Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3295/2024 01.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1347/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstismar Birliyi ilə İddiaçı arasında bağlanmış Şüvəlan ərazisindəki 29/3180 saylı bağın istifadəyə verilməsinə dair 37989 saylı Müqavilə əsasında ona məxsus Bakı şəhəri, Əzizbəyov rayonu Şüvəlan ərazisində yerləşən 29/3180 nömrəli 0,06 ha torpaq (bağ) sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınması və buna dair dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən verilmiş imina qanunsuz və əsassızdır və həqiqətləri əks etdirmir. 29/3180 saylı torpaq (bağın) istifadəyə verilməsinə dair 37989 saylı Müqavilənin qanuniliyi cavabdeh tərəfindən mübahisələndirilmir və mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Bundan başqa, imtina məktubundan göstərilən digər hallar da Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Azərbaycan Respublikasının Qanun 15-ci maddəsində göstərilən imtinanın əsaslan kimi müəyyən edilməmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1347/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstismar Birliyi ilə İddiaçı arasında bağlanmış Şüvəlan ərazisindəki 29/3180 saylı bağın istifadəyə verilməsinə dair 37989 saylı Müqavilə əsasında Bakı şəhəri, Əzizbəyov rayonu Şüvəlan ərazisində yerləşən 29/3180 nömrəli 0,06 ha torpaq (bağ) sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınması və buna dair dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, tərəflərin izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi heç bir bağçılıq-yoldaşlıq ayrıcı daxilində yerləşmir. Həmçinin, torpaq sahəsinin yerləşməsi bağçılıq-yoldaşlığın bölgü sxemi ilə uyğunsuzluq təşkil edir. Eyni zamanda, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı torpaq sahəsinin ümumi hasar daxilində yerləşdiyi məlum olmuşdur. Bundan əlavə, elektron kadastr məlumatına əsasən torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Elektron kadastr məlumatına əsasən torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Bakı İnzibati Məhkəməsi tərəfindən torpaq sahəsinin həqiqi yerləşməsi dəqiq müəyyən edilməmiş, torpaq sahəsinin qanuni əsaslarla ayrılıb-ayrılmaması ilə bağlı araşdırma aparılmamışdır. Tərəflərin izahatları : Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi qərarın ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətinin əsassız olduğunu, bu səbəbdən də təmin edilməməsini, qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Apellyasiya instansiya məhkəməsinin mövqeyi : Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşin faktiki hallarından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstismarı Birliyi ilə İddiaçı (bundan sonra – iddiaçı) arasında bağlanmış xx.xx.2006-ci il tarixli, 37989 saylı “bağın istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0,06 ha, 29/3180 saylı bağ sahəsi iddiaçının istifadəsinə verilmişdir. İddiaçı həmin bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakının dövlət reyestrindən çıxarışın verilməsi barədə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd etmişdir ki, elektron kadastr məlumatlarına əsasən koordinatlarla göstərilən bağ sahəsi heç bir bağçılıq yoldaşlığın ayrıv aktında yerləşmir. Həmçinin torpaq sahəsinin yerləşməsi bağçılıqyoldaşlığın bölgü sxemi ilə uyğunsuzluq təşkil edir. Torpaq sahəsi ümumi hasar daxilində yerləşir. Bundan əlavə, elektron kadastr məlumatına əsasən torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Bundan sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə yekunlaşmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0. və 8.0.7-ci maddələrinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Mülki Məcəllənin 139-1.1. və 139-1.1.7-ci maddlərinə görə, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə Qanunun 9-cu maddəsinin müddəaları 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstismarı Birliyi ilə iddiaçı oğlu arasında bağlanmış xx.xx.2006-ci il tarixli, 37989 saylı “bağın istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0,06 ha, 29/3180 saylı bağ sahəsi iddiaçının istifadəsinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirlyiinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli rəydə qeyd edilmişdir ki: “Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağları massivində yerləşən 29/3180 nömrəli, 0.06 ha bağ sahəsinin Bölgü sxeminə əsasən aparılmış tədqiqat nəticəsində coğrafi yerləşmə yeri və döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. Bağ sahəsi qərb tərəfdən yol ilə, şimal tərəfdən 56/3207 saylı bağ sahəsi ilə, cənudab X2 faktiki istifadəsində olan 10/3161 saylı, 0,06 ha bağ sahəsi ilə, şərq tərəfdən isə 10d/3161d saylı bağ sahəsi ilə əhatə olunmuşdur. İddiaçı istifadəsində olan 29/3180 saylı, 0.06 ha bağ sahəsinin WGS-84 (UTM=39) koordinat sistemində olan coğrafi məkan göstəriciləri (koordinatlar) aşağıdakı kimidir: X Y 434626.525 4482358.965 434616.667 4482370.271 434652.026 4482392.773 434660.107 4482380.633 İddiaçı X2 faktiki istifadəsində olan 0.06 ha bağ sahəsinin ölçüləri-şimalda uzunluğu 41,9 metr, cənubda 39,9 metr, şərqdə eni 14,6 metr, qərbdə isə 15 metr təşkil edir. Naturada coğrafi yerləşmə yeri müəyyənləşdirilən 29/3180 saylı 0.06 ha bağ sahəsi faktiki olaraq iddiaçının istifadəsindədir və ərazinin elektron məlumat bazasına əsasən digər şəxslərə məxsus bağ sahələri ilə üst-üstə düşmə halı qeydə alınmamışdır. Naturada coğrafi yerləşmə yeri müəyyənləşdirilən 29-/3180 saylı 0.06 ha bağ sahəsi təqdim edilmiş Bölgü sxemində qeyd olunan bağ sahəsi ilə (4 nömrəli ərazi) uyğunluq təşkil edir. Tədqiq olunan bağ sahəsi “Tarixçi” bağçılıq yoldaşlıq cəmiyyətinə ayrılmış torpaq sahəsinin Ayrıc aktı daxilində yerləşmir. Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstismarı Birliyi tərəfindən təqdim olunan 29 iyun 2006-cı il tarixli 37989 saylı müqaviləsinə əsasən tərtib olunan Bölgü sxemi “Tarixçi” bağçılıq yoldaşlıq cəmiyyətinə aid deyildir. Bağ sahəsinin qərb yol hissəsində mövcud daş hasardan 7.3 metr məsafədə bağ sahəsinə paralel olaraq 10 kv-luq iki dövrəli elektrik xətti keçir. 103 nömrəli qərara əsasən 6-10 kv-luq elektrik xəttinin mühafizə zonası 10 metr təyin edilmişdir. Bağ sahəsinin yoldan elektrik xəttinə paralel 2.7 metr eni x 15 metr uzunluğu olan hissəsi 6-10 kv-luq elektrik xəttinin mühafizə zonasına düşür. Bağ sahəsinin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətinə aid torpaqlar olmaqla Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstismarı Birliyi tərəfindən müqavilə üzrə vətəndaşlara xüsusi mülkiyyətinə verilməsi nəzərdə tutulan bağ sahələridir. Ərazi yaşayış məntəqələrinin torpaqları kateqoriyasında olmaqla, bağ evinin tikintisi üçün nəzərdə tutulmuşdur”. Beləliklə, yuxarda qeyd olunan normaların hazırkı işə tətbiqi zamanı Kollegiya belə nəticəyə gəlir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulan hüquqmüəyyənedici sənədə malik olduğundan, buna görə də istifadəsində olan bağ sahəsinə yaranmış mülkiyyət hüququnu qeydə aldırmaq hüququna malikdir. Cavabdehin apelyasiya şikayətinin “elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi heç bir bağçılıq-yoldaşlıq ayrıcı daxilində yerləşmir, həmçinin, torpaq sahəsinin yerləşməsi bağçılıq-yoldaşlığın bölgü sxemi ilə uyğunsuzluq təşkil edir” dəlili ilə bağlı Kollegiya ilk növbədə qeyd edir ki, torpaq sahəsinin heç bir bağçılığın ayrıc aktı daxilində yerləşməməsi hüququn qeydə alınmasından imtina üçün əsas deyildir. Digər tərəfdən birinci instansiya məhkəməsi ilə razılaşan Kollegiya qeyd edir ki, əgər iddia edilən torpaq sahəsi konkret olaraq hər hansı bağçılıq-yoldaşlığa ayrılmış torpaq sahələrindən (konkret olaraq hər hansısa BTK) olsa idi , o zaman cavabdehin imtinasını əsaslı hesab edilə bilərdi. Belə ki, hər hansı bir bağçılıq yoldaşlığa müvafiq icra hakimiyyəti orqanının sərəncamı ilə müəyyən ölçüdə torpaq sahəlari ayrılır və həmin bağçılıq-yoldaşlıq isə ona ayrılmış torpaq sahələrinin hüdudlarından bağçılığın üzvlərinə torpaq sahələri ayırır. Bu zaman bağçılığa ayrılmış ayrıc aktı olur və həmin bağçılıq yalnız həmin ayrıc aktı daxilində olan torpaq sahələri barədə Sərəncam vermək səlahiyyətinə malikdir. Baxılan işdə isə iddia edilən torpaq sahəsi hər hansı bağçılıq yoldaşlığın (BTK) nəzdində deyildir. Göstərilən torpaq sahəsi Əzizbəyov rayonu, Şüvəlan bağlar sahəsi adlanan ərazidə yerləşməklə iddiaçı ilə Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstismarı Birliyi arasında bağlanmış müqviləyə əsasən ayrılmışdır. Torpaq sahəsinin bağlar sahəsində yerləşməsi və X3 və İstismarı Birliyi tərəfindən ayrılması işin mübahisələndirilməyən halıdır. Odur ki, bağ sahəsinin heç bir bağçılıq-yoldaşlığın ayrıc aktı daxilində yerləşməməsi barədə cavabdehin apelyasiya şikayətinin dəlili əsassızdır. Apelyasiya şikayətinin “torpaq sahəsinin yerləşməsi bağçılıq-yoldaşlığın bölgü sxemi ilə uyğunsuzluq təşkil edir” dəlili ilə bağlı isə qeyd edilməlidir ki, sxematik xəritə ilə bağlı uyğunsuzluq olması iddiaçının iradəsindən asılı olan hal olmamaqla yanaşı uyğunsuzluqların aradan qaldırılması cavabdehin vəzifələrindəndir. Belə ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Eyni zamanda apelyasiya şikayətinin qeyd edilən dəlili əvvəlki dəlil ilə ziddiyyət təşkil edir. Belə ki, cavabdeh həm torpaq sahəsinin heç bir bağçılıq-yoldaşlığın ayrıc aktı daxilində yerləşməməsini bildirir, digər tərəfdən isə torpaq sahəsinin yerləşməsinin bağçılıq-yoldaşlığın bölgü sxemi ilə uyğunsuzluq təşkil etdiyini qeyd edir. Apelyasiya şikayətinin digər dəlili elektron kadastr məlumatına əsasən torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsi ilə bağlıdır. Kollegiya qeyd edir ki, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin Qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”na əsasən: - bənd 6. Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. - bənd 7. Torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır. - bənd 12. Elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi; Göründüyü kimi, qanunverici elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin mülkiyyətə verilməsi ilə bağlı deyil, həmin torpaq sahəsində görülən işlərlə bağlı məhdudiyyətlər nəzərdə tutmuş, bu zaman həmin işlərin görülməsini şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığından asılı etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə, yuxarıda sadalananlara məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə əməl edilərək, maddi hüquq normaları işin hallarına düzgün tətbiq edildiyindən, cavabdehin apelyasiya şikayəti isə hər hansı mötəbər dəillə əsaslandırılmadığından məhkəmənin mübahisələndirilən qərarının ləğvi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1347/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3295/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3295/2024
01.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver