Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3278/2025 23.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Binəqədi rayon Binəqədi qəsəbə bələdiyyəsi ərazisində “torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-119/2025 saylı 07 aprel 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə 23 iyul 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq, “Bakı şəhəri, Binəqədi rayon Binəqədi qəsəbə bələdiyyəsi ərazisində “Torpaqların alqı-satqısına dair” akt və Binəqədi qəsəbə Bələdiyyəsinin 15 sentyabr 2006-cı il tarixli, 1390 saylı sərəncamına əsasən aldığı 1500 kv.m torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 06 aprel 2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, xx.xx.2024-cü il tarixli qərardadı ilə “X7” Şirkətinin Azərbaycandakı filialı məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb edilmişdirlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-119/2025 saylı 07 aprel 2025-ci il tarixli qərarı ilə iddia tələbinin təmin olunmaması qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləgv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən olunmuşdur ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 119/2025 saylı 07 aprel 2025-ci il tarixli qərarı iddiaçının nümayəndəsi və vəkili Vəkil1 elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilmişdir. Lakin apellyasiya şikayəti xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə apellyasiya şikayətinin vaxtında verilməsi apellyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. Bununla bağlı məhkəmə kollegiyası 10 iyul 2025-ci il tarixli məhkəmə bildirişi ilə İddiaçı Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinə uyğun xidməti vəzifəsindən istifadə edərək, həmin Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardımı göstərərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-119/2025 saylı 07 aprel 2025-ci il tarixli qərarından apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə verildiyinə dair sübutları və ya həmin qərardaddan şikayət verilməsi üçün prosessual müddət ötürüldüyü təqdirdə həmin müddətin bərpa edilməsinə dair müvafiq ərizəni yuxarıda qeyd olunan tarixdə məhkəməyə təqdim etmək təklif olunmuşdur. 23 iyul 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlanmasına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə iddiaçı və cavabdehin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İş materiallarından müəyyən olunur ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-119/2025 saylı 07 aprel 2025-ci il tarixli qərarı elektron məhkəmə sistemi vasitəsilə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilmişdir. Lakin apellyasiya şikayəti xx.xx.2025-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75.3-cü maddəsinə görə məhkəmə qərarı, bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulmuş qaydada proses iştirakçılarına təqdim edilir. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işdə iddiaçının mübahisələndirdiyi 07 aprel 2025-ci il tarixli məhkəmə qərarı iddiaçının nümayəndəsi və vəkili Vəkil1 elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirildiyi üçün həmin gündən 30 gün müddətində şikayət vermək hüququ olduğu halda, yəni xx.xx.2025-ci il tarix son tarix olduğu halda, apellyasiya şikayəti xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 9-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən məhkəmə qərarlarının, qərardadlarının, sərəncamlarının (bundan sonra – məhkəmə aktları), ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 9-1.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 9-1.4-cü maddəsinə əsasən Bu Məcəllənin 9-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş məhkəmə aktlarının və digər sənədlərin başqa qaydada verilməsi tələb oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Bununla bağlı məhkəmə kollegiyası iddiaçıya 07 aprel 2025-ci il tarixli qərardan apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddətdə verildiyinə dair sübutları və ya həmin qərardan şikayət verilməsi üçün prosessual müddət ötürüldüyü təqdirdə həmin müddətin bərpa edilməsinə dair müvafiq ərizəni məhkəməyə təqdim etməsini təklif etsə də, iddiaçı tərəf onları məhkəməyə təqdim etməmiş və məhkəmə iclasında iştirakını təmin etməmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 119/2025 saylı 07 aprel 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və şikayətin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.1, 23.1, 24.1, 80, 85.1, 87, 90 və 94-cü maddələrini rəhbər tutub, məhkəmə kollegiyası QƏRARAALDİ: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-119/2025 saylı 07 aprel 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X5 Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(103)-3278/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3278/2025
23.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver