Məhkəmə qərarları › İş №2-1(103)-328/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-328/2024

25.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-328/2024 25.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Kazımov Elşən Cələddin oğlu və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati mübahisələrə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-24/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, “Köhnə bağlar” ərazisində yerləşən 1200 kv.m. torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin 28 iyul 1994-cü il tarixli 2465 saylı sərəncamı ilə, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, “Köhnə bağlar” ərazisində 1200 kv. m. torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi üçün cavabdehə ərizə ilə müraciət etmişdir. Cavabdeh imtina məktubunda bildirmişdir ki, aparılmış çöl ölçmə işlərinə əsasən torpaq sahəsində hasarlanma və mərzlənmə işlərinin aparılmadığı və yaşıllıq olan ərazidə yerləşdiyi məlum olmuşdur. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin 28 iyul 1994-cü il tarixli 2465 saylı sərəncamında torpaq sahəsinin ölçüsü göstərilməmiş və sərəncam əsasında tərtib olunan torpaq sahəsinin coğrafi mövqeyini bildirən yerləşmə cizgisində göstərilən ölçülərlə faktiki vəziyyətin ölçüləri arasında fərq mövcuddur. İmtina məktubu əsassızdır. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, aparılmış çöl ölçmə işlərinə əsasən torpaq sahəsində hasarlanma və mərzlənmə işlərinin aparılmadığı və yaşıllıq olan ərazidə yerləşdiyi məlum olmuşdur. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin 28 iyul 1994-cü il tarixli 2465 saylı sərəncamında torpaq sahəsinin ölçüsü göstərilməmiş və sərəncam əsasında tərtib olunan torpaq sahəsinin coğrafi mövqeyini bildirən yerləşmə cizgisində göstərilən ölçülərlə faktiki vəziyyətin ölçüləri arasında fərq mövcuddur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-24/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin 28 iyul 1994-cü il tarixli 2465 saylı sərəncamı əsasən ayrılmış və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, “Köhnə bağlar” ərazisində yerləşən 1200 kv.m. torpaq sahəsinə İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-24/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin 28 iyul 1994-cü il tarixli 2465 saylı sərəncamı ilə, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi “Köhnə Bağlar” ərazində mövcud bağ sahəsinin İddiaçı Ramazan qızının adına sənədləşdirilməsi və orada fərdi evin tikintisinə icazə verilməsi qərara alınmışdır; - Torpaq sahəsinin yerləşmə cizgisinə əsasən, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin 28 iyul 1994-cü il tarixli 2465 saylı sərəncamı ilə İddiaçı ayrılmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesində 1200 kv.m. torpaq sahəsinin yerləşmə cizgisi təsdiq edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020ci il tarixli 29451 nömrəli rəyində göstərilmişdir ki, Səbail rayonu, Badamdar qəsəbəsi “Köhnə Bağlar” ərazisində yerləşən İddiaçı Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 2465 saylı sərəncamı ilə verilmiş 1200,0 kv.metr torpaq sahəsinin uzunluğu 40,0 metr, eni isə 30,0 metr olmaqla, Badamdar şossesindən təqribən 42,0 metr aralıda yerləşdiyi müəyyən olunmuşdur. Tədqiq olunan torpaq sahəsinin ətrafında olan torpaq sahələrinə dair verilmiş çıxarışlara əsasən yaşayış məntəqələrinin torpaqlarına aid olduğunu nəzərə alaraq, həmin torpaq sahəsi yaşıllıq zolağına düşmədiyi müəyyən olunur. Həmin torpaq sahəsi X3 və X4iuna məxsus torpaq sahələri ilə həmsərhəd və qonşuluqda yerləşdiyi müəyyən olunur. İddiaçıya Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 2465 saylı sərəncamı ilə verilmiş Səbail rayonu, Badamdar qəsəbəsi “Köhnə Bağlar” ərazisində 1200,0 kv.metr torpaq sahəsi tərtib olunmuş cizgiyə əsasən digər torpaq sahələri ilə üstüstə düşmədiyi müəyyən olunur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022ci il tarixli 10/6475 nömrəli rəyində göstərilmişdir ki, iddia olunan torpaq sahəsi elektron kadastr məlumat bazasına əsasən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid ərazidə yerləşdiyi müəyyən edilmişdir. Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 2465 saylı sərəncamı ilə İddiaçı ayrılmış 1200 kv. m. torpaq sahəsinin yerləşmə vəziyyəti, torpaq sahəsinin ölçüləri faktiki vəziyyəti üzrə üst-üstə düşür. Lakin Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994- cü il tarixli 2465 saylı sərəncamı ilə İddiaçı ayrılmış 1200 kv. m. torpaq sahəsinin yerləşmə cizgisində koordinatlar olmadığından, həmin torapq sahəsinin koordinatlarının üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün deyil - Cavabdehin xx.xx.2017-ci il tarixli iddiaçının müraciətinin təmin edilməsindən imtina barədə məktubunda bildirmişdir ki, aparılmış çöl ölçmə işlərinə əsasən torpaq sahəsində hasarlanma və mərzlənmə işlərinin aparılmadığı və yaşıllıq olan ərazidə yerləşdiyi məlum olmuşdur. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin 28 iyul 1994-cü il tarixli 2465 saylı sərəncamında torpaq sahəsinin ölçüsü göstərilməmiş və sərəncam əsasında tərtib olunan torpaq sahəsinin coğrafi mövqeyini bildirən yerləşmə cizgisində göstərilən ölçülərlə faktiki vəziyyətin ölçüləri arasında fərq mövcuddur. Eyni zamanda işin hazırkı apellyasiya icraatı zamanı məhkəmə tərəfindən tədqiqat obyektinə yerində baxış keçirilmişdir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, “hazırkı iş üzrə hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0.Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.” Hazırkı işin faktiki hallarından müəyyən edilir ki, İddiaçı Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin 28 iyul 1994-cü il tarixli 2465 saylı sərəncamına istinad edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, “Köhnə bağlar” ərazisində ona ayrılmış 1200 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin) 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə - 1 saylı Bakı Ərazi İdarəsi) müraciət etmiş, lakin cavabdeh xx.xx.2017-ci il tarixli məktubunda bildirmişdir ki, aparılmış çöl ölçmə işlərinə əsasən torpaq sahəsində hasarlanma və mərzlənmə işlərinin aparılmadığı və yaşıllıq olan ərazidə yerləşdiyi məlum olmuşdur. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin 28 iyul 1994-cü il tarixli 2465 saylı sərəncamında torpaq sahəsinin ölçüsü göstərilməmiş və sərəncam əsasında tərtib olunan torpaq sahəsinin coğrafi mövqeyini bildirən yerləşmə cizgisində göstərilən ölçülərlə faktiki vəziyyətin ölçüləri arasında fərq mövcuddur. Daha sonra iddiaçı Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin 28 iyul 1994-cü il tarixli 2465 saylı sərəncamına istinad edərək, həmin sərəncamla ona ayrılmış, 1200 kv.m olan torpaq sahəsinə xüsusi mülkiyyət hüququnun qeydə alınması tələbini irəli sürmüşdür. Cavabdehin imtinasını əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 29451 nömrəli rəyində göstərilmişdir ki, Səbail rayonu, Badamdar qəsəbəsi “Köhnə Bağlar” ərazisində yerləşən İddiaçı Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 2465 saylı sərəncamı ilə verilmiş 1200,0 kv.metr torpaq sahəsinin uzunluğu 40,0 metr, eni isə 30,0 metr olmaqla, Badamdar şossesindən təqribən 42,0 metr aralıda yerləşdiyi müəyyən olunmuşdur. Tədqiq olunan torpaq sahəsinin ətrafında olan torpaq sahələrinə dair verilmiş çıxarışlara əsasən yaşayış məntəqələrinin torpaqlarına aid olduğunu nəzərə alaraq, həmin torpaq sahəsi yaşıllıq zolağına düşmədiyi müəyyən olunur. Həmin torpaq sahəsi X3 və X4iuna məxsus torpaq sahələri ilə həmsərhəd və qonşuluqda yerləşdiyi müəyyən olunur. İddiaçıya Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 2465 saylı sərəncamı ilə verilmiş Səbail rayonu, Badamdar qəsəbəsi “Köhnə Bağlar” ərazisində 1200,0 kv.metr torpaq sahəsi tərtib olunmuş cizgiyə əsasən digər torpaq sahələri ilə üstüstə düşmədiyi müəyyən olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/6475 nömrəli rəyində göstərilmişdir ki, iddia olunan torpaq sahəsi elektron kadastr məlumat bazasına əsasən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid ərazidə yerləşdiyi müəyyən edilmişdir. Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 2465 saylı sərəncamı ilə İddiaçı ayrılmış 1200 kv. m. torpaq sahəsinin yerləşmə vəziyyəti, torpaq sahəsinin ölçüləri faktiki vəziyyəti üzrə üst-üstə düşür. Lakin Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994- cü il tarixli 2465 saylı sərəncamı ilə İddiaçı ayrılmış 1200 kv. m. torpaq sahəsinin yerləşmə cizgisində koordinatlar olmadığından, həmin torapq sahəsinin koordinatlarının üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün deyil. Məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyləri qanunvericiliyin tələblərinə uyğun tərtib olunduğundan qəbul edilməməsi üçün hər hansı bir əsas yoxdur. Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki, “... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6- cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). ...Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilib-edilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir.” “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı yuxarıda qeyd edilən əsaslardan hər hansı biri mövcud deyildir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-24/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-24/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar