Məhkəmə qərarları › İş №2-1(103)-3274/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3274/2022

10.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3274/2022 10.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X18 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Üçüncü şəxs X9 və üçüncü şəxs X5 nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı X13, İddiaçı Arif oğlu və X21 üçüncü şəxs qismində cəlb olunmaqla “qeydiyyatdan çıxarılma” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3785/2022 saylı, 19 yanvar 2022-ci il tarixli qərarından üçüncü şəxs X13 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X13, X21) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üçüncü şəxslərin iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı Arif oğlunun hazırkı iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir və həmin yaşayış evi xx.xx.2006-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır. Bu faktı təsdiq edən MH ******* N-li Çıxarışın surəti iddia ərizəsinə əlavə edilmişdir. İddiaçının əizəsi əsasında üçüncü şəxs X13 iddiaçının oğlu ilə rəsmi nikaha daxil olduqdan sonra həmin mənzilə qeydiyyata alınıb. 2012-ci ildə onların nikahları pozulub. Hal-hazırda ailə üzvü deyil və həmin mənzildə uzun illərdir yaşamır. X3 da həmin mənzildə yaşamır və harada yaşaması iddiaçıya məlum deyil. Adıçəkilən şəxslərin iddiaçıya məxsus mənzildə qeydiyyatda olması onun mülkiyyətçi kimi mülkiyyət hüquqlarını məhdudlaşdırmışdır. Üçüncü şəxslərin ona məxsus olan mənzildən qeydiyyatdan çıxarılmaları üçün Suraxanı Rayon Polis İdarəsinə müraciət etsə də ona imtina cavabı verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3785/2022 saylı, 19 yanvar 2022-ci il tarixli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilmişdir. Qərardan narazı qalan üçüncü şəxs X13 qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını və onun yenidən ünvan 1 ünvanında yerləşən mənzilə qeydiyyatının bərpası barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, keçmiş əri X32 oglu ilə onu və uşaqları İddiaçı Arif oglu və X2 mənzilə buraxmadığı üçün həmin mənzilə körülmə tələbi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdilər. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(010)-249/2013-sayı qətnaməsi ilə iddia təmin edilmiş, onun və uşaqlarının ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməyi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış, o uşaqları ilə birgə həmin mənzilə köçürülmüşdür. Bundan sonra iddiaçı onları yenidən məcburi olaraq evdən çıxarmışdır. Hal hazırda o və uşaqları müvəqqəti olaraq kirayələrdə qalmalı olurlar. İddiaçı əsassız olaraq məhkəməyə müraciət edərək onun və uşaqlarının qeydiyyatdan çıxarılmasını məhkəmədən xahiş etmiş, məhkəmə isə heç bir araşdırma aparmadan iddianı təmin etmişdir. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X21 və X5 nümayəndəsi X10 ayrıayrılıqda izahat verərək, pellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının X7 münasibətdə ləğv olunub, iddianın ona münasibətdə təmin olunmamasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, cavabdeh də nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). İşdən göründüyü kimi, iddia təmin olunaraq, üçüncü şəxslər X13, İddiaçı Arif oğlu və X9 ünvan üzrə qeydiyyatdan çıxarılması qərara alınsa da, 3-cü şəxslərdən yalnız X13 apellyasiya şikayəti verdiyindən, Məhkəmə kollegiyası yalnız onun verdiyi apellyasiya şikayəti həddində qərarı –ona münasibətdə olan hissəsini yoxlayır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv olunmalıdır. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. - 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. - 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. - 228.5-ci maddəsinin birinci cümləsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsini onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, habelə ailə üzvləri və digər şəxslərlə mülkiyyətçi arasında bağlanan yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun: - 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yeri üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycar Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. - 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. - 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında) daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunverciliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. - 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi) - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarına əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarında da qeyd edilir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıbyaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda, həmin qərarda qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə, mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 2020-ci il 27 avqust tarixli Qərarı). Qanunvericilik normalarının təhlilindən aydın olur ki, mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. İşin araşdırılmış hallarından göründüyü kimi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli Çıxarışa əsasən ünvan 1 İddiaçı tam mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirli Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2021ci il tarixli məktubunda göstərilmişdir: Bildiririk ki, xx.xx.1982-ci il təvəllüdlü X13 və xx.xx.2002-ci il təvəllüdlü X21 ünvan 1 ünvanında qeydiyyatdadırlar. Həmçinin, üçüncü şəxs X11 ünvan 1 ünvana dair istifadə hüquqlarının qeydə alınması iş materialları ilə öz təsdiqini tapmamışdır. Bundan başqa, işin apellyasiya araşdırması zamanı məhkəmənin sorğusuna əsasən təqdim olunmuş Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4048, ev 10, 95 saylı mənzil 217583 nömrəli, xx.xx.1985-ci il tarixli orderə, X13, X22, X15, X16 və X8 tərəfindən razılıq ərizələrinə, 1795 nömrəli, xx.xx.2004-cü il tarixli forma 2 arayışına, xx.xx.2004-cü il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sözügüdən mənzilə dair 3-cü şəxslərin istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı məlumat aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-249/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X5 cavabdehlər X17, İddiaçı, X12ma, X20ma və X6 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilmiş, X5 24 yanvar 2002-ci il təvəllüdlü X21 və 25 noyabr 2004-cü il təvəllüdlü İddiaçı Arif oğlu adlı uşaqları ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4048-d.ə yerləşən 10 nömrəli evin 95 nömrəli mənzilinə köçürülməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Yuxarıda qeyd olunananlara əsasən, Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə qeyd olunan üçüncü şəxslərin mübahisəli evə köçürülməsi qərara alınsa da, qərardan İddiaçı Arif oğlu və X21 şikayət vermədiyindən Məhkəmə kollegiyası hesab edir ki, qərar onlara münasibətdə yoxlanılmamalıdır. Belə olan halda Məhkəmə kollegiyası qeyd edir ki, mülki məhkəmə qətnaməsi ilə hazırki işdə 3-cü şəxs qismində cəlb edilmiş X1 evə köçürülməsi tələbi təmin edildiyindən və həmin qətnamənin icrası nəticəsində X13 evə köçürüldüyündən onun həmin ünvan üzrə pasport qeydiyyatından çıxarılması tələbi əsassızdır. Apellyasiya şikayətinin 3-cü şəxsin yenidən ünvan 1 ünvanında yerləşən mənzilə qeydiyyatının bərpası ilə bağlı hissəsinə münasibətdə Məhkəmə kollegiyası qeyd edir ki, hazırki inzibati iş üzrə iddia tələbi 3-cü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı olduğundan, həmin tələb üzrə birinci instansiya məhkəməsi qərar qəbul etdiyindən, apellyasiya instansiya məhkəməsi qismində məhkəmə kollegiyası yalnız həmin tələb çərçivəsində qərarın qanuniliyi yoxlanılır. Bununla da Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən X7 münasibətdə təmin edilməli, məhkəmə qərarı onun qeydiyyatdan çıxarılması hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. - 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs X13 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3785/2022 saylı, 19 yanvar 2022-ci il tarixli qərarı qismən X7 münasibətdə ləğv edilsin. Üçüncü şəxs X5 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması hissəsində iddia rədd edilsin. Qalan hissədə qərar dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar