Məhkəmə qərarları › İş №2-1(103)-3288/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3288/2025

27.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3288/2025 27.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair işi üzrə Açar sözlər: (müharibə veteranı adının və vəsiqəsinin verilməsi) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X6 və X4 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 13 may 2025-ci il tarixli, 2-1(112)-7982/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan xx.xx.2025-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. İmtinanın əsası kimi qeyd olunmuşdur ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2025-ci il tarixli iclasında baxılmış və müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024cü il tarixli 1882 nömrəli arayışına əsasən döyüş əməliyyatları aparılan dövrdə xidmət barədə məlumat olmadığına görə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. Birinci instansiya məhkəməsində icraat İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1974-cü ildə Ağdam rayonu, Şıxlar kəndində anadan olmuş və 20 ildən artıqdır ki, ailə üzvləri ilə birlikdə məcburi köçkün kimi yuxarıda göstərilən ünvanda yaşayırdır. İddiaçı X5ndə iştirak etmiş, erməni işğalçıları tərəfindən Azərbaycan Respublikasına qarşı müharibə başlayarkən iddiaçı da bir Azərbaycan vətəndaşı olaraq Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparmaq üçün Azərbaycan Ordu Sıralarına daxil olaraq aktiv döyüş əməliyyatlarında iştirak etmişdir. Belə ki, 1991-1993-cü illərdə Ağdamın erməni işğalçılardan müdafiəsində iştirak etmişdir. Həmçinin xx.xx.1992-ci il tarixində N nömrəli hərbi hissədə, xx.xx.1994-cu il tarixində N nömrəli hərbi hissə komandirinin N nömrəli əmri ilə N nömrəli hərbi hissədən N nömrəli hərbi hissəyə təyin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin N nömrəli əmri ilə xx.xx.1995-ci il tarixində döyüşdə ağır yaralanmağım səbəbindən hərbi hissədən çıxarılmışdır. İddiaçının yaralanmağı ilə bağlı iddia ərizəsinə əlavə olunmuş Ağdam Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilən çıxarış da bu faktı sübut edir. Həmçinin, xx.xx.2019-cu il tarixli NZ-6540546 saylı itmiş hərbi biletin əvəzinə verilmiş ******* nömrəli hərbi biletin olması ilə də iddiaçının hərbi xidmətdə olmağı sübut olunur. Lakin tərxis olunduğu vaxtdan bu günə qədər iddiaçıya hələ də Veteran vəsiqəsi verilməmişdir. İddiaçı tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müharibə veteranı statusu və vəsiqəsinin verilməsi barədə ərizə ilə müraciət olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2025-ci il tarixli, 3-25-14/2-M-5xxxx/2025 nömrəli cavab məktubunda Azərbyacan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli 1882 nömrəli arayışına əsasən işin hallarını səthi araşdıraraq döyüş əməliyyatları aparılan dövrdə xidmətim barədə məlumat olmamasına istinad edərək imtina cavabı vermişdir. İddiaçı hesab edir ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərin surətlərindən birmənalı olaraq sübut olunur ki, iddiaçı X5 iştirakçısı olmuş və Müdafiə Nazirliyinin verdiyi imtina cavabı əsassızdır. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı xidmət etdiyi müddətdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş və ordu sıralarında qanuni əsaslarla tərxis olunmuşdur. Lakin cavabdeh iddiaçıya veteran statusu və vəsiqəsi verilməsi barədə inzibati aktın qəbul edilməsini istisna edən heç bir fakt olmadığı halda həmin inzibati aktı qəbul etməkdən imtina etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, Komissiyanın xx.xx.2025-ci il tarixli M-5xx-xx/2025 nömrəli məktubunda qeyd olunmuşdur ki, Mərkəzi Arxivin xx.xx.2024-cü il tarixli 1882 nömrəli arayışına əsasən döyüş əməliyyatları aparılan dövrdə xidməti barədə məlumat olmadığından, ona “Müharibə veteram” adının verilməsindən imtina olunmuşdur. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən: “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən- “1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin hərbi qulluqçulara xx.xx.1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlədən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “müharibə veteranı” adı verilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin 13 may 2025-ci il tarixli, 2-1(112)-7982/2025 nömrəli qərarı ilə (hakim G.A.Sevdimalıyeva) iddia tələbi təmin edilərək, İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh inzibati orqan birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 13 may 2025-ci il tarixli, 2-1(112)- 7982/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin nümayəndəsi apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə tərəfindən prosessual və maddi normaların pozulması düzgün olmayan qərarın qəbul edilməsinə ilə nəticələnmişdir. Məhkəmə tərəfindən “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №- li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsinin müddəaları nəzərə alınmadan qərar qəbul edilmişdir. “Müharibə veteranı” adının verilməsi üçün şərt şəxsin döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində hərbi xidmət keçməsidir ki, iddiaçı həmin şərtlərə uyğun gəlmir. İddiaçının döyüş əməliyyatları aparan hərbi hissə tərkibində hərbi xidmət keçməsi barədə məlumat yoxdur. Məhkəmə qərarından onun hansı hərbi hissədə xidmət keçməsi öz əksini tapmamışdır. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində iddiaçı, onun nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edib şikayətin təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin 13 may 2025-ci il tarixli, 2-1(112)-7982/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən, cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3. Aşağıdakılar müharibə veteranları sayılırlar: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. ... Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. … Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamə

1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; ... Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.

İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İlk növbədə qeyd etmək lazımdır ki, iddiaçının hüquqi marağı ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə yönəlmişdir. Bununla bağlı iddiaçı ilk öncə cavabdehə müraciət etmiş, lakin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli 1882 nömrəli arayışına əsasən döyüş əməliyyatları aparılan dövrdə xidmət barədə məlumat olmadığına görə iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinin qeydinə əsasən, İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunsuz olmuşdur. Cavabdeh tərəfindən verilən apellyasiya şikayətinin əsas dəlili ondan ibarərdir ki, “... “Müharibə veteranı” adının verilməsi üçün şərt şəxsin döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində hərbi xidmət keçməsidir ki, iddiaçı həmin şərtlərə uyğun gəlmir. İddiaçının döyüş əməliyyatları aparan hərbi hissə tərkibində hərbi xidmət keçməsi barədə məlumat yoxdur...”. Məhkəmə tərkibi apellyasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd edir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli Qərarına əsasən Ağdam RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, Qarabağ Hərbi Prokurorluğunun xx.xx.1998-ci il tarixli qərarına əsasən qeydiyyata götürülmüş vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1993-cü ildıə aldığı, xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə kimi Ağdam rayonu mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu travma - diaqnoz: “Q.K.B. travması, baş beynin orta dərəcəli silkələnməssi, asteno-nevrotik sindrom” və 1993-cü ildə aldığı, xx.xx.2016-cı ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri diaqnoz: “Qəlpə yaralanmalarından sonra başın sağ alın nahiyyəsində, sol bazunun orta 1/3-nin ön-iç səthində və sol əlin İİ barmağının arxa səthində çapıq toxumaları, sol əl İİ barmaq proksimal falanqa əsası proyeksiyasında və İ barmaq distal falanqa proyeksiyasında metal qəlpələr” (Azərbaycan Respublikası SHXÇDX-nin Ağdam rayon şöbəsinin xx.xx.2016-cı il tarixli 233 nömrəli göndərişi, xx.xx.2016-cı il tarixli 329 nömrəli və xx.xx.2016-cı il tarixli 486 nömrəli arayışları, Ağdam rayonu mərkəzi xəstəxanas! tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli çıxarış epikrizi, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 canlı şəxsin məhkəmə-tibbi müayinəsinin xx.xx.2016-cı il tarixli 181 nömrəli aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadələri, MN MHHK-nın həkimmütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır’’ (Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008- ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2. bəndinin a) yarımbəndi). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti Müayinə barədə Məlumata əsasən İddiaçı qəlpə yaralanmalarından sonra başın sağ alın nahiyəsində, sol bazunun orta 1/3 ön-iç səthində və sol əlin İİ barmağının arxa səthində çapıq toxumaları, sol əl İİ barmaq proksimal falanqa əsası proyeksiyasında və İ barmaq distal falanqa proyeksiyasında metal qəlpələr. qapalı KBT-dan sonrakı qalıq əlamətləri. Vegetativ (avtonom) sinir sisteminin pozğunluqları. Hipertenzion sindrom tez-tez vegetativ damar krizləri ilə. Kəskin ifadə olunmuş asteno-nevrotik sindrom diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xx.xx.2016-cı il tarixdə 5 il müddətinə ilkin ikinci dərəcə əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 sentyabr 1994-cü il tarixli 154 nömrəli qərar ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında” Əsasnamədə qeyd edilmişdir ki, hərbi həkim komissiyasının rəyində yaralanmalar və xəstəliklərin səbəb əlaqəsi haqqında rəydə müxtəlif ifadələr işlədilir. Həmin ifadələrdən biri də məhz «Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır» ifadəsidir. “Hərbi həkim ekspertizası haqqında” Əsasnamədən də göründüyü kimi «Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır» anlayışı xəsarətin bilavasitə Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən alındığını təsdiq edən dəlillərdən biridir. Nəzərə almaq lazımdır ki, qanunvericilikdə istifadə edilmiş “əlilliyi müəyyən edilmiş şəxslər” ifadəsi onu nəzərdə tutur ki, müharibə veteranı statusu əldə edə bilmək üçün mütləq əlillik təyinatına dair qərarın qüvvədə olması şərti tələb olunmur, şəxsə daha əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatının aparılmış olması yetərlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi, hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2580/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarında da oxşar hüquqi mövqedən yanaşılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 787/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, “...iddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs olduğundan, hərbi hissədən qanunla müəyyən edilmiş qaydada tərxis olunmasa belə, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin qeydinə əsasən ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunsuz olmuşdur”. Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-1123/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarında göstərilmişdir ki, “...veteran ad və statusunun verilməsinə dair iddianın təmini barədə gəlinən nəticə təsdiq olunarkən imtina dəlillərinin əsassız sayılması əsaslarından biri kimi qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hərbi-həkim ekspertizasını və tibbi şəhadətləndirilməni keçirmək, vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini təyin etmək üçün yaradılmış səlahiyyətli orqanın qərarına əsaslanmışdır. İddiaçının aldığı xəsarətin səbəb əlaqəsini müəyyən edən xx.xx.2020-ci il tarixli N787 saylı şəhadətnamə qüvvədədir və ləğv edilməmişdir”. Hazırkı iş üzrə apelyasiya baxışı zamanı bir daha Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına sorğu verilmiş, həmin sorğuya alınan xx.xx.2025-ci il tarixli cavabda İddiaçı barəsində olan Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli, 515 nömrəli qərarı və həmin qərarın verilməsinə əsas olmuş sənədlər təqdim edilmişdir. Qeyd olunan qərarın qüvvədən düşməsi və ya ləğv olunması ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.

Nəticəvi hissə

Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı İnzibati Məhkəməsinin 13 may 2025-ci il tarixli 2-1(112)-7982/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar