Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3291/2021 24.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Kazımov Elşən Cələddin oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçı, Cavabdehin nmüayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı döyüşlərdə iştirak etmək faktının təsdiq edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9665/2021 saylı iş üzrə qəbul etdiyi 25 oktyabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati mübahisə üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı məhkəməyə müraciət edərək 10-21 yanvar 1992-ci il tarixlərində Azərbaycan Respublikası ərazisində əməliyyat şəraitinin pisləşməsi ilə əlaqədar olaraq Şuşa şəhərinə ezam olunmağı və döyüşlərdə iştirak etmə faktının təsdiq edilməsinə və 40 manat Qarabağ veteranı pulu aldığına görə ”Qarabağ müharibəsi” vəsiqəsində təkrar sözü yazılmaqla vəsiqənin və veteran adının verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9665/2021 saylı iş üzrə qəbul etdiyi 25 oktyabr 2021-ci il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti vermiş, şikayətin təmin edilərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və iddia tələbinin mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o xx.xx.1947-ci il tarixdə Xaçmaz rayonu Üçgün kəndində anadan olmuş, orta təhsilini Xaçmaz rayonunda almış və hərbi xidmət keşmişdir. 28.11.1972-ci il tarixdən 31.01.1992-ci il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində polis nəfəri olaraq xidmət keşmişdir. 05 aprel 1988-ci il tarixdə Azərbaycan Respublikasının ərazisində əməliyyat şəraitinin pisləşməsi səbəbi ilə Kürovabad şəhərinə ezam olunmuşdur. Daha sonra 10 yanvar 1992 ci il tarixdə müharibə şəraitinin kəskinləşməsi səbəbi ilə döyüşlərdə iştirak etmək üçün Şuşa şəhərinə ezam olunmuşdur. 10 gün Şuşa şəhərində gedən N saylı hərbi hissədə xidmət etdikdən sonra yenidən Xaçmaz şəhərinə qayıtmışdır. Bir neçə gün sonra X2 öz ərizəsi əsasında xaric olunmuşdur. Daha sonra “Müharibə Veteran statusunun alınması üçün Daxili İşlər Nazirliyinə müvafiq ərizə ilə müraciət etsə də arxiv şöbəsində müvafiq məlumatların olmaması səbəbindən müraciəti rədd edilmişdir. İddiaçı həqiqətən də, 10 dekabr 1992-ci il tarixdə Şuşa şəhərinə ezam olunmuş və bu faktı onunla Şuşa şəhərinə ezam olunmuş və hal-hazırda “Müharibə Veteranı” stasusu almış 3 nəfər şahid də təsdiq edə bilər. 10-21 yanvar 1992-ci il tarixdə Azərbaycan Respublikası ərazisində əməliyyat şəraitinin pisləşməsi ilə 1992-ci ilin yanvar ayının 10 da Şuşaya ezam olunmaqla döyüşlərdə iştirak etməsi faktını onunla birlikdə həmin döyüşlərdə iştirak edən digər şəxslər təsdiq etsə də, məhkəmə buna əhəmiyyət verməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətini əsassız edərək qərardadın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşin hallarından görünür ki, iddiaçı 10-21 yanvar 1992-ci il tarixlərində Şuşa şəhərinə ezam olunmağı və döyüşlərdə iştirak etmə faktının təsdiq edilməsinə və 40 manat Qarabağ veteranı pulu aldığına görə ”Qarabağ müharibəsi” vəsiqəsində təkrar sözü yazılmaqla vəsiqənin və veteran adının verilməsi bardə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli məsələ iddianın mümkün sayılmaması ilə yuxarıda qeyd edilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası məhkəmənin nəticəsilə razılaşaraq aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1-ci bənd). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Kollegiya bildirir ki, Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin təfsirinə görə, inzibati iddia yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə mümkün sayılır. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12.04.2019-cu il tarixli 03 nömrəli Qərarına əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “... iddiaçının çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün deyil. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitəsindən – müvafiq ərizə ilə əvvəlcə cavabdeh quruma müraciət etdiyi və müraciətindən cavabdeh qurum imtina etdiyi təqdirdə müharibə veteranı adı və vəsiqəsi verilməsi tələbinə dair iddia qaldırılması yolu ilə nail ola bilər.” Sadalananlardan da göründüyü kimi, iddiaçının qaldırdığı iddia tələbi üzrə istədiyi hüquqi nəticəyə çatması mümkün hesab edilmir. Kollegiya bildirir ki. iddiaçının müharibə veteranı adı və vəsiqəsi verilməsi tələbinə dair cavabdeh orqana müraciət etməsi, imtina aldığı təqdirdə yenidən məhkəməyə müraciət etməsi prosessual qaydaların tələblərinə uyğun olaraq daha məqsədəmüvafiq hesab olunur. Beləliklə, kollegiya bu nəticəyə gəlir ki, İddiaçı apelyasiya şikayəti hər hansı mötəbər dəlillə əsaslandırılmadığından şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı isə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. AR İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9665/2021 saylı, 25 oktyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Elşən Kazımov Hakim: İlham Kərimli
Məhkəmə qərarları › İş №2-1(103)-3291/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3291/2021
24.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver