Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3285/2024 02.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müsafıəsi Nazirliyi yanında Dövlət Sosial Müdafıə Fondunun Suraxanı rayon şöbəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə cavabdeh tərəfindən verilmiş “yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə” ərizə ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(82)-314/2014 nömrəli, 01 may 2024-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müsafıəsi Nazirliyi yanında Dövlət Sosial Müdafıə Fondunun Suraxanı rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci bəndinin tələbi nəzərə alınmaqla ona 52 yaşının olduğu gündən həmin vaxt qüvvədə olan qaydada müvafiq pensiya təyin edilib hesablanması və birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-314/2014 saylı, xx.xx.2014-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı güzəştli şərtlərlə əmək pensiyası məbləğinin xx.xx.2009-cu il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələbləri əsasında yenidən hesablanması və həmin tarixdən qərar icra olunanadək yaranacaq məbləğ fərqinin birdəfəyə iddiaçıya ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Bakı şəhəri Suraxanı rayon Şöbəsinə həvalə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı xx.xx.2024cü il tarixdə «yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında» ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə qarşı “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci bəndinin tələbini nəzərə almaqla ona 52 yaşının olduğu gündən həmin vaxt qüvvədə olan qaydada müvafiq pensiya təyin edilib hesablanması və birdəfəyə ödənilməsi” tələbinə dair inzibati işin icraatının təzələnməsi barədə qərar qəbul edilməsini və ərizəçi Fondun Suraxanı rayon şöbəsinin əsl ərizəçi olan Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Miminat Hacıbəyova) 2-1(82)-314/2014 nömrəli, 01 may 2024-cü il tarixli qərardadı ilə ərizə mümkün hesab edilməmişdir. Hazırda cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “onun Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə qarşı Qanunun 9.8-ci bəndinin tələbini nəzərə almaqla ona 52 yaşı tamam olduğu gündən həmin vaxt qüvvədə olan qaydada müvafiq pensiya təyin edilib hesablanması və birdəfəlik ödənilməsini” xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2-1(82)-314/2014 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Cavabdeh tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli (iş № 2-1(82)-314/2014) qərarından apellyasiya şikayətinin verilməsi təmin olunmamışdır. İş üzrə icraatın təzələnməsi üçün əsaslar: xx.xx.1957-ci il təvəllüdlü İddiaçı təyin edilərək ödənişi aparılmış pensiya işinin qanunauyğunluğunun araşdırılmasının nəticələri barədə qısa şəkildə məlumatı təqdim etməklə bildirilir ki, bilavasitə bu işdə maraqlı olan şəxslər vasitəsilə 2014-cü il tarixdə vətəndaşın xeyrinə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarının alınmasına, müvafiq məhkəmə aktina əsasən vətəndaşın Azərbaycan Milli Elmlər Akademiyasının Fizika institutunda işlədiyi elmi işçi vəzifəsi, həmin institut tərəfindən digər əməkdaşlara verilmiş akt və arayışların məzmunu ilə eyni üslubda tərtib olunmuş izahlı arayış və akt əsas götürülərək məhkəmə qərarında qeyd olunan xx.xx.2009-cu il tarixdən (52 yaşından) deyil, həmin tarixə zidd olaraq 2 il geridən - xx.xx.2007-ci ildən şöbə tərəfindən İddiaçı 50 yaşından 2004-2005-ci illərin əməkhaqqısı nəzərə alınmaqla və 1 №-li siyahıya istinad olunmaqla güzəştli şərtlərlə yaşa görə yüksək məbləğdə pensiyanın təyin olunmasına, ötən dövrlərdən hesablanmış 15130,79 manat fərq məbləğinin birdəfəlik ödənilməsinə nail olunmuşdur. Şöbə tərəfindən 2 il geridən qanunsuz aparılmış təyinat üzrə hesablanmış cəmi 3918,96 manat vəsait əsassız olaraq İddiaçı plastik kart hesabına köçürülmüş və nağdlaşdırılmışdır. Məhkəmə qərarı ilə vətəndaşın elmi işçi vəzifəsində işləyərkən yerinə yetirdiyi işlər Güzəştli siyahının XXİİ bölməsi üzrə “Radioaktiv maddələr, ionlaşdırıcı şüa mənbələri, berillium və nadir torpaq elementləri ilə işlər”ə uyğun hesab edilmişdir. Lakin araşdırma zamanı həmin institutun səlahiyyətli şəxsləri tərəfindən Fondun əməkdaşlarına təqdim edilmiş sənədlərdə qeyd olunanlarla vətəndaşın təqdim etdiyi və pensiya işinə tikilmiş izahlı arayışda qeyd olunan məlumatlar arasında əsaslı uyğunluq müəyyən edilməmişdir. Xüsusilə, vətəndaşın gördüyü işlər, yəni tam iş günü ərzində zərərli işlərdə işləməsi və Güzəştli siyahıda qeyd olunan bölmə üzrə təsnifatla eyniləşdirilməsi əsaslı sənədlərlə sübuta yetirilməmişdir. Vətəndaş 1987-1989-cu il tarixlərdə dissertasiya müdafiəsi ilə əlaqədar Moskva şəhərində yerləşən Moskva Dövlət Universitetində elmi ezamiyyətdə olmuş, həmin universitetin Biofizika kafedrasında və X1 Kimya-Fizika İnstitutunda təcrübə keçmişdir. Lakin həmin dövrlər barədə izahlı arayışda ətraflı heç bir məlumat verilmədən zərərli iş dövrü kimi göstərilmişdir. Pensiyanın sonuncu aylıq məbləği 534,04 manat olmuş, araşdırma ilə əlaqədar xx.xx.2020-ci il tarixdən dayandırılmışdır. Ümumiyyətlə araşdırma zamanı, şöbə tərəfindən İddiaçı adına açılmış pensiya işində və “Pensiyaçının uçot vərəqi”ndə vətəndaşın güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə şöbəyə təqdim etdiyi ərizəsi, şöbənin Pensiya təyin edən komissiyasının vətəndaşın müraciəti ilə əlaqədar verdiyi imtina qərarı, imtina barədə vətəndaşa şöbə tərəfindən ünvanlanmış məktub, vətəndaşın məhkəməyə müraciət etməsini təsdiq edən iddiasının surəti, məhkəmənin şöbə ilə yazışmaları, şöbənin məhkəməyə göndərdiyi müvafiq etiraz və şikayət sənədləri aşkar edilməmiş, yalnız 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin müvafiq qərarının, bəzi məktub və bildirişlərinin pensiya işinə tikildiyi məlum olmuşdur. Fond tərəfindən mütəmadi olaraq yerli qurumlara pensiya işləri və digər aidiyyəti zəruri sənədlərin inventarizasiyasının aparılması barədə verilmiş ciddi tapşırıqlara baxmayaraq, İddiaçı aid işə tikilmədiyi qeyd edilən zəruri sənədlərlə əlaqədar şöbənin məsul işçiləri tərəfindən heç bir tədbir görülməmişdir. İddiaçı heç bir dövrdə xüsusilə zərərli və xüsusilə ağır şəraitdə işləməmiş, Fizika institutunun təqdim etdiyi xx.xx.2013-cü il tarixli 029-08/513 №-li izahlı arayış və aktda qeyd edilənlərin mötəbərliliyi və düzgünlüyü öz təsdiqini tapmamış, bununla da vətəndaşın 50 və ya 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olmadığı, ona təyin olunmuş pensiya işinin və ötən dövrlər üçün fərq məbləğlərinin hesablanaraq ödənilmiş vəsaitin qanunazidd olduğu müəyyənləşdirilmişdir. Məhkəmə qərarında vətəndaşın zərərli iş şəraiti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 8-ci (“Kimya” isethsalatı) və 22-ci bəndinə (“Radioaktiv maddələr, ionlaşdırıcı şüa mənbələri, bérillium və nadir torpaq elementləri ilə işlər”) istinad olunması ilə bağlı bildirilir ki, vətəndaşın elmi işçisi olduğu institutunun laboratoriyası istehsalatla deyil, təcrübə işləri ilə məşğul olmuş və kimya sahəsi ilə heç bir əlaqəsi olmamışdır. Analoji halın 22-ci bəndə də aid olması nəzərə alınmaqla bildirilir ki, İddiaçı yerinə yetirdiyi işlər və vəzifələr radiasiya və ya berilliumun zərərliliyi şəraitində təcrübə, təcrübə-istehsalat və böyüdülmüş laboratoriya qurğularında, radioaktiv xammalın təcrübə sexlərində, sənaye üsulu ilə texnoloji prosesin emalı ilə təkmilləşdirilməsində, atom enerjisi sənayesinin istifadəsində radioaktiv maddələrin, bérillium və ondan hazırlanan məmulatların, radioaktiv maddələrin sənaye və təcrübə yolu ilə əldə edilməsi, radioaktiv maddələrin aktivliyi 226 radiy 10 milliküridən yüksək olan və ya radioaktiv maddələrin radioaktiv zəhərliliyinin miqdarı ona ekvivalent olan iş yerlərində avadanlığın təmiri bérillium məmulatlarının və onun birləşmələrinin istehsalı, həmçinin berilliumkeramiki metal məmulatlarının istehsalının texnoloji prosesində, o cümlədən bérillium zərərliliyi şəraitində berilliumla çirklənmiş avadanlıqların təmiri ilə daim məşğul olan fəhlələr, rəhbərlər və mütəxəssislər kateqoriyasına uyğun deyildir, yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyası sonuncu qeyd edilmiş şəxslərə təyin edilir. Həmin hüquqlar laboratoriya şəraitində tədqiqat aparmaq məqsədilə məşğul olanlara şamil edilmir. Göründüyü kimi, vətəndaş təcrübə aparığı dövrlərdə radioaktiv maddələr və xammalların, ionlaşdırıcı şüa mənbələrinin, radiasiya və ya berilliumun bilavasitə insan orqanizminə zərərliliyi və sair şəraitdə olmamış və ya olmasını təsdiq edən zəruri təkzibolunmaz sübutlar təqdim edə bilməmişdir. Məhkəmə qərarında qeyd olunanlardan məlum olmuşdur ki, məhkəmə orqanı tərəfindən yuxarıda qeyd olunan qanunazidd hallar araşdırılmamışdır. Ümumiyyətlə, məhkəmə tərəfindən istinad edilmiş izahlı arayışların və aktın düzgünlüyünün cavabdehliyini daşıyan Fizika institutundan onun xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə işləməsini təsdiq edən müvafiq rəsmi sənədlərin, o cümlədən güzəştli arayışın yenidən alınması təmin və tələb edilməmiş, xüsusilə zərərli və xüsusilə ağır işlərdə işləməsi barədə zəruri tədqiqat işləri aparılmamış, qərarda xüsusi vurğulanan zərərli şəraitdə işləməsi barədə əsaslı sənədlər olmadan, hüquqi mübahisələndirmə aparılmadan və əsaslı sənədlərlə sübuta yetirilmədən ümumi mülahizələr əsasında vətəndaşın iddiasında qeyd olunanlara istinad edilməklə iddia tələbi təmin edilmişdir. Beləliklə, göstərilənlər təsdiq edir ki, məhkəmə baxışı formal olaraq keçirilmiş, qərarın tərtibi və rəsmiləşdirilməsi zamanı şablon mətnlərdən istifadə edilmiş, məhkəmə predmeti vətəndaşın əmək pensiyası hüququnun müəyyən edilməsi deyil, yenidən hesablanması və yaranmış iri miqdarda fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin qoyulması olmuşdur. Məhkəmə qərarında pensiyanın əməkhaqqı əsasında və ya hansı təşkilatın əməkhaqqına əsasən yenidən hesablanması barədə ümimiyyətlə heç bir məlumat aşkar edilməmişdir. Bununla belə, pensiyanın ötən dövrlərdən yenidən hesablanması barədə məhkəmə qərarının və pensiya təyin edilməsi barədə şöbənin qərarının rəsmiləşdirildiyi 2014-cü il tarixədək İddiaçı müvafiq qərarlar üzrə 5 və ya 7 il əvvəl, yəni 2009 və ya 2007ci ildən güzəştli şərtlərlə pensiya hüququ yaranmışdırsa, pensiya təyinatı üçün aidiyyəti qurumlara müraciət etməməsi və ya hansısa səbəblərdən güzəştli şərtlərlə pensiya təyin edilməməsi onun 52 və ya 50 yaşdan güzəştli şərtlərlə pensiya hüququnun yaranmaması, müvafiq qanunvericiliyin tələblərinə və şərtlərinə zidd olması kimi səciyyələndirmək olar. Müvafiq məhkəmədə prosesin vətəndaşın xeyrinə başa çatdırılmasına nail olunduqdan sonra şöbəyə daxil olmuş məhkəmə qərarı və pensiya işinə tikilmiş digər sənədlər, o cümlədən Fizika institutunun xx.xx.2013-cü il tarixli X/15 №-li 2004-2005-ci illər üzrə əməkhaqqı arayışları əsas götürülməklə şöbənin Pensiya təyin edən komissiyasının xx.xx.2014-cü il tarixli 313 №-li qərarı ilə, eyni zamanda pensiya işi üzrə açılmış uçot vərəqinə yazılmaqla xx.xx.2007-ci il tarixdən 50 yaşının tamam olduğu gündən Qanunun 9.8-ci maddəsinin şərtlərinə əsasən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2007-ci il tarixdən 128,38 manat məbləğində hesablanmış pensiyasının aylıq məbləği müvafiq dövrlər üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilməklə və pensiyasının baza hissəsi artırılmaqla xx.xx.2008-ci il tarixdən 151,47 manat, xx.xx.2008-ci il tarixdən 166,47 manat, xx.xx.2009cu il tarixdən 185,50 manat, xx.xx.2010-cu il tarixdən 187,15 manat, xx.xx.2010-cu il tarixdən 197,15 manat, xx.xx.2011 -ci il tarixdən 203,54 manat, xx.xx.2012-ci il tarixdən 212,90 manat, xx.xx.2013- cü il tarixdən 214,31 manat, xx.xx.2013-cu il tarixdən 229,31 manat, xx.xx.2014-cü il tarixdən 232,42 manat müəyyən edilmiş və xx.xx.2014-cü il tarixdən sonuncu məbləğlə ödənişə göndərilmişdir. Məhkəmə qərarı ilə vətəndaşın pensiyasının xx.xx.2009-cu il tarixdən Qanunun 9.8-ci maddəsinin tələbləri əsasında yenidən hesablanması və həmin tarixdən qərar icra olunanadək yaranacaq məbləğ fərqinin birdəfəfyə iddiaçıya ödənilməsi vəzifəsi şöbəyə həvalə edilmişdir. Lakin məhkəmə tərəfindən qərar qəbul edilərkən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi, maddi-hüquq normalarının tətbiqi və təfsiri zamanı səhvə yol verilməsindən və iddianın məzmunundan fərqli olaraq qərarın məzmunuda yol verilmiş səhvlərdən sui-istifadə edilərək şöbə tərəfindən vətəndaşa 52 yaşından deyil, 50 yaşından pensiya təyinatı aparılmış və ödənilmişdir. Komissiyanın qərarı əsas götürülməklə şöbə tərəfindən xx.xx.2007-ci ildən 01.0.2014-cü ilədək olan dövr üzrə 15130,79 manat ötən dövrlər üçün fərq məbləği hesablanmışdır. Həmin fərq məbləğinin 12200,0 manatı xx.xx.2014-cü, 2930,79 manatı xx.xx.2014-cü il tarixlərində ödənilmiş aylıq pensiyanın üzərinə əlavə olunmaqla vətəndaşın plastik kart hesabına köçürülmüş və nağdlaşdırılmışdır. Ehtimal olunur ki, pensiya təyin edilməsindən və ötən dövrlərə görə hesablanmış fərq məbləğinin birdəfəlik pensiya plastik kartına köçürülməsindən vətəndaş məlumatlı olmamış, habelə, pensiya alınması üçün istifadə olunan plastik kart müəyyən müddət ərzində İddiaçı özündə olmamış, həmin plastik kart hesabına köçürülmüş külli miqdarda pul vəsaiti bu işdə maraqlı olmuş şəxslər tərəfindən mənimsənilmişdir. 2014-cü il tarixdə aparılmış pensiya təyinatına əsasən xx.xx.2007-ci il tarixdən hesablanmaqla ödənişin başlanıldığı xx.xx.2014-cü il tarixdən dayandırıldığı xx.xx.2020-ci il tarixədək vətəndaşın plastik kart hesabına köçürülmüş cəmi vəsait 48019,58 manat təşkil etmişdir. Qanunvericiliklə İddiaçı 50, 52, 57, 60 yaşından və ya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun olmadığı müəyyən edilmişdir. Onun ümumi əsaslarla 65 yaşından, yəni Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2022-ci il tarixdən yaranmışdır. Beləliklə, xx.xx.2007-ci il tarixdən 50 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olmadığı halda təhrif edildiyi (saxtalaşdırıldığı) ehtimal olunan sənədlər əsas götürülməklə və məhkəmə qərarı nəzərə alınmaqla orta aylıq əməkhaqqı əsasında Fondun keçmiş Suraxanı rayon şöbəsinin qərarı ilə İddiaçı yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2020-ci il tarixədək ödənilməsinə nail olunması nəticəsində plastik kart hesabına köçürülmüş və nağdlaşdırılmış cəmi əsassız məbləğ 48019,58 manat təşkil etmişdir. Məlumat üçün bildirilir ki, qanunvericiliyə müvafiq olaraq pensiya hüququnun yarandığı tarixədək, yəni xx.xx.2006-xx.xx.2014-cü il dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı nəzərə alınmaqla xx.xx.2022-ci il tarixdən 65 yaşının tamam olduğu gündən proaktiv qaydada İddiaçı 240,0 manat məbləğində 938319 №-li yaşa görə əmək pensiyası təyinatı aparılmışdır. Eyni zamanda, araşdırma nəticəsində adıçəkilən şəxsə qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Həmin orqandan Nazirliyə daxil olmuş xx.xx.2022-ci il tarixli 02/2-249mat-22/4508 nömrəli məktubda sözügedən iş üzrə cinayət işinin başlanmasına dair qərar qəbul olduğu bildirilib. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Yuxarıda qeyd olunanlara əsasən, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2-1(82)-314/2014 nömrəli qərarına yeni açılmış hallar üzrə yenidən baxılması zərurəti yaranmışdır. Beləliklə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(82)-314/2014 nömrəli qərardadı əsassız və qanunazidd olduğundan ləğv edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, inzibati məhkəmə icraatının iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. 101-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır. 103.1-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. 103.2-ci maddəsinə əsasən mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. 103.3-cü maddəsinə əsasən bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Məhkəmə kollegiyası qeyd edir ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi yalnız müəyyən zaman çərçivəsində mümkündür. Belə ki, yuxarıda istinad olunan normalardan da göründüyü kimi, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi üçün qanunverici tərəfindən müəyyən müddət məhdudiyyəti nəzərdə tutulmuşdur. Ərizədən və iş materiallarından görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2-1(82)-314/2014 saylı qərarı ilə iddia təmin edilmişdir, həmin qərardan apellyasiya şikayəti verilməmişdir, qərarı xx.xx.2014-cü il tarixdə qanuni qüvvəsini aldıqdan sonra xx.xx.2014-cü il tarixli məktubla icra edilməsi üçün cavabdeh inzibati orqana göndərilmiş və cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2015-ci il tarixli məktubda həmin qərarın icra edildiyi barədə məhkəməyə məlumat verilmişdir. Lakin sonradan iddiaçıya təyin edilmiş pensiya ödənişi dayandırılmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdeh qeyd olunan qərarın icrasını təmin etmədiyinə görə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 500 manat məbləğində cərimə təyin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmələn saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmələn saxlanılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizədə göstərilən hallar 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarını əldə etdiyi və ya ən geci icra etməyə başladığı vaxtdan cavabdehə məlum idi. Cavabdeh həmin qərarı rəsmi qaydada əldə etmiş və icra etmişdir. Həmin tarixdən isə 10 ildən artıq müddət keçmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 103-cü maddəsinin tələblərindən də göründüyü kimi, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər (İPM-nin 103.2-ci maddəsinin tələbinə əsasən isə mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər) və bu müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Beləliklə, cavabdeh yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizədə istinad etdiyi halların ona məlum olduğu gündən qanunvericiliklə müəyyən edilmiş müddəti buraxmaqla vermişdir. Həmin müddətin bərpasını isə İPM-in 103.3-cü maddəsi istisna edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, ərizənin mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olub, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94, 100, 103-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-314/2014 nömrəli, 01 may 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3285/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3285/2024
02.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver