Məhkəmə qərarları › İş №2-1(103)-329/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-329/2023

26.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-329/2023 26.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati mübahisə üzrə QƏRAR (Açar sözlər: “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə pensiyanın təyin edilməsi» tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2634/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan 25 illlik ümumi və 12 il 6 aydan çox güzəştli olan əmək stajı olduğu faktını nəzərə alınaraq, pensiya hüququnun yarandığı gündən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi xx.xx.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə daxil olmuş və həmin tarixdən icraata qəbul edilmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixli məhkəmə iclasında cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi qərara alınmışdır. İddiaçının “İddiaçı 52 yaşı tamam olduğu gündən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi xx.xx.2022-ci il tarixli məhkəmə iclasında icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1963-cü ildə Neftçala rayonunda anadan olmuşdur. 1982-ci ildən 2002-ci ilə kimi Mayesiz Tronsfarmatorlar zavodunda (zərərli sexdə) işləmişdir. 1981-ci ildə X2 təhsili almış, (kənd təsərrüatının mühasib) işlədiyi müddət ərzində heç bir vəzifə səhlənkarlığına yol verməmiş, verilən tapşırıqların öhdəsindən layiqincə gələrək rəhbərliyin və kollektivin dərin hörmət və rəğbətini qazanmışdır. Hal-hazırda pensiya almır. Belə ki, zərərli sexdə uzun illər işlədiyi üçün güzəştli şərtlərlə ona pensiya təyin olunması üçün cavabdeh orqana rəsmi müraciət etmişdir. İddiaçıya pensiya təyin olunması ilə əlaqədar olaraq cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi müraciət etmişdir. Cavabbdeh qurum xx.xx.2020-ci il tarixli məktubla bundan əsassız olaraq imtina etmişdir. Bildirir ki, hazırda 58 yaşı var və 21 il ümumi iş stajı var. Göründüyü kimi cavabdeh qurum əsassız olaraq ona pensiya təyin etməkdən imtina etmişdir. Bu səbəbdən, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2634/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı (hakim Elvin Əliyev) ilə iddia tələbi təmin edilmiş, İddiaçı 52 yaşı tamam olduğu gündən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Apellyasiya şikayəti və onun dəlilləri: Cavabdeh apellyasiya şikayəti verərək məhkəmənin həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehin apellyasiya şikayətinin birinci dəlili iddiaçının xx.xx.2001-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində haqqı ödənilməyən ödənişsiz məzuniyyətdə olması, bu səbəbdən onun ümumi iş stajının 1 yanvar 2006-cı il tarixinədək 20 ildən az (19 il 1 ay 26 gün) təşkil etməsidir. Apellyasiya şikayətinin digər dəlili iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsidir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 38200,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 14596,06 manat təşkil edir. Halbuki məhkəmə bu məsələyə münasibət bildirməmişdir. Bu səbəbdən, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Ə.Bağırlı apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: İnzibati iş materiallarında olan: xx.xx.1963-cü il təvəllüdlü İddiaçı AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti. İddiaçı iş stajını təsdiq edən ИT-İ ******* №-li əmək kitabçasının notarial qaydada tərcümə və təsdiq edilmiş surəti. İddiaçı 755499 nömrəli Diplomun notarial qaydada tərcümə və təsdiq edilmiş surəti. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2020-ci il tarixli **********6 nömrəli imtina məktubu. "xxxx" ASC-nin məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi xx.xx.2022-ci il tarixli 1/09 nömrəli Arayışı. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci dəlili yəni, iddiaçının xx.xx.2001-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində haqqı ödənilməyən ödənişsiz məzuniyyətdə olması, bu səbəbdən onun ümumi iş stajının 1 yanvar 2006-cı il tarixinədək 20 ildən az (19 il 1 ay 26 gün) təşkil etməsi barədə aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan öz imtina məktubunu və iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçı “xx.xx.2001-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində haqqı ödənilməyən ödənişsiz məzuniyyətdə olmuşdur”. İddiaçının onun təqsiri üzündən ödənişsiz məzuniyyətdə olması iş materialları ilə öz təsdiqini tapmadığından, həmin dövrə təsadüf edən müddətin iddiaçının arzusu ilə onun iş stajına daxil edilə bilər. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 149.2-ci maddəsinə əsasən işəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir. Həmin Məcəllənin 169.1-ci maddəsinə əsasən boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 71-ci maddəsinə əsasən pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır, pensiya üçün müraciət edənin arzusuna əsasən aşağıdakılar həmin aylardan çıxılır: növbəti məzuniyyətlərə, o cümlədən tam olmayan, eləcə də ödənişsiz məzuniyyətlərə təsadüf edən aylar. Yuxarıda qeyd edilən normaların məzmunundan da aydın olur ki, işçinin təqsiri olmadan ödənişsiz məzuniyyətə göndərilməsi boşdayanma hesab olunur və həmin vaxtlarda onun əmək haqqısı ödənilir. Əmək haqqı ödənildiyi halda müvafiq olaraq məcburi sosial sığorta ödəmələri də həyata keçirilir. Həmçinin işçinin pensiya məbləği hesablanarkən götürülən müvafiq dövrlərdə ödənişsiz məzuniyyətdə olduğu vaxt onun arzusu ilə həmin dövrlərdən çıxılması onu göstərir ki, həmin dövrlər sığorta stajına hesablanır. Yəni işçinin öz arzusu ilə pensiya məbləği hesablanarkən müvafiq dövrlər ödənişsiz məzuniyyətdə olduğu vaxt nəzərə alına bilər. Həmçinin, Kollegiya qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqanın mübahisələndirdiyi xx.xx.2001-xx.xx.2002-ci il tarixləri arasındakı dövr, yəni 1 il 2 gün nəzərə alınmasa da belə, iddiaçının təhsil dövrü də nəzərə alınmaqla 20 ildən artıq (20 il 18 gün) ümumi iş stajı mövcud olmuş olur. Beləliklə, iddiaçının əmək kitabçasında qeyd edilən iş stajı, təhsil dövrü, həmçinin iddiaçının təqsiri olmadan ödənişsiz məzuniyyətdə olduğu dövr də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 20 ildən artıq ümumi iş stajı mövcuddur. Apellyasiya şikayətinin digər dəlili yəni, iddiaçının fərdi hesabının sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi barədə dəlili üzrə, Kollegiya bildirir ki, həqiqətən də pensiya qanunvericiliyində vətəndaşın fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması şərti mövcuddur, lakin bu şərt yalnız o zaman tətbiq olunur ki, vətəndaş nəzərdə tutulmuş ümumi sığorta stajını toplamamış olsun. İddiaçının sığorta stajının müəyyən edilməsi istiqamətində aparılmış araşdırma zamanı isə məlum olmuşdur ki, iddiaçı 20 ildən çox sığorta stajına malikdir ki, bu hal onun yaşa görə əmək pensiyasının təyin olunması üçün kifayət edir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Qeyd olunan Qanuna əsasən Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321- İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Məhkəmə hesab edir ki, pensiya hüququ bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənsə də, təhsil müddətinin əmək stajına daxil edilməsi məsələsi təhsil aldığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “ğ” yarımbəndinə əsasən iş stajına bunlardan başqa ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti də daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Beləliklə, İddiaçı 20 ildən artıq ümumi iş stajına, o cümlədən 10 ildən artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanması barədə rayon məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Nəticə: Qeyd edilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsi və iddiaçıya 52 yaşı tamam olduğu gündən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması işin sübutlarla müəyyən edilən hallarına, maddi və inzibati icraat haqqında hüquq normalarına uyğun olmuşdur. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2634/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2634/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar