Məhkəmə qərarları › İş №2-1(103)-3276/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3276/2025

25.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3276/2025 25.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinə qarşı “şəxsiyyət vəsiqəsi olmadan iddiaçıya təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinə qarşı “şəxsiyyət vəsiqəsi olmadan iddiaçıya təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4932/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ APARİLAN İCRAAT:

1. İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinə qarşı “şəxsiyyət vəsiqəsi olmadan iddiaçıya təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia ərizəsində göstərilmişdir ki, iddiaçı Əliyeva (Əsgərova) Sona Sabir qızı 28 avqust 1957-ci ildə Bakı şəhəri Suraxanı rayonunda, Suraxanı qəsəbəsində doğulmuşdur. Həmin qəsəbədə Sabir küçəsi ev 6-da böyümüşdür. 20 yaşında ailə həyatı quraraq Maştağa kəndinə gəlin köçmüşdür. 6 ayın gəlini olmuşdur. Atalıq soyadı “Əsgərova” idi. Ailə qurandan sonra həyat yoldaşının soyadı ilə-“Əliyeva” familyasını daşımışdır. Həyat yoldaşı X2 elektrik vurması səbəbindən dünyasının dəyişmişdir. İddiaçı onun anası tərəfindən evdən çıxarılmışdır. Bu 1977-1978-ci illərdə baş verib. İddiaçının şəxsi sənədlərinin nə vaxt, hansı şəraitdə itməsini bilmir və xatırlamır. Xeyirxah insanların evində və köməkliyi ilə yaşayır. Sənədləri olmadığı üçün həmişə çətinlik çəkmiş, savadı olmadığı üçün hara müraciət edəcəyini və hara qeydiyyata düşəcəyini bilməmiş, yenə də xeyirxah insanların köməkliyi ilə sənədlərini bərpa etmək istəyir. Təkrar doğum haqqında şəhadətnamə almaq üçün Suraxanı rayon Qeydiyyat İdarəsinə dəfələrlə müraciət etmiş, hazırda onlar yenə də imtina məktubu verdilər. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4932/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.

4. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddianın mümkün sayılaraq birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

5. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sənədlərini itirdiyi üçün nə şəxsiyyət vəsiqəsini, nə doğum haqqında şəhadətnaməsini təqdim edə bilmir. Lakin onun şəxsiyyətini və hüquqi vəziyyətini dolayısı ilə təsdiq edən sənədləri - nikah haqqında şəhadətnaməni, eləcə də atasının və həyat yoldaşının ölüm haqqında şəhadətnamələrinin surətləri apellyasiya şikayətinə əlavə olunmuşdur. Bundan əlavə, Bakı İnzibati Məhkəməsi işi icraata götürüb baxacağı təqdirdə, şəxsiyyətini şahid qismində iştirak edə biləcək bacıları vasitəsilə də təsdiq edə bilər. Yuxarıda qeyd olunduğu kimi, hal-hazırda məhkəməyə müraciət edərkən şəxsiyyətini sənədlə təsdiq edə bilmir, çünki həm şəxsiyyət vəsiqəsini, həm də doğum haqqında şəhadətnaməsini itirmişdir. Bu səbəbdən yeni sənədlər almaq üçün aidiyyəti orqana dəfələrlə müraciət etsə də, heç bir nəticə əldə edə bilməmişdir. Bu hüquqi boşluq isə onun hüquqi subyekt kimi tanınma hüququnu və məhkəməyə müraciət hüququnu faktiki olaraq məhdudlaşdırır. Halbuki bu hüququ texniki səbəblərdən dolayı məhdudlaşdırıla bilməz. Tərəflərin izahatları

6. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş və bunun hər hansı üzürlü səbəblə əlaqəli olub-olmadığı barədə məhkəməyə hər hansı məlumat verməmişlər.

7. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir.

İŞİN HALLARİ:

8. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli 3-16-5/7-10- 2497/24 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası ”nın 1.7, 1.14, 9.7-ci, 9.8-ci bəndlərində göstərilmiş müddəalara əsasən, qeydiyyat şöbəsi doğum haqqında təkrar şəhadətnamənin verilməsindən, iddiaçının şəxsiyyət vəsiqəsi olmadığından müraciətinin icra olunmasının mümkün olmadığı səbəbindən imtina edilmişdir.

9. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin xx.xx.2024-cü il tarixli 5-18-5/2-Ə-3S-151/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, ünvan 1 ünvanında Əliyeva (Əsgərova) Sona Sabir qızının qeydiyyatda olması barədə məlumat yoxdur.

TƏTBİQ EDİLƏN HÜQUQ

10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 25.0. İnzibati məhkəmə icraatında iştirak etmək hüququna aşağıdakılar malikdirlər: 25.0.1. fiziki və ya hüquqi şəxslər; 25.0.2. dövlət orqanları və ya bələdiyyələr. 26.1. İnzibati məhkəmə icraatında prosessual hərəkətləri etmək hüququna aşağıdakılar malikdirlər: 26.1.1. mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətli sayılan şəxslər; 26.1.2. mülki hüquq normalarına əsasən məhdud fəaliyyət qabiliyyətli hesab edilən, lakin inzibati məhkəmə icraatının predmetinə münasibətdə ümumi hüquq normalarına uyğun olaraq inzibati fəaliyyət qabiliyyətli sayılan şəxslər. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

12. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi: 3.0.-cü maddəsinə əsasən,bu Məcəllədə aşagıdakı əsas anlayışlardan istifadə olunur: 3.0.4. pasport – şəxsə vətəndaşı olduğu ölkə tərəfindən verilən, ona ölkədən getmək və ölkəyə gəlmək hüququ verən, habelə onun şəxsiyyətini və vətəndaşlığını təsdiq edən sənəd; 3.0.5. şəxsiyyət vəsiqəsi – Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən sənəd;

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 26.2. Fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası: 1.7-ci bəndinə əsasən, qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı nəticəsində hüquqi əhəmiyyətini itirən sənədlər istisna edilməklə, bu Qaydada nəzərdə tutulan sənədlərin X1 Sistemi (bundan sonra – EHİS) vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Bu sənədlərin və ya məlumatların EHİS vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün tələb olunan ərizə blanklarının formaları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunur. 1.14-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti akt qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. 9.7-ci bəndinə görə, yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, sosial xidmət müəssisələrinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. 9.8-ci bəndinə əsasən, Qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizənin verildiyi gün təqdim olunur, elektron sorğu əsasında şəhadətnamələr isə sorğunun daxil olduğu gün verilir.

APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ:

15. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir.

16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

17. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərardadının ləğvinə yönəldiyi üçün kollegiya qərardadın qanuniliyini tam yoxlayır.

18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

19. Məhkəmə kollegiyası iddianın mümkün sayılmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

20. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”.

21. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar.

22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

23. Göründüyü kimi inzibati prosesual qanunvericiliyin tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri-iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibatı məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.

24. Hazırki iş üzrə isə tədqiq olunan sənədlərdən müəyyən olur ki, iddiaçı onun şəxsiyyətini təsdiq edən sənədi (pasport və ya şəxsiyyət vəsiqəsini) təqdim edə bilmir. Belə ki, belə bir sənəd onda mövcud deyil.

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

26. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən, bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur.

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur.

28. Həmin Məcəllənin 149.1-ci maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır.

29. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilməlidir: ... 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları);

30. Həmin Məcəllənin 361.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: ... 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti;

31. Yuxarıda qeyd olunan qanunvericilik normalarının mahiyyətinən aydın görünür ki, hüquqlarının müdafiəsi məqsədilə məhkəmə müraciət edən şəxsin şəxsiyyətini eyniləşdirməyə imkan verən sənədlər iş materiallarına əlavə edilməlidir. Yalnız proses iştirakçılarının şəxsiyyətini müəyyənləşdirdikdən sonra işə mahiyyəti üzrə baxıla bilər.

32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən, sədrlik edən prosesə gələn iştirakçıların şəxsiyyətini müəyyən edir, vəzifəli şəxslərin, nümayəndələrin və vəkillərin səlahiyyətlərini yoxlayır.

33. Lakin hazırki iş üzrə iddiaçı tərəfindən təqdim edilmiş, o cümlədən birinci instansiya məhkəməsinin sorğusu əsasında əldə edilmiş sənədlərdən iddianı qaldıran şəxsin İddiaçı olması sübuta yetirilə bilməmişdir.

34. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün lazımi şərt mövcud olmadığından, iddiaçı şəxsiyyətini təsdiq edən sənədi təqdim edə bilmədiyindən, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinə qarşı “şəxsiyyət vəsiqəsi olmadan iddiaçıya təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia mümkün sayılmamalıdır.

35. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

36. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

37. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir.

38. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 80, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4932/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar