Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3290/2025 09.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” iddia tələbinə dair işi üzrə (Açar sözlər: kompensasiyanın ödənilməsi) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və X2 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçının nümayəndəsi (oğlu) Nümayəndə, Cavabdeh Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” iddia tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 01 may 2025-ci il tarixli, 2-1(112)-3841/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları “Qaraj alqı-satqısı haqqında” xx.xx.1991-ci il tarixli Müqaviləyə əsasən X6 Kirov rayon XDS İK-nin 68/259 №-li xx.xx.1982-ci il tarixli qərarı və Bakı şəhər sovetinin 05/383 №-li 19 may 1982-ci il tarixli sərəncamı əsasında mülkiyyətində olan Bakı şəhəri, 8-ci mikrorayonda yerləşən ümumi sahəsi 18 kv.m olan qarajı İddiaçı satmışdır. Bakı şəhəri, Binəqədi rayon, 8-ci mikrorayon, İbrahimpaşa Dadaşov küçəsində yerləşən dəmir qaraja dair 2000-ci il noyabr ayında tərtib olunmuş texniki pasportu iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan sənədlərə əsasən, 2012-ci ildə iddiaçıya məxsus qaraj sökülmüş və həmin qaraja görə kompensasiya məbləği ödənilməmişdir. Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən, əməkdaşların yerində apardığı araşdırma zamanı məlum olmuşdur ki, 2012-2013-cü illərdə Binəqədi Rayon İcra Hakimiyyətinin sifarişi əsasında podratçı təşkilat tərəfindən 8-ci mikrorayon, İ.Dadaşov küçəsi 71 saylı binanın həyətində abadlıq işləri həyata keçirilən müddətdə, abadlaşdırılan əraziyə düşən bütün növ müvəqqəti qurğular, metal quraşdırmclar ərazidən kənarlaşdırılmış və həmin sahədə sakinlərin istirahəti üçün park salınmışdır. Məlumat üçün qeyd edilir ki, 8-ci mikrorayon, İ.Dadaşov küçəsi 71 saylı ünvanda həyata keçirilən abadlıq işlərində Binəqədi rayon Mənzil-X3 sifarişçi və podratçı təşkilat kimi iştirak edmədiyindən, köməklik göstərməsi səlahiyyətləri xaricindədir. "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, 02-85/25 nömrəli “Daşınmaz əmlakın qiymətləndirilməsi barədə” rəydə qeyd olunmuşdur ki, qiymətləndirici qarşısında qoyulmuş suala uyğun olaraq aparılmış hesablamalar və təhlillərə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, 8 MKR. İ.Dadaşov küçəsi, 71 saylı evin yaxınlığında X5 məxssus olmuş 18 kv.m. qarajın hazırki tarixə bazar dəyəri: 1.0 kv.m. = 1480,0 (min üç yüz əili) manat; 18.0kv.m. = 26600,0 (iyirmi altı min altı yüz) manat təşkil edir. Qiymətləndirmə zamanı icraçının mütəxəssislərinin Azərbaycan Respublikası ərazisində əldə etdiyi təcrübəni nəzərə almaqla dünya və ölkə praktikasında qəbul olunmuş metodikalar və standartlar nəzərə alınmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, İbrahimpaşa Dadaşov küçəsində mülkiyyətində olan 18 kv.m sahəli və 30/855 reyestr nömrəli texniki pasport sənədli sökülmüş dəmir qarajına görə kompensasiya olaraq həmin qarajın texniki pasportunda göstərilən həqiqi dəyəri 29.555,66 manatın və xx.xx.2013-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək manatın infilyasiyasını nəzərə almaq şərti ilə qeyd olunan tarixlərdə dəyən 21300 manat zərərin və beləliklə cəmi 50.855.66 manat olmaqla Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2012-ci ildə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən yaşadığı ünvanın həyətyanı sahəsində aparılan abadlıq işləri zamanı iddiaçının mülkiyyətində olan 18 kv.m sahəsi, beton özüllü, qarajın iç tərəfindən divarları kərpiclə hörülmüş, avtomobilin təmiri üçün nəzərdə tutulan mişar daşı ilə dərinliyi 1.60 sm çalası olan və ehtiyyat hissələrinin yuyulması üçün nəzərdə tutulmuş daş tikilili vannaya malik olan dəmir qarajım sökülmüşdür. Söküntü zamanı İcra Hakimiyyəti nümayəndələri sökülən qarajlara görə dövlət tərəfindən qaraj sahiblərinə kompensasiyanın, sənədli qarajların isə dəyərinin ödəniləcəyini bildirmişdir. Lakin bu günədək iddiaçıya hər hansı kompensasiya ödənilməmişdir. İddiaçı məsələ ilə bağlı xx.xx.2013-cü il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətinə məktubla müraciət etmişdir. İcra Hakimiyyəti xx.xx.2013-cü il tarixli məktubunda bildirmişdir ki, abadlıq işləri başa çatdıqdan sonra bu məsələyə baxılacaqdır. Amma abadlıq işləri bitdikdən sonra iməsələ ilə bağlı heç kəsin maraqlanmadığını görərək xx.xx.2014-cü il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətinin rəhbərliyinin qəbulunda olmuşdur. Sökülən qaraja görə kompensasiyanın ödənilməsi ilə bağlı müraciət etmişdir. Binəqədi Rayon İcra Hakimiyyəti isə öz növbəsində məsələyə baxılması üçün qaraja aid sənədlərin İcra Hakimiyyətinə təqdim edilməsini bildirdi. İddiaçının qarajla bağlı sənədləri İcra Hakimiyyətinə təqdim etməsinə baxmayaraq məsələ ilə bağlı heç bir cavab verilməmişdir. İddiaçının 76 yaşı var, neçə illərdir şəkər xəstəliyindən əziyyət çəkir. Bu səbəbdən uzun müddət məsələ ilə maraqlana bilməmişdir. Aidiyyəti üzrə dövlət müəssələrinə gediş-gəliş iddiaçı üçün çətinlik yaradır. Məsələyə laqeyd münasibət səhhətinə kəskin təsir göstərir. Qaraj iddiaçının ailəsi üçün gəlir mənbəyi idi. Qaraj sökülənədək onu kirayə məqsədilə aylıq 150 manat dəyərində qonşuya icarəyə verməklə gəlir əldə etmişdir. İddiaçının həyat yoldaşı 1999-cu ildə dünyasını dəyişmişdir və iddiaçı tək başına 3 övladı böyüdür. 2012-ci ildə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən qarajın sökülməsi iddiaçının ailəsinin gəlir mənbəyinə də təsir etmişdir. Belə ki iddiaçının mülkiyyətində olan qarajın 2012-ci ildə sökülməsi nəticəsində aylıq icarə haqqı 150 manat olmaqla ailə büdcəsinə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2013-cü ildən xx.xx.2024-cü il tarixinədək 21300 manat ziyan vurulmuşdur. 2023-cü ildə Binəqədi Rayon İcra Hakimiyyətinə məsələ ilə bağlı yenidən xx.xx.2023-cü il tarixli məktubla müraciət edilmişdr. Məktuba cavab olaraq, Binəqədi Rayon İcra Hakimiyyəti bildirmişdir ki, məsələnin həlli ilə bağlı məktuba baxılması üçün Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə yönləndirilmişdir. Mənzil Kommunal Təsərrüfatı Birliyi məktubla bildirmişdir ki, 2012-2013-cü illərdə Binəqədi Rayon İcra Hakimiyyətinin sifarişi əsasında podratçı təşkilat tərəfindən 8-ci mikrorayon İ.Dadaşov küçəsi 71 saylı binanın həyətyanı sahəsində abadlıq işləri həyata keçirdən müddətdə ərazidə bütün qaraj və qurğular sökülərək sakinlərin istifadəsinə verilmişdir. Halbuki bu günki gün qarajların yeri avto dayanacaq kimi fəaliyyət göstərir. Mənzil Kommunal Təsərrüfat Birliyi həmçinin bildirmişdir ki, abadlıq zamanı sifarişçi və podratçı kimi iştirak etmədiyindən köməklik göstərmək səlahiyyətləri xaricindədirlər. Beləliklə 2013-cü ildən dəfələrlə Binəqədi Rayon İcra Hakimiyyətinə qarajın sökülməsi ilə bağlı kompensasiyanın ödənilməsi üçün etdiyi müraciətlərə köməklik göstərilmir. İddiaçıya məxsus qarajın ümumi sahəsi alqı-satqı müqaviləsində 18 kv.m, texniki pasportunda isə 16.5 kv.m, ilkin həqiqi dəyəri olaraq 29.555.66 manat göstərilmişdir. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmişdir. Etirazda bildirilmişdir ki, iddiaçının tələbinin qısa məzmunu ondan ibarət olmuşdur ki, 1991-ci il tarixində Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, İ.Dadaşov küçəsində 71 saylı binanın qarşısında yerləşən sahəsi 18,0 kv.m olan qarajı X1 almışdır. 2012-ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən abadlıq işləri aparılan zaman Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, İ.Dadaşov küçəsində 71 saylı binanın qarşısında yerləşən sahəsi 18,0 kv.m olan ona məxsus qaraj sökülmüşdür. İddiaçı M.S.Əliyevanın ona məxsus qarajın sökülməsi ilə bağlı hər hansı bir aktın olması barədə və cavabdeh tərəfindən onun hüquq və azadlıqlarını pozan (mülki hüquqlarını pozan) hərəkətlərin edilməsi barədə heç bir sübut təqdim etmədən Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia tələbi irəli sürmüşdür. M.S.Əliyevanın Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı inzibati orqanın hərəkətinin qanunsuz hesab edilməsi barədə iddia irəli sürməsi və cavabdehin üzərinə müvafiq öhdəliklərin qoyulması tələbi əsassızdır. Belə ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, İ.Dadaşov küçəsində 71 saylı binanın qarşısında yerləşən ona məxsus 18 kv.m sahəsi olan dəmir qarajının Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən sökülməsini sübut edən hər hansı bir dəlil təqdim etməmişdir. İş üzrə əsassız olaraq cavabdeh qismində cəlb olunmuş inzibati orqan, Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən mübahisələndirilən ərazidə hər hansı söküntü işləri aparılmamış, iddiaçıya məxsus qarajın sökülməsi ilə əlaqədar olaraq hər hansı bir qərar (inzibati akt) qəbul edilməmiş, hər hansı bir şəxsə, quruma və s. göstəriş verilməmişdir. Mövcud iş üzrə Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən hər hansı qanunsuz hərəkət edilmədiyindən məsuliyyət daşıya bilməz. Qeyd olunanlardan əlavə, iddiaçının 50.855.66 manat kompensasiya ödənilməsi tələbi ilə əlaqədar bildiririk ki, yuxarıda bildirdiyimiz kimi cavabdeh şəxs Binəqədi Rayon İcra Hakimiyyəti olmadığından bu məbləğ ondan tələb oluna bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericlikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə uyğun yoxlamalıdır. Həmin qərarın 4.1-ci maddəsinə əsasən İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Həmin qərarın 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. AR İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. AR İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılması barədə məhkəmə qərardad qəbul edir. Qeyd olunan qanunvericiliyin tələblərinə görə iddiaçı inzibati orqana rəsmi müraciət etməli və həmin orqan tərəfindən inzibati aktın qəbul edilməsindən imtina olunması yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqların pozulduğu müəyyən edildiyi hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır və bu zaman məhkəmə sözügedən iddialarla bağlı inzibati mübahisəyə baxa bilər. Lakin göründüyü kimi iddiaçı öz tələbini iddia ərizəsində əsaslandırmayaraq hüquqlarının pozulduğunu bildirmişdir. Yuxarıda qeyd olunan qanun normalarından göründüyü kimi iddiaçının xahişinin təmin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. Beləliklə də, hesab edirik ki, iddiaçının Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia irəli sürməsi əsassızdır, onun hüquqları və qanunla qorunan maraqları inzibati orqan tərəfindən pozulmamış və həmin halın mövcudluğunu əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd olunan iddia ərizəsinə münasibət bildirilməklə, iddiaçının iddia tələbi Rayon İcra Hakimiyyətinə qarşı əsassız olduğu üçün cavabdehə qarşı irəli sürdüyü iddia tələbinin qeyri mümkün sayılması barədə qərar qəbul etməyinizi Sizdən xahiş edirəm. Qeyd olunan iddia ərizəsinə münasibət bildirilməklə, iddiaçının iddia tələbi əsassız olduğu üçün cavabdehə qarşı irəli sürdüyü iddia tələbinin qeyri mümkün sayılması barədə qərar qəbul edilməsi xahiş edilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin 01 may 2025-ci il tarixli, 2-1(112)-3841/2025 nömrəli qərarı ilə (hakim G.A.Sevdimalıyeva) iddia tələbi qismən təmin edilərək, İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon ünvanında yerləşən 16,5 kv.m dəmir qarajın sökülməsinə görə cavabdeh Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən 10.000 (on min) manat məbləğində kompensasiya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(112)-3841/2025 nömrəli qərarını tam həcmdə ləğv edərək, İddiaçı iddia tələbi üzrə iddianın Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı qeyri-mümkün sayılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, abadlaşdırma işləri dövlət və ya bələdiyyə səviyyəsində digər icra strukturları və ya podratçılar tərəfindən aparılmış ola bilər və bu halda cavabdehin konkret hüquqi məsuliyyətini fərqləndirmək vacibdir. İddiaçının əmlakının sökülməsinə dair cavabdeh tərəfindən həyata keçirilmiş hər hansı bir konkret tədbir, inzibati akt və ya söküntünü təsdiq edən hüquq müəyyənedici akta istinad edilməmişdir. Məhkəmə bu fərqləndirməni aparmadan ümumi və qeyrimüəyyən əsaslarla kompensasiya öhdəliyi müəyyən etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. İddianın müddət baxımından əsassız olduğu halda, məhkəmənin tələbi qismən də olsa təmin etməsi, qanunvericilikdə təsbit olunmuş hüquqi müəyyənlik prinsipinə ziddir. Belə ki, istənilən hüquqi münasibət üzrə tərəflər qanunla müəyyən olunmuş müddətlər çərçivəsində öz hüquqlarını müdafiə etməlidirlər. Əks halda, bu müddətlərin hüquqi məna daşımasının heç bir əhəmiyyəti qalmaz və bu, ədalətli məhkəmə araşdırması prinsipini pozar. Məhkəmə tərəfindən cavabdehin hüquqi mövqeyi və təqdim olunmuş izahat tam əsaslı və qanunauyğun olduğu halda nəzərə alınmamış, qərarın nəticəsi yalnız iddiaçının birtərəfli bəyanatlarına istinad edilməklə formalaşdırılmışdır. Belə yanaşma isə obyektivlik və ədalət prinsiplərinin pozulması ilə nəticələnmiş, iş üzrə ədalətli qərarın qəbul edilməsinə mane olmuşdur. “Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən Qanunvericilikdə başqa müddət nəzərdə tutulmayıbsa, vətəndaş hüquq və azadlıqlarının pozulması faktının ona məlum olduğu gündən bir ay keçənədək məhkəməyə şikayətlə müraciət edə bilər. Qarajın sökülməsi faktı 2012-ci ildə baş verib. İddiaçı 2013-cü ildə artıq bu barədə məlumatlı olub və şikayət məktubu ilə müraciət edib. Bu, onun mübahisələndirilən hərəkət barədə 2013cü ildə məlumatlı olduğunu göstərir. Lakin iddia yalnız 2023-cü ildən sonra qaldırılıb. Bu da müddətin kobud şəkildə ötürüldüyünü göstərir. Əlavə olaraq, iddiaçı müddətin bərpası üçün əhəmiyyətli səbəb göstərməmişdir. Beləliklə, iddia müddət baxımından təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Lakin iddiaçı qarajın məhz cavabdeh tərəfindən söküldüyünü sübut etməmişdir. Binəqədi Rayon İcra Hakimiyyətinin söküntü ilə bağlı inzibati aktı, təlimatı və ya podrat müqaviləsi mövcud deyil. Yəni RİH-in söküntüyə birbaşa və ya dolayısı ilə əlaqəsi sübut olunmayıb. Konkret inzibati hərəkətin mövcudluğunu sübut edən sənədlərin və ya sübutların təqdim edilməməsi iddianın qanunla müəyyən edilmiş əsaslarının mövcud olmamasını göstərir. Beləliklə, inzibati orqanın hərəkətinin baş verdiyi təsdiq edilmədiyindən, iddia mümkün sayılmır və bu əsasla rədd edilməlidir. Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən sözügedən inzibati işlə bağlı məhkəməyə ünvanlanmış etirazda İddiaçı müraciətinə baxılmasının nəticəsi barədə ətraflı məlumat göstərilsə də, məhkəmə qəbul etdiyi qərarda etirazda göstərilən xüsusatlara tam şəkildə münasibət bildirməmişdir. Bakı İnzibati Məhkəməsi tərəflərindən verilmiş etirazda göstərilmiş xüsusatları tam həcmdə araşdırmamış və iş materiallarında olan sənədləri lazımınca tədqiq etməmişdir. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin 01 may 2025-ci il tarixli, 2-1(112)- 3841/2025 nömrəli qərarı tam həcmdə ləğv edərək, İddiaçı iddia tələbi üzrə iddianın Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı qeyri-mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu, birinci instansiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 15.9. Dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədilə alınır. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; ... Maddə 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Maddə 246.2. Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında müvafiq icra hakimiyyəti orqanının qərarı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Maddə 246.3. Torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. ... Maddə 246.5 Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaq sahələri ilə yanaşı həmin torpaq sahələrində yerləşən və ya yerləşməyən və eyni məqsədlərlə alınan binalara (evlərə, tikililərə, qurğulara) da şamil edilir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun: Maddə 7.1. Torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir “İnzibati icraat haqqında” Qanun: Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. İnzibati Prosessual Məcəllə: Maddə 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İlk növbədə qeyd etmək lazımdır ki, iddiaçının hüquqi marağı Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, İbrahimpaşa Dadaşov küçəsində mülkiyyətində olan 18 kv.m sahəli və 30/855 reyestr nömrəli texniki pasport sənədli sökülmüş dəmir qarajına görə kompensasiya olaraq 29.555,66 manat, xx.xx.2013-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək manatın infilyasiyasını nəzərə almaq şərti ilə qeyd olunan tarixlərdə dəyən 21300 manat zərərin, cəmi 50.855.66 manat məbləğində vəsaitin cavabdehdən tutularaq ona ödənilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, abadlaşdırma işlərinin aparılması zamanı sökülmüş qarajın İddiaçı mülkiyyətində olması işin mübahisəsiz halıdır və əmlakdan məhrum edilmə nəticəsində cavabdeh tərəfindən kompensasiyanın ödənilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut edilmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri odur ki, abadlaşdırma işləri dövlət və ya bələdiyyə səviyyəsində digər icra strukturları və ya podratçılar tərəfindən aparılmış ola bilər və bu halda cavabdehin konkret hüquqi məsuliyyətini fərqləndirmək vacibdir. İddiaçının əmlakının sökülməsinə dair cavabdeh tərəfindən həyata keçirilmiş hər hansı bir konkret tədbir, inzibati akt və ya söküntünü təsdiq edən hüquq müəyyənedici akta istinad edilməmişdir. İddiaçı qarajın məhz cavabdeh tərəfindən söküldüyünü sübut etməmişdir. Binəqədi Rayon İcra Hakimiyyətinin söküntü ilə bağlı inzibati aktı, təlimatı və ya podrat müqaviləsi mövcud deyil. Yəni RİH-in söküntüyə birbaşa və ya dolayısı ilə əlaqəsi sübut olunmayıb. Qarajın sökülməsi faktı 2012-ci ildə baş verib. İddiaçı 2013-cü ildə artıq bu barədə məlumatlı olub və şikayət məktubu ilə müraciət edib. Bu, onun mübahisələndirilən hərəkət barədə 2013-cü ildə məlumatlı olduğunu göstərir. Lakin iddia yalnız 2023-cü ildən sonra qaldırılıb. Bu da müddətin kobud şəkildə ötürüldüyünü göstərir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İşin müəyyən edilmiş hallarından görünür ki, abadlaşdırma işlərinin aparılması zamanı sökülmüş dəmir qaraj ilkin olaraq Kirov rayon XDS İK-nin 68/259 №-li xx.xx.1982ci il tarixli qərarı və Bakı şəhər sovetinin 05/383 №-li 19 may 1982-ci il tarixli sərəncamı əsasında X4 mülkiyyətində olmuş, daha sonra “Qaraj alqısatqısı haqqında” xx.xx.1991-ci il tarixli Müqaviləyə əsasən X6 Kirov mülkiyyətində olan Bakı şəhəri, 8-ci mikrorayonda yerləşən ümumi sahəsi qarajı İddiaçı satmışdır. Müvafiq qaraja dair İddiaçı adına 2020-ci ilin noyabr ayında texniki pasport tərtib olunmuşdur. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan məktublarda aydın şəkildə qeyd olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayon ərazisində aparılan geniş miqyaslı abadlıq-quruculuq işləri ilə əlaqədar olaraq, məhəllələrin daxilində yerləşən bütün növ konstruksiyadan olan müvəqqəti xarekterli primitiv, yöndəmsiz və pərakənda halda quraşdırılmış qarajların yerləşdiyi ərazilər abadlaşdırılaraq, sakinlərin istifadəsi üçün park salınmış və ümumi istifadəyə verilmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçının qaraj üzərində mülkiyyət hüququnun rəsmi reyestrdə qeydə alınmasına dair çıxarışın olmaması (yalnız texniki pasportun tərtibi) onun cavabdehə qarşı hazırkı məzmunda tələb irəli sürmək hüququnu aradan qaldırmır, tələbin faktiki əsaslarına təsir etmir. Məhkəmə qərarının “Tətbiq edilən hüquq” hissəsində qeyd olunan normalara görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Avropa İnsan hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, mülkiyyət hüququ onun xüsusi əhəmiyyətinə baxmayaraq, mütləq xarakter daşımır və qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada məhdudlaşdırıla bilər. Yuxarıda istinad olunan normalar belə məhdudlaşdırma çərçivəsində həmçinin dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsi imkanını da nəzərdə tutur. Mülkiyyət hüququ konstitusiyanın qoruma sferası ilə əhatə olunduğundan, yalnız qanunla təsbit olunmuş əsasların mövcud olduğu hallarda və prosedurlar çərçivəsində ona müdaxilə edilə, o cümlədən özgəninkiləşdirilə bilər. Belə müdaxilə həmçinin legitim məqsədlə həyata keçirilməli və həmin məqsədə mütənasib olmalıdır. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, inzibati orqanın müdaxilə vasitəsi ilə nail olmaq istədiyi legitim məqsəd belə, müdaxilə üçün qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qaydalara əməl edilmədən həyata keçirilən müdaxiləyə haqq qazandıra bilməz. Bu qayda konstitusion hüquqi tələblərə bağlıdır və mütləq xarakter daşıyır. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, müəyyən ərazidə şəhərsalma məqsədləri üçün abadlaşdırma işlərinin aparılması və digər şəhərsalma fəaliyyəti ilə bağlı əmlakın mülkiyyətçidən alınmasına ehtiyac yarandığı hallarda da, sözügedən alınma “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilməlidir. Belə hallarda da, torpaqların dövlət ehtiyacları üçün alınması zamanı mülkiyyətə müdaxilə ilə bağlı nəzərdə tutulmuş tələblərin tətbiq olunması zərurəti nəzərə alınmalıdır. Nəzərə alınmalıdır ki, mülkiyyət hüququna müdaxilə üçün, o cümlədən ona xitam verilməsi yolu ilə mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması üçün yuxarıda qeyd olunan əsasın mövcud olması hələ müdaxilənin həyata keçirilməsi baxımından yetərli deyil, bu zaman həm də “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda alınma ilə bağlı nəzərdə tutulmuş qaydalara, tələblərə və şərtlərə də əməl olunması zəruridir. Hazırkı mübahisəyə münasibətdə cavabdeh tərəfindən iddiaçıya məxsus dəmir qarajın alınması məqsədi və əsasları barədə qərarın qəbul edilməsi, onun dəyərinin müəyyən edilməsi, iddiaçı ilə müqavilənin bağlanması və ona əmlakın dəyərinin ədalətli şəkildə, həm də əvvəlcədən ödənilməsi ilə bağlı tələblərə riayət olunmamışdır. Nəticədə iddiaçıya məxsus qaraj qanuna zidd olaraq və onun iradəsi əleyhinə cavabdeh tərəfindən sökülmüş və iddiaçının hüququna qanunsuz müdaxilə edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, rayon icra hakimiyyətinin idarəçiliyində olan ərazilərdə şəhərsalma məqsədləri baxımından abadlaşdırma işlərinin aparılması və şəhərsalma fəaliyyəti ilə bağlı digər tədbirlərin, o cümlədən həmin fəaliyyət çərçivəsində müəyyən söküntü işlərinin həyata keçirilməsi və bunun rəsmiləşdirilməsi rayon icra hakimiyyətlərinin məsuliyyət sferasına aiddir. Bu baxımdan cavabdehin nümayəndələrinin rayonda keçirilən hər hansı tədbirdə, o cümlədən konkret mübahisəyə münasibətdə qarajın sökülməsi ilə bağlı işlərdə iştirak etməsi və söküntü prosesini etiraz etmədən müşayiət etməsi həmin söküntünün icra hakimiyyəti orqanının razılığı ilə və onun tərəfindən həyata keçirildiyi anlamında qəbul edilməlidir. Mübahisələndirilən qarajın yerləşdiyi ərazidə söküntü işlərinin bilavasitə iş üzrə cavabdeh Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən aparılmaması onun məsuliyyətini istisna edən hal kimi qiymətləndirilə bilməz. Qeyd etmək lazımdır ki, hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 413/2024 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında da oxşar hüquqi mövqe ifadə edilmişdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız sayılmalıdır. İddiaçı ona məxsus dəmir qarajın (qeyri-yaşayış sahəsinin) sökülməsi nəticəsində ona vurulmuş maddi ziyana görə kompensasiya ödənilməsini tələb etməkdə haqlıdır Bu baxımdan, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı və işin müəyyən olunmuş hallarına uyğun hesab edir. Birinci instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı İnzibati Məhkəməsinin 01 may 2025-ci il tarixli 2-1(112)-3841/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-3290/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3290/2025
09.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver