Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3283/2024 24.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Kamran Hüseyn oğlu Əkbərovdan və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı və onun vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-360/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1583A ünvanda yerləşən Bağ sahəsinə dair yeni çıxarışın və texniki pasportun tərtib edilərək verilməsindən imtinanın qanunsuz hesab edilməsinə və Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1583A ünvanında yerləşən Bağ sahəsinə dair, keçmiş Bağlar İdarəsinin xəritələrində mövcud vəziyyətdə ümumi sahəsi göstərilməklə, İddiaçı hüququnun qeydiyyata alınması, daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, habelə texniki pasportun tərtib edilərək verilməsi vəzifəsinin cavabdehə həavlə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-11268/2022 nömrəli qərardadı ilə X3 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 dekabr 2010-cu il tarixli, 2(008)-3616/2010 saylı qətnaməsi ilə iddiaçı X2 cavabdeh DƏDRX-nin Bakı Ərazi İdarəsinə qarşı bağ sahəsi üzərində istifadə və sahiblik hüququnun tanınmasına dair iddiası təmin edilmiş, iddiaçı X2 Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh massivində yerləşən 1583, 1583“a” və 1584 saylı bağ sahəsi üzərində sahiblik və istifadə hüququ tanınmışdır. 2019-cu ildə sözügedən bağ sahələrinin satışa çıxarılmasını bildikdə, narazı qalan maraqlarına toxunan şəxs kimi iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 24 iyun 2019-cu il tarixli, 2(103)-4880/2019 saylı qətnaməsi ilə maraqlarına toxunan şəxs kimi apellyasiya şikayətim təmin edilərək, Sabunçu rayon Məhkəməsinin 07 dekabr 2010-cu il tarixli, 2(008)- 3616/2010 saylı qətnaməsi ləğv edilmiş və iddiaçının iddia tələbi rədd edilmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin 24 iyun 2019-cu il tarixli, 2(103)-4880/2019 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş Kassasiya şikayətinə baxan Ali Məhkəmənin Mülki Kollegiyası xx.xx.2019-cu il tarixli, 2(102)-7362/2019 saylı qərarı ilə şikayətləri qismən təmin edərək, Apellyasiya Məhkəməsinin qətnaməsini ləğv edərək, işi göstərişləri əsasında yenidən baxılması üçün həmin Məhkəməyə göndərmişdir. İşə yenidən baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 13 mart 2020- ci il tarixli, 2(103)-1824/2020 saylı qətnaməsi ilə iddia tələbinin yalnız 1583 və 1584 saylı bağ sahələrinə aid olduğunu əsas gətirərək, Sabunçu rayon məhkəməsinin 07 dekabr 2010-cu il tarixli, 2(008)-3616/2010 saylı qətnaməsini qismən, yəni 1583”a” saylı bağ sahəsi üzərində iddiaçının sahiblik və istifadə hüququnun tanınmasını hissəində ləğv etmişdir. Lakin iddiaçı hesab etmişdir ki, 1583 və 1584 saylı bağ sahələri üzərində Eldar Rəhimovun hüquqlarının tanınması, onun adına olan plan sxemə uyğun bağ sahələrinin bölgüsü yerindəki vəziyyətə uyğun olmadan aparıldığından gələcəkdə yeni mübahisələrin yaranmasına səbəb olacaqdır. O səbəbdən həmin qətnamədən Kassasiya şikayəti vermiş, Ali Məhkəmənin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli, 2(102)-5273/2020 saylı qərarı ilə Kassasiya şikayəti təmin edilmiş, iddiaçının şikayəti isə təmin edilməmişdir. Apellyasiya Məhkəməsinin qətnaməsi ləğv edilərək, mülki iş göstərişlər əsasında yenidən baxılması üçün həmin Məhkəməyə göndərilmişdir. İşə üçüncü dəfə baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hər dəfə fərqli mövqe göstərərək xx.xx.2021-ci il tarixli, 2(103)-2846/2021 saylı qətnaməsi ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı apellyasiya şikayətini təmin etməyərək Sabunçu rayon məhkəməsinin 2(008)-3616/2010 saylı 07 dekabr 2010-cu il tarixli qətnaməsini dəyişdirmədən saxlamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4468/2021 saylı, 23 sentyabr 2021-ci il tarixli qərarı ilə İddiaçı Kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 aprel 2021-ci il tarixli, 2(103)-2846/2021 saylı qətnaməsi 1583A saylı Bağa aid hissədə ləğv edilmiş və iddia tələbi həmin hissədə rədd edilmişdir. Eldar Rəhimov böyük qardaşı İddiaçı qarşı çox qərəzli hərəkətlər edərək, 1975-ci ildən Rüfətin öz istifadəsində olan 1583A saylı, həmçinin ataları Adil Rəhimovdan miras qalan 1583 saylı və atasının əmisinin arvadı Nuriyyə Rəhimovaya məxsus olmuş 1584 saylı bağ sahələrini guya uzun illərdir özü istifadə edirmiş kimi göstərərək, yalan iddia yazaraq Məhkəməni aldatmışdır. Belə ki, iddiaçı Eldar Rəhimov 1973-cü il təvəllüdlüdür. 1975-ci ildə vəfat etmiş babası Sadıx Rəhimovun 0.24 ha bağ sahəsini atası Adil Rəhimov və 1962-ci il təvəllüdlü böyük oğlu İddiaçı istifadə etdiyi zaman Eldar hələ uşaq idi. 1996-cı ildən isə həmin bağ sahəsini faktiki olaraq iki yerə 1583 və 1583 A-ya bölərək, Bağlar İdarəsində bunu qeydiyyatdan keçirmişlər. Bunlar baş verən zaman iddiaçı Eldar Rəhimovun artıq 23 yaşı var idi və o, artıq uşaq deyildi. Odur ki, onun bunlardan xəbəri olmaya bilməzdi. O bilirdi ki, 1583 və 1583A saylı bağ sahələri var. Həmin bağ sahələrinin müqavilələrinin əsli Eldar Rəhimovun da ailəsi ilə yaşadığı, atasına və sonra anasına məxsus olmuş mənzildə saxlanılırdı Üç bağ sahəsinin olması faktını cavabdeh də qəbul edir. İddiaçı 1583/1584 saylı bağ sahələrinin Eldar Rəhimovun adına özəlləşdirilməsinə razılıq verdiyini qəbul etsək belə, 1583A saylı bağ sahəsi dəolduğundan həmin bağ sahəsi qardaşının adına keçirilməsi ilə bağlı İddiaçı heç bir razılıq verməmişdir. İş materiallarına əlavə edilmiş notarial qaydada təsdiq edilmiş ərizələrin hamısı eyni şəxs tərəfindən tərtib edilmişdir. Ərizələri tərtib edən iddiaçı Eldar Rəhimovun arvadı Aytəndir. İddiaçı qardaşı Eldar və Fərid Bakı Apellyasiya Məhkəməsində məhkəmə iclası gedən vaxtı, yəni xx.xx.2021-ci il tarixdə İddiaçı bağda olmayacağını və məhkəmə iclasında iştirak edəcəyini yəqin edərək, ağır texnikanın vasitəsilə, guya ki, əvvəllər abadlaşdırdıqları bağ sahəsinin hasarını dağıdaraq İddiaçı aid 1583 A saylı bağ sahəsində tikilmiş tikililəri uçuraraq, ağacları qıraraq, sonunçuya xeyli miqdarda maddi zərər yetirmiş və mənəvi iztirablar çəkməsinə səbəb olmuşlar. İddia ərizəsinə əlavə olunmuş sənədlərin məcmusu ilə təsdiq olunur ki, cavahdeh təşkilat tərəfindən mülkiyyət hüququnun qeydiyyatından əsassız imtina edilməsi iddiaçının hüquqlarını və qanunla qorunan mənafelərini mühüm dərəcədə məhdudlaşdırmaqla qanunvericiliyin tələblərini pozur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-360/2024 saylı qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti işin faktiki halları baxımından iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır. Tərəflərin izahatları: Məhkəmə Kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişlər. Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin qərarın 6.1 və 6.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Qərarın 7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə qeyd olunanlara əsasən işin hallarını araşdıraraq hesab edir ki, iddiaçı arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsindən istifadə etməmişdir. Çünki iddiaçının hazırkı iddia vasitəsilə çatmaq istədiyi məqsədə nail olması mümkünsüzdür. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı hazırda Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ünvanında yerləşən 1583A saylı bağ sahəsinə onun mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. Lakin işdə olan MA seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1583a saylı bağ sahəsi X2 mülkiyyətindədir və bu barədə ona xx.xx.2011ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Həmçinin işdə olan cavabdehin xx.xx.2023-cü il tarixli məkrubunda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixinə olan məlumata əsasən Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-3616/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsi əsasında ünvan ünvanda yerləşən torpaq sahəsi üzərində X2 mülkiyyət hüquqları tanınmış və ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Göründüyü kimi, iddiaçının hazırda hüququnun qeydə alınmasını xahiş etdiyi 1583a saylı bağ sahəsi üçüncü şəxsin mülkiyyətindədir və bununla bağlı daşınmaz əmlakın dövlət reyestrindəki qeyd ləğv edilməmişdir. Belə olan halda aydındır ki, nə qədər ki, həmin qeyd ləğv edilməmişdir, iddiaçı həmin bağ sahəsinə hüququnun qeydə alınmasını tələb edə bilməz. Məhkəmə qeyd edir ki, işdə olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 may 2023-cü il tarixli məktubundan görünür ki, məhkəmənin 2(008)-3616/2010 saylı, xx.xx.2010cu il tarixli qətnaməsinə əsasən iddiaçı X2 Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh massivində yerləşən 1583, 1583 “a” və 1584 saylı bağ sahəsi üzərində sahiblik və istifadə hüququnun tanınması qət edilmişdir. Həmin qətnamədən müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)- 2846/2021 saylı qətnaməsinə əsasən təmin edilməmiş və Sabunçu Rayon Məhkəməsinin sözügedən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsindən üçüncü şəxs İddiaçı verdiyi kassasiya şikayəti təmin edilmiş və sözügedən qətnamə “1583 A” saylı bağa aid hissədə ləğv edilmiş və “1583 A” saylı bağa münasibətdə iddia rədd edilmiş, qalan hissədə dəyişdirilmədən saxlanılmış, qərar qəbul edildiyi andan qanuni qüvvəyə minmişdir. Beləliklə, işin istinad edilən hallarından görünür ki, iddiaçının hazırda hüququnun qeydə alınmasını xahiş etdiyi 1583a saylı bağ sahəsi üzərində üçüncü şəxsin hüququnun qeydə alınmasına əsas Sabunçu Rayon Məhkəməsinin 2(008)-3616/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsi olmuşdur. İşdən o da məlum olur ki, həmin məhkəmə qətnaməsi yuxarı instansiya məhkəməsi tərəfindən 1583a saylı bağ sahəsinə mülkiyyət hüququnun tanınması hissəsində ləğv edilmiş və E.Rəhimovun iddia tələbi həmin hissədə rədd edilmiş, həmin qərar qanuni qüvvəsini almışdır. Belə olan halda aydındır ki, nə qədər ki, 1583a saylı bağ sahəsinə Eldar Rəhimovun mülkiyyət hüququnun tanınması hissəsində tələbi rədd edilmişdir, deməli, həmin hissədə tələbinin təmin edilməsi barədə məhkəmə qətnaməsinin icrası çərçivəsində həyata keçirilmiş bütün tədbirlər ləğv olunmalı, yəni Sabunçu Rayon Məhkəməsinin 2(008)- 3616/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsinin icrasında dönüş edilməlidir. Belə ki, «icrada dönüş» dedikdə, məhkəmə qətnaməsinin, icraya yönəldilməməsi, icraya yönəldilmiş qətnamənin icrasının dayandırılması və ya icra edilmiş qətnamənin ləğv edilərək tərəflərin münasibətlərinin, maraqlarının, maddi və digər mənafelərinin mübahisə ilə əlaqədar iddia verilən andakı vəziyyətə qaytarılması başa düşülür. Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin icrada dönüşlə bağlı məsəsləni tənzimləyən 236-1-ci madəsinə əsasən: - 236-1.1. İcra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır. - 236-1.2. Məhkəmə öz təşəbbüsü ilə icrada dönüş haqqında məsələyə baxmalı və iş üzrə icraatın yekunlaşdığı yeni qətnamədə, yaxud qərardadda onu həll etməlidir. - 236-1.3. Məhkəmə ləğv edilmiş qətnamənin icrasında dönüş haqqındakı məsələni həll etməzsə, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin ləğv edilmiş qətnamə və ya qərardad əsasında aparılmış icra onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin icrada dönüş haqqında ərizəsi üzrə məhkəmə qərardad qəbul edir. Bu ərizəyə işdə iştirak edən şəxslər xəbərdar edilməklə, məhkəmə iclasında baxılır. Lakin həmin şəxslərin gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələni həll etməyə mane olmur. - 236-1.4. İcrada dönüş haqqında məsələ üzrə məhkəmə qərardadından şikayət verilə bilər. - 236-1.5. İşə kassasiya, əlavə kassasiya, hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə və qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üzrə məhkəmə icraatı qaydasında baxan məhkəmə, yeni qərar qəbul edirsə və ya iş üzrə icraata xitam verirsə, yaxud iddianı baxılmamış saxlayırsa, qətnamənin icrasında dönüş barədə məsələni həll etməli, yaxud da onu apellyasiya instansiyası məhkəməsinin həllinə verməlidir. - 236-1.4. İcrada dönüş haqqında məsələ üzrə məhkəmə qərardadından şikayət verilə bilər. - 236-1.5. İşə kassasiya, əlavə kassasiya, hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə və qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üzrə məhkəmə icraatı qaydasında baxan məhkəmə, yeni qərar qəbul edirsə və ya iş üzrə icraata xitam verirsə, yaxud iddianı baxılmamış saxlayırsa, qətnamənin icrasında dönüş barədə məsələni həll etməli, yaxud da onu apellyasiya instansiyası məhkəməsinin həllinə verməlidir. Maddənin məzmunundan aydın olduğu kimi qətnamə, yaxud qərardad icra edildikdən sonra ləğv olunarsa, sonuncu qətnaməni qəbul edən hakim onun icrasının dönüşünü təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş hərəkətləri etməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 11.3-cü bəndinə əsasən qətnamə yuxarı instansiya məhkəməsi tərəfindən ləğv edildikdə və yaxud dəyişdirildikdə məhkəmə bunun üçün zərurət yaranırsa, qətnamənin icrasının dönüşü məsələsini həll etməlidir. Beləliklə, məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının çatmaq istədiyi məqsədə nail olması üçün düzgün hüquqi müdafiə vasitəsi hazırkı iddia deyil, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3616/2010 saylı, xx.xx.2010-cu il tarixli qərtnaməsinin icrasında dönüş edilməsidir. Yanlız həmin qətnamənin icrasında dönüş edildikdən və 1583a saylı bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxs Eldar Rəhimovun adına mülkiyyət hüququ barədə aparılmış qeyd ləğv edildikdən sonra, iddiaçı həmin bağ sahəsinə dair hüququnun qeydə alınması üçün ilk əvvəl inzibati orqana, imtina cavabı aldıqda isə aidiyyəti inzibati məhkəməyə müraciət edə bilər. Lakin işdən görünür ki, iddiaçı müvafiq ərizə ilə qətnaməni qəbul etmiş məhkəməyə müraciət etmək əvəzinə, hazırda başqasının adına qeydə alınmış bağ sahəsinə hüququnun qeydə alınması üçün ilkin olaraq cavabdeh orqana, daha sonra isə müstəqil iddia ərizəsi ilə inzibati məhkəməyə müraciət etmişdir. Gösərilənlərə əsasən kollegiya hesab edir ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağının ləğv olunmuş qətnaməsnin icrasında geri dönüş edilməsinə yönəldiyi, bununla bağlı prosessual tələbin həmin qərarı qəbul etmiş məhkəməyə müraciət etməkdən ibarət olduğu müəyyən edildiyindən, yəni mümkünlük şərtləri hazırkı işdə ödənilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsininə əsasən: Maddə bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 83.1. Şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-360/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3283/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3283/2024
24.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver