Məhkəmə qərarları › İş №2-1(103)-329/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-329/2024

15.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-329/2024 15.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil Edar oğlunun, cavabdeh Dövlət Sərhəd Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “nəqliyyat vasitəsinin qaytarılması və ya dəyərinin ödənilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-437/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı öhdəliyin icrası haqqında iddia (İPM.m.34.1) ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Mitsubişi L200 minik markalı pikap tipli 99PE232 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi istismara yararlı vəziyyətdə mülkiyyətçisi İddiaçı MMC-yə qaytarılması, bu mümkün olmadıqda onun dəyəri MMC-yə ödənilməsi, həmin nəqliyyat vasitəsindən istifadə edə bilmədiyi dövrə görə vurulan zərərin əvəzinin ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...Təşkilata məxsus Mitsubişi L200 minik markalı nəqliyyat vasitəsi hərbi vəziyyət dövründə səfərbərliyə cəlb edilmiş, hərbi vəziyyət bitdikdən 9 aydan çox keçməsinə baxmayaraq nə qaytarılmış, nə də bazar dəyərinə uyğun kompensasiya verilmişdir. 2021ci ilin may ayında məsələ ilə bağlı cavabdehə müraciət etmiş, cavabında ona bildirilmişdir ki, onlara təhvil barədə məlumat veriləcək. Bir neçə ay gözləsə də nəticə olmamış, məhkəməyə müraciət etmişdir. AR Səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanununa istinadən iddiaçı hesab edir ki, iddia tələbi təmin olunmalıdır...” Bakı İnzibati Məhkəməsinin 15 aprel 2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(112)-2632/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə birinci instansiya Məhkəməsinin həmin qərardadı ləğv edilərək iş zəruri prosessual hərəkətlərin həyata keçirilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. İşə Bakı İnzibati Məhkəməsində iş üzrə prosessual hərəkətlər davam etdirilərəkən məhkəmənin 05 dekabr 2022-ci il tarixli qərardadı ilə Dövlət Sərhəd Xidməti üçüncü şəxs qismində cəlb edilmişdir. Daha sonra, məhkəmənin xx.xx.2023-cü il tarixli digər bir qərardadı ilə isə iddiaçının ərizəsi nəzərə alınmaqla, üçüncü şəxs qismində AR Dövlət Sərhəd Xidmətinin prosessual iştirakçılığına xitam verilmiş və ikinci bir cavabdeh qismində tanınmışdır. Bundan sonra, işə mahiyyəti üzrə baxılaraq Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 437/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Məhkəmə qərarında qeyd edir ki “Lakin, işin məhkəmə tərəfindən həmin müəyyən edilmiş halı adıçəkilən cavabdehləri avtonəqliyyat vasitəsinin qaytarılmasında və ya pulunun ödənilməsində səlahiyyətli inzibati orqan kimi müəyyən etmir, o cümlədən həmin nəqliyyat vasitəsinin iddiaçıdan cavabdehlərdən biri tərəfindən təhvil alınıb digər cavabdehə verilməsi həmin cavabdehlər üzərində hər hansı öhdəlik də müəyyən etmir.” Məhkəmə nəzərə almamışdır ki, iş üzrə qüvvədə olan, Bakı Apellyasiya Məhkəməsinin 12 oktyabr 2022 – ci il tarixli qərardadında da qeyd edilmişdir ki, iddia təkcə zərərin məbləğinin təyin edilib ödənilməsindən yox, həmçinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin götürdüyü nəqliyyat vasitəsinin iddiaçı-mülkiyyətçiyə qaytarılmasından ibarət olmuşdur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin cavab məktublarından (onlar iş materiallarında vardır) mübahisəsiz təsdiq edilir ki, iddiçıya məxsus avtomobil səfərbərlik üçün götürülmüşdür, sadəcə həmin avtomobilin məhz hansı dövlət orqanında olmasına dair dövlət qurumları arasında ziddiyyətli mövqe vardır ki, bu da iddiaçının problemi deyildir. Məhz buna görə iddiaçı İPM-in 13-cü maddəsinə əsasən ona yardım edilməsini xahiş etsə də, məhkəmə bunu etməmişdir. ...” Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş cavabdeh Dövlət Sərhəd Xidmətinin nümayəndəsi K.Ağalarov Xidəmət tərəfindən müharibə dövründə təhvil verilmiş nəqliyyat vasitələrinin Siyahısını məhkəməyə təqdim etmiş və təhvil alınan nəqliyyat vasitələri sırasında iddiaçıya məxsus avtomaşının mövcud olmadığını bildirərək iddiaçının şikayəti ilə razılaşmamışdır. Məhkəmə kollegiyasının iclası barəd məlumat verilmiş digər proses iştirakıçısı məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən aşağıdakıları qeyd etmişdir. “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanununa əsasən: 11.1. Azərbaycan Respublikasında səfərbərlik zamanı və müharibə dövründə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin və xüsusi birləşmələrin nəqliyyat vasitələri ilə təmin edilməsi məqsədilə hərbi-nəqliyyat vəzifəsi müəyyən edilir. 11.2. Hərbi-nəqliyyat vəzifəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına, yerli özünüidarəetmə orqanlarına, təşkilatlara, o cümlədən gəmi dayanacaqlarına, dəniz və hava limanlarına, dəmiryol stansiyalarına, neft bazalarına, yanacaq doldurub-boşaltma bazalarına, yanacaqdoldurma məntəqələrinə, nəqliyyat vasitələrinin işini təmin (təmir və s.) edən təşkilatlara, habelə nəqliyyat vasitələrinin mülkiyyətçisi olan vətəndaşlara şamil edilir. 11.3. Ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə təşkilatların və vətəndaşların mülkiyyətində olan nəqliyyat vasitələrinin və digər əmlakın verilməsi ilə bağlı vurulmuş zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 27 yanvar tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş Ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə təşkilatların və vətəndaşların mülkiyyətində olan nəqliyyat vasitələrinin və digər əmlakın verilməsi ilə bağlı vurulmuş zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi Qaydası”nıa əsasən:

1. Bu Qayda “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 275 nömrəli Fərmanının 1.17-ci bəndinə və digər normativ hüquqi aktlara əsasən hazırlanmışdır.

2. Təşkilatların və vətəndaşların mülkiyyətində olan nəqliyyat vasitələri və digər əmlak ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsinə cəlb oluna bilər.

3. Ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə təşkilatlar və vətəndaşlar tərəfindən mülkiyyətində olan nəqliyyat vasitələrinin və digər əmlakın verilməsi ilə bağlı onlara vurulmuş zərərin həcmi və məbləği yerli icra hakimiyyətində yaradılan və tərkibində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və digər maraqlı təşkilatların nümayəndələri olan Komissiya tərəfindən təyin edilir...

5. Mülkiyyətində olan nəqliyyat vasitələrinin və digər əmlakın ölkənin müdafiəsinin və dövlət təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar təqdim edilməsi nəticəsində təşkilatlara və vətəndaşlara vurulan zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi üçün növbəti ilin dövlət büdcəsinin layihəsi hazırlanarkən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı əsasında müəyyən edilmiş vəsaitə olan tələbat Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim olunur və dövlət büdcəsinin layihəsində ayrıca sətirlə proqnozlaşdırılır Qeyd olunan normaların tələbindən də göründüyü kimi ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə təşkilatlar və vətəndaşlar tərəfindən mülkiyyətində olan nəqliyyat vasitələrinin təhvil alınmasının mümkünlüyü müəyyən edilmişdir ki, hazırkı işin faktiki halları ilə də öz təsdiqini tapır ki, mübahisəli nəqliyyat vasitəsi iddiaçının mülkiyyətində olmuş cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təhvil alınmış, daha sonra xidməti zərurətlə əlaqədar digər cavabdeh Dövlət Sərhəd Xidmətinin balansına verilmişdir. Lakin, işin məhkəmə tərəfindən həmin müəyyən edilmiş halı adıçəkilən cavabdehləri avtonəqliyyat vasitəsinin qaytarılmasında və ya pulunun ödənilməsində səlahiyyətli inzibati orqan kimi müəyyən etmir, o cümlədən həmin nəqliyyat vasitəsinin iddiaçıdan cavabdehlərdən biri tərəfindən təhvil alınıb digər cavabdehə verilməsi həmin cavabdehlər üzərində hər hansı öhdəlik də müəyyən etmir. Belə ki, yuxarıda qeyd olunan qanunvericilik aktlarının tələbi konkretdir və hazırkı işin faktiki hallarına münasibətdə konkret tənzimləmə müəyyən etmişdir. Belə ki, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə təşkilatlar və vətəndaşlar tərəfindən mülkiyyətində olan nəqliyyat vasitələrinin və digər əmlakın verilməsi ilə bağlı onlara vurulmuş zərərin həcmi və məbləği yerli icra hakimiyyətində yaradılan və tərkibində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və digər maraqlı təşkilatların nümayəndələri olan Komissiya tərəfindən müəyyən ediləcək və ödənilməsi üçün tədbirlər görüləcəkdir ki, bununla bağlı Nazirlər Kabinetinin qərarından da göründüyü kimi həmin Komissiya yaradılmış və ödənişlərin edilməsinə yönələn tədbirlərin həyata keçirilməsinə başlanılmışdır. Göründüyü kimi, zərərin məbləğinin hesablanması və s ilə bağlı səlahiyyətli qurum qismində Komissiya çıxış edir. Komissiyanın tərkibinə hazırkı iş üzrə cavabdehlərin səlahiyyətli şəxslərinin iştirakı həmin cavabdehlərin özünün öhdəlik daşıması anlamına gəlmədiyindən həmin cavabdehlərin hazırkı iş üzrə məbləği ödəməsi və ya nəqliyyat vasitəsinin geri qaytarması istisna edilir. Odur ki, iddia rədd edilməlidir.” Qeyd olunanlardan göründüyü kimi, məhkəmə iddianı mümkün sayıb, işə mahiyyəti üzrə baxsa da hazırkı cavabdehlərin iddiaçının tələbinə cavab verməli olan inzibati orqanlar kimi qiymətləndirməmiş, qanunvericiliyin qeyd olunan tələlərinə istinadən hesab etməmişdir ki, konkret halda mübahisələndirilən məsələni həll etməkdə səlahiyyətli orqan yerli icra hakimiyyətində yaradılan və tərkibində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və digər maraqlı təşkilatların nümayəndələri olan Komissiya olmalıdır. Lakin məhkəmə bu qənaətə gələrkən nəzərə almamışdır ki, konkret halda iddianın predmeti iddiaçı tərəfindən irəli sürələn üç tələbdən ibarətdir:

1. Mitsubişi L200 minik markalı pikap tipli **-PE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi istismara yararlı vəziyyətdə mülkiyyətçisi İddiaçı MMC-yə qaytarılması;

2. bu mümkün olmadıqda nəqliyyat vasitəsinin dəyərinin “Jahangir Logistics MMCyə ödənilməsi;

3. həmin nəqliyyat vasitəsindən istifadə edə bilmədiyi dövrə görə vurulan zərərin əvəzinin ödənilməsi. Diqqət yetirildikdə iddiaçının birinci tələbinin təmin edilməsi onun ikinci tələbini aradan qaldırır. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, iddiaçının birinci tələbi üzrə hərtərəfli araşdırma aparmamış, mübahisəli nəqliyyat vasitəsinin sıradan çıxması barədə sübutetmə vasitələri mövcud olmadığı halda, ona vurulmuş zərərin əvəzinin hesablanıb ödənilməsində hazırkı cavabdehlərin səlahiyyətli qurum qismində görməmiş, hesab etmişdir ki, əsl cavabdeh elə adıçəkilən Komissiyadır. Halbuki, iş materiallarının 33-cü vərəqində olan AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli 389 nömrəli məktubunda bildirilmişdir ki, cəmiyyətin mülkiyyətində olan **-PE-*** dövlət qeydiyyat nişanlı “Mitsubishi L200 markalı nəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdə X5 əməkdaşları tərəfindən götürülərək Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə təhvil verilmiş, Vətən müharibəsi bitdikdən sonra nəqliyyat vasitəsi barədə Xarici Kəşfiyyat Xidmətinə edilmiş sorğuya cavab olaraq, həmin nəqliyyat vasitəsi Xarici Kəşfiyyat Xidməti tərəfindən Dövlət Sərhəd Xidmətinə təhvil verilmişdir. Lakin cavabdeh Dövlət Sərhəd Xidmətininin işə əlavə olunmuş xx.xx.2022-ci il tarixli 9/123 saylı məhkəməyə ünvanladığı məktunda bildirilir ki, mübahisəli nəqliyyat vasitəsi təhvil alınmış vasitələrin siyahısına daxil edilməmiş, Sərhəd Xidməti tərəfindən təhvil alınmamışdır (i.v,34) Hazırkı mərəhələdə Dövlət Sərhəd Xidmətinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş həmin Siyahı tədqiq olunarkən müəyyən olunmuşdur ki, həqiqətən də mübahisəli nəqliyyat vasitəsi təhvil alınan nəqliyyat vasitələri sırasında yoxdur. Birinci instansia məhkəməsi tərəfindən isə qeyd olunan hallar hərtərəfli məhkəmə araşdırmasının obyekti olmamış, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeyd olunan xx.xx.2022-ci il tarixli 389 nömrəli məktubunda X5 tərəfindən “Mitsubishi L200 markalı nəqliyyat vasitəsinin Xarici Kəşfiyyat Xidmətinə, sonuncu tərəfindən Dövlət Sərhəd Xidmətinə təhvil verildiyini bildirən məlumatları təsdiq edən ilkin sənədlər tələb olunub alınmamış, iddiaçıdan nəqliyyat vasitəsini götürən X5 İdarəsini də işə üçüncü şəxs qismində cəlb edərək məsələ kökündən araşdırmamışdır. Başqa sözlə, iddiaçının mübahisəli nəqliyyat vasitəsini ona qaytarılması istiqamətində əhəmiyyət kəsb edən geniş həcmdə sübutlar araşdırılmamış, mülkiyyətində olan mübahisəli nəqliyyət vasitəsini Vətən yolunda təhvil verən naəlac iddiaçıya xidməti vəzifəsindən irəli gələn müvafiq yardım göstərilməmişdir. Halbuki, İPM-in 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Qeyd olunanlardan əlavə, məhkəmənin diqqətinə həmçinin çatdırılır ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti iş üzrə cavabdeh qismində proses iştirakçılığından çıxarılmadığı halda, məhkəmənin qərarının giriş hissəsində cavabdehlər sırasında yer almamış, cavabdeh qismində yalnız Dövlət Sərhəd Xidməti göstərilmişdir. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə birinci instansiya məhkəməsi tərəfindən işin hərtərəfli araşdırlımadan, prosessual qanunvericiliyin tələblərinin pozulması ilə əsassız qərar çıxarıldığını mübahisələndirən hissəsində, qismən razılaşır və yekunda belə qənaətə gəlir ki, onun şikayət qismən təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-437/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli, iş qeyd olunan nöqsanların aradan qaldırılmaqla, məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. İPM-in 87.7.1-ci maddsinə əsasən apellyasiya instansiyası məhkəməsi, inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi məhkəmə icraatının davam etdirilməsi üçün müvafiq inzibati məhkəməyə göndərə bilər. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ:

İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-437/2023 saylı xx.xx.2023-il tarixli qərarı ləğv edilsin. İş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar