Məhkəmə qərarları › İş №2-1(103)-3295/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3295/2023

14.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3295/2023 14.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi, pensiyanın dayanadırıldığı tarixdən bərpa edilməsi tələbinə dair” Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6262/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı mübahisələndirmə haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş **********2 nömrəli qərarın ləğv edilməsini və pensiyanın dayandırıldığı xx.xx.2022-ci il tarixdən bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir (İ.v.59, 63-64). İddianın əsaslarına görə iddiaçı 1959-cu ildə Hacıqabul rayonunda anadan olub. Əmək fəaliyyətinə 1980-ci ildə "xxxx" QSC-də kran-maşinist köməkçisi vəzifəsində işləməklə başlayıb. xx.xx.1985 - xx.xx.1993 və xx.xx.1996 - xx.xx.2010-cu illərdə motorlu-rels nəqliyyatı, maşın və mexanizmlərin emalatxanasında kran maşinisti işləyib. 2016-ci ildə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin 2023-cü ilin noyabr ayında ona verilən pensiya əsassız olaraq dayandırılmışdır. Əmək pensiyası bərpa olunması üçün müvafiq sənədlərlə ərizə ilə idarəyə müraciət etsə də, cavabdeh xx.xx.2022-ci il tarixli cavab məktubu ilə imtina etmişdir. İşə əlavə olunmuş həmin imtina məktubunda isə imtinanın əsası kimi göstərilir ki, AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının “Nəqliyyat bölməsinin (21) Dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) dəmiryol xətləri hərəkətində parovozların və buxar kranlarının maşinistləri vəzifəsi nəzərdə tutulmuşdur. Araşdırma zamanı vaxtilə ona pensiya təyin edilərkən təqdim olunmuş sənədlərdə onun xx.xx.1985xx.xx.1993-cü il və xx.xx.1996-xx.xx.2010-cu illərdə "xxxx" QSC-nin motorlu-rels nəqliyyatı, maşın və mexanizmlərin təmiri yol emalatxanasında kran maşinisti vəzifəsində işlədiyi müəyyən olunmuşdur. Kran maşinisti isə “dəmiryol xətləri hərəkətində parovozların və buxar kranlarının maşinistləri”nə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Bu uyğunsuzluğa baxmayaraq, ona xx.xx.2016-cı il tarixindən iddiaçıya DSMF-nin Hacıqabul rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğu aşkar edilmişdir. Cavabdeh iddia ərizəsinə dair etirazında iddianı qəbu l etməmiş, imtina məktubunda göstərilən əsaslarla rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6262/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, aşağıdakılar qərara alınmışdır: “ İddiaçı barəsində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Dövlət Sosial Müdafiə Fondunun Hacıqabul rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyası təyin edilməsi haqqında qərarın ləğv olunması haqqında” xx.xx.2022-ci il tarixli **********2 nömrəli qərarı ləğv edilsin. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənişi dayandırıldığı xx.xx.2022-ci il tarixdən bərpa edilsin. ” Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mərkəzi Filialı tərəfindən aparılmış araşdırma zamanı iddiaçıya pensiya təyin edilərkən təqdim olunmuş sənədlərdə onun xx.xx.1985-xx.xx.1993-cü il və xx.xx.1996-xx.xx.2010-cu il tarixləri arasındakı dövrlər ərzində "xxxx" QSC-nin motorlu-rels nəqliyyatı, maşın və mexanizmlərin təmiri yol emalatxanasında kran maşinisti vəzifəsində işlədiyi müəyyən olunmuşdur. Lakin həmin peşənin Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda göstərilən kran maşinisti vəzifəsi yuxarıda qeyd olunan dəmiryol xətləri hərəkətində parovozların və buxar kranlarının maşinistləri vəzifəsinə uyğun olmadığı səbəbindən də onun güzəştli iş stajı yoxdur. Bu uyğunsuzluğa baxmayaraq, xx.xx.2016-cı il tarixindən ona qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğu aşkar edilmiş, ona xx.xx.2016-xx.xx.2022-ci illərdə ona ümumilikdə ödənilmiş 21080,74 manat artıq pul vəsaitinin büdcəyə bərpa edilməsi Filiala tapşırılmışdır. Ona görə də “Əmək pensiyaları haqqında” qanunun 39.1-ci maddəsinə əsasən artıq pul vəsaiti ödənilən dövrün son üç ili üzrə məhdudlaşdırılaraq, 12374,6 manata azaldılıb. Lakin Bakı İnzibati Məhkəməsi göstərilən Siyahıda peşənin nəzərdə tutulmamasına tam və əsaslı hüqui qiymət verməyərək iddiaçının lehinə qərar qəbul etməklə, maddi hüquq normalarını pozmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi V.Əhmədov apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını, İddiaçı isə onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddiaçının tələbindən göründüyü kimi, mübahisələndirmə haqqında iddia vasitəsilə, cavabdehin “pensiya ödənişinin dayandırılması haqqında ”xx.xx.2022-ci il tarixli, **********2 nömrəli qərarının ləğv edilməsini və həmin qərarın icrası nəticəsində yaranmış hüquqi nəticələrin aradan qaldırılmasını, o cümlədən, pensiysıyanın dayandırıldığı xx.xx.2022-ci il tarixdən bərpa edilməsini tələb etmiş, birinci instansiya məhkəməsinin qərarı ilə onun iddia tələbi təmin olunmuşdur. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi qərarında mübahisələndirilən dövrlər ərzində iddiaçının "xxxx" QSC-nin motorlu-rels nəqliyyatı, maşın və mexanizmlərin təmiri yol emalatxanasında kran maşinisti vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Siyahı”nın “Nəqliyyat” bölməsinin (“21”) “Dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) dəmiryol xətləri hərəkətində parovozların və buxar kranlarının maşinistləri”göstəricisinə uyğun olub-olmadığı ilə bağlı aparılmış araşdırma zamanı aşağıdakıları müəyyən etmişdir: “...İddiaçıya vaxtilə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilərkən iş yeri tərəfindən verilmiş arayışda yerinə yetirdiyi işlərin əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası həssaslıq, zehni gərginliklə bağlı şəraitdə dəmir yolu hərəkətli qaldırıcı kran maşinisti peşəsində çalışdığı və işlədiyi müddətdə əmək şəraitinə görə əlavə 11 təqvim günü məzuniyyət və 12% həcmində əlavə əmək haqqı aldığı qeyd edilməklə həmin arayış birbaşa tabe olduğu istehsalatın rəhbəri, kadrlar üzrə mütəxəssis və həmkarlar ittifaqı komitəsinin sədri, eləcə də əməyin normalaşması üzrə mühəndis tərəfindən təsdiq edilmişdir. Eyni zamanda, məhkəmə müəyyən etmişdir kiİddiaçı ADY-nin motorlu-rels nəqliyyatı, maşın və mexanizmlərin təmiri yol emalatxanasında çalışdığı dəmir yolu kran maşinisti peşəsi üzrə vəzifə borcu: - yükgötürmə qabiliyyəti 60 tondan yuxarı olan müxtəlif yük tutan vasitələrlə təchiz edilən və uzunluğu 6 metrdən artıq olan yüksək ehtiyatlılıq tələb edən yüklərin yüklənib boşaldılması, yerdəyişməsi və nəql etdirilməsi, eyni zamanda texnoloji avadanlığın və onunla əlaqədar konstruksiyaların, ştapel və seksiyalı məmulatların, aqreqatların, birləşmələrin, maşın və mexanizmlərin yığılması və sökülməsi, hazır məhsulların, yüksək ehtiyatlılıq tələb edən detal, məmulat və birləşmələrin quraşdırılması, kranın bütün mexanizmlərinin, metal konstruksiyanın, digər hissələrinin sazlığının yoxlanılması, ilməkçi ilə birlikdə yük tutan vasitələrin, burazların sazlığının yoxlanılması, ilməkçinin vəsiqəsinin olmasına nəzarət olunması və krana düzgün xidmət edilməsi olmaqla kran və mexanizmlərin quruluşunu, kinematik və elektrik sxemlərini; xidmət edilən istehsalat sahələrinin yerləşməsini, elektrotexnika və çilingər işini, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğına qarşı mühafizənin qayda və normalarını, işlərin təhlükəsizlik təlimatını, dəmir yoluna aid işarəvermə, hərəkət və manevr işi təlimatlarını, öz vəzifəsi çərçivəsində texniki istismar qaydalarını bilməlidir. Odur ki, cavabdeh Nazirlər Kabinetinin müvafiq qərarında Nəqliyyat bölməsinin (21) Dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) dəmiryol xətləri hərəkətində parovozların və buxar kranlarının maşinistləri vəzifəsinin motorlu-rels nəqliyyatı, maşın və mexanizmlərin təmiri yol emalatxanasında kran maşinisti vəzifəsindən nə ilə fərqləndiyini əsaslandırmadan və vaxtilə işəgötürən tərəfindən təqdim edilmiş aydınlaşdırıcı arayışı nəzərə almamasının səbəbini izah etmədən iddiaçının işlədiyi kran maşinisti vəzifəsinin güzəştli şərtlərlə yaşa görə pensiya hüququ vermədiyi qənaətinə gəlmişdir. Halbuki hər ikisinin iş mexanizmi oxşardır və iddiaçıya əmək qanunvericiliyinə uyğun olaraq işlədiyi müddətdə əmək şəraiti zərərli və ağır işlərdə işlərdə işlədiyinə əlavə əmək məzuniyyəti verilmişdir...” Daha sonra, məhkəmə, “İnzibati icraat haqqında” Qanunun 67.3-cü maddəsinin tələbini əsas tutaraq hesab etmişdir ki, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır və vətəndaşın güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin ləğv edilməsi haqqında qərarlar qanunsuz hesab edilməklə ləğv edilməli və qüvvəyə mindiyi andan hüquqi nəticələri aradan qaldırılmalıdır. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. Birincisi, ona görə ki, birinci instansiya məhkəməsinin müəyən etdiyi hallardan göründüyü kimi, iddiaçıya təyin olunmuş pensiya əsaslıdır və onun dayandırılması üçünü Əmək pensiyaları haqqında“ Qanunun 37.8.3-cü maddəsində göstərilən (bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda) əsas mövcud olmamışdır. İkinci bir tərəfdən, cavabdeh tərəfindən iddiaçının pensiyasının mübahisələndirilən qərarla dayandırılması və ona təyin olunmuş pensiya üzrə ödənilmiş pulun geri tələb olunması inzibati icraat haqqında qanunvericiliyin tələblərinə də ziddir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qanunvericiliyin qeyd olunan tələbləri baxımından, iddiaçıya yaşa görə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 2 No-li Siyahı üzrə xx.xx.2016-cı il tarixdn 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması barədə DSMF-nin Hacıqabul rayon şöbəsinin qəbul etdiyi 67/46 nömrəli xx.xx.2017-ci il tarixli qərarı ləğv edilməmiş və qüvvəsindədir ki, belə olan halda, ona təyin olunmuş həmin pensiya ödənişnin cavabdehin xx.xx.2022-ci il tarixli qərarı ilə dayandırılması və ötən dövrlər üzrə ona ödənilmiş vəsaitin geri qaytarılmasının tələb olunması əsassız, həm də yolverilməzdir. Çünki, sözügedən Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qanunun qeyd olunan tələbləri onu demyə əsas verir ki, konkret halda da, məhz, cavabdeh iddiaçının etimad göstərdiyi DSMF-nin Hacıqabul rayon şöbəsinin qərarı əsasında illər ərzində hər ay ona pensiya ödənildiyi, hazırda isə aşkar ahıl dövründə pensiya ödənişin dyandırılması qanunsuzdur. Ən azından, «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsinin tələbindən görünür ki, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. İddiaçı tərəfindən isə Qanunun qeyd olunan normasında sadalanan hallardan hər hansı birinə yol verilməmişdir.Ümumiyyətlə, cavabdehin apellyasiya şikayətində və məhkəməyə təqdim edilmiş digər sənədlərə əsasən Qanunun 67.6-cı maddəsində göstərilən hallardan hər hansı birinə pensiyaçı tərəfindən yol verilməsi ilə bağlı heç bir əsaslandırma da mövcud deyil və bununla əlaqədar dəlil-sübut məhkəməyə təqdim olunmamışdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki: «… Etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar)…» Beləliklə də, cavabdehin mübahisələndirilən qərarı ilə pensiya ödənişin dayandırılması, dayandırılmış pensiyasının bərpa edilməsi ilə bağlı iddiaçının ərizəsinin təmin olunmasından imtina edilməsi maddi və inzibati icraat haqqında hüquq normalarına və Avropa Məhkəməsinin presedent qərarlarına zidd olduğu sübuta yetiriilir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ilə cavabdehin əmək pensiyasının dayandırılması haqqında" xx.xx.2022-ci il tarixli **********2 saylı qərarı ləğv edilərək, onun əmək pensiyasının xx.xx.2022-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi işin hallarına, maddi və inzibati icraat haqqında hüquq normalarına uyğun nəticə kimi qiymətləndirilməlidir. Ona görə də, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin həmin qərarının əsassız olduğunu və maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6262/2023 nömrəli iş üzrə xx.xx.2023 il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6262/2023 nömrəli iş üzrə xx.xx.2023 il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar