Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3285/2022 19.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati mübahisə üzrə QƏRAR (Açar sözlər: “əmək pensiyasının təyin edilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Yusifov Cahangir Afər oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2488/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, iddiaçının 1974-cü il tarixdən 1998-ci il tarixədək Zaqatala rayonu Göyəm kəndi “Bakı fəhləsi” adına kolxozda kolxozçu, 14 yanvar 1999-cu il tarixdən 29 dekabr 2000-ci il tarixədək Zaqatala rayonu Aşağı Tala kəndi 3 nömrəli tam orta məktəbində xadimə işlədiyi illəri (faktiki müddəti nəzərə alınmaqla) hüquqların yarandığə yaşa görə əmək pensiyasının təyin edilərək cavabdehə müraciət etdiyi tarixdən xx.xx.2021-ci ildən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkədən iddiaçıya 62 yaşdan, yəni 25 fevral 2021-ci il tarixdən əmək pensiyasının təyin edilməsi, pensiya hüququnun yarandığı həmin tarixdən ödənilməyən pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı hesab edir ki, arxiv arayışında qeyd olunan dövrlər əmək kitabçasında göstərilən illər ilə birgə cəmləndikdə onun ümumi iş stajı 25 ildən çox təşkil edir. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı aidiyyəti üzrə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2488/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı (hakim Orxan Həsənov) ilə iddia tələbi təmin edilmiş, İddiaçı 62 yaşdan, yəni 25 fevral 2021-ci il tarixdən əmək pensiyasının təyin edilməsi, pensiya hüququnun yarandığı həmin tarixdən ödənilməyən pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Apellyasiya şikayəti və onun dəlilləri: Cavabdeh apellyasiya şikayəti verərək məhkəmənin həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar əsassızdır. Belə ki, iddiaçıya 24 il, 09 ay sığorta stajı hesablanmışdır. Halbuki 1971-ci il tarixli Əmək Qanunları Məcəlləsinin 173-cü maddəsinə əsasən, on altı yaşına çatmamış şəxslərin işə qəbul edilməsinə icazə verilmir. İstisna hallarda bir müəssisənin, qurumun, təşkilatın həmkarlar ittifaqı komitəsi ilə razılaşdırılaraq on beş yaşına çatmış şəxslər işə qəbul edilə bilər. Hazırkı işə xx.xx.1959-cu il təvəllüdlü iddiaçı 1973-cü il tarixdə yəni, 14 yaşında işə daxil olduğunu bildirsə də, həmin vaxt əmək qabiliyyətli olmamışdır. İddiaçının Zaqatala rayonu R.Şabanov adına Aşağı Tala kəndi 3 nömrəli tam orta məktəbində xx.xx.1999-cu ildən xx.xx.2000-ci ilədək işləməsini təsdiq edən sənədlər hazırkı məktəb direktorunun bildirdiyinə görə əvvəlki direktor tərəfindən arxivə təhvil verilmədiyindən həmin sənədləri tapmaq mümkün olmamışdır. İddiaçı nə ən azı 25 il sığorta stajına malik olmadığından, nə də fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı (18861 manat pensiya hüququnun yarandığı xx.xx.2021-ci il tarixədək indeksləşdirilməklə) əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyinə görə onun ərizəsi təmin edilə bilməz. Çünki iddiaçıya pensiya təyin edilməsi üçün “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin hər iki şərti ödənməlidir. Bu səbəbdən, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi T.Hətəmova apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş iddiaçı məhkəməyə gəlməmiş İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 - ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin hazırki redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Hüquq münasibətləri yarandığı vaxtda qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.2-ci bəndinə əsasən, 01 iyul 2020-ci il tarixdən 30 iyun 2021-ci il tarixədək qadınların pensiya yaşı 62 yaş müyyən edilmişdir. Şərh olunan pensiya qanunvericiliyinə əsasən, qadınların yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: -şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması (62 yaş) ; -fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçının xx.xx.1959-cu il tarixdə doğulması və xx.xx.2021-ci il tarixində, yəni 62 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir. Ümumi iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh bu hissədə iddiaçının kolxozda işlədiyi müddətin bir hissəsin nəzərə almış, aşağıda göstərilən dövrləri isə ümumi iş stajına daxil etməmişdir: -1973-cü ildə işlədiyi müddətdə azyaşlı olmasını; (“Bakı fəhləsi” kolxozunda işlədiyi müddət) -xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək Zaqatala rayonu R.Şabanov adına Aşağı Tala kəndi 3 nömrəli tam orta məktəbində xadimə işləməsi barədə əmrlərin mövcud olmamasıdır. Cavabdeh iddiaçının 1973-cü ildə “Bakı fəhləsi” adına kolxozda işlədiyi dövr və adam günü norması arxiv arayışda göstərildiyi halda, həmin müddəti nəzərə almamış və bu halı onunla əsaslandırmışdır ki, həmin dövrdə iddiaçı əmək qabiliyyətli olmamışdır. Bu səbəbdən də həmin il üzrə işlədiyi müddətin sığorta stajına daxil edilməsi mümkün deyildir. Birinci instansiya Məhkəməsi cavabdehin irəli sürdüyü bu mülahizə ilə razılaşmamış və bildirmişdir ki, iddiaçı xx.xx.1959-cu il təvəllüdlü olduğundan, onun 1973-cü ildə 14 yaşı tamam olmuşdur ki, bu da həmin vaxtda qüvvədə olan Аzərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin müddəası baxımından həmin yaşda olan şəxslərin işləməsi mümkün idi. Azərbaycan Respublikasının 1971-ci il 10 dekabr tarixli qanunu ilə təsdiq edilmiş Аzərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 193-cü maddəsinə (İşə qəbul etməyə yol verən yaş) əsasən yaşı on dörddən aşağı olan şəxslərin işə qəbul edilməsinə yol verilmir. Hazırda qüvvədə olan Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 46-ci maddəsinin 4-cü hissəsinə əsasən əmək müqaviləsi on beş yaşına çatmış fiziki şəxslərlə bağlanıla bilər. 15 yaşına çatmamış şəxslərlə bağlanılan əmək müqaviləsi etibarsız sayılır və belə müqaviləni bağlayan işəgötürən bu Məcəllənin 312-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilir. On beş yaşından on səkkiz yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən onların valideynlərindən və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin və yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır. Həmin Məcəllənin 249-cu maddəsinə əsasən yaşı 15-dən az olan şəxslərin işə qəbul edilməsinə yol verilmir. Şərh olunan qanunvericiliyin müddəalarından göründüyü kimi hazırda qüvvədə olan əmək münasibətlərini tənzimləyən qanunvericilik əmək müqaviləsini on beş yaşına çatmış fiziki şəxslə bağlanmasını mümkün hesab etmişdir. Nəzərə alınmalıdır ki, hazırki iddia üzrə mübahisəli dövr qüvvədə olan Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müddəaları ilə tənzimlənmir. Çünki, mübahisəli dövr 1973-cü ili əhatə etdiyindən, iddiaçının hüquq münasibətləri məhz həmin dövrdə qüvvədə olan qanunvericilik ilə tənzimlənir. Yuxarıda da qeyd olunduğu kimi, Azərbaycan Respublikasının 1971-ci il 10 dekabr tarixli qanunu ilə təsdiq edilmiş Аzərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin tələblərinə əsasən on dörddən aşağı olan şəxslərin işə qəbul edilməsinə yol verilmirdi. Bundan başqa,1922-ci il oktyabrın 30-da ZSFSR MİK-in 9-cu çağırış 4-cü sessiyasında “Əmək haqqında qanunlar məcəlləsi” qəbul edildi. Bu Məcəllə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin “Əmək haqqında qanunlar məcəlləsinin qüvvəyə mindirmək haqqında” 30 dekabr 1922-ci il tarixli qərarı ilə əmək məsələlərinin tənzimlənməsində hüquqi baza olmuşdur. Məcəllə 1971-ci ilə qədər, yəni Azərbaycan SSR-nin Əmək Qanunları Məcəlləsinin qəbul etdiyi tarixədək qüvvədə olmuşdur. Həm Аzərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinə, həmçinin ondan əvvəl qüvvədə olmuş “Əmək haqqında qanunlar məcəlləsi”nə nəzər yetirdikdə isə məlum olur ki, qanunvericilik on dörddən aşağı olan şəxslərin işə qəbul edilməsinə yol verməmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının 1973-cü ildə “Bakı fəhləsi” adına kolxozda işlədiyi dövrdə yaşı 14 olduğundan, onun həm Azərbaycan SSR-nin Əmək Qanunları Məcəlləsinin, həmçinin Аzərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin tələbləri baxımından işləməsində yaş həddi ilə bağlı şərtin pozulmasından söhbət gedə bilməz. Məhkəmə, onu da xüsusi olaraq vurğulamışdır ki, hətta köhnə əmək qanunvericiliyində 14 yaşında şəxsin əmək fəaliyyətinə cəlb edilməsi yolverilməz hesab edilsə belə, hazırki halda vəziyyət iddiaçının ziyanına dəyişmir. Bununla bağlı qeyd edilməlidir ki, şəxsin əmək fəaliyyətinə cəlb edilməsi ilə bağlı yuxarıda göstərilən ehtimal olunan pozuntu işəgötürənin məsuliyyətini müəyyən edən hal olub, 14 yaşında pensiya təyini üçün sığorta stajına hesab edilən dövr üzrə əmək fəaliyyətini həyata keçirilmiş şəxsin pensiya hüququnun məhdudlaşdırılması ilə nəticələnməməlidir. Belə ki, iddiaçının 14 yaşında işləməsi onun əmək stajını həmin dövrdə toplamasını istisna etmir. Belə ki, iddiaçı 15 yaşında necə işləyibsə, 14 yaşında da elə əmək fəaliyyətini göstərmiş və onun işləməsi də sənədlərlə təsdiq edilmişdir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2024/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Cavabdehin başqa bir dəlili ondan ibarətdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46.4-cü maddəsinə əsasən əmək müqaviləsi 15 (on beş) yaşına çatmış fiziki şəxslərlə bağlana bilər. Ona görə də 1970-1971-ci illərdə kolxozda işlədiyi illərin sığorta stajı kimi nəzərə alınması qanuna ziddir. Məhkəmənin kollegiyası cavabdehin bu dəlilini də əsassız hesab edərək qeyd edir ki, 1971-ci il tarixdə qüvvəyə minmiş Аzərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 193-cü maddəsinə (İşə qəbul etməyə yol verən yaş) əsasən yaşı on dörddən aşağı olan şəxslərin işə qəbul edilməsinə yol verilmir.” Məhkəmə diqqətə çatdırmışdır ki, həm əvvəl qüvvədə olmuş qanunvericilik, həmçinin də hazırki məhkəmə təcrübəsi ona imkan verir ki, iddiaçının 1973-cü ildə “Bakı fəhləsi” adına kolxozda işlədiyi dövrü sosial sığorta stajına daxil edilsin. Nəzərə alınmalıdır ki, vətəndaşın kolxozda işlədiyi müddətin müəyyən edilməsi fərqli hesablama qaydasında aparılır. Belə ki, 1964-cü il üçün 15 iyul tarixdə qəbul edilmiş və 1965-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş və iddiaçının qeyd etdiyi illərdə qüvvədə olmuş «Kolxoz üzvlərinin pensiyaları və müavinətləri haqqında» SSRİ Qanunun icrası ilə bağlı SSRİ Nazirlər Sovetinin 1964-cü il 17 oktyabr tarixli, 859 №-li Qərarı ilə təsdiq edilmiş «Kolxoz üzvlərinin pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında» Əsasnamənin 48-ci bəndinə əsasən, 1965-ci ildən sonrakı dövr üçün pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işəçıxmanın müəyyən edilmiş minimumuna malik olmadığı illər staja daxil edilmir. «SSRİ vətəndaşlarının pensiya təminatı haqqında» 1990-cı il 15 may tarixli SSRİ Qanunun 67-ci maddəsinin birinci hissəsinə görə əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. 23 sentyabr 1992-ci ildə qəbul edilmiş və 6 mart 2007-ci il tarixli Qanunla qüvvədən düşmüş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanunun 67-ci maddəsində də analoji qayda müəyyən edilmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu, yuxarıda istinad edilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Hazırkı iş üzrə Zaqatala rayon Dövlət Arxivi tərəfindən verilmiş arxiv arayışın məlumatları nəzərə alındıqda müəyyən edilir ki, 1973-1981-ci illər üzrə minimum əmək iştirakı norması 200 gün, 1982-1985-ci illər üzrə 220 gün, 1986-1990-ci illər üzrə 200 gün, 19991-1998-ci illər üzrə isə 180 gün olmuşdur. Buna qarşılıq iddiaçı 1973-cü ildə 104 gün, 1974-cü ildə 198 gün, 1975-ci ildə 207 gün, 1976-cı ildə 206 gün, 1977-ci ildə 182 gün, 1978-ci ildə 223 gün, 1979-cu ildə 200 gün, 1980-ci ildə 224 gün, 1981-ci ildə 192 gün, 1982-ci ildə 222 gün, 1983-cü ildə 224 gün, 1985-ci ildə 283 gün, 1986-cı ild ə 277 gün, 1987-ci ildə 195 gün, 1988-ci ildə 198 gün, 1989-cu ildə 208 gün, 1990-cı ildə 234 gün, 1991-ci ildə 240 gün, 1992-ci ildə 199 gün, 1993-cü ildə 365 gün, 1994-cü ildə 341 gün, 1995-ci ildə 187 gün 1996-cı ildə 206 gün, 1997-ci ildə 181 gün, 1998-ci il ildə 187 gün işləmişdir. Göründüyü kimi, iddiaçı 1975, 1976, 1978, 1979, 1980, 1982, 1983, 1984, 1985, 1986, 1989, 1990, 1991, 1992, 1993, 1994, 1995, 1996, 1997, 1998 dövrlərdə hər il üzrə müəyyən edilmiş minimum əmək iştirakı normasından çox işlədiyindən, həmin dövrlər tam təqvim ili (cəmi 20 il ) kimi götürülür. Bundan başqa, iddiaçı digər qalan illərdə minimum əmək iştirakı normasından az işləmişdir. Ona görə də, həmin illər ona tam əmək stajı kimi hesablana bilməz. Həmin illər iş stajına yalnız faktiki müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktiki müddət üzrə hesablama faktiki işlənmiş günlərin sayının cəminin 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. İddiaçının həmin illərdə faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir: Adam günü norması 200 olduğu halda (1973,1974,1977,1981,1987,1988) : (104+198+182+192+195+198) x 12 = 12.828/200 =64,14 (30x0,14=4 gün) =64 ay 4 gün = 5 il 4 ay 04 gün Qeyd olunanlara əsasən iddiaçının “Bakı fəhləsi” adına kolxozda işlədiyi müddət ümumilikdə 25 il 04 ay 04 gün (20 il + 05 il 04 ay 04 gün) təşkil edir. Göründüyü kimi, iddiaçının yalnız kolxozda işlədiyi müddəti nəzərə alsaq belə, onun yaşa görə əmək pensiyası hüququnun yaranması üçün ümumi iş stajı ilə bağlı şərti ödənilmiş olur. Birinci instansiya məhkəməsi iddiaçının Zaqatala rayonu R.Şabanov adına Aşağı Tala kəndi 3 nömrəli tam orta məktəbində işlədiyi müddətə münasibətdə bildirmişdir ki, hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: - 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;
2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;
3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;
4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;
5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;
6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; Göründüyü kimi, istinad olunan Qaydalar "Əmək pensiyaları haqqında" Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. Nəzərə alınmalıdır ki, bu yoxlamanın həyata keçirilməsi sözügedən qaydalardan başqa, həmçinin pensiya qanunvericiliyin müddəalarında əks olunmuşdur. Belə ki, 1992-ci ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Diqqətəlayiq hal kimi qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin "Əmək pensiyalarının təyin edilməsi və yenidən hesablanması barədə" 03 aprel 2018-ci il tarixli 2-159/18 nömrəli icmal məktubuna əsasən, vətəndaşların əmək pensiyası hüququnu təmin edən orqanların - DSMF-in rayon (şəhər) şöbələrinin cavabdeh qismində iştirak etdiyi işlərdə 2016-2017-ci illərdə adı çəkilən Qanunun məhkəmə təcrübəsində tətbiqi vəziyyəti öyrənilmiş, bəzi oxşar işlər üzrə fərqli qərarlar qəbul edildiyi müəyyən edilmişdir. Odur ki, bir sıra hüquq normalarının, eləcə də "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 67-ci maddəsinin birinci bəndinin nəzərə alınması məhkəmələrə tövsiyə olunmuşdur. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Göründüyü kimi, istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın xx.xx.2006-cı il tarixədək olan sosial sığörta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. İddiaçının əmək kitabçasına nəzər yetirdikdə görünür ki, o, xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək R.Şabanov adına Aşağı Tala kənd 3 №-li tam orta məktəbində xadimə vəzifəsində əmək fəaliyyətini icra etmişdir. Nəzərə alınmalıdır ki, araşdırma zamanı R.Şabanov adına Aşağı Tala kənd 3 №-li tam orta məktəbi tərəfindən təqdim olunmuş arayışda iddiaçının xx.xx.1999- cu il tarixdən xx.xx.2000-ci il tarixədək texniki işçi vəzifəsində işlədiyi göstərilmişdir. Birinci instansiya məhkəməsi buna münasibətdə bildirmişdir ki, əmək kitabçasında və arxiv arayışında yaranmış bu ziddiyyətli məqam vəziyyəti iddiaçının ziyanına dəyişmir. Belə ki, istərsə iddiaçının texniki işçi kimi əmək fəaliyyəti dövrü xx.xx.2000-ci il tarixədək, istərsə də xx.xx.2000-ci il tarixədək nəzərə alınsa belə, iddiaçı xx.xx.2000-ci il tarixədək zəruri olan ümumi iş stajını toplamış olur. Belə ki, iddiaçının “Bakı fəhləsi” adına kolxozda işlədiyi müddət və R.Şabanov adına Aşağı Tala kənd 3 №-li tam orta məktəbində texniki işçi kimi əmək fəaliyyəti icra etdiyi müddət (xx.xx.1999-xx.xx.2000) ümumilikdə 26 il 05 ay 20 gün təşkil edir (01 il 01 ay 16 gün +25 il 04 ay 04 gün). Bu da iddiaçının ümumi iş stajı ilə bağlı şərtin ödənildiyini təsdiq edir. Cavabdehin iddiaçının fərdi hesabının sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi barədə dəlili üzrə, Kollegiya rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, həqiqətən də pensiya qanunvericiliyində vətəndaşın fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması şərti mövcuddur, lakin bu şərt yalnız o zaman tətbiq olunur ki, vətəndaş nəzərdə tutulmuş ümumi sığorta stajını toplamamış olsun. İddiaçının sığorta stajının müəyyən edilməsi istiqamətində aparılmış araşdırma zamanı isə məlum olmuşdur ki, İddiaçı 25 ildən çox sığorta stajına malikdir ki, bu hal onun yaşa görə əmək pensiyasının təyin olunması üçün kifayət edir. Belə olan halda Məhkəmə hesab etmişdir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmaması üçün əsas deyildir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. Nəticə: Beləliklə də qeyd edilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsi və iddiaçıya 62 yaşdan, yəni 25 fevral 2021-ci il tarixdən əmək pensiyasının təyin edilməsi, pensiya hüququnun yarandığı həmin tarixdən ödənilməyən pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə olunması işin sübutlarla müəyyən edilən hallarına, maddi və inzibati icraat haqqında hüquq normalarına uyğun olmuşdur. Ona görə də Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2488/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ:
Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2488/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.