Məhkəmə qərarları › İş №2-1(103)-3292/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3292/2023

22.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3292/2023 22.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X2 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “əmək pensiyasından tutulmanın dayandırılması və tutulmuş pul vəsaitinin ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 9990/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı əmək pensiyasından tutulmanın dayandırılması və əsassız tutulmuş pul vəsaitinin onun hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2016-cı il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Fərdi hesabının sığorta hissəsində qeyd olunmuş sığorta kapitalına görə pensiyası yenidən hesablanaraq xx.xx.2023-cü il tarixdən 1721,74 manat məbləğində müəyyən edilmişdir. 2023-cü ilin mart ayında əmək pensiyası ödənilərkən 200 manat əskik ödəniş olmasını müəyyən etmişdir. O, əmək pensiyasının əskik köçürülməsi ilə bağlı məlumat almaq və tutulmanın dayandırılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət etmişdir. Cavabdeh müraciətinə xx.xx.2023-cü il tarixli 3-177/2-Q-96850/2023 nömrəli məktubla cavab verərək xx.xx.2019-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 39129,20 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 45633,50 manat ödənilməsi, həmin dövr üzrə ona 6504,30 manat artıq pul vəsaiti ödənilməsi, artıq ödənilmiş pul vəsaitinin xx.xx.2023-cü il tarixində daxil olmuş müraciətindən 3 il geri dövr üzrə məhdudlaşdırılması, xx.xx.2020 - xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində 5571,94 manat artıq pul vəsaitinin ödənilməsinin müəyyən edildiyi, həmin ödənilmiş 5571,94 manat vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığı qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi, əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbir görüləcəyi bildirmişdir. Bildirir ki, əmək pensiyasından tutulmanın aparılması barədə qərar qəbul edilərkən cavabdeh tərəfindən ona heç bir məlumat verilməmiş, özbaşına olaraq əmək pensiyasından tutulma aparmaqla konstitutsiya ilə qorunan hüquqlarını pozmuşdur. Ona əmək pensiyası cavabdeh orqan tərəfindən təyin edilmiş, pensiya təyin edilərkən müvafiq sənədlər yoxlanılaraq icraata qəbul edilmişdir. Bundan əlavə o, əmək fəaliyyətini davam etdirdiyi üçün qanunvericiliyin tələblərinə uyğun olaraq pensiyasının yenidən hesablanması üçün cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən 2023-cü ilin yanvar ayında pensiyası yenidən hesablanmışdır. Lakin cavabdeh əsassız olaraq 2023-cü ilin mart ayında ona artıq pensiya ödənilməsi barədə qərar qəbul etmiş və qanunsuz tutulma aparmışdır. Əgər ona artıq ödəniş edilmiş olsa belə, bu onun təqsiri ucbatından olmamış, pensiyanın hesablanmasına hər hansı təsiri olmamış, inzibati orqanın özünün qiymətləndirməsindən asılı olaraq göstərilən məbləğ ödənilmişdir. Bu səbəbdən də artıq ödəniş olsa belə onun geri tələb edilməsi yol verilməzdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazdə bildirilmişdir ki, iddiaçının pensiya işinə aid sənədlərdə ona Fondun Binəqədi rayon şöbəsi tərəfindən 2 yanvar 2016-cı il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunub. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, 2 yanvar 2016-cı il tarixində iddiaçının vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşı orta aylıq məbləği 710,83 manat, qulluq stajına görə vəzifə maaşının 20 faizi miqdarında əlavə 142,17 manat, ixtisas dərəcəsinə görə əlavə 100,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 141,67 manat olmaqla orta aylıq əmək haqqı 1094,67 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3cü maddəsinə əsasən 12 il 4 ay 17 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (1094,67 manat) 65 faizi-711,54 manat məbləğində müəyyən edilib. “Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017- ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar iddiaçının 12 il 4 ay 17 gün dövlət qulluğu stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 41,11 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən iddiaçının 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 782,29 manat, qulluq stajına görə vəzifə maaşının 20 faizi miqdarında əlavə 156,46 manat, ixtisas dərəcəsinə görə əlavə 100,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 156,04 manat olmaqla orta aylıq əmək haqqı 1194,79 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə orta aylıq əmək haqqı (1094,67 manat) ilə 1 mart 2018ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (1194,79 manat) arasındakı fərq məbləğinin (100,12 manat) 41,11 faizi-41,16 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyasının (711,54 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 752,70 manat məbləğində müəyyən edilib. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən iddiaçının 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 1174,17 manat, qulluq stajına görə vəzifə maaşının 20 faizi miqdarında əlavə 234,83 manat, ixtisas dərəcəsinə görə əlavə 100,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 234,38 manat olmaqla orta aylıq əmək haqqı 1743,38 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə orta aylıq əmək haqqı (1194,79 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqı (1743,38 manat) arasındakı fərq məbləğinin (548,59 manat) 41,11 faizi-225,53 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyanın (752,70 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 978,23 manat məbləğində hesablanıb. Qeyd olunanlara əsasən, iddiaçıya xx.xx.2019-xx.xx.2022ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 39129,20 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində 45633,50 manat ödənilib. Buna görə də həmin dövr üzrə iddiaçıya 6504,30 manat artıq pul vəsaiti ödənilib. Eyni zamanda, iddiaçının əmək pensiyasına (978,23 manat) tərkibinə 10 faiz maddi yardım əlavə edilməklə və cari il üzrə 14,7% indeksləşdirmə nəzərə alınmaqla 1 yanvar 2023-cü il tarixindən əmək pensiyası 1234,23 manat məbləğində müəyyən edilib. Bununla əlaqədar onun əmək pensiyası cari ilin yanvar ayı üzrə 8 gün üçün 318,51 manat məbləğində hesablanmalı olduğu halda, 370,59 manat məbləğində müəyyən edilməklə müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin günlər üzrə ona 52,08 manat artıq pul vəsaiti ödənilib. İddiaçının Mərkəzi Filiala daxil olmuş müraciətinə əsasən onun fərdi hesabının sığorta hissəsində qeyd olunmuş sığorta kapitalına görə pensiyası yenidən hesablanaraq 9 yanvar 2023-cü il tarixindən 1521,74 manat məbləğində müəyyən edilib. Bununla əlaqədar iddiaçıya cari ilin yanvar (23 gün üçün) və fevral ayları üzrə ümumilikdə 2650,77 manat pul vəsaiti ödənilməli olduğu halda, 2501,45 manat ödənilib. Buna görə də həmin dövr üzrə ona ümumilikdə 149,32 manat əskik pul vəsaiti ödənilib. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Bununla əlaqədar iddiaçıya artıq ödənilmiş pul vəsaiti 2 fevral 2023-cü il tarixində daxil olmuş müraciətindən 3 il geri dövr üzrə məhdudlaşdırılıb. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya xx.xx.2020 - xx.xx.2023cü il tarixləri arasındakı dövr ərzində 5571,94 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9990/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasından tutulmanın dayandırılması və tutulmuş pul vəsaitinin geri ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmiş və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayəti birinci instansiya məhkəməsinə təqdim edilən etirazla oxşar məzmunlu tərtib edilmiş, əlavə yeni bir sübut təqdim edilməmişdir. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının əsassız və qanunsuz olduğunu, ləğv edilərək iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apellyasiya şikayətinin əsassız olduğunu, qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya xx.xx.2016-cı il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı 2023-cü ilin mart ayında əmək pensiyası ödənilərkən əskik ödəniş olmasını müəyyən etmiş, bununla bağlı məlumat almaq və tutulmanın dayandırılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət etmişdir. Cavabdeh tərəfindən isə tələbi təmin edilməyərək imtina məktubu verilmişdir. Bundan sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsi ilə həll edilmişdir. Kollegiya məhkəmənin mövqeyilə razılaşır, hesab edir ki, hazırki işin faktiki halları baxımından iddianın təmin edilməsi ilə düzgün nəticəyə gəlinmişdir. İşdən aydın olur ki, iddiaçıya xx.xx.2016-cı il tarixdən 2528 nömrəli qərar ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Kollegiya bildirir ki, yuxarda qeyd olunan inzibati akt iddiaçının xeyrinə olan əlverişli inzibati aktdır. Cavabdeh orqan isə “İnzibati İcraat haqqında” Qanunun tələblərini kobud şəkildə pozaraq öz təşəbbüsü ilə, artıq pensiya ödənildiyini” aşkar etdiyinə istinad etməklə, inzibati icraat haqqında qanunun tələblərinə əməl etməyərək, iddiaçının iştirakı olmadan araşdırma aparmış, iddiaçının dinlənilmə hüququnu təmin etmədən öz təşəbbüsü ilə iddiaçının əmək pensiyasını azaltmışdır. “İnzibati icraat haqqında” AR Qanunun: 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Həmçinin kollegiya qeyd edir ki, iddiaçıya pensiya təyin edilməsinə dair keçmiş tarixdə qəbul edilmiş və qüvvəsini saxlayan inzibati akt mövcuddur. İnzibati orqan qüvvədə olan və mübahisələndirilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. İşdən göründüyü kimi keçmiş tarixdə qəbul edilmiş və qüvvəsini saxlayan inzibati aktın ləğvinə dair inzibati orqan tərəfindən qanunvericiliyin tələblərinə uyğun inzibati icraat aparılması müəyyən edilmir. “İnzibati icraat haqqında” AR Qanunun: 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. İnzibati icraatın aparılma qaydalarının pozulmasından əlavə cavabdeh inzibati orqan tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsinin tələbləri pozularaq iddiaçının əmək peniyasından tutulma aparılmışdır. Kollegiya qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsinin birinci bəndi aşkar olaraq tələb edir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Odur ki, artıq ödənilmiş vəsaitlərin (əmək pensiyası və əmək pensiyasına əlavənin) geri qaytarılmasının iki qaydası təsbit olunur: ya könüllü, ya da məcburi. Aydındır ki, könüllü qaytarılma yalnız əmək pensiyaçısının razılığı ilə mümkündür. Məcburi geri qaytarılma isə belə razılıq olub olmamasından asılı olmayaraq tətbiq olunur. Əmək pensiyaçısının artıq ödənilmiş vəsaitlərlə bağlı könüllü olaraq geri dönüş etməsinə razılıq verməsi inzibati orqana məhkəmədənkənar qaydada inzibati akt qəbul etmək səlahiyyəti verir. Başqa sözlə, əgər inzibati orqan məhkəməyə müraciət etmədən inzibati akt qəbul etməklə artıq ödənilmiş vəsaitlərin geri qaytarılmasına nail olmaq istəyirsə, bunun yeganə yolu əmək pensiyaçısının razılığının alınmasıdır. Əgər bununla bağlı tərəflər arasında mübahisə vardırsa, və yaxud əmək pensiyaçısının bununla bağlı aşkar görünən razılığı yoxdursa, inzibati orqan müvafiq məzmunda inzibati akt qəbul etmək səlahiyyətinə malik olmayacaqdır. Hazırki mübahisə üzrə də iddiaçı belə bir razılığının olmadığını və bəyan edilmədiyini bildirilir. Göründüyü kimi, inzibati orqan yuxarıda sadalanan qanunvericilik normalarının tələblərini nəzərə almamış, artıq pensiya ödənilməsi əsası ilə əlverişli inzibati aktı ləğvetmədən, qanuni qüvvəsini saxlamaqda olan aktın icrası nəticəsində ödənilmiş pensiya məbləğini azaltmışdır. Hazırki iş materiallarından görünür ki, qanunsuz hesab edilən əlverişli aktın ləğvinə əsas olan 67.6-cı maddəsində nəzərdə tutulan (rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olma; səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsi; inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda) halların mövcud olması apellyasiya baxışı zamanı məhkəmə araşdırması nəticəsində müəyyən edilməmiş və bu halları əsaslandıran hər hansı dəlil iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Qeyd edilməlidir ki, Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir. İnsan hüquqlarının, o cümlədən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən ədalət və hüquqi müəyyənlik prinsipləri qanunvericilik siyasətinin gözlənilən olmasını tələb edir. Hüquqi müəyyənlik prinsipi müvafiq hüquq münasibətləri iştirakçılarının davranışlarının nəticələrini ağlabatan hüdudlarda qabaqcadan bilməsini təmin etməklə, rəsmi tanınmış hüquqi statuslarının, əldə edilmiş hüquqlarının dəyişilməzliyində əminlik yaratmaqla, onların dövlətin hüquq siyasətinə etibarını artırır. Bu mənada, əmək pensiyaları haqqında qanunvericiliyin əsas məqsədi pensiya təminatı sistemində bu prinsiplərin qorunmasında, qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında tarazlaşdırma mexanizminin formalaşdırılmasında ifadə olunur. Bu sahədə aparılan islahat tədbirləri sığortaolunana münasibətdə ədalətliliyin gözlənilməsinə yönəlmişdir. Beləliklə, yuxarıda sadalananlara məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə əməl edilərək, maddi hüquq normaları işin hallarına düzgün tətbiq edildiyindən, cavabdehin apellyasiya şikayəti isə hər hansı mötəbər dəlilə əsaslandırılmadığından məhkəmənin mübahisələndirilən qərarının ləğvi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9990/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Kamran Əkbərov Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar