydınlaşdırmamışdır. İddiaçı tərəfindən isə öz növbəsində müvafiq sənədlər birinci instansiyası məhkəməsində işə baxılarkən məhkəməyə təqdim edilmiş və məhkəmə tərəfindən araşdırılaraq iş üzrə qanuni və əsaslı nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 23 may 2025-ci il tarixli, e-2-1(112)-4757/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-3271/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3271/2025
24.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver