Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3286/2024 02.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müsafıəsi Nazirliyi yanında Dövlət Sosial Müdafıə Fondunun Suraxanı rayon şöbəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi” tələbinə dair iş üzrə cavabdeh tərəfindən verilmiş “yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə” ərizə ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2- 1(82)-1822/2016 nömrəli, 29 may 2024-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müsafıəsi Nazirliyi yanında Dövlət Sosial Müdafıə Fondunun Suraxanı rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona xx.xx.2009-cu il tarixdən (55 yaş) güzəştli şərtlərlə yaşa görə əmək penisyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərdə aldığı orta aylıq əmək haqqı əsasında hesablanmaqla təyin edilməsi və hesablama zamanı yaranmış məbləğ fərqinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1822/2016 nömrəli, 06 iyun 2016cı il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı xx.xx.2009-cu il tarixdən (55 yaşdan) həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq onun 2004-2005-ci illərdə aldığı əmək haqqı nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək penisyasının təyin edilməsi və yenidən hesablanması zamanı yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon Şöbəsinin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2038/2016 saylı 08 sentyabr 2016-cı il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-1822/2016 saylı 06 iyun 2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 1243/2016 saylı 28 dekabr 2016-cı il tarixli qərarı ilə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon Şöbəsinin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(103)-2038/2016 saylı 08 sentyabr 2016-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı xx.xx.2024cü il tarixdə «yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında» ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə qarşı “xx.xx.2009-cu il tarixdən (55 yaşdan) həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq onan 2004-2005-ci illərdə aldığı əmək haqqı nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək penisyasının təyin edilməsi və yenidən hesablama zamanı yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi” tələbinə dair inzibati işin icraatının təzələnməsi barədə qərar qəbul edilməsini və ərizəçi Fondun Suraxanı rayon şöbəsinin əsl ərizəçi olan Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Abdullayeva) 2-1(82)-1822/2016 nömrəli, 29 may 2024-cü il tarixli qərardadı ilə ərizə mümkün sayılmamışdır. Hazırda cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və “yeni açılmış hallarla” bağlı ərizəsinin təmin edilərək iş üzrə icraatın təzələnməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı xx.xx.2024-cü il tarixdə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 iyun 2016-cı il tarixli 2-1(82)-1822/2016 nömrəli qərarının ləğv edilməsi və iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 29 may 2024-cü il tarixli 2-1(82)-1822/2016 nömrəli qərardadı ilə ərizə mümkün sayılmamışdır. İddiaçı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək ona xx.xx.2009-cu il tarixdən (55 yaşdan) həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq onun 2004-2005-ci illərdə aldığı əməkhaqqı nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablama zamanı yaranmış fərq məbləğinin birədəfəlik ödənilməsi öhdəliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin üzərinə qoyulmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli iş № 2-1(82)-1822/2016 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli 2-1(103)-2038/2016 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qərarından şöbə tərəfindən kassasiya şikayəti verilmiş, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli 2- 1(102)-2143/2016 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli 2-1(103)-2038/2016 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş üzrə icraatın təzələnməsi üçün əsəslər: Adıçəkilən şəxsin pensiya işinə tikilmiş sənədlərə əsasən məlum olmuşdur ki, Bakı şəhərində doğulmuş, yaşayış yeri Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, İ.Süleymanov küçəsi, ev 51 olan xx.xx.1954-cü il təvəllüdlü İddiaçı adından əlyazma qaydasında doldurulmuş və imza edilməmiş xx.xx.2016-cı il tarixli ərizəsi (1 nömrəli əlavə) ünvan aidiyyəti üzrə Fondun keçmiş Bakı şəhəri Suraxanı rayon şöbəsində (bundan sonra - şöbə) qeydiyyatdan keçirilməklə həmin şöbənin Pensiya təyin edən komissiyasının xx.xx.2016-cı il tarixli 847 №-li qərarı ilə xx.xx.2016-cı il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinin şərtləri, əmək kitabçası üzrə 2006-cı il tarixində hesablanmış 34 il 09 ay sığorta stajı nəzərə alınmaqla İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Şöbənin qərarına əsasən xx.xx.2016-cı il tarixindən hesablanmış aylıq məbləğ 189,15 manat təşkil etmiş, əmək pensiyası almaq hüququnun müəyyən edildiyi xx.xx.2014-cü il tarixindən 2016-cı ilin iyun ayınadək hesablanmış cəmi məbləğin 1948,21 manatı hər ay 177,11 manat olmaqla 11 ay ərzində xx.xx.2017-ci il tarixinədək aylıq məbləğin üzərinə əlavə edilməklə ödənilmişdir. xx.xx.2014-cü il tarixində təyin edilməsi barədə qeydlər müvafiq qərarda deyil, uçot vərəqində aparılmışdır. Belə ki, həmin tarixdən 174,16 manat məbləğində hesablanmış pensiyasının aylıq məbləği müvafiq dövrlər üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilməklə və pensiyasının baza hissəsi artırılmaqla qərar blankında deyil, uçot vərəqində qeyd edilməklə xx.xx.2015-ci il tarixindən 175,98 manata, xx.xx.2016-cı il tarixdə 179,15 manata çatdırılmışdır. Pensiyanın aylıq və ötən dövrlərə görə hesablanmış fərq məbləğləri xx.xx.2016-cı il tarixindən Azərbaycan Beynəlxalq Bankının Suraxanı filialı vasitəsilə plastik kart hesabına köçürülməklə ödənişə göndərilmişdir. Lakin qeyd edilən qərarda və uçot vərəqində vətəndaşın pensiya hüququnun nə vaxtdan olduğu konkret göstərilməmişdir. Belə ki, həmin dövrdə qüvvədə olmuş qanunvericiliklə İddiaçı təqdim etdiyi müvafiq sənədlərə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ 57 yaşından, yəni xx.xx.2011-ci il tarixindən olduğu halda şöbənin pensiya təyin edən komissiyasının sədri və üzvləri qərara imza etməklə məsiliyyətsizliyə və səhlənkarlığa yol verərək təyinat tarixinin düzgünlüyünə əhəmiyyət vermədən qərara imza etmişlər. Həmçinin, sözügedən komissiya vətəndaş tərəfindən ərizəyə imza edilməməsi faktına heç bir münasibət bildirməmişdir. Bununla belə, Qanunun 31-ci maddəsinin tələblərinə qismən uyğun olaraq təqdim edilən ərizənin (sənədlərin) şöbəyə daxil olduğu ən geci 10 gün müddətində baxılmaqla pensiya təyinatı aparılmışdır. Son olaraq uçot vərəqində qeyd edilənlərə əsasən İddiaçı 57 yaşından deyil, Qanuna zidd olaraq 59 il 1 ay olan yaşından təyinat aparıldığı müşahidə edilmişdir. Vətəndaşın güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ müəyyən olunarkən, o cümlədən məhkəmə aktları çıxarılarkən bir sıra nöqsanlara yol verilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli müvafiq qərarının 1-ci səhifəsində vətəndaşın iddiası təsvir edilərkən onun “55 yaşdan əmək pensiyası təyin edilməli” ifadəsi sonrakı səhifədə iddianın təsvirinin davam etdirildiyi hissədə mötərizədə “50 yaş” kimi göstərilmiş, “Qərar” hissəsində isə yenidən “55 yaşdan” ifadəsi işlənilmişdir. Eyni zamanda, qərarda qeyd olunanlara görə iddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-nin 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin xx.xx.2016-cı il tarixli sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilməklə cavabdehdən iddia ilə bağlı yazılı münasibətin (etiraz) bildirilməsi tələb olunmuşdur. Bununla belə, məhkəmə aktında cavabdehdən alınmış yazılı münasibət və onun məzmunu barədə hər hansı bir məlumat verilməmişdir. Ehtimal olunur ki, şöbə tərəfindən etiraz məktubu ümumiyyətlə məhkəməyə daxil olmamışdır. Sadalananlardan göründüyü kimi, pensiya təyinatı barədə şöbənin 847 №-li qərarı xx.xx.2016-cı il, həmin qərara əsasən şöbənin mühasibatlığında pensiya işi üzrə şəxsi hesabın açılması xx.xx.2016-cı il, pensiyanın ilk ödənişi xx.xx.2016-cı il tarixli, lakin şöbəyə göndərilmiş məhkəmə sərəncamı xx.xx.2016-cı il tarixli olmuşdur. Həmin sərəncamın göndərilməsinə səbəb isə vətəndaşın adından məhkəməyə təqdim edilmiş iddia ərizəsində qeyd edilənlər, o cümlədən guya şöbə tərəfindən xx.xx.2009-cu il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edildiyi və digər xüsusatlar olmuşdur. Halbuki, məhkəmənin sərəncamının rəsmiləşdirildiyi xx.xx.2016-cı il tarixinədək faktiki olaraq vətəndaşa hər hansı bir növə görə əmək pensiyası və ya sosial müavinət təyin edilməmiş və ödənilməmişdir. Deməli, vətəndaşın adından təqdim edilmiş xx.xx.2016-cı il tarixli ərizəyədək onun digər bir ərizəsi şöbədə qeydiyyatdan keçirilmiş, həmin ərizəyə Qanuna uyğun olaraq imtina qərarı qəbul edilmiş, vətəndaşa bu barədə yazılı məlumat verilmişdir. Əgər həmin işlər icra olunmamışdırsa, məhkəməyə təqdim edilmiş sənədlər, o cümlədən vətəndaşın ərizəsi, həmin ərizəyə şöbə tərəfindən verilmiş imtina sənədi saxtalaşdırılmış, vətəndaş məhkəmə proseslərində iştirakını etməmiş və bu proseslərdən məlumatsız olmuşdur. Bununla da məhkəməyə təqdim edilmiş vətəndaşın ərizəsində qeyd olunanlar, o cümlədən xx.xx.2009-cu il tarixindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə bildirilənlər məqsədli olaraq saxtalaşdırılmış və həqiqətə uyğun deyildir. Pensiya işi və uçot vərəqində İddiaçı xx.xx.2009-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə hər hansı qərar və ya sərəncam aşkar edilməmişdir. Bunlardan əlavə, yuxarıda da qeyd edildiyi kimi, 2004-2005-ci il tarixləri ərzində aldığı əmək haqqı nəzərə alınmaqla 55 yaşından əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması ilə bağlı müraciət sənədi (ərizəsi), şöbənin pensiya təyin edən komissiyasının vətəndaşın müraciəti ilə əlaqədar verdiyi imtina qərarı, imtina barədə vətəndaşa şöbə tərəfindən ünvanlanmış məktub, vətəndaşın məhkəməyə müraciət etməsini təsdiq edən iddianın surəti və digər sənədlərin bir nüsxəsi pensiya işi və uçot vərəqinə əlavə edilməmişdir. Güzətli arayışda İddiaçı xx.xx.1977-xx.xx.1979-cu illərdə BOD “Kür” gəmisində, xx.xx.1979-xx.xx.1980-ci illərdə BOD “Vçeqda” gəmisində, xx.xx.1980-xx.xx.1980-ci illərdə BOD “Yana” gəmisində matros, xx.xx.1980-xx.xx.1986- cı illərdə BOD “Yana” gəmisində bosman, xx.xx.1986-xx.xx.1988-ci illərdə BOD “Suxona” gəmisində, xx.xx.1988-xx.xx.1988-ci illərdə BOD “OKA” gəmisində matros, xx.xx.1996xx.xx.1997-ci illərdə BOD “Laçın” gəmisində, xx.xx.1997-xx.xx.1997-ci illərdə OBODT “Kür balıqçısı” gəmisində 3-cü mexanik peşə və vəzifələrində işlədiyi, bu gəmilərin bilavasitə açıq dənizdə balığın tutulması, istehsalı və daşınması ilə məşğul olması, balıq sənayesinin balıqçı donanmasını təşkil etməsi, şəhərlərarası, şəhərdaxili, xidməti gediş-gəliş gəmilərinə aid olmaması, bu peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın (bundan sonra - Güzəştli siyahı) 21.2-ci bəndinə uyğun olduğu qeyd olunmuşdur. Güzəştli siyahının 21.2-ci bəndində nəqliyyat bölməsinin dəniz və çay donanmasının üzən heyəti nəzərdə tutulmuşdur. Məhkəmə qərarlarından göründüyü kimi, müvafiq məhkəmə kollegiyaları tərəfindən Qanunun 9.8-ci - “Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir”, maddəsi əsas götürülərək “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq mübahisələndirilmişdir. Belə ki, qeyd olunan qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Həmin dəyişikliyə kimi “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndində kişilər azı 20 il iş stajı olduqda, bu müdddətin azı 10 ilini həmin işlərdə (1 №-li Siyahı üzrə nəzərdə tutulmuş) çalışdıqları halda 50 yaşına çatdıqda güzəştli şərtlərlə yaşa görə pensiya hüququ qazanırdılar. Lakin xx.xx.1954-cü il təvəllüdlü vətəndaşın xx.xx.1997-ci il tarixində 42 yaşı var idi və həmin tarixdə vətəndaşın pensiya hüququ yaranmırdı. Eyni zamanda, 1997-2000- ci il tarixləri ərzində yaş həddinin artırılması ilə kişilərin pensiya yaşı 52 yaşına çatdırılmış, vətəndaş isə 2000-ci ilin birinci yarısının sonuna 45 yaşına çatmışdır. Pensiyanın təyin edilməsi barədə məhkəmə qərarlarının rəsmiləşdirildiyi 2016-cı il tarixinin dekabr ayınadək İddiaçı 7 il əvvəl, yəni 2009-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdırsa, onun pensiya təyinatı üçün aidiyyəti qurumlara müraciət etməməsi və ya hansısa səbəblərdən güzəştli şərtlərlə pensiya təyin edilməməsi 55 yaşdan güzəştli şərtlərlə pensiya hüququnun yaranmaması, müvafiq qanunvericiliyin tələblərinə zidd olması kimi səciyyələndirmək olar. Göstərilənlər təsdiq edir ki, məhkəmə baxışı formal olaraq keçirilmiş, məhkəmə qərarının tərtibi və rəsmiləşdirilməsi zamanı şablon mətnlərdən istifadə edilmiş, məhkəmə predmeti ötən dövrlərdən təyin edilməklə və yenidən hesablanmaqla vətəndaşa təyin edilmiş əmək pensiyasının aylıq miqdarının yüksək məbləğə çatdırılması və ötən dövrlərdən yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin qoyulması olmuşdur. Məhkəmə qərarları əsas götürülməklə şöbə tərəfindən xx.xx.2009-cu il tarixindən xx.xx.2017-ci il tarixədək olan dövr üzrə 23312,64 manat ötən dövrlər üçün fərq məbləği hesablanmışdır. Həmin fərq məbləğinin 5000,0 manatı xx.xx.2017-ci, 5000,0 manatı xx.xx.2017-ci, 5000,0 manatı xx.xx.2017-ci, 5000,0 manatı xx.xx.2017-ci, 3312,64 manatı xx.xx.2017-ci il tarixlərində olmaqla vətəndaşın plastik kart hesabına köçürülmüş və nağdlaşdırılmışdır. 424,54 manatla müəyyən edilmiş pensiyanın aylıq məbləğinin ödənişi xx.xx.2017-ci il tarixinədək aparılmışdır. 2016-cı il tarixində aparılmış ilk təyinat və məhkəmə qərarlarına əsasən xx.xx.2009-cu il tarixindən yenidən hesablanmaqla ödənişin başlanıldığı tarixindən dayandırıldığı xx.xx.2020-ci il tarixinədək vətəndaşın plastik kart hesabına köçürülmüş cəmi vəsait 59988,39 manat təşkil etmişdir. Ehtimal olunur ki, pensiya təyin edilməsindən, pensiyasının aylıq məbləğinin yüksək məbləğə çatdırılmasından və ötən dövrlərə görə hesablanmış fərq məbləğinin birdəfəlik pensiya plastik kartına köçürülməsindən vətəndaş məlumatlı olmamış, habelə pensiya alınması üçün istifadə olunan plastik kart müəyyən müddət ərzində İddiaçı özündə olmamış, həmin plastik kart hesabına köçürülmüş külli miqdarda pul vəsaiti bu işdə maraqlı olmuş şəxslər tərəfindən mənimsənilmişdir. Qüvvədə olan qanunvericiliyə əsasən vətəndaşın pensiyası xx.xx.2009-cu il tarixindən və 2004-2005-ci illərin (son 24 ayın) və ya xx.xx.2006-cı il tarixədək ardıcıl gələn 60 ayın əməkhaqqına əsasən hesablana bilməz. Qanunvericiliyə müvafiq olaraq xx.xx.1954-cü il təvəllüdlü İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 57 yaşından xx.xx.2011-ci il tarixindən müəyyən edilmişdir. Eyni zamanda, yazılı müraciəti nəzərə alınmaqla Qanunun 37-ci maddəsinin şərtlərinə görə fərdi hesabında toplanmış 6 illik pensiya kapitalı əsasında xx.xx.2017-ci il tarixindən işdən azad edilməklə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyindən xx.xx.2018ci il tarixindən vətəndaşın pensiyasının aylıq məbləği yenidən hesablanmalıdır. xx.xx.2020-ci il tarixi vəziyyətinə vətəndaşın pensiyasının aylıq məbləğinin 615,26 manata qarşı 953,21 manatla (337,95 manat artıq fərqlə və ya 1,5 dəfə çox) təyin olunmasına nail olunmuşdur. Qeyd olunan hesablamalar və dəqiqləşdirmələr nəzərə alınmaqla xx.xx.2011ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə İddiaçı qanunvericiliklə cəmi ödənilməli pensiya məbləği 35039,29 manat təşkil edəcəkdir. Beləliklə, xx.xx.2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olmadığı halda məhkəmə qərarları nəzərə alınmaqla orta aylıq əməkhaqqı əsasında Fondun keçmiş Bakı şəhəri Suraxanı rayon şöbəsinin müvafiq sərəncamları ilə İddiaçı aylıq əmək pensiyasının yüksək məbləğə çatdırılmasına və xx.xx.2020-ci il tarixədək ödənilməsinə nail olunması nəticəsində plastik kart hesabına köçürülmüş və nağdlaşdırılmış cəmi əsassız məbləğ 24949,10 manat (59988,39 - 35039,29) təşkil etmişdir. Eyni zamanda, araşdırma nəticəsində adıçəkilən şəxsə qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. Həmin orqandan Nazirliyə daxil olmuş xx.xx.2022-ci il tarixli 02/2-275mat-22/5291 nömrəli məktubda sözügedən iş üzrə cinayət işinin başlanmasına dair qərar qəbul olunduğu bildirilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Yuxarıda qeyd olunanlara əsasən, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(82)-1822/2016 nömrəli qərarına yeni açılmış hallar üzrə yenidən baxılması zərurəti yaranmışdır. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin 29 may 2024-cü il tarixli 2-1 (82)-1822/2016 nömrəli qərardadı əsassız və qanunazidd olduğundan ləğv edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, inzibati məhkəmə icraatının iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. 101-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır. 103.1-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. 103.2-ci maddəsinə əsasən mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. 103.3-cü maddəsinə əsasən bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Məhkəmə kollegiyası qeyd edir ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi yalnız müəyyən zaman çərçivəsində mümkündür. Belə ki, yuxarıda istinad olunan normalardan da göründüyü kimi, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi üçün qanunverici tərəfindən müəyyən müddət məhdudiyyəti nəzərdə tutulmuşdur. Ərizədən və iş materiallarından görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(82)-1822/2016 saylı qərarı ilə iddia təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 2038/2016 saylı 08 sentyabr 2016-cı il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 1822/2016 saylı 06 iyun 2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1243/2016 saylı 28 dekabr 2016-cı il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2038/2016 saylı 08 sentyabr 2016-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(82)-1822/2016 saylı qərarı qanuni qüvvəsini aldıqdan sonra xx.xx.2017-ci il tarixli məktubla icra edilməsi üçün cavabdeh inzibati orqana göndərilmiş və cavabdeh tərəfindən icra edilmişdir. Lakin sonradan iddiaçıya təyin edilmiş pensiya ödənişi dayandırılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizədə göstərilən hallar 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarını əldə etdiyi və ya ən geci icra etməyə başladığı vaxtdan cavabdehə məlum idi. Cavabdeh həmin qərarı rəsmi qaydada əldə etmiş və icra etmişdir. Həmin tarixdən isə 7 ildən artıq müddət keçmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 103-cü maddəsinin tələblərindən də göründüyü kimi, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər (İPM-nin 103.2-ci maddəsinin tələbinə əsasən isə mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər) və bu müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Beləliklə, cavabdeh yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizədə istinad etdiyi halların ona məlum olduğu gündən qanunvericiliklə müəyyən edilmiş müddəti buraxmaqla vermişdir. Həmin müddətin bərpasını isə İPM-in 103.3-cü maddəsi istisna edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, ərizənin mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olub, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94, 100, 103-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1822/2016 nömrəli, 29 may 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3286/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3286/2024
02.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver