Məhkəmə qərarları › İş №2-1(103)-328/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-328/2023

12.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-328/2023 12.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhəri Xəzər rayon Zirə Bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X11 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X3 ibarət tərkibdə, X6-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon Zirə Bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3288/2022 saylı 26 aprel 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 12 aprel 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, 295286 nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Gürgan-Zirə-Şahdili yolu, 9-cu km, 10 ünvanında yerləşən Əmlak Kompleksi kimi, ümumi sahəsi 1602.3 kv.m olan, 1.99342 ha xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən müəssisə (“Qızıl Balıq” X7) xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına **********64-12301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi, xx.xx.2013 qeydiyyat tarixi ilə qeydiyyatdan keçmişdir. Bakı şəhəri Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 9-13 saylı 23 fevral 2021-ci il tarixli məktubun surətindən görünür ki, Zirə qəsəbəsi, Gürgan-Zirə-Şahdili yol, 9-cu km, 10 ünvanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2013-cü il tarixli çıxarış əsasında ona məxsus ümumi sahəsi 19934.2 kv.m olan torpaq sahəsinə görə torpaq vergisi, 1602.3 kv.m əmlaka görə əmlak vergisi və Vergi Məcəlləsinin 59-cu maddəsinə əsasən gecikdirilmiş günlərə görə faiz hesablanmışdır. Tədiyyə bildirişində göstərilən vergi borcunu 5 gün ərzində ödənilməsi xahiş olunmuş, vergi borcu ödənilmədiyi halda, Vergi Məcəlləsinin 57-ci maddəsi üzrə 40 manat maliyyə sanksiyası tətbiq ediləcəkdir və “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamənin 5.3-cü bəndinə əsasən bu barədə akt tərtib ediləcəkdir. Akt tərtib edildikdən 30 gün müddətində vergi borcu ödənilmədikdə məhkəməyə müraciət olunacaqdır. Xahiş edilmişdir ki, tədiyyə bildirişində hesablanan ümumi vergi borcu 5 gün müddətində ödənilsin, əks halda Vergi Məcəlləsinin 52.1-ci maddəsinə uyğun olaraq məhkəməyə müraciət olunacaqdır. Bakı şəhəri Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********5744 seriyalı xx.xx.2021-ci il tarixli tədiyyə bildirişinin surətindən görünür ki, İddiaçı 2021-ci ili üçün Azəraycan Respublikasının Vergi Məcəlləsinin 198.1.1-ci maddəsinə əsasən əmlak vergisi 448.64 manat və 206.3-cü maddəsinə əsasən torpaq vergisi 2986.84 manat hesablanmışdır. Verginin ödənilmə müddəti xx.xx.2021-ci il tarixinədək 1717.74 manat, xx.xx.2021-ci il tarixindək 1717.74 manat olmuş, ötən dövrlər üzrə vergi borcu 3435.48 manat, faiz məbləği 501.58 manat, cəmi ödəniləcək məbləğ 7372.54 manat təşkil etmişdir. İşdə olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Zirə Bələdiyyəsinə daxil olmuş müraciətdən görünür ki, iddiaçı qanunsuz hesablanmış borcun ləğv edilməsini xahiş etmiş, əks təqdirdə məhkəmədə iddia qaldıracağını bildirmişdir. Bakı şəhəri Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 9-22 saylı 19 mart 2021-ci il tarixli məktubdan görünür ki, Zirə qəsəbəsi, Gürgan-Zirə-Şahdili yolu, 9-cu km, 10 ünvanında ona məxsus olan əmlak və torpaq sahəsinin mülkiyyətində olduğuna görə Zirə Bələdiyyəsi tərəfindən torpaq və əmlak vergisi toplamaq səlahiyyəti olmadığı barədə müraciətinə cavab olaraq bildirilmişdir ki, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Zirə Bələdiyyəsinin əhatə etdiyi ərazi Zirə qəsəbəsidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 203.2-ci maddəsinə əsasən rezident və qeyri-rezident fiziki şəxslər, habelə rezident və qeyri-rezident müəssisələr torpaq sahələri barədə özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra fiziki şəxslər və bələdiyyə müəsissələri bələdiyyələrdə, digər müəssisələr isə vergi orqanında 1 ay ərzində uçota durmalıdırlar. Həmin Məcəllənin 200.1-ci maddəsinə görə binalar üzrə əmlak vergisi əmlak sahəsinin hər kv.m-nə əsasən hesablanır. Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır. Vergi Məcəlləsinin 200.6-cı maddəsinə əsasən fiziki şxəslərdən əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir, 208.6cı maddəyə görə fiziki şəxslərin torpaq vergisi yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilir. O, fiziki şəxs olduğuna görə və mülkiyyətində olan torpaq sahəsi və əmlak qanunverciliklə Zirə bələdiyyəsinin əhatə etdiyi ərazi olan Zirə qəsəbəsində yerləşdiyinə görə torpaq və əmlak vergisini Zirə Bələdiyyəsinin büdcəsinə ödəməlidir. Bakı şəhəri Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 9-45 saylı 27 iyul 2021-ci il tarixli məktubdan görünür ki, mülkiyyətində olan qeyri-yaşayış təyinatlı 1602.30 kv.m əmlaka və 19934.20 kv.m torpaq sahəsinə görə müvafiq olaraq hesablanmış 7372.54 manat məbləğində vergi borcunun YVÖK12081xxxxxxx kodu vasitəsilə Zirə Bələdiyyəsinin büdcəsinə ödənilməsinin təmin edilməsi barədə bələdiyənin 9 saylı 14 iyul 2021-ci il tarixli iclasında qərar qəbul edilmiş və qərar 10 gün müddətində icra edilmədikdə Xəzər rayon İcra Şöbəsinə göndəriləcədir. Bakı şəhəri Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş 04 may 2021-ci il tarixli aktdan görünür ki, Vergi Şöbəsinin baş müfəttişi X5, Vergi Şöbəsinin müfəttişi X1, Bələdiyyə kargüzarı X2 əmlak və torpaq vergisinin ödənişini təmin etmək məqsədilə Zirə qəsəbəsi, Gürgan-Zirə-Şahdili yolu, 9-cu km, 10 ünvanında, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarış əsasında İddiaçı mülkiyyətində olan 1.99342 ha torpaq sahəsinə və 1602.3 kv.m əmlakına görə vergi ödəməkdən imtina etmişdir. İddiaçı aktın surəti ilə tanış olmuşdur. Zirə Bələdiyyəsi tərəfindən tərtib edilmiş 02 saylı 14 iyul 2021-ci il tarixli inzibati aktın (qərarın) surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Gürgan-Zirə-Şahdili yolu, 9-cu km, 10 ünvanında yerləşən, mülkiyyətində olan əmlaka və torpağa görə Xəzər rayon Zirə bələdiyyəsinin xx.xx.2021-ci i tarixli, 09 saylı iclas protokoluna əsasən xx.xx.2021-ci il tarixli akta əsasən Vergi Məcəlləsinin 198.1.1 və 206.3-cü maddələrinə əsasən hesablanmış əmlak və torpaq vergisini ödəməlidir. Qərara əsasən ödənilməli olan pul məbləği 7372.54 manat təşkil etmişdir. Bakı şəhəri Zirə Bələdiyyəsinin 40 saylı xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, Zirə bələdiyyəsinin 14 iyul 2021-ci il tarixli, 09 saylı iclasının protokoluna əsasən qərara alınmışdır ki, Bakı şəhəri şəhəri, Xəzər rayonu, Gürgan-ZirəŞahdili yolu, 9cu km, 10 ünvanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfinədn verilmiş RX seriyalı, ******* nömərli, xx.xx.2013-cü il tarixli çıxarış əsasında xx.xx.1955-ci il təvəllüdlü İddiaçı mülkiyyətində olan qeyri-yaşayış təyinatlı 1602.30 kv.m əmlaka və 19934.20 kv.m torpaq sahəsinə görə müvafiq olaraq Vergi Məcəlləsinin 198.1.1-ci, 206.3-cü maddələrinə əsasən əmlak vergisi və torpaq vergisi, 59.1- ci maddəyə əsasən ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün faiz məbləği ilə birlikdə hesablanmış 7372 (yeddi min üç yüz yetmiş iki) manat 54 (əlli dörd) qəpik vergi borcunun ondan tutularaq YVÖK 12081xxxxxxx kodu vasitəsilə Zirə Bələdiyyəsinin büdcəsinə ödənilməsinin təmin edilməsi, qəbul edilmiş qərarla bağlı İddiaçı məlumat verilməsi və vətəndaş tərəfindən 10 gün müddətində icra edilmədikdə qərarın icra olunması üçün Xəzər rayon İcra Şöbəsinə göndərilməsi qərara alınmışdır. Sözügedən qərar iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə qəbzə imza etməklə təhvil alınmışdır. Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin “icraata başlamaq haqqında” xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, Bakı şəhəri Cavabdeh 01 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu İddiaçı 7372.54 manat məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir. Bakı şəhəri Xəzər rayon İcra Şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış 9909/20Ş saylı xx.xx.2021-ci il tarixli “tələbin könüllü icrası haqqında” bildirişin surətindən görünür ki, xx.xx.2021-ci il tarixli qərarla icraata başladığı Bakı şəhəri Xəzər rayon Zirə Bələdiyyəsinin 01 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra etməsi xahiş olunmuşdur. Bakı şəhəri Xəzər rayon İcra Şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış 14436/20Ş saylı xx.xx.2021-ci il tarixli xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, Bakı şəhəri Zirə Bələdiyyəsinin 02 saylı xx.xx.2021-ci il tarixli icra sənədininin icrası ilə əlaqədar olaraq iddiaçıya xəbərdarlıq edilmişdir. İddiaçı onun barəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərarla razılaşmayaraq onun ləğv edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, Bakı şəhəri Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 9-46 saylı 10 avqust 2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, onun mülkiyyətində olan əmlaka və torpağa görə ödənilməyən vergi 10 gün müddətində könüllü ödənilmədiyi halda qərar icra olunması üçün Xəzər rayon İcra şöbəsinə göndəriləcəkdir. Hazırda İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon Zirə Bələdiyyəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “cavabdehin 40 saylı 14 iyul 2021-ci il tarixli qərarın ləğv edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Zirə Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 09 saylı iclas protokolu ilə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Gürgan-Zirə-Şahdili yolu, 9-cu km, 10 ünvanında yerləşən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş ******* saylı çıxarışla mülkiyyətində olan qeyriyaşayış təyinatlı əmlakına və torpaq sahəsinə dair 7372.54 manat hesablanmış əmlak və torpaq vergisinin ondan tutularaq Zirə Bələdiyyəsinin hesabına ödənilməsi barədə Zirə Bələdiyyəsinin 40 saylı qərarı qəbul edilmişdir. Bakı şəhər Xəzər rayon İcra Şöbəsinin xəbərdarlıq məktubundan sonra ona məlum olmuşdur ki, barəsində sözügedən qərar qəbul edilmiş və icra olunması üçün əvvəlcə xx.xx.2021-ci il tarixində və sonra yenidən həmin qərara əsasən xx.xx.2021-ci il tarixində Xəzər rayon İcra Şöbəsinə əsassız olaraq iki eyni iş üzrə icra sənədi göndərmişdir. İş üzrə üçüncü şəxs Xəzər rayon İcra Şöbəsi həmin qanunsuz qərara əsasən xx.xx.2021-ci il tarixində “İcraata başlamaq haqqında” qərar qəbul etmişdir. Lakin, qərarın surətini rəsmi olaraq ona göndərməmişdir. Qeyd etdiyi kimi icra məmurunun çağırışından sonra məlumatı olmuşdur ki, barəsində Zirə Bələdiyyəsi sözügedən qərarı qəbul etmişdir. Bələdiyyə bundan sonra qərarın surətini dəfələrlə müraciətinə baxmayaraq, ona göndərməmiş, yalnız kserosurətini onlara vermiş və o, həmin qərara yazılı etiraz etmiş və xahiş etmişdir ki, qərar onun sübutları və iştirakları ilə qəbul edilsin. Məhkəmənin nəzərinə çatdırmışdır ki, Bakı şəhəri Xəzər rayon Zirə qəsəbəsi Gürgan-Zirə-Şahdili yolu, 9-cu km, 10 ünvanda yerləşən əmlak, Daşınmaz Əmlakın Dövlət Reyestri Xdimətinin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş ******* saylı çıxarışla mülkiyyətinə verilmliş torpaq sahəsi və sonradan orada inşa etdiyi daşınmaz əmlakı Zirə Bələdiyyəsi olmamışdan əvvəl mülkiyyətinə keçmişdir. Həmin torpaq sahəsi şəxsi mülkiyyətindədir. O, vergi ödəyicisi kimi fəaliyyət göstərir. Vergi ödəyicisi kimi Dövlət Vergi Xidmətində qeydiyyatdadır. X9 hədələyici müraciətlərlə onlara müraciət edərək, onlardan qanundan kənar vergi borcu adı ilə pul tələb etmişdir və hər dəfə onun məktubları tərəflərindən cavablandırılmışdır. Mülkiyyətində olan torpaq sahəsinin və əmlakın Zirə Bələdiyyəsinə heç bir aidiyyəti olmadığından tələb olunan vergi borcu qanunsuz və əsassızdır, qəbul edilmiş qərar məhkəmə tərəfindən ləğv olunmalıdır. Bakı şəhəri ərazisində olan bələdiyyələrə dövlət tərəfindən torpaq sahəsi ayrılmamışdır və olmayan torpaq sahəsinə görə də, Zirə Bələdiyyəsinə mübahisəli torpaq sahəsinə dair heç bir çıxarış verilməmişdir. Mübahisəli torpaq sahəsi Zirə Bələdiyyəsinin mülkiyyətdə deyil. X4 müraciət etsə də, mülkiyyətində olan torpaq sahəsinin Zirə Bələdiyyəsinin torpaqları olması barədə Zirə Bələdiyyəsi heç bir əsaslandırıcı sübut (mülkiyyətində olan torpaq sahəsinin Zirə Bələdiyyəsinin torpaq sahələrinə aid olması barədə çıxarışın və koordinatları müəyyən edən kadastr xəritəsini təqdim etməklə) təqdim edə bilməmişdir. Zirə Bələdiyyəsinin qanunsuz hərəkətləri ilə onun fəaliyyətinə və əmlakından bir mülkiyyətçi kimi istifadəsinə suni maneələr yaradır və ona öz qanunsuz hərəkətləri ilə maddi və mənəvi zərər vurur. Hesab edir ki, mülkiyyətində olan torpaq sahəsinin və əmlakın Zirə Bələdiyyəsinə heç bir aidiyyəti olmadığından, həmin bələdiyyənin mülkiyyətinə bu günə kimi torpaq sahəsi verilmədiyindən, tələb olunan vergi borcu qanunsuz və əsassızdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, hazırki iddia ərizəsinə baxılması mümkün sayılmamalıdır. Belə ki, iddiaçının mübahisələndirdiyi – Xəzər rayonu, Zirə Bələdiyyəsinin 14 iyul 2021-ci il tarixli, 40 saylı qərarı (09 saylı iclas protokol qərar) poçt vasitəsilə iddiaçının qeydiyyatda olduğu Zirə qəsəbəsi, 38 saylı bağ evinə göndərilmiş və 29 iyul 2021-ci ildə rəsmi qaydada təqdim edilmişdir (xəbərnamənin surəti əlavə edilir). Bundan əlavə, iddiaçının həmin qərarı qeyd olunan vaxtda alması, onun Zirə Bələdiyyəsinə ünvanladığı və 09 avqust 2021-ci ildə bələdiyyəyə daxil olmuş etirazdan da, müəyyən olunur. Belə ki, həmin etirazda iddiaçı Zirə bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 40 saylı qərarına etiraz etmiş, sonda qanunsuz hərəkətlərə son qoyulmasını bələdiyyədən tələb etmiş, əks təqdirdə hüquq-mühafizə orqanlarına və məhkəməyə şikayət edəcəyini bildirmişdir. İş materiallarından müəyyən olunur ki, iddiaçı hazırki iddia ərizəsi ilə xx.xx.2021-ci ildə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, bu zaman qanunla nəzərdə tutulmuş 30 günlük müddəti ötürmüş, habelə müddətin üzrlü səbəbdən ötürülməsi ilə əlaqədar bərpası barədə ərizə ilə məhkəməyə müraciət etməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Vergi Məcəlləsinin və digər qanunvericilik tələblərinə uyğun olaraq, iddiaçının xüsusi mülkiyyətində olan 19934,20 kv.m torpaq sahəsinə görə torpaq vergisi hesablanmış, bu barədə xx.xx.2021-ci ildə tərtib edilmiş tədiyyə bildirişi həmin tarixli 9-13 saylı məktubla iddiaçıya göndərilmişdir. İddiaçı göstərilən müddət ərzində bildirişdə göstərilən vergiləri ödəmədiyinə görə, Zirə bələdiyyəsinin 14 iyul 2021-ci il tarixli 09 saylı iclasında aparılmış müzakirənin nəticəsinə uyğun olaraq 14 iyul 2021-ci il tarixli 40 saylı qərar qəbul edilmişdir ki, bu zaman Zirə bələdiyyəsi tərəfindən hər hansı formada qanun pozuntusuna yol verilməmişdir. İddiaçı etirazında qeyd edir ki, qeyd olunan torpaq sahəsi və üzərindəki tikili onun xüsusi mülkiyyətində olduğuna və həmin sahənin Zirə bələdiyyəsinin mülkiyyətində və ərazisində olmadığına görə qeyd edilən vergilərin tələb edilməsi qanunsuzdur. Halbuki, Zirə bələdiyyəsinə də, məlumdur ki, istinad olunan əmlaklar iddiaçının xüsusi mülkiyyətində olmaqla Zirə qəsəbə bələdiyyəsinin inzibati ərazisində yerləşdiyinə görə, bu vergilərin ödənilməsi iddiaçıdan tələb edilir. İddiaçının özündə olan dövlət reyestrindən çıxarış ilə də müəyyən olundu ki, daşınmaz əmlaklar Xəzər rayonunun Zirə qəsəbəsində yerləşir. Zirə Bələdiyyəsi məhz mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq vergi ödənişlərini iddiaçıdan tələb edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3288/2022 saylı 26 aprel 2022-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilərək, Bakı şəhəri Xəzər rayon Zirə Bələdiyyəsinin 40 saylı 14 iyul 2021-ci il tarixli qərarın ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Bakı şəhəri Xəzər rayon Zirə Bələdiyyəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair etirazın məzmunu ilə eynilik təşkil edir. Əlavə olaraq şikayətdə göstərilmişdi ki, iddiaçı göstərilən müddət ərzində bildirişdə göstərilən vergiləri ödəmədiyinə görə, Zirə bələdiyyəsinin 14 iyul 2021-ci il tarixli 09 saylı iclasında aparılmış müzakirənin nəticəsinə uyğun olaraq 14 iyul 2021-ci il tarixli 40 saylı qərar qəbul edilmişdir ki, bu zaman Zirə bələdiyyəsi tərəfindən hər hansı formada qanun pozuntusuna yol veriləmişdir. Bundan başqa mübahisələndirilən qərarın məzmunundan da müəyyən olunur ki, Zirə bələdiyyəsinin 14 iyul 2021-ci il tarixli 09 saylı iclasında aparılmış müzakirənin nəticəsinə uyğun olaraq 14 iyul 2021-ci il tarixli 40 saylı qərar qəbul edilmişdir. Bu hal onu sübut edir ki, qeyd olunan qərar Bələdiyyə sədri tərəfindən təkbaşına deyil, məhz həmin gün Bələdiyyənin iclasında iştirak edən 11 bələdiyyə üzvünün iştirakı ilə qəbul edilmişdir ki, bu zaman həmin 11 nəfər üzvün bələdiyə qərarını imzalamalarına ehtiyac yoxdur, istinad olunan bu hal, mübahisələndirilən qərarın mətnində də açıq aşkar qeyd edilmişdir ki, bu qərar Zirə bələdiyyəsinin iyul 2021-ci il tarixli 09 saylı iclas protokoluna əsasən qərara alınmışdır. Vergi Məcəlləsinin 206.3-cü maddəsinin tələbinə uyğun olaraq, iddiaçının xüsusi mülkiyyətində olan 19934,20 kv.m torpaq sahəsinə görə torpaq vergisi hesablanmış, bu barədə xx.xx.2021-ci ildə tərtib edilmiş tədiyyə bildirişi həmin tarixli 9-13 saylı məktubla iddiaçıya göndərilmişdir. İddiaçı göstərilən müddət ərzində bildirişdə göstərilən vergiləri ödəmədiyinə görə, Zirə bələdiyyəsinin 14 iyul 2021-ci il tarixli 09 saylı iclasında aparılmış müzakirənin nəticəsinə uyğun olaraq 14 iyul 2021-ci il tarixli 40 saylı qərar qəbul edilmişdir ki, bu zaman Zirə bələdiyyəsi tərəfindən hər hansı formada qanun pozuntusuna yol verilməmişdir. İddiaçının mübahisələndirdiyi Cavabdeh 14 iyul 2021-ci il tarixli 40 saylı qərarı (09 saylı iclas protokol qərar) poçt vasitəsilə iddiaçının qeydiyyatda olduğu Zirə qəsəbəsindəki 38 saylı bağ evinə göndərilmiş və 29 iyul 2021-ci ildə rəsmi qaydada təqdim edilmişdir (xəbəmamənin surəti əlavə edilir). İddiaçının həmin qərarı qeyd olunan vaxtda alması, onun Zirə bələdiyyəsinə ünvanladığı və 09 avqust 2021-ci ildə bələdiyyə daxil olmuş etirazdan da müəyyən olunur. Belə ki, həmin etirazda iddiaçı Zirə bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 40 saylı qərarına etiraz etmiş, sonda qanunsuz hərəkətlərə son qoyulmasını bələdiyyədən tələb etmiş, əks təqdirdə hüquq- mühafizə orqanlarına və məhkəməyə şikayət edəcəyini bildirmişdir. İş materiallarından müəyyən olunur ki, iddiaçı hazırki iddia ərizəsi ilə xx.xx.2021-ci ildə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, bu zaman qanunla nəzərdə tutulmuş 30 günlük müddəti ötürmüş, habelə müddətin üzrlü səbəbdən ötürülməsi ilə əlaqədar bərpası barədə ərizə ilə məhkəməyə müraciət etməmişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edlərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və 3-cü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İnzibatı məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə iddiaçının və 3-cü şəxs Xəzər rayon İcra şöbəsinin icra məmurunun iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, cavabdeh inzibati orqanın iddiaçı barəsində qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərar iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə alınmış, iddiaçı həmin qərarla razılaşmayaraq onun ləğv edilməsi ilə bağlı cavabdeh inzibati orqana xx.xx.2021-ci il tarixdə (i.v. 15) müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, Bakı şəhəri Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 9-46 saylı 10 avqust 2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, onun mülkiyyətində olan əmlaka və torpağa görə ödənilməyən vergi 10 gün müddətində könüllü ödənilmədiyi halda qərar icra olunması üçün Xəzər rayon İcra şöbəsinə göndəriləcəkdir. Həmin məktubun iddiaçı tərəfindən nə vaxt alınması iş materiallarından müəyyən olunmur. İddiaçı isə məhkəməyə xx.xx.2021-ci il tarixdə (i.v. 17də sürətli poçt xəbərnaməsinə əsasən) müraciət etmişdir. “İnzibati icraat haqqında” Qanunun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Hmin Məcəllənin 62.3-cü maddəsinə əsasən bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Hazırki işdə cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərarın onun tərəfindən alındığı halda vaxtında ondan şikayət verilmədiyi hallar sübuta yetirilmir. Belə ki, nəzərə alınmalıdır ki, iddiaçı həmin qərarı xx.xx.2021-ci il tarixdə aldığı halda, onunla razılaşmayaraq onun ləğv edilməsi ilə bağlı cavabdeh inzibati orqana vaxtında, yəni xx.xx.2021-ci il tarixdə müraciət etmiş, bu tələbi də inzibati orqan tərəfindən təmin edilmədikdən sonra bu barədə xx.xx.2021-ci il tarixli məktubun iddiaçı tərəfindən nə vaxt alınması iş materialları ilə müəyyən olunmur. Odur ki, iddiaçı xx.xx.2021-ci il tarixdə məhkəməyə iddia ilə müraciət edərkən onun tərəfindən xx.xx.2021-ci il tarixli qərarı mübahisələndirmək üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsi halı cavabdeh orqan tərəfindən sübuta yetirilmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.1-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.3 və 73.1-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon Zirə Bələdiyyəsinə qarşı tələbi, “cavabdehin 40 saylı 14 iyul 2021ci il tarixli qərarın ləğv edilməsi” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddia tələbinin təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Bələdiyyələrin statusu haqqında” Qanunun 8-1-ci maddəsinə əsasən yerli ödənişlər – "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən bələdiyyələr tərəfindən müəyyənləşdirilən, habelə yerli rəy sorğularının nəticələri əsasında həyata keçirilən məqsədli layihələrin maliyyələşdirilməsi üçün hüquqi və fiziki şəxslərin ödədikləri könüllü birdəfəlik ödənişlərdir. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən yerli (bələdiyyə) vergi və ödənişlərə (bundan sonra - yerli vergilər və ödənişlər) dair qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Vergi Məcəlləsindən, "Bələdiyyələrin statusu haqqında" və "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" Azərbaycan Respublikasının qanunlarından, bu Qanundan, habelə bu qanunlara müvafiq qəbul edilmiş digər qanunvericilik aktlarından ibarətdir. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən bu Qanunda istifadə olunan anlayışlar Azərbaycan Respublikasının Vergi Məcəlləsində qəbul edilmiş mənada tətbiq edilir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən bələdiyyələr tərəfindən tətbiq edilən ödənişlər bu Qanunla müəyyənləşdirilən ödənişlərdən, habelə yerli rəy sorğularının nəticələri əsasında həyata keçirilən məqsədli layihələrin maliyyələşdirilməsi üçün hüquqi və fiziki şəxslərin ödədikləri könüllü birdəfəlik ödənişlərdən ibarətdir. Həmin Qanunun 3.4-cü maddəsinə əsasən bu ödənişlər hüquqi və fiziki şəxslər tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş vergi öhdəlikləri yerinə yetirildikdən sonra onların sərəncamında qalan mənfəət və gəlirlər hesabına ödənilir. Həmin Qanunun 9.1.4-cü maddəsinə əsasən bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş yerli ödənişlərə aiddir. Bu ödəniş hər bir şəxs üçün sutkada 1,1 manatdan çox olmamaqla müəyyən edilir. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən bu Qanunun 9.1.4. maddəsində göstərilən ödənişlər qeydiyyata düşmüş şəxslərdən tutularaq, növbəti ayın 5-dək müvafiq bələdiyyələrə ödənilir. Hazırkı iş üzrə Bakı şəhəri Xəzər rayon Zirə Bələdiyyəsinə 40 saylı xx.xx.2021-ci il tarixli qərarı mübahisələndirildiyindən, sözügedən qərarın qanuniliyinə hüquqi qiymət verilməlidir. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilmiş qaydada vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında yerli vergilərin və ödənişlərin ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları Qanunla təsdiq olunan müvafiq Əsasnamə ilə müəyyən edilir. “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamənin 3.1.1-ci bəndinə əsasən Bələdiyyələrin vergi xidməti orqanı yerli (bələdiyyə) vergilərin və ödənişlərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunları ilə müəyyən edilmiş qaydada hesablanmasına, vaxtında və tam məbləğdə banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə yerli büdcələrə ödənilməsinə nəzarəti həyata keçirir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə borcların, bu borclar üzrə hesablanmış faizlərin və tətbiq olunmuş maliyyə sanksiyalarının Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunlarla müəyyən edilmiş qaydada alınmasını təmin etmək (3.1.2), yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyicilərinin hüquqlarını və qanuni maraqlarını qorumaq, onların sorğularına, şikayətlərinə qanunvericiliyə uyğun olaraq baxılmanı və müvafiq tədbirlərin görülməsini təmin etmək (3.1.3), səlahiyyətinə aid məsələlər üzrə yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyicilərinə arayışlar (o cümlədən, hüquqi və fiziki şəxslərin yerli vergilər və ödənişlərlə bağlı borcları barədə arayışlar) və izahatlar vermək (3.1.11) vergi xidməti orqanının vəzifələrinə aiddir. Həmçinin Əsasnaməyə müvafiq olaraq bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərdə Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada kameral vergi yoxlamaları keçirmək (3.2.2), Azərbaycan Respublikasının Vergi Məcəlləsində və digər qanunlarda müəyyən edilmiş hallarda və qaydada yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların, yerli (bələdiyyə) vergilər üzrə hesablanmış faizlərin alınması və yerli (bələdiyyə) vergilərin ödəyicilərinə maliyyə sanksiyalarının tətbiq olunması barədə məhkəmədə vəsatət qaldırılması üçün bələdiyyələrə müraciət etmək (3.2.3) vergi xidməti orqanının vəzifələrinə aiddir. Həmin Əsasnamənin 3.3-cü maddəsinə əsasən bələdiyyələrin vergi xidməti orqanı bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərdən mənfəət vergisinin, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisinin, bələdiyyə ərazisində mehmanxanadan və sanatoriyakurort müəssisələrindən alınan yerli ödənişlərin hesablanmasının və ödənilməsinin düzgünlüyünü araşdırmaq məqsədi ilə dövlət vergi orqanlarının keçirdiyi səyyar vergi yoxlamalarında iştirak edə bilər. Bunun üçün bələdiyyə bu bənddə göstərilən səyyar vergi yoxlamalarında bələdiyyənin vergi xidməti orqanının iştirakı barədə dövlət vergi orqanına müraciət etməlidir. Həmin Əsasnamənin 5.1-ci maddəsinə əsasən bələdiyyələrin vergi xidməti orqanı yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödənilməsinə nəzarəti Azərbaycan Respublikasının Vergi Məcəlləsində və digər qanunlarda müvafiq yerli (bələdiyyə) vergilərə və ödənişlərə dair müəyyən edilmiş hallarda və qaydada, bu Əsasnaməyə müvafiq bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərdə kameral və səyyar vergi yoxlamaları aparmaqla həyata keçirir. Həmin Əsasnamənin 5.2-ci maddəsinə əsasən bu Əsasnamənin 3.3-cü bəndində nəzərdə tutulmuş hallarda dövlət vergi orqanları tərəfindən keçirilən səyyar vergi yoxlamasında iştirak edən bələdiyyənin vergi xidməti orqanının vəzifəli şəxsinə müvafiq yoxlamanın keçirilməsində iştirakı barədə bələdiyyənin qərarı verilməlidir. Qərar bələdiyyənin sədri (yaxud onun müavini) tərəfindən imzalanır. Qərarda dövlət vergi orqanının, səyyar vergi yoxlaması keçirilən obyektin adı, yoxlamada iştirakın məqsədi, müddətləri (bu müddət dövlət vergi orqanının keçirdiyi yoxlamanın müddəti həddində olmalıdır), yoxlamada iştirak edən bələdiyyənin vergi xidməti orqanının vəzifəli şəxsinin (şəxslərinin) adı, soyadı, atasının adı göstərilməlidir. Həmin Əsasnamənin 5.3-5.11-ci maddələrinin tələblərinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunlarına əsasən müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir. Həmin aktda onun tərtib edildiyi tarix və yer, aktı tərtib etmiş şəxslərin vəzifəsi, soyadı, adı, atasının adı, yerli (bələdiyyə) verginin və (və ya) ödənişin ödəyicisi barədə məlumat, müvafiq verginin və (və ya) ödənişin növü (adı), Azərbaycan Respublikasının Vergi Məcəlləsinin və digər qanunların pozulmasını təşkil edən konkret hal (hallar) və həmin pozuntulara görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Vergi Məcəlləsinin və digər qanunların konkret maddələri göstərilməli, ödəyiciyə müvafiq vergini və (və ya) ödənişi ödəmək təklif edilməlidir. Tərtib edilmiş akt bələdiyyənin sədrinə (yaxud onun müavininə), surəti isə ödəyiciyə təqdim edilir. Ödəyici bələdiyyə vergi xidməti orqanının aktı ilə razılaşmadıqda, aktın alındığı gündən 30 gün müddətində akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Ödəyici tərəfindən bələdiyyə vergi xidməti orqanının aktı üzrə yazılı izahat və ya etiraz təqdim edildikdə, həmin akta ödəyicinin və ya (və) onun nümayəndəsinin iştirakı ilə baxılır. Akta baxılmanın yeri və vaxtı haqqında ödəyiciyə vergi xidməti orqanı tərəfindən ən azı 3 iş günü əvvəl məlumat verilməlidir. Ödəyici (onun nümayəndəsi) üzrlü səbəb olmadan müzakirəyə gəlmədikdə, məsələyə onun iştirakı olmadan baxılır. Əsasnamənin 5.4-cü bəndində müəyyən edilən müddət bitdikdən sonra 15 gün ərzində bələdiyyə öz vergi xidməti orqanının aktına baxır və ödəyiciyə münasibətdə qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxarır yaxud belə qərarın çıxarılmasından imtina edir. Ödəyiciyə bu Əsasnamənin 5.6-cı bəndinə müvafiq olaraq çıxarılmış qərarın surəti və qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergilər və (və ya) ödənişlər üzrə borcun, müvafiq olaraq hesablanmış faizlərin, müvafiq maliyyə sanksiyalarının ödənilməsi barədə tələbnamə göndərilir. Ödəyici müvafiq ödənişləri könüllü qaydada ödədikdə, bələdiyyə məhkəməyə müraciət edilməsi haqqında qərarını ləğv edir. Bələdiyyənin qərarının surəti və tələbnamə ödəyiciyə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Ödəyicinin və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində bələdiyyənin qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim edilmirsə, bu sənədlər sifarişli məktubla göndərildiyi gündən sonrakı gün təqdim edilmiş hesab edilir. Bələdiyyə tərəfindən bu Əsasnamənin və digər qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməməsi bələdiyyənin qərarının məhkəmə tərəfindən ləğv edilməsi üçün əsas verir. Yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların məcburi qaydada alınması, hesablanmış faizlərin alınması və ödəyicilərə maliyyə sanksiyalarının tətbiq edilməsi üçün bələdiyyələr öz vergi xidməti orqanının təqdimatı əsasında, bu Əsasnamənin 5.7-ci bəndinin ikinci cümləsində müəyyən edilmiş hal istisna olmaqla, məhkəmələrə müraciət edirlər. Sadalanan hüquq normalarının tələblərindən aydın olur ki, yerli ödənişlərin ödənilməsinə nəzarət bələdiyyə vergi xidməti orqanlarının səlahiyyətindədir, onlar həmin nəzarəti kameral və ya səyyar yoxlama aparmaqla həyata keçirirlər və yoxlamanın aparılması qaydası həm Əsasnamədə, həm də Əsasnamənin 1.2-ci maddəsinə müvafiq olaraq Vergi Məcəlləsi ilə tənzimlənir, yoxlama nəticəsində isə vergi xidməti orqanı akt tərtib etməli və bələdiyyə vergi xidməti orqanının aktına əsasən yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxara bilər və həmin qərar əsasında ödənişlər üzrə borcun, müvafiq olaraq hesablanmış faizlərin, müvafiq maliyyə sanksiyalarının ödənilməsi barədə tələbnamə göndərilir. Hazırkı işdən müəyyən olunur ki, mübahisələndirilən Bakı şəhəri Cavabdeh 40 saylı xx.xx.2021-ci il tarixli qərarı yuxarıda sadalanan normaların tələbləri pozulmaqla qəbul edilmişdir. Qəbul edilən qərar Bələdiyyənin sədri tərəfindən təkbaşına qəbul edilmiş, iddiaçıdan müvafiq məbləğdə borcun tələb edilməsinə yönələrək, bu qərar icraya yönəldilmişdir. Halbuki, Yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların məcburi qaydada alınması, hesablanmış faizlərin alınması və ödəyicilərə maliyyə sanksiyalarının tətbiq edilməsi üçün bələdiyyələr öz vergi xidməti orqanının təqdimatı əsasında, bu Əsasnamənin 5.7-ci bəndinin ikinci cümləsində müəyyən edilmiş hal istisna olmaqla, məhkəmələrə müraciət etməlidirlər. Həmçinin apellyasiya baxışı zaman təqdim edilmiş Bakı şəhəri Cavabdeh 09 saylı xx.xx.2021-ci il tarixli iclas protokolundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Gürgan-Zirə-Şahdili yol, 9-cu km, 10 ünvanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2013-cü il tarixli çıxarış əsasında İddiaçı mülkiyyətində olan qeyri-yaşayış təyinatlı 1602.3 kv.m əmlaka və 19934.2 kv.m torpaq sahəsinə görə müvafiq olaraq Vergi Məcəlləsinin 198.1.1-ci, 206.3-cü maddələrinə əsasən əmlak vergisi və torpaq vergisi, 59.1- ci maddəyə əsasən ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün faiz məbləği ilə birlikdə hesablanmış 7372.54 manat vergi borcunun ondan tutularaq YVÖK 12081xxxxxxx kodu vasitəsilə Zirə Bələdiyyəsinin büdcəsinə ödənilməsinin təmin edilməsi, qəbul edilmiş qərarla bağlı İddiaçı məlumat verilməsi və vətəndaş tərəfindən 10 gün müddətində icra edilmədikdə qərarın icra olunması üçün Xəzər rayon İcra Şöbəsinə göndərilməsi qərara alınmışdır. Həmin protokol da bələdiyyənin iclasında 11 nəfərin iştirak etməsi göstərilsə də, yalnız Bələdiyyənin sədri və iclasın katibi tərəfindən imzalanmışdır. İşin apellyasiya baxışı zamanı cavabdeh orqanın nümayəndəsi mübahisələndirilən inzibati aktın bələdiyyə sədri tərəfindən təkbaşına deyil, kollegial qaydada qəbul olunduğunu təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakı maddi hüquq normalarının da tələblərini diqqətə çəkir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 81.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati akt, o cümlədən inzibati şikayət üzrə qəbul olunmuş qərar onu qəbul etmiş inzibati orqan tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci madəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Lakin, bu normalar maddənin tələbindən göründüyü kimi, qanunda başqa qayda nəzərdə tutulmadığı halda tətbiq edilir ki, başqa qayda “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”də ödənilməyən yerli vergi və ödənişlərin ödənilməsi ilə bağlı müəyyən edilmişdir. Digər tərəfdən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan Vergi Məcəlləsi vergi hüquq münasibətlərini tənzimləyən xüsusi qanundur. Həmin Məcəllənin 1.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vergi qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Məcəllədən və onlara uyğun olaraq qəbul edilmiş Azərbaycan Respublikasının qanunvericilik aktlarından ibarətdir. Həmin Məcəllənin 2.3-cü maddəsinə əsasən vergi qanunvericiliyi aktları ilə digər sahə qanunvericilik aktları arasında bu Məcəllənin 2.7-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, vergitutma və vergi nəzarəti məsələləri üzrə ziddiyyət yarandıqda, vergi qanunvericiliyinin aktları tətbiq edilir. “İnzibati icraat haqqında” Qanun isə ümumi icraat qaydalarını müəyyən edən ümumi qanundur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 3.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən oluna bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında oxşar məsələ ilə bağlı Konstitusiya Məhkəməsi öz mövqeyini belə ifadə etmişdir: ““İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə isə vurğulanmalıdır ki, inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Lakin Vergilər Məcəlləsinin 90.1-ci maddəsində nəzərdə tutulmuş qaydaya görə vergi öhdəliyinin yerinə yetirilməməsinə görə vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərraca çıxarılması məhkəmənin səlahiyyətinə aid edilmiş və onun qərarı əsasında həyata keçirilir. “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş prosedur vergi qanunvericiliyinin pozulmasına görə şəxsin əmlakının hərraca çıxarılmasına aid edilə bilməz.” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın təmin edilməməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, cavabdehin apellyasiya şikayəti isə təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Bakı şəhəri Xəzər rayon Zirə Bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3288/2022 saylı 26 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar