Məhkəmə qərarları › İş №2-1(103)-3282/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3282/2023

25.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3282/2023 25.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla Baş İdarəsinə qarşı “cavabdehin iddiaçının təsisçisi və direktoru olduğu "xxxx" MMC-yə 2859,26 manat məbləğində vergi borcunun yazılmasına dair müvafiq qərarın və həmin məbləğdə vergi borcunun yazılmasına dair qərarın və həmin məbləğdə vergi borcunun ləğv edilməsi” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-747/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Bakı İnzibati Məhkəməsinə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək “cavabdehin iddiaçının təsisçisi və direktoru olduğu "xxxx" MMC-yə 2859,26 manat məbləğində vergi borcunun yazılmasına dair müvafiq qərarın və həmin məbləğdə vergi borcunun ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı qanunla müəyyən edilmiş qaydada vergi orqanlarında vergi ödəyicisi kimi qeydiyyata alınmaqla "xxxx" MMC (VÖEN **********) təsis edərək kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və vergi orqanlarına müvafiq qaydada və müddətlərdə vergi hesabatlarını təqdim etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2- 2(113)-6178/2021 nömrəli qətnaməsindən iddiaçıya məlum olmuşdur ki, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ərizəsinə əsasən təsisçi və direktoru olduğu "xxxx" MMC-yə qanunsuz və əsassız olaraq 2859,26 manat məbləğində vergi borcu yazılmış, buna görə də vergi borcunun olması səbəbindən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2-(113)6178/2021 nömrəli qətnaməsi ilə iddiaçının ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhərəi Lokal Gəlirlər Baş İdarəsi tərəfindən təsisçi və direktoru olduğu "xxxx" MMC-yə 2859,26 manat məbləğində vergi borcunun yazılması qanunsuz və əsassızdır. İddiaçı qanunla müəyyən edilmiş qaydada və müddətlərə təsisçisi və direktoru olduğu "xxxx" MMC-nin vergi borclarını ödəmiş və cəmiyyətin vergi hesabatlarını müntəzəm surətdə vergi orqanlarına təqdim etmişdir. Lakin cavabdeh inzibati orqanın əməkdaşları tərəfindən təsisçi və direktoru olduğu "xxxx" MMC-nin vergi hesabatları qəsdən qəbul edilməmiş və bunun da nəticəsində qanunsuz və əsassız olaraq süni surətdə və şişirdilmiş rəqəmlərlə təsisçisi və direktoru olduğu "xxxx" MMC-yə 2859,26 manat məbləğində vergi borcu yazılmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsini, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti X1 üzrə Baş İdarəsi ilə əvəz edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6104/2022 saylı işi üzrə qəbul etdiyi 09 sentyabr 2022-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin X1 üzrə Baş İdarəsi ilə əvəz edilməsi qərara alınmışdır. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-747/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla Baş İdarəsinə qarşı “cavabdehin iddiaçının təsisçisi və direktoru olduğu "xxxx" MMC-yə 2859,26 manat məbləğində vergi borcunun yazılmasına dair müvafiq qərarın və həmin məbləğdə vergi borcunun ləğv edilməsi barədə iddiası mümkün sayılmamışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uygun əsaslandırılmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, AR İPM-nin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 2.3 bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, cavabdehin iddiaçının təsisçisi və direktoru olduğu "xxxx" MMC-yə 2859,26 manat məbləğində vergi borcunun yazılmasına dair müvafiq qərarın və həmin məbləğdə vergi borcunun ləğv edilməsini xahiş etmişdir. Göründüyü kimi iddiaçı müvafiq qərarın ləğv edilməsini xahiş etsə də, həmin qərarın tarixini və nömrəsini qeyd etməmişdir. Bu səbəbdən işin birinci instansiya icraatı zamanı iddiaçıya AR İPM-nin 13-cü maddəsinə əsasən məhkəmənin yardım etmək vəzifəsini icra etmək məqsədilə xx.xx.2022-ci il tarixdə məktub göndərilərək, iddia ərizəsində iddiaçı qismində təsisçisi və direktoru olduğu "xxxx" MMC-nin əsl iddiaçı kimi göstərilməsi və iddia ərizəsinin “xahiş edirəm” hissəsində "xxxx" MMC-yə 2859,26 manat məbləğində vergi borcunun yazılmasına dair müvafiq qərarın tarixi və nömrəsi göstərilməklə formal xətanın aradan qaldırılması təklif edilmiş və 20 gün müddət təyin edilmişdir. Lakin iddiaçı nə işin birinci instansiya, nə də apellyasiya icraatı zamanı məhkəmə iclaslarında iştirak etməmiş, iddia tələbində yol vermiş olduğu formal xətaları aradan qaldırmamışdır. Azərbaycan Respublikasının İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-747/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar