Məhkəmə qərarları › İş №2-1(103)-3279/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3279/2024

05.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3279/2024 05.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinin ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6343/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı qızı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə öhdəliyin icrası haqqında iddia ərizəsi, sonradan isə ona dəqiqləşmə verərək - “Bakı şəhəri, Zirə qəsəbəsində yerləşən 100 nömrəli order əsasında verilmiş “105D/11” saylı, 0.12 ha torpaq sahəsinin mülkiyyət hüququnun mərhum X6 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir (İPM m.34.1). İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən “105D/11” saylı torpaq sahəsinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, lakin sonuncu müraciətinə xx.xx.2023-cü il tarixində imtina məktubu vermişdir. İmtina məktubunda cavabdeh bildirmişdir ki, mütəxəssislər tərəfindən torpaq sahəsinə texniki baxış keçirilən zaman sahənin digər şəxs tərəfindən hasarlandığı aşkar edilmişdir. İddiaçı cavabdeh orqana xx.xx.2023-cü ildə yenidən müraciət etmiş, cavabdeh orqan xx.xx.2023-cü il tarixində müraciətinə cavab olaraq bildirmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İddiaçının atası - X6 Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 1374 №-li qətnaməsinə əsasən bağ-tikinti kooperativlərinin tərkibində bağ sahəsi ayrılmışdır. Bundan əlavə, notarius tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş olan vərəsəlik hüququ haqqında notariusun məktubuna əsasən X5 bu irs qalmış torpaq sahəsi üzrə vərəsəsi kimi tanınmışdır. Cavabdehin imtina məktubunda göstərilən səbəb əsasızdır və faktiki olaraq vətandaşın hüquqlarının pozulmasına gətirib çıxardır. Cavabdeh qeyd edir ki, texniki baxış keçirilən zaman digər şəxs tərəfindən torpaq sahəsinin hasarlandığı aşkar edilmişdir, amma məlum fakt reallığı əks etmir, çünki torpaq sahəsinin hasarlanma işlərini iddiaçı özü həyata keçirmişdir. Bundan əlavə olaraq cavabdeh imtina məktubunda qeyd olunan əsasları hər hansı sübutla təsdiq etmir...” Cavabdeh məhkəməyə ünvanladığı iddia ərizəsinə etirazında iddianın rədd olunmasını xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...İdarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı göstərilən torpaq sahəsinin digər şəxs tərəfindən hasara alındığı müəyyən edilmişdir (torpaq sahəsi iddiaçının istifadəsində deyil). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6343/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və Bakı şəhəri, Zirə qəsəbəsində yerləşən 100 nömrəli order əsasında verilmiş “105D/11” saylı, 0.12 ha torpaq sahəsinin mülkiyyət hüququ ilə mərhum X6 məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri publik şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...İdarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı göstərilən torpaq sahəsinin digər şəxs tərəfindən hasara alındığı müəyyən edilmişdir (torpaq sahəsi iddiaçının istifadəsində deyil). Bakı İnzibati Məhkəməsi tərəfindən torpaq sahəsinin naturada yerləşməsi ilə bağlı düzgün araşdırma aparılmamış və qanunun tələbi nəzərə alınmamışdır ...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının nümayəndəsi isə onunla razılaşmamış, bağ sahəsini başqa şəxsin hasarladığı faktının sübuta yetirilmədiyini bildirərək qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər. ІІ. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib və iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin hallarından göründüyü kimi, iddiaçı “Bakı şəhəri, Zirə qəsəbəsində yerləşən 100 nömrəli order əsasında verilmiş “105D/11” saylı, 0.12 ha torpaq sahəsinin mülkiyyət hüququ mərhum X6 məxsus olması barədə arayışın verilməsini tələb etmişdir. İş materiallarına əlavə edilmiş notarial qaydada təsdiq olunmuş, Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən vətəndaş X5 adına verilmiş 100 nömrəli orderdən görünür ki, Bakı şəhər icraiyyə komitəsinin 10 sentyabr 1992-ci il tarixli 1374 nömrəli qərarına əsasən 243 nömrəli Kooperativi tərəfindən ona Zirə bağlar sahəsində 0,12 ha torpaq sahəsi olan, 105D/11 nömrəli bağ sahəsi ayrılmışdır. Eyni zamanda, Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının 25 may 2023-cü il tarixli 3-52/2-Ə-287- 112/2023 nömrəli arxiv arayışından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti başçısı tərəfindən “Bağ sahələrinin ayrılması, ada keçirilməsi, bölünməsi haqqında” xx.xx.1992-ci il tarixli, 1374 nömrəli sərəncam verilmişdir ki, Bakı şəhər Soveti İvraiyyə Komitəsinin xx.xx.1988-ci il, 6/333 nömrəli və Azərbaycan SSR Nazirlər Kabinetinin 2.06.1988-ci il tarixli, 195 nömrəli qətnaməsinə əsasən aşağıdakı vətəndaşlara fəaliyyətdə olan bağ tikinti kooperativlərinin tərkibində bağ sahəsi ayrılsın: – “100. X6 – Zirə ərazisindəki 243 nömrəli BTK.” «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0 və 8.0.7-ci maddələrinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. Qanunun qeyd olunan tələbi baxımından, tədqiq olunan arxiv sənədlərinə əsasən müəyyən olunan hallar onu deməyə əsas verir ki, mübahisəli bağ sahəsinin X2 adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün qanunla müəyyən edilən əsas mövcuddur. Bakı şəhəri 31 saylı notariat ofisinin xüsusi notariusu X1 ƏMDX yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı 396 nömrəli 18 may 2023-cü il tarixli məktubundan görünür ki, - “xx.xx.2022-ci ildə vəfat etmiş, xx.xx.1949-cu il təvəllüdlü X3 irs qalmış 100 nömrəli order əsasında Zirə bağlar sahəsində 243 nömrəli BTK-nın nəzdində yerləşən 105D/11 nömrəli bağ ünvanında 0.12 ha torpaq sahəsinə dair vərəsəlik hüququnda şəhadətnamənin verilməsi ilə bağlı İddiaçı (13.12ş\.1980-ci il təvəllüdlü) ərizəsi qəbul edilmişdir və vərəsəsi kimi tanınmışdır.” Belə olan halda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.1-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Lakin cavabdeh apellyasiya şikayətinin dəlillərində mübahisələndirir ki, göstərilən torpaq sahəsinin digər şəxs tərəfindən hasara alındığı müəyyən edilmiş, torpaq sahəsi iddiaçının istifadəsində deyildir. Halbuki, birincisi, həmin bağ sahəsinin başqa şəxsin adına qeydə alınması faktı mövcud deyil və bu hal cavabdeh tərəfindən mübahisələndirilmir. Digər tərəfdən cavabdeh nə iddiaçıya ünvanladığı imtina məktubunda, nə iddia ərizəsinə etirazında, nə apellyasiya şikayətində, nə də məhəkəməyə təqdim olunan müəyinə aktında bağ sahəsinin digər şəxsin hasara alıb istifadə etdiyini əsaslandırmamış, həmin şəxsin kim olduğu və bununla bağlı faktlar və sübutlar, məhkəməyə təqdim etəmişdir. Bütun bu qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh formal xarakterli həmin dəlilləri ilə iddiaçının qanunla qorunan hüquqlarını pozur. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin 113 nömrəli 22 dekabr 2009-cu il tarixli əmri ilə təsdiq edilmiş və 30 dekabr 2009-cu il tarixində 3492 nömrə ilə dövlət qeydiyyatına alınmış “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın: 7.1-ci bəndinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması barədə arayış verilir. Arayış əmlakın növündən asılı olaraq bu Təlimata əlavə olunmuş 1-36-cı əlavələrə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir. 7.2-ci bəndinə əsasən müqavilə və ya digər əsaslara görə vəfat etmiş şəxsə məxsus olmuş və üzərində hüquqlar qeydiyyata alınmamış əmlak üzərində hüquqların rəsmiləşdirilməsi məqsədilə onun qanun və ya vəsiyyət üzrə vərəsələrindən birinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayış verilir. Bu arayış vərəsə tərəfindən qanunvericiliklə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas kimi müəyyən edilmiş sənədlər təqdim olunduqda verilir, həmin sənədlər ərazi idarəsində saxlanılır və vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş sənəd təqdim olunduqdan sonra müvafiq qaydada əmlakın qeydiyyata alınması aparılaraq sənədlər əsas kimi əlavə olunur. Arayış bu Təlimata əlavə olunmuş 37-ci əlavəyə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDKR) publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.20-ci bəndi isə nəzərdə tutur ki, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək cavabdeh qeydiyyat orqanının vəzifəsidir. Göründyü kimi, cavabdeh tərəfindən iddia olunan arayışın verilməsindən imtina olunmasının əsassız olduğu və iddiaçının hüquqlarını pozduğu sübuta yetirilir. İPM-in 73.1-ci maddəsininin tələbindən isə görünür ki, aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsi mahiyyəti üzrə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticədir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin məhkəmə tərəfindən torpaq sahəsinin naturada yerləşməsi ilə bağlı düzgün araşdırma aparılmadığını və qanunun tələbi nəzərə alınmadığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6343/2024 saylı xx.xx.2024 il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır (İPM m. 87.6). Şərh olunanlara əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6343/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar