Məhkəmə qərarları › İş №2-1(103)-3290/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3290/2024

25.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3290/2024 25.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “məlumat vərəqinin göndərilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 15485/2023 nömrəli, 30 noyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı və X6 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasından istefaya çıxdığı vaxt (xx.xx.2015-ci il tarixdə polis polkovnik-leytenantı İddiaçı, xx.xx.2015-ci il tarixdə isə polis polkovniki Teymur Əliyev) cavabdeh təşkilat (konkret olaraq DİN-in Maliyyə-Plan İdarəsi) tərəfindən Pul Attestatında göstərilən elmi dərəcəyə görə (60 manat) və elmi ada görə (100 manat) vəzifə maaşına aldığı əlavələr pensiyanın hesablanması üçün tələb olunan Məlumat Vərəqində (“Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan Məlumat Vərəqi”) qeyd edilmədiyi üçün həmin pul vəsaitlərinin yeni Məlumat Vərəqində qeyd olunaraq (bugünkü pensiyaya hesablanmış digər pul vəsaitlərində səhvə yol verməyərək), aidiyyəti üzrə (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçılar X3, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “məlumat vərəqəsinin göndərilməsi” tələbinə dair 2-1(112)-11466/2023 nömrəli inzibati işindən İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “məlumat vərəqəsinin göndərilməsi” tələbi üzrə icraat ayrılmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı, cavabdeh təşkilatın (Azərbaycan Respublikası DİN-in) struktur qurumu olan X4 Tədqiqat və Redaksiya-Nəşriyyat Şöbəsindəki tutduğu elmi katib vəzifəsindən polis polkovnik-leytenantı rütbəsi ilə xx.xx.2015-ci il tarixdən yaşa görə, iddiaçı X6 isə Akademiyanın İctimai elmlər kafedrasının rəisi vəzifəsindən polis polkovniki rütbəsi ilə xx.xx.2015-ci il tarixdən öz xahişi ilə azad olunaraq, daxili işlər orqanlarından istefaya çıxmaları ilə əlaqədar xaric edilmişlər və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində nəzərdə tutulmuş müvafiq müddəalara əsasən pensiya təyinatı hüququnu əldə etmişlər. İddiaçı və T.Əliyev Akademiyanın heyətinin elmi-pedaqoji kadrları kimi hər ay elmi dərəcəyə görə 60 manat, elmi ada görə isə 100 manat məbləğində vəzifə maaşına əlavə almışlar. Vəzifə maaşına edilən həmin əlavələrin əmək pensiyasının hesablanmasında nəzərə alınmaması pensiya təminatı hüququnun kobud şəkildə pozulması hesab olunur. Vəzifə maaşına həmin əlavələr Tarif Cədvəli üzrə əməkdaşın tutduğu vəzifə üçün müəyyən edilmiş ilkin vəzifə maaşının (ödəniş tarif ölçüsü kimi) həcmini dəyişdirmir (artırmır), ancaq vəzifə maaşına əlavə adı altında təyin olunmuş pul təminatı olaraq əməkhaqqının tərkib hissəsinə daxil edilir. O da xüsusilə vurğulanmalıdır ki, əmək haqqının tərkibini təşkil edən bütün növ pul vəsaitləri (o cümlədən elmi dərəcə və elmi ada görə əlavələr) dövlət sosial sığorta ödəmələrinə cəlb olunur. Vətəndaşların pensiya təminatı sahəsinə aid əhatəli normativ hüquqi akt “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunudur. Həmin Qanunun 1-ci maddəsinin 1.0.1-ci bəndində göstərilir ki, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Beləliklə, belə bir ümumi nəticəyə gəlmək olur ki, Qanunun 1.0.1-ci bəndi, bir mənalı olaraq, ölkə vətəndaşlarının işlədikləri (xidmət etdikləri) peşələri üzrə fəaliyyət sahəsindən asılı olmayaraq onların pensiya təminatı hüququnun əsas və vahid müddəasını (təməl prinsipini) özündə ehtiva edir. Əmək pensiyasınının hesablanmasında hansı şərtlərin nəzərə alınması Qanunun 1.0.1-ci bəndində qeyd edilmişdir, təkcə hesablanma üsuluna aydınlıq gətirilməliydi, bu barədə də 1.0.5-ci bənddən hansısa fikrin irəli sürülməsi üçün çox koliziya xarakterli müddəalara rast gəlinir. Qanunun 1.0.5-ci bəndinə baxdıqda, “təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir” ifadəsini görmək mümkündür. Deməli, təminat xərcliyi (pul təminatı) göstərilən pul vəsaitlərindən hesablanan sadəcə olaraq bir məbləğdir və əməkdaşın xidmət etdiyi dövrdə əməkhaqqı daxilində verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 98 nömrəli Qərarı ilə elmi dərəcə və elmi ada görə vəzifə maaşına edilən əlavələri də təminat xərcliyinin ayrılmaz tərkib hissəsi saymaq lazımdır, çünki onlar dövlət büdcəsindən maliyyələşdirilir və onlardan da əməkhaqqının ümumi məbləğini təşkil etdikləri üçün sosial sığorta ödənişləri tutulur. Qanunun 1.0.5-ci bəndidəki təminat xərcliyi məhfumu üçün işlədilən “...vəzifə maaşından hesablanan digər əlavələrdən...” ifadəsi “digər əlavələrin” mütləq rəqəmlərlə məbləğ şəklində olaraq deyil, faiz şəklində göstərilməsinə işarədir. Belə olduğu təqdirdə sual oluna bilər ki, bəs hansı səbəbdən əməkdaşa xidmət etdiyi dövrdə elmi dərəcə və elmi ada görə vəzifə maaşına əlavə (vəzifə maaşından faizlə hesablanmadan) mütləq rəqəmlərin göstərildiyi şəkildə verilir və bu əlavələr əməkhaqqının daxilində verilir, əmək haqqına əlavə kimi verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarında göstərilən “vəzifə maaşına əlavə” ifadəsi məntiqi olaraq həmin əlavənin birbaşa təminat xərcliyinin tərkibinə yönəldildiyini nəzərdə tutur. Başqa bir anlaşılmazlıq hərbi qulluqçuların (xüsusi rütbəli şəxslərin) pensiyalarının hesablanması mərhələsində özünü biruzə verir. Xatırlatmaq lazımdır ki, hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın təsdiq edilməsi haqqında 27 avqust 2007-ci il tarixli 135№li Qərarı qüvvədədir. Bu Qərarın əlavələri sırasında əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan məlumat vərəqi adlandırılmış əlavə də vardır. Məlumat Vərəqinin 14-cü bəndi “Pul təminatı (təminat xərcliyi)” başlığı altında verilir. Bu bənddə pul vəsaitlərinin faizlə və ya məbləğlə (yəni mütləq rəqəmlə) göstərilməsi tələb olunur. 14-cü bəndin altbəndləri, yəni 14.1 -14.12-ci altbəndlər hər biri ayrıca sətirlərlə göstərilmişdir. Diqqət ona verilməlidir ki, 14.1-ci altbənd (Vəzifə maaşı), 14.2-ci altbənd (Rütbə maaşı) və 14.4-cü altbənd (Ərzaq payı) üzrə pul vəsaitlərinin konkret məbləğlə (yəni mütləq rəqəmlərlə) əks olunması nəzərdə tutulduğu halda, 14.3-cü altbənd (Xidmət illərinə görə əlavə), 14.5 -14.12-ci altbəndlər (Digər əlavələr adlandırılan - cəmi 8 altbənd) üzrə pul vəsaitlərinin faizlə (yəni vəzifə maaşından hesablanmaqla) əks olunması müddəası irəli sürülür. Bu, 14-cü bənddəki pul vəsaitlərinin faizlə və ya məbləğlə (yəni mütləq rəqəmlərlə) göstərilməsi tələbləri formal yanaşma baxımından pensiyaya çıxmaqda olan əməkdaş üçün Məlumat Vərəqində elmi dərəcəyə (60 manat) və elmi ada görə (100 manat) vəzifə maaşına əlavəni hansı altbənddə göstərilməli olmaları məsələsində çətinlik yaradır, çünki həmin altbəndlərdə qeyd ediləcək əlavələrin (pul vəsaitlərinin) vəzifə maaşına faiz nisbətində əks olunması kimi absurd bir dilemma üzə çıxır. Təminat xərcliyi haqqında müddəalar Məlumat Vərəqinin 14-cü bəndinin, o cümlədən 14.1 - 14.12-ci altbəndlərinin məzmununu təşkil edir. Başqa sözlə, Məlumat Vərəqinin 14-cü bəndi (14.1 - 14.12-ci altbəndlər daxil olmaqla) yuxarıda göstərilən Qanunun 1.0.5-ci bəndinin törəməsidir. Qanunun 1.0.5-ci bəndindəki formal müddəalarına əsasən xidmət etdiyi dövrdə hərbi qulluqçuya (xüsusi rütbəli şəxsə) vəzifə maaşından faizlə hesablanmadığı üçün (konkret rəqəm şəklində göstərildiyindən) elmi dərəcəyə və elmi ada görə əlavənin verilməməsi fikri aşılanır. Ancaq bütün xüsusi təyinatlı ali təhsil müəssisələrində xidmət edən elmi dərəcəsi və elmi adı olan əməkdaşlar bu əlavələri alırlar. Müvafiq qərarla elmi dərəcə və elmi ada görə verilən əlavə “vəzifə maaşına əlavə” kimi adlandırılırsa, o mütləq təminat xərcliyinin pul vəsaiti olaraq yerini tutmalıdır. Beləliklə də Məlumat Vərəqinin 14-cü bəndinin müvafiq altbəndlərində elmi ada və elmi dərəcəyə görə vəzifə maaşına əlavələr mütləq öz yerini tutmalıdır. Qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının xx.xx.1992-ci il tarixli 109№-li Qanununda “təminat xərcliyi” terminologiyasının nəyi ifadə etməsini axtardıqda, belə bir nəticə hasil olundu ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci bəndində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “’Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın təsdiq edilməsi haqqında 27 avqust 2007-ci il tarixli 135№-li Qərarının əlavələri sırasında “Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan “Məlumat Vərəqi” adlandırılmış əlavədə də “təminat xərcliyi” anlayışının nə olması barədə məlumat yoxdur. Belə ki, 109№-li Qanunun 40-cı maddəsi “Pensiyanın hesablanması üçün təminat xərcliyi” adlandırılıb və burada göstərilir ki, hərbçi qulluqçulara və onların ailələrinə pensiya hərbi qulluqçuların təminat xərcliyindən hesablanır. Bu zaman onlara pensiya hesablanması üçün vəzifə maaşı (yeni vəzifə maaşını təşkil edən bütün artım, növləri və əlavələr daxil olmaqla), hərbi və ya xüsusi rütbəyə görə müvafiq maaşlar, xidmət illəri (fasiləsiz iş) üçün əlavə faiz və ərzaq payı müqabilində verilən pul kompensasiyası nəzərə alınır. Göründüyü kimi, təminat xərcliyinə aid edilən pul vəsaitlərinə hesablanma üsulundan asılı olmayaraq heç bir fərq qoyulmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” xx.xx.2000-ci il tarixli 73№-li Qərarına 1 №-li əlavəsi “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarına verilən fasiləsiz xidmət illərinə görə haqqın, əlavə haqların, kompensasiyaların, müavinətlərin və başqa ödəmələrin məbləği və təyin edilməsi Qaydaları”nda “təminat xərcliyi” terminologiyasının nəyi nəzərdə tutduğuna aydınlığın gətirilməsinə cəht edilmişdir və burada deyilir ki, “təminat xərcliyi vəzifə və xüsusi rütbəyə görə maaşlardan, fasiləsiz xidmət illərinə görə haqlardan, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından və əməkdaşa verilən digər əlavələrdən ibarətdir”. Yenə də təminat xərcliyi terminologiyasının nəyi nəzərdə tutduğuna aydınlıq gətirilməmiş qalmışdır. Xidmət etdiyi dövrdə əmək haqqının tərkibində təminat xərcliyinin faktiki bir hissəsi kimi vəzifə maaşına edilən elmi dərəcə və elmi ada görə əlavələri də almış və əmək haqqının ümumi məbləğindən Akademiyanın mühasibatlığı tərəfindən dövlət sosial ödənişləri edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci bəndində təminat xərcliyinə nəyin aid edilməsinin müsbət həlli onunla əlaqələndirilir ki, təminat xərcliyində əlavə kimi göstərilən pul vəsaiti vəzifə maaşından faizlə hesablanmış olsun. Təminat xərcliyi daxilində vəzifə maaşı, rütbə maaşı və ərzaq payı əvəzinə pul kompensasiyası faizlə hesablanmadan konkret məbləğlərlə (mütləq rəqəmlərlə) ifadə olunublar (aydındır ki, bu müvafiq normativ-hüquqi aktlara əsasən edilib). Bir halda ki, təminat xərcliyi daxilində vəzifə maaşı konkret məbləğ şəklində yer alıb, onda müvafiq normativ-hüquqi akta əsasən vəzifə maaşına edilən əlavə də (vəzifə maaşına münasibətdə faizlə hesablanmasından ya konkret məbləğ şəklində göstərilməsindən asılı olmayaraq) məntiqi baxımından (mexaniki olaraq) təminat xərcliyinin tərkib hissə kimi nəzərə alınmalıdır. Kazual problem üzrə elmi cəhəddən əsaslandırılmış iki təklif var. Birincisi, “təminat xərcliyi” terminologiyasının elmi baxımdan mahiyyətinə aydınlıq gətirilir və təklif etdiyi variant budur: “təminat xərcliyi - hərbi qulluqçuların (xüsusi rütbəli şəxslərin) funksional vəzifə (xidməti) borclarının (əmək funksiyalarının) yerinə yetirilməsində maddi təminatlarının və həvəsləndirmələrinin pul şəklində olan əsas vasitəsidir”. Belə tərifin təminat xərcliyinə verilməsi əməkdaşa xidmət etdiyi vaxt əməkhaqqı tərkibində (təminat xərcliyinə hesablanmış) bütün pul vəsaitlərinin ödənilməsini baş verib qurtarmış hal (fakt) kimi qəbul olunmasını labüd edir. Təkcə qalır ki, əməkhaqqı tərkibində hər ay əməkdaşın aldığı pul vəsaitlərinin cəmi şəklində hamısı onun pensiyasının hesablanması zamanı nəzərə alınsın. Əmək haqqının tərkibindən kənar müxtəlif əsaslarla ayrı-ayrı əməkdaşlara ödənilən müavinətlər, maddi yardımlar və mükafatların onların pensiyalarının ümumi məbləğinin üzərinə hesablanmaması isə tamamilə qəbul edilən qayda kimi başa düşülməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci bəndinə baxdıqda, “təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir” ifadəsi görünür. Qanunun 1.0.5-ci bəndinin daha təkmilləşdirilmiş variantı təklif olunur: “təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından (vəzifə maaşına edilən əlavələrdən), rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir”. Bütün hallarda əməkdaşın xidmət etdiyi dövrdə əmək haqqının tərkibində (əməkhaqqına əlavə kimi deyil) tam həcmdə aldığı pul məbləği (dövlət sosial sığorta ödənişlərinin edilməsi şərtilə) onun pensiyasının hesablanması zamanı mütləq nəzərə alınmalıdır. İddiaçı cavabdehə müraciət edərək, yeni məlumat vərəqəsinin tərtib edilməsini və orada elmi dərəcəyə və elmi ada görə xidmət etdiyi dövrdə əmək haqqı daxilində aldıqları vəzifə maaşına əlavələri təminat xərcliyinin ayrılmaz tərkib hissəsi kimi göstərilməsini, həmin məlumat vərəqəsinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsini xahiş etmişdir. Cavabdeh məsələnin həllinin mümkünsüzlüyü bildirmişdir və həmin mövqedə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin də olduğu misal gətirilmişdir. Bu kimi məzmunda istefada olan tibb xidməti polkovnikleytenantı David Namazov və tibb xidməti polkovniki Vaqif Süleymanov pensiyalarının tərkibində elmi dərəcələrinə görə əlavələrinin hesablanmamasının səbəblərini öyrənmək məqsədilə DİN-in MPİ-nə xx.xx.2021-ci il tarixdə məktubla müraciət etmişlər. Nazirliyin həmin İdarəsindən xx.xx.2021-ci il tarixli göndərilən məktubda elmi dərəcəyə görə əlavənin pensiyanın tərkibində nazarə alınmaması düzgün hesab edilmiş və bu mövqedə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin də olduğu bildirilmişdir. Bu kimi yanlış mövqeni təkcə onunla izah etmək lazımdır ki, normativ-hüquqi aktlarda göstərilən tələblərin icra olunmasından əvvəlki mərhələdə həmin tələblərin təfsiri zamanı ayrı-ayrı təşkilatlarda müxtəlif yanaşmalar meydana çıxır. Qanunvericilik sahəsində sosial xarakterli hüquqi normalar texniki xarakterli hüquqi normalar qarşısında üstünlük əldə edirlər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci bəndindəki prinsipial (sosial) müddəalar 1.0.5-ci bəndindənki (texniki, yəni riyazi hesablamalar) müddəalarından üstündür. “Normativ-hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 7-ci maddəsi Normativ-hüquqi aktların tətbiq edilmə qaydası adlandırılır və burada qeyd olunub ki, normativ-hüquqi aktların tətbiqi zamanı müxtəlif hüquqi qüvvəyə malik olan normativ-hüquqi aktlarlar arasında ziddiyyət olduqda daha yüksək hüquqi qüvvəyə malik olan akt tətbiq olunur. Eyni hüquqi qüvvəyə malik olan normativ-hüquqi aktlar arasında ziddiyyət olduqda isə daha sonra qüvvəyə minmiş normativ-hüquqi akt tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarda elmi dərəcəsi olan işçilərin əməyini stimullaşdırmaq və onların sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin verdiyi xx.xx.2013-cü il tarixli Sərəncamının (Əlavə olunur) müvafiq müddəaları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 98№-li Qərarındakı (Əlavə olunur) “elmi dərəcə və elmi ada görə vəzifə maaşına əlavələr” müddəası bu dövlət qurumunun (Nazirlər Kabinetinin) xx.xx.2007-ci il tarixli 135№-li Qərarının da müəyyən müddəalarının davamı kimi təfsir olunmasının əsasını təşkil etmiş olur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın təsdiq edilməsi haqqında 27 avqust 2007-ci il tarixli 135№-li Qərarının əlavələri sırasında “Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan “Məlumat Vərəqi” adlandırılmış əlavə də mövcuddur. "Məlumat Vərəqi”nin 14-cü bəndində təminat xərcliyinin hesablanması üçün 14.1-14.12-ci altbəndlər göstərilmişdir (onlardan 14.1-14.4-cü altbəndlərin adları qeyd edilmiş, 14.5 - 14.12-ci altbəndlər isə digər əlavələr kimi əks olunmuşdur). Hazırda 14.5-ci altbəndin “elmi dərəcəyə görə”, 14.6-cı altbəndin isə “elmi ada görə” “Məlumat Vərəqi"ndə adlandırılması və onların qarşısında müvafiq olaraq 60 manat və 100 manat məğləblərin göstərilməsi təklif olunur. Bakı İnzibati Məhkəməsinin (hakim Günel Sevdimalıyeva) 2-1(112)-15485/2023 nömrəli, 30 noyabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı elmi dərəcəyə və elmi ada görə aldığı əmək haqqına əlavələr nəzərə alınmaqla yeni məlumat vərəqinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasından istefaya çıxdığı vaxt (xx.xx.2015-ci il tarixdə) cavabdeh təşkilat (DİN-in Maliyyə-Plan İdarəsi) tərəfindən Pul Attestatında göstərilən elmi dərəcəyə görə (60 manat) və elmi ada görə (100 manat) vəzifə maaşa aldığı əlavələr pensiyanın hesablanması üçün tələb olunan “məlumat vərəqi”ndə qeyd edilmədiyi üçün həmin pul vəsaitlərinin yeni məlumat vərəqində qeyd olunaraq aidiyyəti üzrə (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının tələbi təmin edilmiş, elmi dərəcəyə və elmi ada görə aldığı əmək haqqına əlavələr nəzərə alınmaqla yeni məlumat vərəqinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulmuşdur. xx.xx.2023-cü il tarixli qərar qəbul edilərkən məhkəmə tərəfindən işin halları ətraflı araşdırılmamış və maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Belə ki, məhkəməyə hazırki iddiaya cavab verməli olan qurumun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu olduğu, işin obyektiv araşdırılması üçün mümkünlük şərtlərinə əməl edilməklə tələbin dəqiqləşdirilərək işə baxılması bildirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydaları”nın 1-ci bəndinə əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə digər qurumlarla yanaşı Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. Həmin Qaydaların 3-cü bəndinə əsasən Bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir. Qaydaların 1 nömrəli əlavəsinə əsasən əmək pensiyası təminatı üçün hərbi (xüsusi) rütbəli şəxs haqqında təqdim olunan məlumat vərəqinin forması təsdiq olunmuşdur. Həmin formaya görə elmi ada, elmi dərəcəyə görə əlavələrin qeyd edilməsi nəzərdə tutulmur. Belə olan halda məhkəmə tərəfindən cavabdeh qismində Daxili İşlər Nazirliyinin üzərinə yeni məlumat vərəqinin göndərilməsi öhdəliyi qoyula bilməz. Belə ki, “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli 1229 nömrəli Fərmanının 2-ci bəndində deyilir ki, bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü 2021-ci ilin yanvarın 1-dək əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyaçılarının (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə, habelə bu kateqoriyadan olan pensiya hüququ yaranacaq şəxslərə verilir (Fərmanın 2.1-ci bəndi). Göründüyü kimi, qüvvədə olan normativ hüquqi aktlara əsasən iddiaçının əmək pensiyasına “elmi dərəcəyə görə əlavənin” verilməsi istisna edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 98 nömrəli və 2017-ci il 14 iyun tarixli 259 nömrəli Qərarları ilə dövlət büdcəsindən maliyyələşən müəssisə və təşkilatlarda ixtisası üzrə çalışan şəxslərin vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə ödənilən əlavələrin konkret məbləğ olaraq təsdiq edildiyi, bu məbləğlərin vəzifə maaşlarından hesablanmadığı və təminat xərcliyinə aid edilmədiyi baxımından pensiya təminatında nəzərə alınması mümkün deyildir. Məsələ ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə edilmiş sorğuya həmin Nazirliyin cavab məktubunda da qeyd olunanlar öz əksini tapmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilir: sabiq əməkdaş İddiaçı xidmətdən tərxis olduğu xx.xx.2015-ci il tarixə uyğun olaraq DİN-in X4-tədqiqat və redaksiya-nəşriyyat şöbəsinin rəisinin vəzifə maaşı nəzərə alınmaqla yenidən tərtib olunmuş məlumat vərəqi (vəzifə maaşı - 473,00 manat, rütbə maaşı - 134,00 manat, xidmət illərinə görə 25 faiz əlavə - 151,75 manat, ərzaq payı əvəzinə kompensasiya - 64,00 manat, məharət dərəcəsinə görə 35 faiz əlavə - 165,55 manat, xüsusi işə görə 25 faiz əlavə - 118,25 manat, cəmi təminat xərcliyi - 1106,55 manat) DİN-in Maliyyə-Plan İdarəsinin xx.xx.2023-cü il tarixli müvafiq məktubu ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.5. təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. 22.4. Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»:

1. Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətində, Azərbaycan Respublikasının Strateji X2 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir.

2. Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır.

3. Bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir. İşin faktiki hallarından görünür ki, İddiaçı DSMF HQXRİD-nin xx.xx.2016-cı il tarixli qərarı ilə xx.xx.2015-ci ildən yaşa görə əmək pensiyası təyin edilmişdir. Vəzifə maaşı, rütbə maaşı, xidmət illərinə görə əlavə, ərzaq payı əvəzinə kompensasiya, məharət dərəcəsinə görə əlavə, xüsusi işə görə əlavə göstərilməklə cavabdeh tərəfindən məlumat vərəqi (iddiaçının vəzifəsi DİN X4-Təhqiqat və RNŞ-də elmi katib) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir. İddiaçı elmi dərəcəyə görə 60 manat və elmi ada görə 100 manat görə əlavə almış, həmin aldığı əlavələrə görə məcburi dövlət sosial sığorta haqları ödənilmişdir. Hazırda iddiaçı elmi dərəcəyə və elmi ada görə aldığı əmək haqqına əlavələr nəzərə alınmaqla yeni məlumat vərəqinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. «Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1229 nömrəli Fərmanı:

1. Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilsin və onun aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 500 (beş yüz) manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 300 (üç yüz) manat müəyyən olunsun.

2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: 2.1. 2021-ci ilin yanvarın 1-dək əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyaçılarının (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə, habelə bu kateqoriyadan olan pensiya hüququ yaranacaq şəxslərə verilir; 2.2. dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçısı olduğundan onun qeyd edilən Fərmana əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü almaq hüququ yoxdur. İddiaçı elmi dərəcəyə görə və elmi ada görə görə qeyd olunan əlavələri almış, həmin aldığı əlavələrə görə məcburi dövlət sosial sığorta haqları ödənilmişdir. Qeyd olunan əlavələr iddiaçının aylıq təminat xərcliyinə (pul təminatı) daxildir. Bu səbəbdən həmin əlavələr də nəzərə alınmaqla yeni məlumat vərəqi verilməlidir. “Azərbaycan Respublikasında əməyin ödənilməsi qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 60 nömrəli Qərarının 11-ci bəndinə əsasən 1996-cı il iyulun 1-dən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 19 aprel tarixli 155 nömrəli «Vəzifə maaşlarına alimlik dərəcələrinə görə əlavələrin təyin edilməsi haqqında» qərarının 1-ci bəndi yeni redaksiyada verilərək Elmlər Akademiyası, nazirlik və idarələrin elmi və elmi-tədqiqat təşkilatlarının, ali məktəblərin, habelə digər elmi və elmi-tədqiqat idarələrinin rəhbər və elmi işçilərinin X7 müvafiq olaraq təyin edilmiş vəzifə maaşlarına əlavələr müəyyən olunmuş, həmin qərarın 12-ci bəndinə əsasən müəyyən edilmişdir ki, bu qərarın 11-ci bəndində qeyd edilən əlavələr yeni vəzifə maaşını təşkil edir və qanunvericilikdə nəzərdə tutulmuş bütün hallarda orta əmək haqqının hesablanmasında nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-15485/2023 nömrəli, 30 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar