Məhkəmə qərarları › İş №2-1(103)-3284/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3284/2023

24.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3284/2023 24.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), X5 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə Abdullayev Nofəl Rəhman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4729/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya pensiya hüququnun yarandığı tarixdən əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən iddiaçıya 08 oktyabr 2022-ci il tarixdən (65 yaşdan) pensiyanın təyin olunması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixdən, yəni 65 yaşdan ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir və bu halı onunla əsaslandırır ki, onun müxtəlif vəzifələrdə işlədiyi illər, həmçinin təhsil müddəti nəzərə alındıqda, onun 25 ildən çox ümumi iş stajı mövcuddur. İddiaçı yaşa görə aidiyyəti üzrə cavabdeh orqana müraciət etmiş, lakin sonuncu onun ümumi iş stajının 25 ildən az olmasına, həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının toplanmaması səbəbi ilə pensiya təyin olunmasından imtina olunmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4729/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 65 yaşdan, yəni xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi, pensiya hüququnun yarandığı həmin tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinini qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1992-ci il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" ASC-də əmək fəaliyyəti dövrlərin araşdırılması zərurəti yaranmışdır. Belə ki, cavabdeh tərəfindən iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1992ci il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" ASC-də işləməsi faktını təsdiqləmək üçün aparılan monitorinq nəticəsində, sözügedən qurumun faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan müəyyən olunmadığı üçün qarşılıqlı yoxlama aparılması mümkün olmamışdır. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh tərəf apellyasiya şikayətini müdafiə edərək, iddia tələbinin təmin edilməməsini, qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsassız və qanunsuz olduğunu, bu səbəbdən də təmin edilməməsini, qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir.. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən onun ümumi iş stajının 25 ildən az olması, həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının olmaması əsası ilə imtina verilmişdir. Daha sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. AR Konstitusiyasının 38-ci maddəsinə əsasən, Hər kəsin sosial təminat hüququ vardır. ... Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin hazırki redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.2-ci bəndinə əsasən, 01 iyul 2020-ci il tarixdən 30 iyun 2021-ci il tarixədək kişilərin pensiya yaşı 65 yaş müyyən edilmişdir. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı xx.xx.1957-ci il tarixdə doğulmuş, xx.xx.2022-ci il tarixində, yəni 65 yaşında yaşa görə əmək pensiyası hüququ qazanmışdır. Birinci instansiya məhkəməsi tərəfindən aparılan məhkəmə araşdırması zamanı iddiaçının əmək kitabçasındakı qeydlər və təhsil aldığı dövr nəzərə alınmaqla ümumilikdə 25 ildən artıq sığorta stajına malik olduğu müəyyən edilmişdir. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ikinci şərt isə fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. Bununla bağlı Kollegiya bildirir ki, iddiaçıya münasibətdə zəruri olan yaş şərti (65 yaş) və 25 il iş stajı şərti ödəndiyindən, qanunvericiliyin tələblərinə əsasən, fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalı ona yaşa görə əmək pensiyasının təyin edilməsində nəzərə alınmır. Lakin inzibati orqanın imtina məktubundan və apelyasiya şikayətindən də görünür ki, iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövrlərin əmək kitabçasında qeyd olunmasına baxmayaraq, arxiv sənədləri (əməkhaqqı cədvəlləri, əmrlər) olmamasından həmin illərin sosial sığorta stajına daxil edilməsini cavabdeh qanunvericilyin tələblərinə uyğun hesab etmir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir.Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;...... Göründüyü kimi, yuxarıda sadalanan qanunvericilik normalarından da aydın olur ki, iş stajının təsdiqi üçün əsas götürülən sənəd ilk növbədə əmək kitabçasıdır. İşin hallarından aydındır ki, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilməyən (əyani təhsil dövrləri də nəzərə alınmaqla) iş stajı 17 il 4 ay təşkil edir. Cavabdeh tərəfindən nəzərə alınmayan əmək kitabçası ilə təsdiq edilmiş xx.xx.1992ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövrlər nəzərə alındıqda iddiaçının (xx.xx.1974xx.xx.1979; xx.xx.1979-xx.xx.2005 = 30 il 05 ay 02 gün) 25 ildən artıq stajının olduğu müəyyən olunur. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsinə əsas olan sənəd kimi əmək kitabçasını götürməkdə haqlı olmuşdur. Belə ki, birinci instansiya məhkəməsinin sorğularına cavab olaraq məhkəməyə ünvanlanmış məktublardan görünür ki, "xxxx" Dövlət Konserninin Bakı X3 Birliyinin bazasında "xxxx" ASC yaradılmış və səhmləri xx.xx.2002-ci il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Xidmətin arxivində olan "xxxx" ASC-nin emissiya prospektində, əsas iş yeri Bakı X1 işçilərin siyahısında İddiaçı xx.xx.1976-cı il tarixindən texniki şöbənin rəisi vəzifəsində işlədiyi qeyd edilmişdir. Göründüyü kimi, iddiaçının işlədiyi müəssisənin 24 iyul 2000-ci il tarixdən statik vahidlərin dövlət reyestrində qeydiyyatda olduğu, həmçinin daha sonra sərəncamla özəlləşdirməyə açıq olduğu, başqa sözlə fəaliyyətdə olmuş müəssisə olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “..1996-cı il tarixdən əvvəlki məlumatların arxiv və vergi orqanlarında saxlanılmaması məhkəmə hesab edir ki, iddiaçının təqsiri səbəbilə olmamışdır. Formalaşmış məhkəmə təcrübəsi də göstərir ki, statik vahidlərin reyestrində müəssisələr barədə məlumatlar məhz 1996-cı il tarixdən sonrakı tarixlərə qeydiyyata alınmışdır və həmin tarixdən əvvəlki tarixlərdə qeydiyyata almalarla bağlı məlumatlar oxşar işlərin heç birində verilmiş sorğulara cavablarda müəyyən edilmir. Qeyd olunanlardan da müəyyən edilir ki, həmin müəssisə həqiqətən də mövcud olmuşdur.” Kollegiya hesab edir ki, iş materiallarında olan əmək kitabçası, məhkəmənin sorğularına cavab olaraq verilmiş məktublardan müəyyən edilən hallar, xüsusilə əsas iş yeri Bakı X1 işçilərin siyahısında İddiaçı xx.xx.1976-cı il tarixindən texniki şöbənin rəisi vəzifəsində işlədiyinin qeyd edilməsi iddiaçının həmin müəssisədə işlədiyini təsdiq edir. Odur ki, "xxxx" ASC ilə bağlı arxiv sənədlərinin (əmək haqqı cədvəlləri, əmrlər və s.) olmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Belə ki, Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı). Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Beləliklə, Kollegiya qeyd edilənləri nəzərə alaraq bildirir ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçıya münasibətdə tələb olunan bütün şərtlər ( yaş və sığorta stajı ) mövcuddur, yəni iddiaçının 65 yaşı var və ümumilikdə 25 ildən artıq sığorta stajına malikdir. Yuxarıda sadalanan hallardan da göründüyü kimi, cavabdeh orqanın imtinası qanunsuz və əsassız olmuşdur. “İnzibati icraat haqqında” AR Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. AR İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Birinci instansiya məhkəməsi tərəfindən iddianin təmin edilməsinə dair yekun nəticəyə gəlinərkən prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, işin halllarına aid olan maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq,

qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4729/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən bir (1) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar