Məhkəmə qərarları › İş №2-1(103)-328/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-328/2022

01.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-328/2022 01.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və X3 ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Təhsildə X2rşı diplomun tanınması və ekvivalentliyin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1389/2021 saylı, 22 iyun 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Bаkı İnzibаti Məhkəməsinə mürаciət еdərək Ukrayna Elm və Təhsil Nazirliyi Milli Nəqliyyat Universiteti tərəfindən iddiaçıya verilmiş 14 iyun 2019-cu il tarixli B 19 № 110373 nömrəli diplomun Azərbaycan Respublikasında tanınması ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsini cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13890/2021 saylı iş üzrə qəbul etdiyi 22 iyun 2021-ci tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir. Qərardan narazı qalan iş üzrə iddiaçı apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiya) Qaydaları”’nın 3.6 və 3.7-ci maddələrinin tələblərində ekvivaletnlik haqqında şəhadətnamənin verilməsindən imtina edilməsinə əsas olan səbəb kimi tədris dilinin bilinməməsi əsas kimi göstərilməmişdir. Yəni qaydaların hər iki maddəsində tədris dilinin bilinməməsi ekvivalent şəhadətnaməsinin verilməsindən imtina üçün əsas təşkil etmir. Həmçinn bildirmək istəyirik ki, cabadeh öz etirazında mənfi rəyin verilməsini ekvivalentlik haqqında şəhadətnamənin verilməsindən imtina üçün əsas tutur. Halbuki Qaydaların 3.7-ci maddəsində mənfi rəyin hansı hallarda verilə biləcəyi imperativ norma olaraq göstərilmişdir ki, bu halların xaricində mənfi rəyin verilə bilməsi mümkün deyildir. Həmin halların içərisində də tədris dilinin biliyinin səviyyəsinin qənaətbəxş olmaması nəzərdə tutulmamışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv olunması, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apelyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, аpеlyаsiyа şikаyətinin dəlillərini iş materialları ilə аrаşdırаrаq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apelyasiya şikayəti qərarın ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan Ukrayna Milli Nəqliyyat Universiteti tərəfindən verilmiş 14 iyun 2019-cu il tarixli B19 saylı 110373 nömrəli ali təhsil haqqında diplomun azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı “iqtisadçı” sahəsi üzrə tam kursu bitirmiş və bakalavr dərəcəsi almışdır. Diplom 5 oktyabr 1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən “apostil” edilmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış elektron cavab məktubundan görünür ki, iddiaçıya bildirilmişdir ki, nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı ekspert qrupu tərəfindən onun aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 3.7-ci bəndinə əsasən, ********** nömrəli müraciəti üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. Bundan sonra iddiaçı cavabdeh Təhsildə X2rşı diplomun tanınması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli məsələ yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinə əsasən, Azərbaycan Respublikası qanunvericilik sisteminin tərkib hissəsi kimi tanınan “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın İİİ.1.2 maddəsində qeyd edilir ki, ərizənin baxılması zamanı hər bir tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. Konvensiyanın 5-ci bölməsinin 36-cı bəndinə görə, “təqribən eyni olan ixtisaslarda məzmun, ixtisas, həcmlər, keyfiyyət və tədrisin nəticələri arasında fərq ola bilər. Xarici ixtisasların qiymətləndirilməsi zamanı bu fərqlər çevik formada nəzərə alınmalıdır və yalnız tanınmanın məqsədindən asılı olaraq (akademik ya professional fəaliyyət üçün tanınma) əhəmiyyətli fərqin olacağı halda hissəvi tanınma və ya tanınmama halı baş verə bilər”. Bu bölmənin 37-ci bəndinin a) yarımbəndinə əsasən, “xarici ixtisasın tədris nəticələri ilə müvafiq ixtisasın tədris nəticələri arasında fərq əhəmiyyətli dərəcədə olduğundan müraciət edildiyi formada tanınma ola bilməz. Bu halda qiymətləndirmənin alternativ, hissəvi və ya şərti olmasının mümkünlüyünə baxılmalıdır”. Həmin bəndin c) yarımbəndində qeyd edilir ki, “ixtisasın verilməsi üçün əsas olan proqramların əsas elementləri arasındakı fərq əhəmiyyətli dərəcədə olduqda. Bu halda qiymətləndirmənin alternativ, hissəvi və ya şərti olmasının mümkünlüyünə baxılmalıdır. Proqram elementlərinin müqayisəsinin aparılması nəticələrin və gələcək fəaliyyətə imkanın verilməsi səpkisində baxılmalıdır.” d) yarımbəndində qeyd edilir ki, “səlahiyyətli tanıma qurumları ixtisasın verildiyi təhsil müəssisəsi və ya proqramın keyfiyyəti ilə ixtisasın verildiyi müvafiq təhsil müəssisəsi və ya proqramın keyfiyyəti arasında fərqləri sənədləşdirə bilmiş olsunlar. Bu halda qiymətləndirmənin alternativ, şərti və ya hissəvi olmasının mümkünlüyünə baxılmalıdır.” İş materiallarından görünür ki, Təhsil Nazirliyinin nəzdində yaradılmış ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyin müəyyən edilməsi üzrə Komissiya idiaçının təhsil aldığı dil üzrə biliklərini qeyri-qənaətbəxş hesab etmişdir. Bu əsasla da, diplomun ekvivalentliyinin tanınmasından imtina edilmişdir. İşə apelyasiya qaydasında baxılması zamanı İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ekspert Komissiyası tərəfindən müsahibə aparılarkən ona tərcümə edilməsi üçün təqdim edilmiş mətn həddindən artıq qəliz və fəlsəfi məzmunda olduğundan sualları cavablandırarkən çətinlik çəkdiyini bildirmiş, məhkəmə kollegiyası iddiaçının tələbi üzrə yenidən müsahibə keçirilməsini zəruri hesab etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2687/2021 saylı 03.12.2021-ci il tarixli aralıq qərardadı ilə, İddiaçı təhsil haqqında diplomun ölkə ərazisində tanınması və ekvivalentliyin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi tələbi ilə əlaqədar iddiaçının ixtisası üzrə yenidən müsahibənin aparılması Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə edilmişdir. Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış 15.02.2020-ci il tarixli, 00-05-102/TKTA saylı məktubda aparılan ekspertiza zamanı iddiaçının aldığı istisasın mənimsənilməsi üçün onun tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığının müəyyən edildiyi bildirilmişdir. Həmçinin, apelyasiya baxışı zamanı iddiaçının tələbinə dair aparılmış təkrar ekspertizaya dair müvafiq ekspert qrupu tərəfindən verilmiş rəy, aparılan müsahibənin audio-video yazısı olan disk məhkəməyə təqdim edilmişdir. 27 yanvar 2022-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, “İddiaçı ona şifahi və yazılı qaydada cavablandırılması üçün verilən müxtəlif suallara cavab verərkən fikrini qısa və natamam şəkildə ifadə edir, bir sıra sualları anlamaqda çətinlik çəkir, fikrini sadə cümlələrlə ifadə etməyə üstünlük verir. Nitqində mövzunun məzmununa təsir edəcək bir sıra fonetik, orfoqrafik və qrammatik səhvlərə yol verir. ... İddiaçı rus dilində lüğət ehtiyatının məhdud olması, ona verilən sualları həm şifahi, həm də yazılı şəkildə natamam və məhdud şəkildə cavablandırması, onun xarici dildə nitqi yalnız dinləyib anlaması, lakin konkret mövzu ilə bağlı ünsiyyətə o qədər də daxil ola bilməməsi sonuncunun tədris dilini bilmə səviyyəsinin aldığı ixtisasın mənimsənilməsi üçün qənaətbəxş olmamasına, aldığı kvalifikasiyaya dair produktiv deyil, reseptiv nitq səviyyəsinə malik olmasına əyani sübutdur.” “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın 6-cı maddəsinə əsasən, “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”. Məzunun keyfiyyət meyarı isə onun bilik və bacarıqlarının qiymətləndirilməsi ilə müəyyən edilə bilər. Göstərilir ki, “bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarınm tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya dissertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər.” Qiymətləndirmə meyarlarına əsasən, tanınma zamanı a) tədrisin nəticələri; b) gələcək fəaliyyətə çıxış; c) proqramın əsas elementləri; d) qiymətləndirmə üzrə mütəxəssis tərəfindən sənədləşdirilmiş, proqramların keyfiyyəti arasında əhəmiyyətli fərq olduqda tanınma yox alternativ, hissəvi və ya şərti tanınma məsələsinə baxıla bilər. Konvensiyanın 6-cı bölməsinin (qiymətləndirmənin nəticələri) 36-cı paraqrafında qeyd edilir ki, “İxtisasın tanınması, tədrisin nəticələri və profili ilə bağlı fərqlər (ixtisasın dərəcəsi, təcrübə müddətləri, labaratoriya işləri və.s) oxşar tələblər (tibb və təbiət elmində) və ya qeyri-akademik elementlərin (idman və ya peşə təlimi) ixtisasa daxil edilməsi formasında ola bilər.” Eyni zamanda, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 №li qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 1.1-ci bəndinə əsasən Bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. Yəni, göründüyü kimi, bu Qaydalar məhz “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun və onun icrası məqsədilə hazırlanmışdır. Adı çəkilən Qaydaların 1.5-ci bəndində göstərilmişdir ki, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Qaydaların 1.6-cı bəndində nəzərdə tutulmuşdur ki, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Bu Qaydaların 2.2-ci bəndində qeyd edilir ki, “xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır”. Həmin Qaydaların 3.3-cü bəndinə əsasən təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmi-metodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərdən ibarət ekspert qrupu yaradılır. Həmin Qaydaların 3.4-cü bəndinə görə ekspertiza zamanı aşağıdakılar nəzərə alınır: tədris planının və proqramlarının məzmunu; attestasiya sistemləri; öyrənilmiş fənlərin həcmi; fənlər üzrə attestasiyanın nəticələri; istehsalat təcrübəsi və onun müddəti; yekun attestasiyanın nəticəsi. Həmin Qaydaların 3.6-cı bəndinə görə, ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə əsas olan şərtlərdən biri də, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafıq strukturlarına qoyulan tələblərə uyğunluğudur. Həmin Qaydaların 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. “Təhsil haqqında” AR Qanunun 1.0.43-cü maddəsinə əsasən, təhsil sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir. Sadalalanan qanunvericiliyin tələblərindən görünür ki, xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması zamanı nəzərə alınan əsas meyarlardan biri də təhsilin məzmunu və ixtisasın keyfiyyətinin kifayət qədər olmasıdır. Yəni ekspert qrupunun rəyi iddiaçının aldığı təhsilin yalnız diplomda göstərilən müddətə və məzmuna uyğunluğunu deyil, göstərilən təhsilin keyfiyyətini də əhatə etməlidir. Hazırki inzibati mübahisə üzrə iddiaçının Ukrayna Milli Nəqliyyat Universitetində təhsil aldığı xarici dil üzrə bilik səviyyəsinin qeyri-qənaətbəxş olması iş materialları ilə öz təsdiqini tapır. Bu hal isə iddiaçının ixtisası nəzərə alındıqda, onun ixtisasının peşə hazırlığı sahəsində əsas bilikləri mənimsəməsi halını şübhə altına almaqla, təhsil aldığı ixtisas üzrə təhsil proqramı əsasında qazanılmış bilik və bacarıqlarını əmək fəaliyyətinin müxtəlif sahələrində tətbiq etməsinin mümkünsüz olması barədə nəticəyə gəlməyə əsas verir. Beləliklə, məhkəmə araşdırması zamanı İddiaçı aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin yetərli olmaması müəyyən olunduğundan onun diploma əlavədə qeyd olunmuş fənləri mənimsəməsi, təcrübə keçməsi, yekun dövlət imtahanından keçməsi və ya diplom işi yazaraq müdafiə etməsinin mümkünlüyü qeyrirealdır. Hazırkı işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə işin faktiki halları baxımından qanuni və əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı qüvvədə saxlanılmalı, iddiaçının apelyasiya şikayəti isə əsassız olduğundan təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1389/2021 saylı, 22 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar