Məhkəmə qərarları › İş №2-1(103)-3292/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3292/2024

15.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3292/2024 15.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «çıxarışın verilməsi” tələbinə dair iş üzrə QƏRARDADİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X2 ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə cavabdehin ərizəsinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-780/2023 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq Bakı şəhəri XDS İK-nın xx.xx.1990-cı il tarixli, 15/558 nömrəli qərarı ilə 138 nömrəli BTK nəzdində 30 nömrəli order əsasında İddiaçı istifadəsinə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 3746a saylı bağ sahəsinə dair iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri XDS İK-nın xx.xx.1990- cı il tarixli, 15/558 nömrəli qərarı ilə 138 nömrəli BTK nəzdində 30 nömrəli order əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 3746a saylı bağ sahəsi İddiaçı istifadəsinə verilmişdir. Sözügedən bağ sahəsi hazırda iddiaçının fasiləsiz olaraq qanuni istifadəsində olmaqla həmin ərazidə abadlıq işləri görülmüş, ağaclar əkilmiş və ikimərtəbəli tikili mövcuddur. Bu torpaq sahəsinə dair iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. İnzibati orqanın **********51 nömrəli, xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, elektron kadastr məlumatlarına əsasən koordinatlarla göstərilən bağ sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, göstərilən bağ sahəsi digər bağların ərazisinə uyğun gəlir. İddiaçı hesab edir ki, yuxarıda göstərilmiş imtina məktubları əsassızdır. Belə ki, lazımi olan hüquqmüəyyənedici sənəd - order inzibati orqana təqdim edilmişdir. İnzibati orqanın digər **********51 nömrəli, xx.xx.2022-ci il tarixli imtina məktublarında qeyd edilən bağ sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi halı iddiaçının iradəsindən asılı olan hallar deyildir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-780/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri XDS İK-nın xx.xx.1990-cı il tarixli, 15/558 nömrəli qərarı ilə 138 nömrəli BTK nəzdində 30 nömrəli order əsasında İddiaçı istifadəsinə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 3746a saylı bağ sahəsinə dair iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.

4. Cavabdehin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-780/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 2595/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-780/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

Birinci instansiya məhkəməsində icraat:

5. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən icraatın təzələnməsi haqqında xx.xx.2024-cü il tarixli, 3-17-1/2-65857/2024 №-li ərizə verilmişdir.

6. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-780/2023 saylı qərarı idarəyə daxil olduqdan sonra qərarın icrası ilə bağlı aparılan araşdırmalar nəticəsində icranı mümkünsüz edən yeni hallar və sübutlar müəyyən edilmişdir. Belə ki, İdarənin mütəxəssisləri tərəfindən iddiaçı tərəfindən iddia olunan torpaq sahəsinə xx.xx.2024-cü il tarixində yerli baxış keçirilmiş və daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktı tərtib edilmişdir. Həmin akta əsasən iddiaçı məhkəmə prosesi zamanı fərqli ərazi (sahənin qərbində yerləşən torpaq sahəsini) göstərdiyi müəyyən edilmişdir. Həmçinin bildiririk ki, iddiaçı sahəni digər şəxs tərəfindən hasarlanmış və mişar daşı ilə hissə-hissə hasarlanaraq yol və hissə-hissə ayrılmış ərazidən şərti olaraq göstərmişdir. Elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Göstərilən torpaq sahəsinin bir hissəsi 3745 saylı bağ sahəsinin bir hissəsinin ərazisinə uyğun gəlir. Göründüyü kimi yuxanda qeyd olunan hal məhkəmə icraatı zamanı məlum olmamışdır. Bu səbəbdən də yeni açılmış hallarla bağlı inzibatı məhkəmə icraatı təzələnməli və Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)780/2023 saylı qərarı ləğv edilməlidir

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-780/2023 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin “Bakı şəhəri XDS İK-nın xx.xx.1990-cı il tarixli, 15/558 nömrəli qərarı ilə 138 nömrəli BTK nəzdində 30 nömrəli order əsasında İddiaçı istifadəsinə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 3746a saylı bağ sahəsinə dair iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2-1(112)-780/2023 nömrəli inzibati iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsi təmin edilməməsi qərara alınmışdır.

8. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin qeyd edilən əsasla imtinasını əsassızdır. Belə ki, cavabdehin imtinasında istinad etdiyi sxematik xəritənin məhkəməyə təqdim edilməsi barədə sorğuya cavab olaraq cavabdeh həmin sxematik xəritəni təqdim etmişdir, qeyd edilən sxematik xəritədə iddiaçıya ayrılmış 3746a nömrəli bağ sahəsi də mövcuddur, cavabdeh istinad etdiyi uyğunsuzluğun konkret nədən ibarət olmasını nə etirazında, nə də imtina məktublarında göstərməmişdir, bundan başqa məhkəmə qeyd edir ki, məhkəmə öz sorğusunda 3609, 3610, 3745, 3746 nömrəli bağ sahələrinin koordinatlarını tələb etdikdə, cavabdeh idarənin təqdim etdiyi 138 nömrəli BTK-nin arxiv sənədlərində həmin bağ sahələrinə dair hər hansı bir məlumat aşkar edilməmişdir, eyni zamanda cavabdeh sahələrin mübahisəli olmasını göstərməsinə baxmayaraq belə bir mübahisənin həqiqətən də mövcud olmasına dair məhkəməyə heç bir sənəd təqdim etməmişdir, odur ki, məhkəmə cavabdehin imtinasında və etirazında göstərilənləri tamamilə əsassız hesab edir.

9. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası ilə bağlı hərəkətləri “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olmamışdır, cavabdeh iddiaçının xeyrinə olan halları araşdırmaqdan və nəzərə almaqdan imtina etmişdir.

10. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə, 60-cı maddəsinin İ hissəsinə, İİ hissəsinə, İİİ hissəsinə, İV hissəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə, 139- 1.1.7.-ci maddəsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə, 8.0.7.-ci, 15.1-ci, 15.1.1.-ci, 15.1.2.-ci, 15.1.3.-ci, 15.1.4.-ci, 15.1.5.-ci, 15.1.6.-cı maddələrinə, «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə, 10-cu maddəsinə, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci, 2.0.6-cı, 15.1-ci, 15.2- ci, 19.1ci, 19.2-ci, 24.2-ci maddəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1-ci, 3.1.2.-ci, 3.1.16.-ci, 3.1.22.-ci bəndlərinə istinad etmişdir.

11. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 780/2023 xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi və ərizənin təmin olunaraq icraatın təzələnməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ:

a. Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayətinin dəlilləri yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin dəlilləri ilə eynilik təşkil edir. Apellyasiya şikayətini hüquqi cəhətdən əsaslandırmaq üçün ərizəçi İnzibati Prosessual Məcəlləsinin 100 və 107.1-ci maddələrinə istinad etmişdir.

b. apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin iştirakı:

14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir.

15. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

16. İnzibati Prosessual Məcəllə Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 100. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə 103.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Maddə 103.2. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Maddə 103.3. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Maddə 106.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. Maddə 106.2. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. Maddə 106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

17. Apellyasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

18. Qərardad bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

MƏHKƏMƏNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Məhkəmənin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi institutunun mahiyyəti ondan ibarətdir ki, qüvvəyə minmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını şübhə altına alan yeni sübutların və faktların aşkar olunduğu hallarda, ərizəçinin hüquqlarının müdafiəsi baxımından həmin qərarın yenidən yoxlanılmasını həyata keçirmək mümkün olsun. Lakin bununla bağlı nəzərə almaq lazımdır ki, yalnız mübahisə barədə işə baxılması və həll edilməsi zamanı obyektiv mövcud olan, lakin işə baxan məhkəməyə və ərizəçiyə aşkar və məlum olmayan və ya məlum olması istisna edilən, eyni zamanda işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən və artıq həll edilmiş mübahisənin predmetinə aid faktiki halları təsdiq və ya təkzib etmək keyfiyyətinə malik olan sübutlar və ya hüquqi faktlar icraatın təzələnməsini şərtləndirə bilər.

21. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi zamanı həmçinin tərəfin təqsiri ilə bağlı qanunvericiliyin tələbi də nəzərə alınmalıdır. Belə ki, yalnız mübahisənin həll edilməsi zamanı mövcud olan, lakin ərizəçinin təqdim edə bilmədiyi və təqdim etmək imkanına malik olmadığı sübutlar və hallar yuxarıda istinad olunan normanın təsir dairəsi ilə əhatə olunur. Bu mənada ilkin icraat zamanı ərizəçi tərəfindən yol verilmiş ehtiyatsızlıq onun ziyanına təfsir edilməlidir. Ərizəçinin diqqətli olacağı təqdirdə, həmin sübutların və halların aşkar edilməsi və ya müəyyən edilməsinin (məhkəməyə təqdim edilməsinin) mümkün olduğu və ya bunun ehtimal olunduğu hallarda da həmin qayda tətbiq olunmalıdır. Bu qaydanın tətbiqi ehtiyatsızlığın ərizəçinin məsuliyyət sferasına və risklərinə aid edilməsindən irəli gəlir.

22. Bu zaman həm də nəzərə almaq lazımdır ki, ərizəçi tərəfindən təqdim olunmuş yeni hallar və sübutlar ilkin məhkəmə icraatının gedişində məlum olsaydı, onların məhkəmənin qərarına həlledici təsir göstərəcəyi və ərizəçiyə münasibətdə pozitiv qərarın qəbuluna əhəmiyyətli təsir edəcəyi ehtimalının olub-olmaması da qiymətləndirilməlidir. Bundan başqa, həmin halların işin düzgün həlli üçün qeyd edilən əhəmiyyəti əlavə izahatlara bağlı olmamalıdır.

23. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi yalnız müəyyən zaman çərçivəsində mümkündür. Belə ki, yuxarıda istinad olunan normalardan da göründüyü kimi, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi üçün qanunverici tərəfindən müəyyən müddət məhdudiyyəti nəzərdə tutulmuşdur. Müddət məhdudiyyəti institutu inzibati idarəçilikdə, mülki dövriyyədə və ümumiyyətlə, hüquq münasibətlərində hüquqi müəyyənliyin və sabitliyin bərqərar olması, hüquqi təhlükəsizliyin təmin olunması məqsədlərinə xidmət edir.

24. Yuxarıda istinad edilən normaların tələbinə görə, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 1 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə yol verilmir. 1 illik müddət keçdikdən sonra icraatın təzələnməsinə dair ərizə yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər.

25. Hazırkı mübahisəyə dair Bakı İnzibati Məhkəməsinin 2-1(82)-780/2023 nömrəli, 02 fevral 2023-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Cavabdehin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-780/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2595/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 780/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

26. Hal-hazırda cavabdeh ərizəsində məhkəmə icraatının təzələnməsinə əsas verə biləcək yeni açılmış hal kimi göstərmişdir: «İdarənin mütəxəssisləri tərəfindən iddiaçı tərəfindən iddia olunan torpaq sahəsinə xx.xx.2024-cü il tarixində yeni baxış keçirilmiş və daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktı tərtib edilmişdir.Həmin akta əsasən iddiaçı məhkəmə prosesi zamanı fərqli ərazi (sahənin qərbində yerləşən torpaq sahəsini) göstərdiyi müəyyən edilmişdir.Həmçinin bildiririk ki, iddiaçı sahəni digər tərəfindən hasarlanmış və mişar daşı ilə hissə-hissə hasarlanaraq yol ilə hissə-hissə ayrılmış ərazidən şərti olaraq göstərmişdir.Elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir.Göstərilən torpaq sahəsinin bir hissəsi 3745 nömrəli bağ sahəsnin bir hissəsinin ərazisinə uyğun gəlir. Göründüyü kimi yuxarıda qeyd olunan hal məhkəmə icraatı zamanı məlum olmamışdır».

27. Birinci instansiya məhkəməsində işə baxılan zaman cavabdeh iddiaya etirazının əsası kimi göstərmişdir: “aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatına əsasən koordinatlarla göstərilən bağ sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, göstərilən bağ sahəsi digər bağların (3609, 3610, 3745, 3746) ərazisinə uyğun gəlir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2022-ci il tarixli, **********51 nömrəli cavab məktubu ünvanlanmışdır”.

28. Həmçinin cavabdeh xx.xx.2022-ci il tarixli məktubunda məhkəməyə bildirmişdir ki, “vətəndaş tərəfindən göstərilən bağ sahəsi digər vətəndaş tərəfindən hasarlanmış sahədir. Ümumi sahədə digər vətəndaşa məxsus 1 (bir) mərtəbəli ev və həyət tikilisi mövcuddur. Sahədən faktiki istifadə edən şəxs tədqiqat obyektinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaratmadı. Həmçinin qeyd olunan ərazinin BTK-ləri tərəfindən bağ sahələri koordinatlar üzrə paylanmadığından “3746a” saylı bağ sahəsinin koordınatlarını müəyyənləşdirmək mümkün olmamışdır.”

29. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********51 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişinə əsasən, elektron kadastr məlumatına əsasən koordinatlarla göstərilən bağ sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, göstərilən bağ sahəsi digər bağların ərazisinə uyğun gəlir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir.

30. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hal-hazırda cavabdehin məhkəmə icraatının təzələnməsinə əsas verə biləcək yeni açılmış hallar kimi göstərdiyi hallar Bakı İnzibati Məhkəməsində işə baxılan və qərar qəbul edilən zaman cavabdehin etirazının və iddiaçının müraciətinə imtinanın əsasları kimi göstərilmişdir və həmin hallar məhkəmə tərəfindən inzibati məhkəmə araşdırmasının iştirakçıları ilə müzakirə olunmuş, məhkəmə tərəfindən nəzərdən keçirilmiş, işdə olan başqa xüsusatlarla birlikdə məcmu şəkildə qiymətləndirilərək müvafiq hüquqi qiymət verilmişdir.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Y.Cümşüdovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə Tərkibinin 5 dekabr 2019-cu il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması mülki mühakimə icraatının xüsusi növüdür. Bu icraat növü apellyasiya və kassasiya qaydasında işə baxılmasından mahiyyəti üzrə fərqlənir.

32. Bu icraat prosesində qərar qəbul edilərkən işin nəticəsinə əhəmiyyətli şəkildə təsir edəcək və ya iş üçün xüsusi əhəmiyyət kəsb edən hallar araşdırılır. İşə yeni açılmış hallar üzrə yenidən baxılmasının mahiyyəti iş üzrə məhkəmə aktının qanuni qüvvəyə minməsindən sonra qanunvericiliklə nəzərdə tutulan şərtlər əsasında işə yenidən baxılmasıdır.

33. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair icraat qaydaları Mülki Prosessual Məcəllənin 45-ci fəslinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 432.2-ci maddəsi yeni açılmış hallar üzrə məhkəmə aktlarına yenidən baxılmasının fərqli, lakin bir-biri ilə əlaqəli olan dörd əsasını müəyyən etmişdir: - məhkəmə aktı çıxarıldıqdan sonra işə əvvəllər baxılarkən məlum olmayan həlledici materialların aşkar edilməsi; - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və qanunsuz, yaxud əsassız qətnamənin çıxarılmasına səbəb olmuş şahidin bilə-bilə yalan ifadələr verməsi, ekspertin bilə-bilə yalan rəy verməsi, tərcüməçinin bilə-bilə düzgün tərcümə etməməsi, sənədlərin və ya maddi sübutların saxtalığı; - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və həmin işə baxılarkən tərəflərin, işdə iştirak edən digər şəxslərin, yaxud onların nümayəndələrinin cinayətkar hərəkətləri və ya hakimlərin cinayətkar əməlləri; - həmin məhkəmə aktlarının çıxarılması üçün əsas olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının, yaxud sair orqanın qərarının ləğv edilməsi.

34. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinad edərək qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyin yeni açılmış hallar üzrə işə yenidən baxılması üçün qoyduğu şərtlər nəticə etibarı ilə hüquqi müəyyənlik prinsipinin qorunmasına xidmət edir və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının əsassız ləğvinin qarşısını almaq məqsədini güdür.

35. Məhkəmə təcrübəsində hüquqi müəyyənlik prinsipinin əsas meyarı son məhkəmə instansiyası qərarının mübahisələndirilməməsidir. Əks halda ədalət mühakiməsinin təminatı uzun müddətə artırıla bilər və hər hansı bir ağlabatan müddətin pozulmasına səbəb ola bilər. Digər tərəfdən isə istənilən zaman son məhkəmə qərarının yenidən baxılıb ləğv edilməsi insanlarda ümumiyyətlə məhkəmə qərarlarına və ədalət mühakiməsinə inamı zəiflədə bilər.

36. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında bildirmişdir ki, məhkəmə təcrübəsində res judicata (artıq həll olunmuş iş) prinsipi qorunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı yenidən mübahisələndirilməməlidir.

37. Hüquqi müəyyənliyin əsas amili ondan ibarətdir ki, tərəflərdən heç birinin həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədi ilə qüvvəyə minmiş yekun məhkəmə qərarına yenidən baxılmasını tələb etmək imkanı olmamalıdır.

38. Mülki Prosessual Məcəllənin 432.2.1-ci maddəsinə gəldikdə isə qeyd edilməlidir ki, işə əvvəllər baxılarkən məlum olmayan materialların iş üçün həlledici əhəmiyyətə malik olması onda ifadə olunur ki, belə hallar (materiallar) işə baxılması zamanı məlum olsaydı, başqa məzmunda məhkəmə aktı qəbul edilmiş olardı. Bununla yanaşı bu maddənin məzmununa görə, yeni açılmış hallar işə baxıldığı zaman mövcud, lakin məhkəməyə təqdim edilməmiş olmalıdır.

39. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, həmin dəlillər qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

40. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94, 100, 103, 106-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-780/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Mehriban Qarayeva Hakimlər: Şərafət Məmmədova Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar