Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3291/2025 16.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə3, Cavabdehin nümayəndəsi Nümayəndə5 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3038/2025 nömrəli, 11 aprel 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********897200 saylı qərarının ləğv edilməsi, Cəmiyyətə əlavə hesablanmış 52454,63 manat əlavə dəyər vergisi və bu müddət ərzində hesablanmış əlavə faiz və maliyyə sanksiyalarının ləğv edilməsi, Cəmiyyətin bank hesablarından sərəncamların aradan qaldırılması və bank hesablarından tutularaq dövlət büdcəsinə ödənilmiş artıq vəsaitin Cəmiyyətə geri qaytarılması” barədə iddia ərizəsilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 24 avqust 2024-cü il tarixli **********897200 nömrəli və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 10 iyun 2024-cü il tarixli **********119300 nömrəli qərarların ləğv edilməsi, Cəmiyyətə əlavə hesablanmış 52454,63 manat əlavə dəyər vergisi və bu müddət ərzində hesablanmış əlavə faiz və maliyyə sanksiyalarının ləğv edilməsi, Cəmiyyətin bank hesablarından sərəncamların qaldırılması və bank hesablarından tutularaq dövlət büdcəsinə ödənilmiş artıq vəsaitin cəmiyyətə geri qaytarılmasının təmin edilməsi barədə qərar qəbul edilməsi”ni xahiş etmişdir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********026100 nömrəli qərarının ləğv edilməsi və cəmiyyətə əlavə hesablanmış 52454,63 manat əlavə dəyər vergisi və bu müddət ərzində hesablanmış əlavə faiz və maliyyə sanksiyalarının ləğv edilməsi, Cəmiyyətin bank hesablarından sərəncamların götürülməsi və bank hesablarından tutularaq dövlət büdcəsinə ödənilmiş artıq vəsaitin Cəmiyyətə geri qaytarılması” kimi qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, cavabdehin xx.xx.2024-cü il tarixli, **********026100 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsinə dair iddiaçının ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Rusiya Federasiyasının rezidenti olan “Softexno" şirkəti arasında imzalanmış lisenziya və distribüsiya müqavilələri əsasında “1C” proqram təminatlarını Azərbaycan Respublikasında satışını həyata keçirir. Müqavilənin maddələrinə əsasən proqram təminatının satış yalnız proqram təminatının istifadə hüququnu daxil edir. 1 yanvar 2022-ci tarixinə qədər qüvvədə olmuş Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən proqram təminatı üzrə qeyri-rezidentlərə ödənilən royaltidən həmin dövrdə qüvvədə olan Vergi Məcəlləsinin 124-cü maddəsinə əsasən yalnız 14% ödəmə mənbəyindən vergi tutularaq dövlət büdcəsinə ödənilirdi. Vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********404300 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmişdir. Təyin edilmiş müddət ərzində İddiaçı MMC vergi orqanına zəruri sənədləri təqdim etmişdir. Buna baxmayaraq, vergi orqanı tərəfindən 2024-cü ilin mart ayı üzrə əlavə olaraq 52454,63 manat əlavə dəyər vergisi məbləği hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********119300 nömrəli qərar qəbul etmiş və İddiaçı MMC-ə göndərmişdir. İddiaçı MMC bu qərardan müvafiq olaraq 13 iyun, 21 iyun və 2 iyul 2024-cü il tarixində vergi orqanlarına şikayət etmişdir. Təqdim edilən əsasları nəzərə almayaraq, cavabdeh “İnzibati şikayətin təmin edilməməsi haqqında” 24 avqust 2024-cü il tarixli **********897200 saylı qərar qəbul etmişdir. Qərarda Vergi Məcəlləsinin 13.2.8 (Mal - hər hansı maddi və ya qeyri-maddi əmlak (aktiv), o cümlədən elektrik və istilik enerjisi, qaz və su. Əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün qeyri-maddi aktivlər, pul vəsaiti və torpaq mal sayılmır) və 13.2.11 (Xidmət (iş) - malların təqdim edilməsi sayılmayan, nəticələri maddi ifadə kəsb edən fəaliyyət. ƏDV-nin məqsədləri üçün pul vəsaitinə və torpağa mülkiyyət hüququnun başqasına verilməsi, həmçinin işəgötürənə muzdlu işçi kimi xidmət göstərilməsi istisna olunur) maddələrini qarşılaşdıraraq 13.2.9 (Qeyri-maddi aktivlər - intellektual, o cümlədən ticarət nişanları, digər sənaye mülkiyyəti obyektləri, habelə müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada vergi ödəyicisinin mülkiyyət hüququnun obyekti kimi tanınan digər analoji hüquqlar) maddəsini heç olmamış kimi göstərərək, qeyri-maddi aktivləri ƏDV vergisi məqsədləri üçün xidmətlərlə eyniləşdirməyə cəhd etmişdir. xx.xx.2021-xx.xx.2021-ci il dövrü üçün İddiaçı MMC təqdim edilmiş gəlirlərdən 65137,60 manat ƏDV hesablamış və yalnız 710,21 manat ƏDV-ni əvəzləşdirmişdir. Nəticədə 64427,39 manat dövlət büdcəsinə ƏDV vergisi ödəmişdir. Bu da vergi orqanının iddia etdiyi 52454,63 manat həcmində əvəzləşdirilə bilən ƏDV vergisindən 11972,76 manat çoxdur. Bu onu göstərir ki, Cəmiyyət həmin dövr üçün ƏDV vergisini tam olaraq dövlət büdcəsinə ödəmişdir. Buna görə vergi orqanın 3 (üç) ildən sonra həm iqtisadi, həm də qanunvericilik baxımından hər hansı iddia qaldırması əsassızdır. İddiaçı MMC-nin müqaviləsinə əsasən proqram təminatının satışından 10% gəlir əldə edir. Hazırda Cəmiyyət birbaşa fəaliyyətindən zərərdədir və əlavə fəaliyyətlər (təlim, proqram təminatının lokallaşdırılması xidmətləri) hesabına zərəri bağlamağa çalışır. Cəmiyyət vergi orqanının bu qanunsuz hərəkəti nəticəsində 3 (üç) aydan çoxdur ki, təchizatçılar qarşısında öhdəliklərini icra edə bilmir, hər gün zərər edir, fəaliyyəti get-gedə azalır. Ofisin icarə haqqını ödəyə bilmədiyi üçün ofisi təhvil verərək çıxmışdır. 1 sentyabr 2024-cü il tarixindən tam onlayn formatda işləyir. Hazırda müflis olma təhlükəsi ilə üzüzədir. Cəmiyyətdə 7 nəfər əməkdaş çalışır. Onların çoxu ailə başçısıdır və işsiz qalma ehtimalları var. İddiaçı göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair etirazın dəlilləri: Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd olunmuşdur ki, uçot-baza məlumatlarına əsasən Cəmiyyətin xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatına və ƏDV məqsədləri üçün qeydiyyata alındığı, əsas fəaliyyət növünün “proqram təminatının topdan satışı”ndan ibarət olduğu, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında “Ofis” adlı təsərüfat subyektinin (obyektinin) xx.xx.2023-cü il tarixdə qeydiyyata alındığı müəyyən edilmişdir. Kameral vergi yoxlaması ilə aparılmış araşdırma zamanı xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üzrə təqdim edilmiş ƏDV bəyannamələrinin 306-cı sətirinin + qeydiyyatda olmayan qeyri-rezidentlər üzrə təqdim edilmiş hesabatlara əsasən 1.035.619,0 manat dövriyyə məbləği ilə 2023-ci il üzrə təqdim edilmiş ÖMV bəyannamələrinin Royaltilərdən gəlir, Qeyri-rezidentin AR-da müvafiq gəlirləri (1606.2 B1) + Daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı üzrə gəlir Qeyri-rezidentin AR-da müvafiq gəlirləri (1607.2 B1) + Beynəlxalq rabitə həyata keçirilərkən rabitə xidmətləri üçün ödəmələr üzrə gəlir (1608.2 B1) + Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlir (1608.4 B1) sətirlərində qeyd olunmuş 1.345.726,0 manat məbləğlər arasında 310.107,0 manat fərq müəyyən edilmişdir ki, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərə əsasən vergi ödəyicisinə vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********404300 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən göndərilmiş uyğunsuzluq məktubuna əsaslandırılmış münasibət bildirilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2024-cü ilin mart ayı üzrə 52454,63 manat əlavə dəyər vergisi məbləği hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********119300 nömrəli qərar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir. Daha sonra Cəmiyyət tərəfindən xx.xx.2024-cü il tarixdə 2024-cü ilin mart ayı üçün dəqiqləşdirilmiş ƏDV bəyannaməsi təqdim edilmişdir. Vergi orqanı tərəfindən xx.xx.2024cü il tarixdə 2024-cü ilin mart ayı üçün təqdim edilmiş dəqiqləşdirilmiş ƏDV bəyannaməsi üzrə analoji uyğunsuzluğa əsasən 52454,63 manat vergi məbləği hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024cü il tarixli **********026100 nömrəli qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. Vergi Məcəlləsinin 63.1-ci maddəsinə əsasən şikayətlər üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması və işin düzgün həlli üçün bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə inzibati şikayətlərin icra müddəti artırılmış və bu barədə maraqlı şəxsə xx.xx.2024-cü il tarixli **********074000 nömrəli məktubla məlumat verilmişdir. Belə ki, inzibati araşdırma zamanı Cəmiyyət tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üzrə təqdim edilmiş ƏDV bəyannamələrinin 306-cı sətrində (Vergi Məcəlləsinin 169-cu maddəsinə əsasən qeyri-rezidentin göstərdiyi xidmətlər və ya gördüyü işlər üzrə əməliyyatlar) bəyan edilmiş 1.054.311,15 manat məbləğlə (2024-cü ilin mart ayı ƏDV bəyannaməsi üzrə hesablanmış kameral istisna olmaqla) müvafiq dövr üçün təqdim edilmiş ÖMV bəyannamələrinin 1606-cı (Royaltilərdən gəlir) və 1608-ci (Qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə olunan və AR-nın ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirləri) sətirlərində göstərilən ümumi 1.345.725,74 manat məbləğin müqayisəsi nəticəsində 291.414,59 manat fərq yaranmış və yaranmış fərq kameral vergi yoxlaması ilə aradan qaldırılaraq 2024-cü ilin mart ayı ƏDV bəyannaməsinə 52454,63 manat əlavə vergi məbləği hesablanmışdır. Eyni zamanda, Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinin müddəalarına əsasən patentlərin, lisenziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqların mülkiyyətə verilməsi və ya güzəşt edilməsi, işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yerdə ƏDV-yə cəlb edilir. Buna əsasən qeyri-rezident tərəfindən proqram təminatının mülkiyyət hüququ ilə birlikdə rezident alıcıya təqdim edilməsi zamanı alıcı tərəfindən qeyri-rezidentə aparılan ödəmələr ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergiyə və 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilir. Proqram təminatından istifadə hüququnun alınmasına görə qeyri-rezidentə royalti şəklində aparılan ödəmələr 14 faiz dərəcə ödəmə mənbəyində vergiyə və 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3038/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia tələbinin təmin edilməsi, İddiaçı barədə qəbul edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********026100 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən həmin qərardan apellyasiya şikayəti verilərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar çıxarılması xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə5 apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilib, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini qəbul etmədiyini bildirərək, şikayətin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə3 apellyasiya şikayətini qəbul etmədiyini bildirərək, şikayətin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “Lisenziar” adlandırılacaq "xxxx" MMC ilə İddiaçı MMC (bundan sonra Lisenziat) arasında imzalanmış 19 yanvar 2021-ci il tarixli lisenziya müqaviləsinə əsasən Müəllif hüquqları sahiblərindən müvafiq səlahiyyətə malik olan "xxxx" MMC EHS proqramlarından və məlumatlar bazasından istifadəyə dair aşağıdakı qeyri-müstəsna (məhdud) hüquqları, bundan sonra “Məhsullar” (sadə qeyri-müstəsna lisenziya) ödəniş müqabilində Lisenziata verməyi öhdəsinə götürür. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********026100 nömrəli 24 iyul 2024-cü il tarixli və qərarı ilə İddiaçı barədə mart 2024-cü il bəyannamə və hesabat dövrü üzrə 67605,49 manat əlavə dəyər vergisi hesablanmışdır. Qərarın qəbul edilməsinə əsas iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə 2024-cü ilin mart ayı üçün təqdim edilmiş əlavə dəyər vergisi bəyannaməsi üzrə vergi məbləği azaldılması olmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 24 avqust 2024-cü il tarixli **********897200 nömrəli qərarı ilə İddiaçı kameral vergi yoxlaması ilə əlavə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2024-cü il tarixli inzibati şikayətinin təmin edilməməsi qərara alınmışdır. İddiaçı hazırkı iddiasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********026100 nömrəli qərarını mübahisələndirir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh 3 il üçün (xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü tarixədək) apardığı kameral vergi yoxlaması nəticəsində iddiaçı tərəfindən ƏDV üzrə hesablanmasının və ödənilməsinin düzgün olmamasının məhz hansı dövr (ay) üzrə aşkar edilməsini dəqiq və konkret göstərməmiş, yalnız 2024-cü ilin mart ayı ƏDV bəyannaməsi üzrə hesablanmış kameral qaydada hesablamanın istisna olduğunu qeyd etmişdir. Halbuki, vergi orqanının keçirdiyi kameral vergi yoxlaması zamanı iddiaçı tərəfindən əlavə dəyər vergisinin hesablanmasının və ödənilməsinin düzgün olub-olmaması xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək və xx.xx.2022-ci ildən xx.xx.2024-cü ilədək olan dövrlərə münasibətdə müvafiq olaraq həmin vaxt qüvvədə olan qanun normaları əsasında müəyyən edilməlidir. Belə ki, hazırkı mübahisə üzrə tərəflər arasında vergitutma ilə bağlı vergi münasibətlərinə vergi qanunvericiliyinin xx.xx.2022-ci ildən qüvvəyə minmiş normalarının qüvvəsi geriyə şamil edilə bilməz. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 3.5-ci maddəsinə əsasən heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. 3.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 13.2.8-ci maddəsinə əsasən mal - hər hansı maddi və ya qeyri-maddi əmlak (aktiv), o cümlədən elektrik və istilik enerjisi, qaz və su. Əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün qeyri-maddi aktivlər, pul vəsaiti və torpaq mal sayılmır. 13.2.9-cu maddəsinə əsasən qeyri-maddi aktivlər - intellektual, o cümlədən ticarət nişanları, digər sənaye mülkiyyəti obyektləri, virtual aktivlər, habelə müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada vergi ödəyicisinin mülkiyyət hüququnun obyekti kimi tanınan digər analoji hüquqlar. 13.2.11-ci maddəsinə əsasən xidmət (iş) - malların təqdim edilməsi sayılmayan, nəticələri maddi ifadə kəsb edən fəaliyyət. ƏDV-nin məqsədləri üçün pul vəsaitinə və torpağa mülkiyyət, habelə torpaqdan istifadə hüququnun başqasına verilməsi, torpağın icarəyə verilməsi, həmçinin işəgötürənə muzdlu işçi kimi xidmət göstərilməsi istisna olunur. Xidmətlərin göstərilməsi (işlərin görülməsi) zamanı istifadə olunan mallar ayrıca təqdim edilmirsə və ya xidmətin (işin) dəyərinə daxil edilməyən kompensasiyalı xərclər müqavilədə və ya ödəniş sənədlərində ayrıca göstərilmirsə, həmin mallar və ya xərclər xidmətin (işin) ayrılmaz tərkib hissəsi hesab edilir. 13.2.23-cü maddəsinə əsasən royalti - ədəbiyyat, incəsənət, yaxud elm əsərləri, proqram təminatı, kinematoqrafik filmlər və digər qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunması, yaxud istifadə hüquqlarının verilməsinə görə, istənilən patentə, ticarət markasına, dizayn, yaxud modelə, plana, məxfi düstura, yaxud prosesə, sənaye, kommersiya, yaxud elmi təcrübəyə aid olan informasiyaya, sənaye, kommersiya və ya elmi avadanlıqdan istifadə, yaxud istifadə hüquqlarının verilməsinə görə mükafat şəklində alınan ödənişlərdir. 16.1-ci maddəsinə əsasən vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.3. qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq; 16.1.3-1. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mühasibat uçotunu məcburi qaydada elektron formada aparmalı şəxslər tərəfindən siyahısı və forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməsini təmin etmək; 16.1.4. vergi orqanlarına bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada, auditor tərəfindən yoxlanılması nəzərdə tutulduğu hallarda isə auditor rəyi əlavə edilməklə, vergi hesabatını, habelə bu Məcəllənin 14-1.2.1-14-1.2.3-cü maddələrində göstərilən şəxslər üzrə transfer qiymətləri əsas götürülməklə apardığı əməliyyatların ümumi dəyəri 500.000 manatdan artıq olduqda və 14-1.2.4-cü maddədə göstərilən şəxslər üzrə həmin maddədə nəzərdə tutulan hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi formada mənfəət (gəlir) vergisi bəyannaməsi üçün nəzərdə tutulan müddətlərdə arayışı təqdim etmək; 23.1-ci maddəsinə əsasən vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 23.1.2. vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, habelə yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara, habelə kommunal və rabitə xidmətləri göstərən vergi ödəyiciləri tərəfindən abunəçilər üzrə göstərilən və vergilərin hesablanmasına əsas verən xidmətlərin müddəti, həcmi, dəyəri, ödənişləri və digər iqtisadi göstəricilərini hesablayan və özündə əks etdirən, digər xidmət təminatçıları ilə qarşılıqlı hesablaşmaların aparılması üçün məlumatları saxlayan sistemlərə birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək; 23.1.2-1. vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən şəxslərdən həmin müqavilənin tələblərindən irəli gələn sənədləri və məlumatları elektron və (və ya) kağız daşıyıcılarda tələb etmək; 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.1.1-1. bu Məcəllənin 15.1.2-1-ci maddəsinə uyğun olaraq ərizə ilə müraciət etmiş vergi ödəyicilərinin həmin ərizədə göstərilən əməliyyatı ilə bağlı vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərar qəbul etməyə; 24.1.1-2. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda mühasibat uçotu sahəsində dövlət nəzarətini həyata keçirməyə; 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə; 24.1.2-1. vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə; ... borcludur. 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 36.3. Bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Vergi yoxlaması keçirildikdə, vergi orqanının vergi ödəyicisinin üçüncü şəxslərlə əlaqədar fəaliyyəti barədə vergi yoxlamasının predmetinə aid olan məlumat alması üçün sənədlərlə təsdiq edilmiş zərurət yarandığı halda, vergi orqanı həmin şəxslərdən yoxlanılan vergi ödəyicisinin fəaliyyətinə aid olan sənədlər ala bilər. Bu hərəkətlər üçün vergi orqanının əsaslandırılmış qərarı olmalıdır. Bu zaman tələb yönəldilən üçüncü şəxs və ya onun səlahiyyətli nümayəndəsi müvafiq sənədləri və ya məlumatları təsdiq edərək, tələbnaməni aldığı gündən 10 iş günü müddətində vergi orqanına təqdim etməyə borcludur. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə bəyannamə, xüsusi notariusun və xüsusi icra məmurunun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi ödəyicisinin, vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır. Bu maddədə nəzərdə tutulmuş müddəalar vergi agentlərinə də şamil edilir. 125.1-ci maddəsinə əsasən qeyri-rezidentin, bu Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan aşağıdakı dərəcələrlə vergi tutulur: 125.1.1. dividend - bu Məcəllənin 122-ci maddəsinə uyğun olaraq; 125.1.2. faizlər - bu Məcəllənin 123-cü maddəsinə uyğun olaraq; 125.1.3. rezident müəssisəsinin və ya sahibkarın riskin sığortasına və ya təkrar sığortasına dair müqaviləyə uyğun olaraq sığorta ödəmələri - 4 faiz; 125.1.4. Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisənin və ya sahibkarın ödəmələri - 6 faiz. Azərbaycan Respublikasının hüdudlarından kənarda digər dövlətlərdəki təyinat (göndərilmə) məntəqələri arasında, habelə Azərbaycan Respublikasının ərazisindən tranzit qaydada həyata keçirilən daşımalara görə rezident müəssisənin və ya sahibkarın ödəmələri bu maddə üzrə vergitutuma obyekti deyildir; 125.1.5. bu Məcəllənin 125.1.1-ci – 125.1.4-cü, 125.1.6-cı – 125.1.8-ci və 125.1-1-ci maddələrində göstərilən gəlirlər istisna olmaqla, hüquqi şəxslərin və vergi ödəyicisi kimi uçota alınmış fiziki şəxslərin işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər və Azərbaycan mənbəyindən əldə edilən digər gəlirlər üzrə ödəmələri – 10 faiz; 125.1.6. rezident müəssisəsinin və ya sahibkarın muzdlu işlə əlaqədar ödədiyi gəlir - bu Məcəllənin 101-ci maddəsində göstərilən dərəcələrlə; 125.1.7. icarə haqları və royalti (bu Məcəllənin 125.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla) - bu Məcəllənin 124-cü maddəsinə uyğun olaraq; 125.1.8. idman mərc oyunlarından, lotereyalardan, habelə digər yarışlardan və müsabiqələrdən pul şəklində əldə edilən uduşlardan (mükafatlardan) iştirakla bağlı ödənilən pul vəsaiti (pul qoyuluşu) çıxılmaqla qalan məbləğdən – bu Məcəllənin 101.5-cı maddəsinə uyğun olaraq. 125.1-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının rezidentləri tərəfindən qeyri-rezident şəxslərə məxsus elektron pul kisəsində yaradılan hesaba pul köçürülərkən, əməliyyatı həyata keçirən yerli ödəniş xidməti təchizatçısı və ya xarici ödəniş xidməti təchizatçısının yerli filialı həmin rezidentdən köçürülən məbləğin 10 faizi miqdarında ödəmə mənbəyində vergi tutur. 168.1-ci maddəsinə əsasən bu fəsilin məqsədləri üçün işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer aşağıdakılar sayılır: 168.1.5 işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yer. Bu maddənin müddəaları aşağıdakı xidmətlərə tətbiq edilir: patentlərin, lisenziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqların mülkiyyətə verilməsi və ya güzəşt edilməsi, o cümlədən istifadəyə verilməsi; məsləhət, hüquq, mühasibat, mühəndis və ya reklam xidmətlərinin, həmçinin məlumatların işlənilməsi üzrə xidmətlərin və digər analoji xidmətlərin göstərilməsi; işçi qüvvəsinin təchiz edilməsi üzrə xidmətlərin göstərilməsi (işçilər bu xidmətlərin alıcısının fəaliyyət göstərdiyi yerdə işlədikləri halda); daşınan əmlakın icarəyə verilməsi (nəqliyyat müəssisələrinin nəqliyyat vasitələri istisna olmaqla); müqavilənin əsas iştirakçısı adından bu maddədə göstərilən xidmətlərin yerinə yetirilməsi üçün hüquqi və ya fiziki şəxsi cəlb edən agentin xidmət göstərməsi; telekommunikasiya xidmətlərinin göstərilməsi (siqnalların, sənədlərin, şəkillərin və ya səsin, yaxud istənilən xarakterli informasiyanın teleqraf, radio, optik və ya digər elektromaqnit sistem vasitəsilə alınması, yayılması, ötürülməsi, o cümlədən bu cür ötürmə, alma və ya yayım hüquqlarının təqdim edilməsi və ya alınması); radio və televiziya yayımı, poçt rabitəsi xidmətlərinin göstərilməsi; kompüter, internet və digər elektron şəbəkələr, elektron poçt və digər oxşar vasitələrlə xidmətlərin göstərilməsi, yaxud bu cür şəbəkələrdən və ya xidmətlərdən istifadə hüququnun verilməsi; elektron ticarətin satıcıları (təchizatçıları) tərəfindən işlərin və xidmətlərin təqdim edilməsi, habelə elektron qaydada təşkil olunan lotereyaların, (o cümlədən virtual lotereyaların), idman mərc oyunlarının, digər yarışların və müsabiqələrin keçirilməsi. 3 dekabr 2021-ci il tarixli 406-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 168.1.5-ci maddənin ikinci hissəyə “güzəşt edilməsi” sözlərindən sonra “o cümlədən istifadəyə verilməsi” sözləri əlavə edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işin halları ilə müəyyən edilir ki, cavabdeh inzibati orqan mübahisələndirilən qərarın qəbul edilməsini onunla əsaslandırır ki, iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üzrə təqdim edilmiş ƏDV bəyannamələrinin 306-ci sətirində (Vergi Məcəlləsinin 169-cu maddəsinə əsasən qeyri-rezidentin göstərdiyi xidmətlər və ya gördüyü işlər üzrə əməliyyatlar) bəyan edilmiş 1.054.311,15 manat məbləğdə (2024-cü ilin mart ayının ƏDV bəyannaməsi üzrə hesablanmış kameral istisna olmaqla) müvafiq dövr üçün təqdim edilmiş ÖMV bəyannamələrinin 1606-ci (Royaltilərdən gəlir) və 1608-ci (Qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə olunan və Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirləri) sətirlərində göstərilən ümumi 1.345.725,74 manat məbləğin müqayisəsi nəticəsində 291.414,59 manat fərq yaranmışdır. Göründüyü kimi, iddiaçının xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üzrə qeyri-rezidentlə olan əməliyyatlarla bağlı əlavə ƏDV məbləği hesablanmışdır. İşin hallarından görünür ki, mübahisəli dövr üzrə iddiaçı ilə qeyri-rezident şirkət "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Distribüter lisenziya müqaviləsi”nə əsasən iddiaçı proqram təminatının istifadəsi ilə bağlı hüquq (lisenziya) əldə etmiş və bununla bağlı qeyri-rezidentə vəsait ödəmişdir. Proqram təminatından istifadə ilə bağlı iddiaçının müqaviləyə əsasən əldə etdiyi lisenziya cavabdeh tərəfindən ƏDV məqsədləri üçün xidmət kimi qəbul edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilə "xxxx" MMC arasında münasibətlər proqram təminatının istifadəsi ilə bağlı lisenziyanın verilməsi ilə əlaqədardır. Qanunvericiliyin tələbindən göründüyü kimi, lisenziyaların istifadəyə verilməsi 3 dekabr 2021-ci il tarixli 406-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinə edilmiş dəyişikliyə əsasən ƏDV hesablanması nəzərdə tutulmuş xidmətlərə aid edilmiş, xx.xx.2022-ci il tarixdən sonra yaranan münasibətlərə şamil edilmişdir. "xxxx" MMC ilə iddiaçı arasında münasibətlər xx.xx.2021-ci il tarixdən yaranmağa başlamış, vergi orqanı tərəfindən yoxlama xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üzrə (2024-cü ilin mart ayının ƏDV bəyannaməsi üzrə hesablanmış kameral istisna olmaqla) aparılmışdır. Belə olan halda xx.xx.2021-ci il tarixdən - xx.xx.2022-ci il tarixə kimi qüvvədə olmayan hüquq normalarının tətbiq edilməsi qanunvericiliyin tələbinə uyğun deyil, əlavə dəyər vergisinin hesablanmasının və ödənilməsinin düzgün olub-olmaması xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək və xx.xx.2022-ci ildən xx.xx.2024-cü ilədək olan dövrlərə münasibətdə müvafiq olaraq həmin vaxt qüvvədə olan qanun normaları əsasında müəyyən edilməlidir. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş mübahisələndirilən qərarda kameral vergi yoxlaması nəticəsində iddiaçı tərəfindən ƏDV üzrə hesablanmasının və ödənilməsinin düzgün olmamasının məhz hansı dövr (ay) üzrə aşkar edilməsi dəqiq göstərilməmiş, inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olmayan inzibati akt qəbul edilmişdir. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3038/2025 nömrəli, 11 aprel 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Günel Sevdimalıyeva Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-3291/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3291/2025
16.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver