Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3289/2024 29.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi vəkil X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “üçüncü dərəcəli əlilliyin etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5174/2022 saylı xx.xx.2024cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5174/2022 nörməli, xx.xx.2022-ci il tarixli qərarı ilə, iddia təmin edilərək, İddiaçı xx.xx.2018-ci il tarixdə təyin edilmiş üçüncü dərəcəli əlilliyin etibarsız hesab olunduğu xx.xx.2018-ci il tarixdən bərpa olunması vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-2710/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5174/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati kollegiyasının 2-1(102)- 540/2023, xx.xx.2023-cü il tarixli qərarı ilə, cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının -1(103)-2710/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə də Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5174/2022 nörməli, xx.xx.2022-ci il tarixli qərarı qərar qanuni qüvvəsini almış və məhkəmənin xx.xx.2023-cü il tarixli məktubu ilə icra edilməsi üçün cavabdehə göndərilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubu ilə məhkəməyə bildirmişdir ki, Bakı inzibati Məhkəməsinin qanuni qüvvəsini almış 2-1(112)-5174/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı icra edilmiş, İddiaçı xx.xx.2018-ci il tarixdə müddətsiz təyin edilmiş üçüncü dərəcəli əlillik xx.xx.2018-ci il tarixdən bərpa olunmuşdur (İ.v.134-135) Lakin iddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəmə müraciət edərək sözügedən qərarın düzgün icra edilmədiyini bildirərək cavabdehin cərimə edilməsini xahiş etmişdir. Ərizə aşağıdakılarla əsaslandırılmışdır: “... Ləğv edilmənin əsası kimi isə onun heç bir məlumatı olmamış, xx.xx.2023-cü il tarixində keçirilmiş əyani yoxlamada iştirak etməmişdir.Yoxlama barədə hər hansı bir məlumatı olmamışdır. Həmin məlumat ona rəsmi qaydada təqdim edilsə idi, iştirakı təmin edilərdi. Cavabdeh tərəfindən hər hansı bir əsas olmadan, boş səbəblərdən onun əlilliyi ləğv edilmiş, həmçinin, cavabdeh orqan Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qəbul edilmiş qərarın icrasını qərəzli şəkildə icra etməkdən boyun qaçırır. Halbuki, məkhəmə qərarlarına nəzər yetirdikdə müəyyən etmək mümkün olur ki, ona İİİ qrup əlillik miiddətsiz olaraq təyin edilmişdir. Bu səbəbdən cavabdeh orqanın bu kimi hərəkətləri qanunsuzdur...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5174/2022 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə cərimənin təyin edilməsindən imtina olunmuşdur. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və məhkəmə qərarının icra edilməməsinə görə cərimənin tətbiq edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Cavabdeh orqan tərəfindən bu kimi hallar nəzərə alınmamış və Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qəbul edilmiş qərar qəsdən icra edilməmişdir. Məhkəmə üzərinə düşən vəzifələri icra etməmiş, iş materiallarında olan sübutları düzgün qiymətləndirməmiş, mötəbər hesab etdiyi sübutları qiymətləndirməyərək, sadəcə iddiaçının təqdim etdiyi dəlilləri təsdiq edən sübutların olub olmadığını müəyyən etmədən, vəzifəsi olaraq sübutların yoxlanılması üzrə tədbirlər görmədən cavabdehin izahatlarını mötəbər hesab etmişdir. İddiaçının etirazı üzrə dəlillərini isə qiymətləndirməmiş və həmin dəlillərin nəzərə alınıbalınmadığı isə qəbul etdiyi qərardan bəlli deyildir. Bu isə tərəfin məhkəmə qərarının şübhə doğurmaması hüququnu ciddi şəkildə pozmuşdur. Birmənalı olaraq maddi və prosessual hüquq normalarının pozulması apelyasiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsasdır. Prosessual hüquq normalarının tətbiq edilməməsi nəticə etibarı ilə milli qanunvericiliyin yuxanda qeyd olunan normalarının və beynəlxalq hüquqi sənədləri tələblərinin kobud şəkildə pozulması ilə müşaiyət olunmuşdur...” Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi V.Piriyev apellyasiya şikaytini müdafiə edərək təmin olunmasını, cavabdehin nümayəndəsi S.Nəsibov isə Agentlik tərəfindən yeni qəbul olunmuş qərarla iddiaçının əlilliyinin ləğv edildiyini və iddiaçı tərəfindən həmin qərarın birinci instansiya məhkəməsində mübahisələndirildiyini bildirərək, birinci instansiya məhkəməsinin qərardadını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı ləğv edilməli, iş materialları iddiaçının ərizəsinə baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İPM-in 78-ci maddəsinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Həmin Məcəllənin 117.1.1-ci maddəsinə əsasən icra qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında həyata keçirilir. Həmin Məcəllənin 120-ci maddəsinə görə bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Həmin Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. Prosessual qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, qanuni qüvvəsini almış məhkəmə qərarı proses iştirakçısı, o cümlədən, konkret halda, cavabdeh inzibati orqan üçün məcburidir. Birinci instansiya məhkəməsi qərardadında cərimənin təyin edilməsindən imtina edərkən aşağıdakıları qeyd etmişdir: “...Məhkəmə qərarlarına nəzər yetirdikdə məlum olur ki, iddianın təmin edilməsinin əsası qismində iddiaçının əyani müayinəyə cəlb edilmədən cavabdehin əlilliyi “Əlilliyin Qiymətləndirilməsi altsistemində” etibarsız hesab etməsi olmuşdur. Qərar icra edildikdən, yəni əlillik bərpa edildikdən sonra cavabdehin iddiaçını əyani müayinə cəlb etmək, yeni inzibati icraat aparmaq hüququ vardır, iddiaçının isə öz növbəsində həmin icraatının nəticəsini mübahisələndirmək, yəni, yeni iddia vermək hüququ vardır. Cavabdeh tərəfindən prosessual pozuntuya yol verilməsi əsası ilə iddianın təmin edilməsi, cavabdehin həmin məsələ ilə əlaqədar yeni icraat aparmasının qarşısını almır...” Lakin bu zaman birinci instansiya məhkəməsi, cavabdeh tərəfindən inzibati icraat qaydalarına uyğun hərəkət etməsi yoxlanılmamış, bununla bağlı demək olar ki, heç bir araşdırma aparmamışdır. İş materiallarından təkcə görünən odur ki, cavabdeh orqan iddiaçya ünvanladığı xx.xx.2014-cü il tarixli yeganə bildirişində onun əyani müayinəyə dəvət olunduğunu bildirərək, gəlmədiyi təqdirdə onun iştirakı olmadan barəsində müvafiq inzibati akt qəbul ediləcəyini bildirmişdir. Məhkəmə kollegiyası birincisi onu qeyd edir ki, həmin bildirişin göndərilməsi barədə qəbz işə əlavə olunsa da, iddiaçının özünə təqdim olunmasına dair sənəd-sübut mövcud deyil. Belə ki, iş materillarına əsasən iddiaçının ünvanı ünvan 1 Nəsimi rayonu, ünvan 2 ünvanına göndərilmiş və kimliyi, o cümlədən iddiaçının nümayəndəsi olub-olmadığı bilinməyən şəxsə verilmişdir. İddiaçı isə isralıdır ki, bu barədə ona hər hansı bir məlumat verilməmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 51-ci maddəsinin tələblərinə əsasən: 51.1. İnzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. 51.2. Bu Qanunun 51.1-ci maddəsində göstərilən şəxslərə müvafiq məlumatın çatdırılması məqsədilə inzibati orqan müxtəlif rabitə vasitələrindən istifadə edə bilər. 51.3. Bildiriş inzibati icraatda iştirak edən şəxs tərəfindən göstərilən ünvana göndərilir. 51.4. Bildiriş işdə iştirak edən şəxsə və ya onun nümayəndəsinə, habelə vətəndaşın onunla birgə yaşayan yaxın qohumlarına verilir. 51.5. İnzibati icraatla bağlı iclasa vaxtında gəlmək və iş üzrə hazırlaşmaq üçün işdə iştirak edən şəxslərin sərəncamında kifayət qədər vaxt olmalıdır. İkincisi, iddiaçıya TSEK-in xx.xx.2018-ci il tarixli müayinə aktı ilə müddətsiz əlillik təyin edildiyi halda, adıçəkilən bildirişdə onun yenidən müayinəyə dəvət olunduğu görünür ki, bu da əlilliyin müddətsiz təyinatına və hüquqi müəyyənlik prinsipinə ziddir. Yəni, əgər cavabdeh iddiaçının etimad etdiyi əlverişli inzibati aktın ləğv edilməsi və ya etibarsızlıq məsələsini həll etməkdə niyyətlidirsə, məhz, bu barədə də ona məlumat verməklə, həm də onun iştirakını təmin etməklə, “İnzibati icraat haqqında” Qanunun 28, 36, 65 və 67-ci maddələrinin tələbləri çərçivəsində inzibati icraatı təşkil etmək və nəticəsi barədə həmin Qanunun 61-ci maddəsinə uyğun yeni akt qəbul etmək onun xidməti vəzifəsidir. Üçüncüsü, iddiaçının apellyasiya şikayətinə etirazından hətta aydın olur ki, iddiaçı barəsində onun iştirakı olmadan, inzibati icraat başlanılmış və tibbi göndəriş artıq etibarsız da hesab edilərək onun əlillik statusu qüvvədən düşmüş və iddiaçı həmin qərarv Bakı İnzibati Məhkəməsində mübahisələndirmiş və məhkəmədə 2-1(112)-7914/2024 saylı inzibati məhkəmə icraatı başlanılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən isə cavabdehin qeyd olunan qərarı və həmin qərarın qəbul edilməsi ilə bağlı sənədlər məhkəmə araşdırmasının obyektini təşkil etməmişdir. Dördüncüsü, iddiaçı barəsində tibbi göndərişin etibarsız hesab edilməsi yeni qərarının məhkəmə qaydasında mübahisələndirilsə belə, həmin akt üzrə yenu məhkəmə aktı qəbul olunandək qanuni qüvvəsini almış məhkəmə qərarı ilə öz bərpasını tapmış xx.xx.2018-ci il tarixli ilkin əlverişli aktın icrasının dayandırılması üçün səbəb ola bilməz. Çünki, “İnzibati icraat haqqında” Qanunun 67.8-ci maddəsinin tələbinə görə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayəti ilə, məhkəmənin sübutların yoxlanılması üzrə tədbirlər görmədiyini, cavabdehin izahatlarını mötəbər hesab edərək, prosessual hüquq normalarının tələblərinin pozulması ilə qərard çıxarıldığını mübahisələndirən dəlilləri hissəsində, qismən razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin olunmalı və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5174/2022 saylı xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməli və iş, iddiaçının ərizəsinə İPM-in 120-ci maddəsinin tələbləri qaydasında, yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89 və 90-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5174/2022 saylı xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin. İş mateialları iddiaçının ərizəsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-3289/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3289/2024
29.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver