Məhkəmə qərarları › İş №2-1(103)-3293/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3293/2024

31.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3293/2024 31.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair QƏRARİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən hakim və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və X2 ibarət tərkibdə, Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1369/2024 nömrəli, 22 may 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. H.Z.Tağıyev adına NQÇİ-nin müdiriyyətinin və “Bahar” bağçılıq təsərrüfatının 09 sentyabr 2005-ci il tarixli birgə iclasının 23 saylı protokolundan çıxarışa əsasən Buzovna qəsəbəsi 1 saylı bağ təsərrüfatının 287 №-li bağ sahəsinin X6 verilməsi və S.H.Məmmədovun adına mövcud qaydada üzvlük kitabçasının açılması qərara alınmışdır.

2. H.Z.Tağıyev adına NQÇİ Bağçaçılıq birliyinin 797 №-li üzvlük biletinə əsasən X8 H.Z.Tağıyev adına NQÇİ-nin “Bahar” bağçaçılıq birliyinin üzvü olmuşdur.

3. Bakı şəhəri 39 saylı Notariat Ofisi 30 iyul 2020-ci il tarixli, 182 №-li məktubuna görə mərhum X3 miras qalmış əmlaka dair İddiaçı vərəsədir.

4. İddiaçı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək Buzovna qəsəbəsi 1 saylı bağ təsərrüfatının 287 №-li bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

5. Cavabdeh 31 mart 2023-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməyərək bildirmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinin arxivinə təqdim edilmiş “Bahar” bağçılıqyoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında X4 adı aşkar edilməmişdir. Bundan əlavə, bağ sahəsi bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Qeyd olunanlarla yanaşı, təqdim edilmiş protokoldan çıxarışda torpaq sahəsinin ölçüsü qeyd olunmamışdır.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

a) Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Dövlət Neft Şirkətinin H.Z.Tağıyev adına NQÇİ-nin müdiriyyətinin və “Bahar” bağçılıq təsərrüfatının xx.xx.2005-ci il tarixli birgə iclasının 23 saylı protokoluna əsasən Bakı şəhəri Buzovna qəsəbəsi Bahar bağları 1 saylı Bağ təsərrüfatının 0,06 ha-dan ibarət olan 287 nömrəli bağ sahəsinə təqdim edilmiş arxiv sənədlərinin bazası üzrə həmin bağ sahəsinə dair mülkiyyət hüququnun mərhum X6 məxsus olması haqqında arayışın verilməsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun müraciəti ilə əlaqədar cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.24,28.45 və 61-ci maddələrinin tələblərinə tam əməl olunmamış, çünki cavabdeh icraat qaydalarına lazımınca əməl etməmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, imtina qərarını kifayət qədər əsaslandırmamışdır. Cavabdehin 31 mart 2023-cü il tarixli 3-21-3-30/2-M- 0389/**********416/2023 nömrəli imtina məktubu ilə razılaşmır. Əvvəla çatışmazlıqların nədən ibarət olduğu, yəni hansı sənədlərin təqdim edilməli olduğu konkret göstərilməmişdir. Müraciəti öz həllini tapmırsa, cavabdehin 31 mart 2023-cü il tarixli 3-21- 3-30/2-M - 0389/**********416/2023 nömrəli məktubunu imtina kimi qəbul edir. Cavabdeh bu məktubuna (imtinasına) aydınlıq gətirməmiş, bir sözlə bu halı inzibati aktın rekvizitlərində tam göstərməmiş, mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat məktubda öz əksini tapmamışdır.

8. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məzmunludur. Əlavə olaraq qeyd edilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən sözügedən daşınmaz əmlaka keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, göstərilən torpaq sahəsinin faktiki ölçüsü 621.0 kv.m təşkil edir.

9. Üçüncü şəxs iddia tələbinə qarşı yazılı münasibətini təqdim edərək iddianın rədd olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, qeyd edilən ərazi SOCAR-ın “Azneft” İstehsalat Birliyinin daimi istifadəsində olan torpaq sahəsinin hüdudları daxilində yerləşir. Həmçinin müəyyən olunmuşdur ki, torpaq sahəsi ləğv edilmiş 88 saylı neft quyusunun 18 metrlik məsafəsində, mühafizə zonası daxilində yerləşir.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10823/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır.

11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1369/2024 nömrəli, 01 mart 2024-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1369/2024 nömrəli, 22 may 2024-cü il tarixli qərarı ilə (hakim:B.Cəlalov), iddia rədd edilmişdir.

13. İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1369/2024 nömrəli, 22 may 2024-cü il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinin dəlilləri

14. H.Z.Tağıyev adına NQÇİ-nin müdiriyyətinin və “Bahar” bağçılıq təsərrüfatının 09 sentyabr 2005-ci il tarixli birgə iclasının 23 saylı protokolunun arxiv çıxarışı əsasında qonşu olan digər qonşu bağ torpaq sahələrinə cavabdeh tərəfindən mülkiyyət hüquqlarına dair çıxarışlar verilmişdir. Qonşu bağ sahələrinə verilmiş çıxarışların surətini iddiaçı məhkəməyə təqdim etmişdir.

15. Mübahisəli torpaq sahəsi iddiaçının qanuni istifadəsində olmaqla, həmin torpaq sahəsindən istifadə etməklə torpaq və əmlak vergisi ödəməklə bu günə kimi hüquq və vəzifələr həyata keçirməkdədir. Belə olan halda sözügedən torpaq sahəsinə dair iddiaçının zəruri sənədlərə malik olduğu halda cavabdeh inzibati orqanın imtinası əsassızdır və iddiaçı kimi onun mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur.

16. Dövlət Neft Şirkətinin H.Z.Tağıyev adına NQÇİ-dən iddiaçının mərhum atası X6 Bakı şəhəri, Buzovna qəsəbəsi, Bahar bağları, 1 saylı Bağ təsərrüfatının ərazisindəki 287 nömrəli bağ sahəsində 0,6 ha (bağ) torpaq sahəsinin ayrılması barədə cavabdehin arxiv bazasında həmin bağa dair H.Z.Tağıyev adına NQÇİ-nin müdiriyyətinin və “Bahar” bağçılıq təsərrüfatının 09 sentyabr 2005-ci il tarixli birgə iclasının 23 saylı protokolu ilə ümumi ayrılmış torpaq sahəsinin ölçüsü müəyyən edilərək əmək kollektivinin üzvlərinin hər birinə torpaq sahəsi paylanmışdır. Bu torpaq sahəsinin biri də 0,6 ha ibarət, mərhum atası X6 ayrılmışdır. Həmin torpaq sahəsi daş hasarla əhatəyə alınıb və təyinatı üzrə istifadə olunmaqdadır. Həmin bağ sahəsinə dair daşınmaz əmlaka dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alıb iddiaçının mərhum atasının adına müvafiq çıxarışın və texniki pasportun verilməsi xahiş edilmişdir. Buna qanunvericilikdə imkan verilir.

c) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin iştirakı:

18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada tərəflərin məlum olan qeydiyyat ünvanına məhkəmə bildirişi göndərilmiş, lakin məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

19. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: 8.0. və 8.0.7-ci maddələrinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14- cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

20. Mülki Məcəllənin: 139-1.1. və 139-1.1.7-ci maddələrinə görə, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

21. Torpaq Məcəlləsinin: 10-cu maddəsinin 1, 4 və 5-ci bəndlərinə, 48-ci maddəsinin 4-cü bəndinə əsasən, torpaqların məqsədli təyinatı - torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir. Torpaq kateqoriyalarının məqsədli təyinatı və hüquqi rejimi qanunvericiliklə müəyyən edilir, şəhərsalma və yerquruluşu sənədlərində əks etdirilir. Kateqoriyalar daxilində torpaqlardan istifadə qaydaları onların təbii-təsərrüfat rayonlaşdırılması, zonalaşdırılması, istifadəsinin ərazi planlaşdırılması və yerquruluşu sənədlərinə uyğun olaraq mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən müəyyən edilir. Torpağın kateqoriyaları torpağın verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarında, dövlət torpaq kadastrı sənədlərində, torpaq qeydiyyatı kitablarında və bu Məcəllədə göstərilən digər sənədlərdə əks olunur. Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir. Maddə 22.2. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Belə xüsusi hüquqi rejimli mühafizə zonaları müvafiq normativ-hüquqi aktlarla tənzimlənir. Maddə 22.5. Sənaye təyinatlı torpaqların istifadəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq aktına əsasən həyata keçirilir. Maddə 82. Torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən edilmiş istifadə rejiminə uyğun istifadə etmək, təbiətqoruyucu istehsal texnologiyalarını tətbiq etmək, təsərrüfat fəaliyyətində ərazinin ekoloji vəziyyətinin pisləşməsinə yol verməmək torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin borcudur.

22. “Torpaq islahatı haqqında” Qanunun: Maddə 6. Dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində saxlanılan torpaqlardır. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 25. Qanunun 9-cu maddəsinin müddəaları 2007- ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir.

23. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli qərarına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir.

24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia)inzibati məhkəmə icraat qaydasında baxılır. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

25. Apellyasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. MƏHKƏMƏNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

27. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır.

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır.

29. İşin hallarına görə iddiaçı H.Z.Tağıyev adına NQÇİ-nin müdiriyyətinin və “Bahar” bağçılıq təsərrüfatının 09 sentyabr 2005-ci il tarixli birgə iclasının 23 saylı protokolundan çıxarışa və H.Z.Tağıyev adına NQÇİ Bağçaçılıq birliyinin 797 №-li üzvlük biletinə əsasən mərhum atası X6 ayrılmış Buzovna qəsəbəsi 1 saylı bağ təsərrüfatının 287 №-li bağ sahəsinin mərhuma məxsusluğu barədə arayışın verilməsini cavabdehdən tələb etmişdir.

30. Cavabdeh aşağıdakı dəlillərə istinad edərək iddiaçının tələbini təmin etməkdən imtina edir və iddia tələbinə etiraz edir ona görə ki: 1) təqdim edilmiş “Bahar” bağçılıqyoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında X4 adı aşkar edilməmişdir; 2) bağ sahəsi bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir.

31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, iddiaçı həmin sənədlərin notarial qaydada təsdiq edilmiş surətini təqdim etsə də, cavabdeh iddiaçının adının bağçılığın üzvlərinin siyahısında olmamasını göstərdiyindən təqdim edilən sənədlərin mötəbərliliyi şübhə altına alınmışdır. Bu halın araşdırılması üçün ARDNŞ-yə verilmiş sorğuya 14 avqust 2023-cü il tarixli cavab məktubla H.Z.Tağıyev adına NQÇİ-nin nəzdində olan “Bahar” bağçılıq-təsərrüfatına üzv olan işçilərin Siyahısı təqdim edilmiş, həmin siyahıda “50.Sahib Məmmədov” adı və soyadı qeyd edilsə də, ata adının inisialı (Q) fərqlidir.

32. Cavabdehin ikinci imtinası əsası ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq analoji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2201/2023 nömrəli iş üzrə, xx.xx.2023-cü il tarixli qərarındakı (məhkəmə təcrübəsinin vahidliyi baxımından 3 ulduzla işarələnmiş qərar) hüquqi mövqeyə istinadən göstərilmişdir ki, “...bağ-torpaq sahəsinə dair hüquqların qeydiyyata alınması ilə bağlı işlərə baxılarkən, cavabdeh mübahisələndirilən torpaq sahəsinin bağçılıq yoldaşlıq təsərrüfatının ayrıc aktına və bölgü sxeminə əsasən ayrılan ərazidən kənarda yerləşməsi barədə dəlilə istinad edirsə, sözügedən ayrıc aktını və bölgü sxemini, eləcə də onlara əsaslanan kənarda yerləşməyə dair müvafiq sübutları təqdim etmək öhdəliyi daşıyır. Öz növbəsində, məhkəmələr həmin mübahisəli hal üzrə nəticəyə, qeyd edilən sənədlər və sübutları işdəki digər sübutlarla əlaqəli, birgə və məcmu halda tədqiq etməklə gəlməlidirlər. Bağ-torpaq sahəsinə dair hüquqların qeydiyyata alınması ilə bağlı mübahisələrə baxılarkən cavabdeh məhz ayrıc aktı və bölgü sxeminə istinadla mübahisəli torpaq sahəsinin bağçılığa ayrılan ərazinin hüdudlarından kənarda yerləşdiyini bildirdikdə və həmin sənədləri təqdim etdikdə, ayrıc aktı və bölgü sxeminin məlumatlarının nəzərə alınmadığı tədqiqat nəticəsi iş üzrə mübahisələndirilən halların mötəbər qaydada müəyyənləşdirilməsi kimi qəbul edilə bilməz. Bağ-torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınmasına dair tələbin təmin edilməsi mübahisəli torpaq sahəsinin bağçılığa ayrılmış ərazinin daxilində yerləşməsinə dair faktiki halın müəyyən olunmasından asılıdır”.

33. Məhkəmə cavabdehin imtinasında qeyd olunan halların yoxlanılması üçün bağçılığın arxiv qovluğunu, o cümlədən ayrıc aktını tələb etmiş, həmçinin iş üzrə alınmış xx.xx.2024-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasar daxili 618,0 kv.m təşkil edir (üzərində natamam tikili mövcuddur). Faktiki olaraq göstərilən 618,0 kv.m torpaq sahəsinin koordinatlarını əks etdirən sxem mütəxəssis rəyinə əlavə olunmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə ayrıc aktından kənar olmaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əraziləridir. Qeyd olunan ərazidə hər hansı bağçılıq-yoldaşlıq ayrıc aktı barədə məlumat yoxdur. Vahid elektron kadastr bazar məlumatlarına əsasən təqribən 265 metr şimal istiqamətində neft xətti keçir.

34. Həmçinin üçüncü şəxsin də etiraz ərizəsinə mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazinin işarələndiyi, SOCAR-ın “Azneft” İstehsalat Birliyinin daimi istifadəsində olan torpaq sahəsinin hüdudları daxilində yerləşən torpaq sahəsinin və torpaq sahəsi ləğv edilmiş 88 saylı neft quyusunun 18 metrlik məsafəsində, mühafizə zonası daxilində yerləşməsinə dair topoqrafik planı əlavə edilmişdir.

35. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kolllegiyasının formalaşdırdığı vahid məhkəmə təcrübəsinə əsaslanaraq analoji işlər üzrə mövqeyinə uyğun olaraq hesab edir ki, torpaq sahəsinin bağçılığa ayrılmış torpaq sahəsinin ayrıc aktından kənarda yerləşməsi bağçılıq səlahiyyətli olmadığı yerdən (ərazidən) torpaq sahəsinin ayrılmasına dair iddiaçıya sənədlərin verildiyinə dəlalət edir. Çünki “Bahar” Bağçılıq-yoldaşlığın üzvlərinə yalnız bağçılığa ayrılmış torpaq sahəsinin hüdudlarından torpaqayırmağa səlahiyyətli vardı.

36. Bundan əlavə birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, torpaq sahəsinin yanında (18 metr məsafədə) neft quyusunun yerləşməsi təhlükə potensiallı ərazi baxımından da iddiaçının tələbinin təmin edilməsini istisna edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında 6 fevral 2017-ci il tarixli, 31 saylı qərarının İİİ bəndinin tələblərinə görə, fontan, qazlift və dalma nasosları ilə təchiz olunmuş quyularla yaşayış evləri arasındakı məsafə ən azı 300 metr, yanacaq dəzgahı ilə istismar olunan və basqı quyuları ilə yaşayış evləri arasında olan mühafizə zonası isə minimum 150 metr müəyyən edilmişdir. Ləğv olunmuş quyularla yaşayış evləri arasında mühafizə zonası isə ən azı 75 metr olması müəyyən edilmişdir.

37. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır.

38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1369/2024 saylı, 22 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mehriban Qarayeva Hakimlər: Nigar Nəbizadə Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar