Məhkəmə qərarları › İş №2-1(103)-3297/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3297/2025

14.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3297/2025 14.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Qasımov Vidadi Kamal oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Üçüncü şəxs X7 iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı X11 üçüncü şəxs qismində cəlb olunmaqla Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 1085 saylı sərəncamının 2.20-ci bəndi – X8 1141t saylı bağ sahəsinin ayrılması hissəsində ləğv edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)- 1773/2025 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 1085 saylı sərəncamının 2.20-ci bəndinin – X8 1141t saylı bağ sahəsinin ayrılması hissəsində ləğv edilməsi barədə tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddia ərizəsi onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti X2 və istismarı Birliyinin xx.xx.2004-cü il tarixli, 23929 saylı müqviləsinə əsasən Pirşağı ərazisindəki 1139/t saylı bağ sahəsi X5 Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli, 120 saylı Sərəncamına əsasən istifadəyə verilmişdir. Müqavilənin müddəti xx.xx.2002-ci ildən xx.xx.2012-ci ilədək qüvvədə olmuşdur. Həmin müqaviləyə 1139/t saylı bağ sahəsinin sxemi əlavə olunmuşdur. Qeyd olunan sənədlər əsasında X4 vərəsəsi İddiaçı adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat saylı çıxarış verilmişdir. Lakin həmin torpaq sahəsinə qeyri-qanuni olaraq X11 çıxarış əldə edərək 1141/t saylı bağ sahəsinin ona məxsus olduğunu bildirmişdir. Belə ki, X8 verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli, RX1007786 saylı çıxarışa əsasən 1141 saylı bağ sahəsi onun xüsusi mülkiyyətinə verilmişdir. Həmin çıxarışın verilməsinə əsas olan Azərbaycan Respublikası Bakı şəhər İcra hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 1085 saylı sərəncamı ilə Pirşağı ВТК 218 bağ №1141/t bağ sahəsi onun istifadəsinə verilmişdir. Lakin 1139/t saylı bağ sahəsinin sxemindən də göründüyü kimi 1141 saylı bağ sahəsi onunla qonşu yerləşmiş, 1141/t bağ sahəsi isə həmin sxemdə ümumiyyətlə mövcud olmamışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-10990/2024 saylı qərardadı ilə X11 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri olaraq cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 07 may 2025-ci il tarixli, 2-1(112)-1773/2025 saylı qərarı ilə (hakim E.A.Abdullayev) iddia tələbi təmin edilməmişdir. İddiaçı Bakı İnzibati Məhkəməsinin 07 may 2025-ci il tarixli, 2-1(112)-1773/2025 saylı qərarını mübahisələndirmiş və apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qanun üzrə vərəsəlik haqqında xx.xx.2021-ci il tarixli Şəhadətnaməyə əsasən xx.xx.2021ci il tarixdə vəfat etmiş X4 vərəsəsi olmaqla miras əmlak olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 1139 saylı bağ evini irs almışdır. Əmlak 54,9 kv.m. sahəsi olan bağ evindən və 0,12 ha torpaq sahəsindən ibarətdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat saylı çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 1139 saylı bağ sahəsi iddiaçının mülkiyyətindədir. Bakı şəhər İcra hakimiyyəti Başçısı aparatının Abadlaşdırma və X1 Departamenti X2 və istismarı Birliyinin xx.xx.2004-cü il tarixli, 23929 saylı müqaviləsinə əsasən Pirşağı ərazisindəki 1139/t saylı bağ sahəsi X5 Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli, 120 saylı sərəncamına əsasən istifadəyə verilmişdir. Müqavilənin müddəti xx.xx.2002-ci ildən xx.xx.2012-ci ilədək qüvvədə olmuşdur. Həmin müqaviləyə 1139/t saylı bağ sahəsinin sxemi əlavə olunmuşdur. Qeyd olunan sənədlər əsasında X4 vərəsəsi olan iddiaçının daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat saylı çıxarış verilmişdir. Lakin həmin torpaq sahəsinə qeyriqanuni olaraq üçüncü şəxs çıxarış əldə edərək 1141/t saylı bağ sahəsinin ona məxsus olduğunu bildirmişdir. Belə ki, üçüncü şəxsə verilmiş xx.xx.2021-ci il tarixli, RX1007786 saylı çıxarışa əsasən 1141 saylı bağ sahəsi onun xüsusi mülkiyyətinə verilmişdir. Həmin çıxarışın verilməsinə əsas olan Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 1085 saylı sərəncamı ilə Pirşağı BTK 218 bağ №1141/t bağ sahəsi onun istifadəsinə verilmişdir. Lakin 1139/t saylı bağ sahəsinin sxemindən də göründüyü kimi 1141 saylı bağ sahəsi onunla qonşu yerləşmiş, 1141/t bağ sahəsi isə həmin sxemdə ümumiyyətlə mövcud olmamışdır. 1139 saylı bağ sahəsi iddiaçıya çıxarış əsasında verilib. Üçüncü şəxsin iddia etdiyi sahə isə onun babasına sənəd üzrə məxsus olmuş bağ sahədir. Üçüncü şəxsə 1141 saylı bağ sahəsinə dair çıxarış əsassız verilib. Üçüncü şəxsin mülkiyyətində olan bağ sahəsi iddiaçının babasına ayrılmışdır və hal-hazırda iddiaçının faktiki istifadəsindədir. Sadəcə iddiaçının babasına ayrılan torpaq sahəsinə dair çıxarış alınmamışdır. Qeyd edilən bağ sahəsində atası və babası tərəfindən əvvəllər əkilmiş ağaclar hələ də yerindədir. Bakı Şəhər İcra Hakimiyyəti Aparatının X2 və İstismarı Birliyi 2007-ci ildə ləğv edilərək arxiv materialları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təhvil verilərkən bildirilib ki, X2 və İstismarı Birliyi tərəfindən aidiyyəti qurumlar qarşısında qeyd edilən sənədin (xəritənin) tərtib edilməsi barədə bir neçə dəfə təşəbbüs qaldırılsa da maliyyə problemi ucbatından vaxtilə belə bir sənəd hazırlanmayıb. Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək onların arxivləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilib. Sərəncamda, həmçinin nəzərdə tutulur ki, bu sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsi üçün müvafiq tədbirlər görülməsi qeyd olunmuşdur. Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 1139 saylı bağ sahəsi xx.xx.2021-ci il tarixdən vərəsəlik üzrə atasından iddiaçıya keçərək xüsusi mülkiyyətindədir. Dövlət qeydiyyatına alınmış bağ sahəsi 0,12 ha təşkil edir. Halbuki istifadəsində olan bağ sahəsi 0.2 ha təşkil edir. Mərhum atası X5 həmin bağ sahəsi X2 və istismarı Birliyi ilə bağlanmış xx.xx.2004-cü il tarixli müqaviləyə əsasən verilmişdir. Həmin müqavilədə X5 0,2 hektar torpaq sahəsinin ayrıldığı müəyyən edilir. Müqavilənin 3.2-ci bəndində göstərilmişdir ki, “1988-ci ilədək istifadəsinə bağ sahəsi götürmüş vətəndaşlar üçün isə bu ölçü 0,25 hektardan artıq olmamalıdır (Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1962-ci il tarixli, 33/121B nömrəli Qərarına əsasən)”. Müqavilənin qeyd olunan müddəalarından görünür ki, 1988-ci ilədək ayrılmış bağ sahələrinə münasibətdə Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1962-ci il tarixli, 33/121B saylı Qərarı əsas götürülməklə bağ sahəsinin ümumi ölçüsü maksimum 0,25 ha, 1988-ci ildən sonra ayrılmış bağ sahələrinə münasibətdə isə xx.xx.1988-ci il tarixli, 6/333 saylı Qərarı əsas götürülməklə bağ sahələrinin ümumi ölçüsü maksimum 0,12 ha müəyyən edilmişdir. Məhkəmənin diqqətinə çatdırılır ki, Bakı Şəhər Zəhmətkeş Deputatlar Soveti İcraiyyə Komitəsinin 30 avqust 1944-cü il tarixli, 357 saylı qərarı ilə Bakı Mənzil Təsərrüfatı İdarəsi sistemində Abşeron rayonunun kolxozlarının və Əzizbəyov və Maştağa rayonlarının ərazilərində yerləşən bağ təsərrüfatlarının bazasında “X10” yaradılmışdı. X10 yaranan dövrlərdə vətəndaşların istifadəsində olan bağ təsərrüfatlarının torpaq sahələri əksər hallarda 2500 kv.m ölçüsündə olduğundan bu yeni yaranan qurum tərəfindən müvafiq müqavilələrlə vətəndaşların istifadəsinə verilən torpaq sahələrinin ölçüləri də həmin rəqəmlərlə ifadə olunub və bu müqavilələr hər 10 ildən bir yenilənib. Bu mənada mübahisəli torpaq sahəsi 0.2 ha olmaqla babasının, daha sonra atasının adına verilmiş və həmin vaxtdan həmin torpaq sahəsi hasara alınmış və faktiki istifadəsindədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 1991-ci il tarixli, 21 saylı “Tikililərdən, torpaq sahələrindən və material ehtiyatlarından səmərəli istifadə haqqında” qərarı ilə bağ icarəçilərinə, bağ-tikinti və bağçılıq – yoldaşlıqlarının üzvlərinə hər ailə üçün 1200 kv.m torpaq sahəsi miqdarında mülkiyyət hüququ əldə etmək norması müəyyənləşdirilsə də, 0.2 ha torpaq sahəsi barədə mərhum atasıyla icarə müqaviləsi bağlanmışdır. Hesab edilir ki, 0.2 ha bağ sahəsi uzun müddət istifadəsində qanuni əsaslarla olmuş, həmin bağ sahəsində üçüncü şəxs X7 adına 0.12 ha torpaq sahəsi yerləşdiyindən əsassız olaraq sonuncunun adına rəsmiləşdirilmişdir. Sorğular iddiaçıya münasibətdə verildiyindən, halbuki vərəsəlik qaydasında iddiaçıya bağ sahəsi keçmişdir, əvvəllər babası və atası ilə bağlanmış 0.2 ha bağ sahəsinə dair müqavilələr barədə sübutlar əldə edilməmiş və sonda məhkəmə düzgün olmayan nəticəyə gəlmişdir. Bakı şəhər İcra Hakimiyyətinin 1994-cü ilə dair arxiv sənədləri, o cümlədən xx.xx.1994-cü il tarixli, 1085 saylı sərəncamı Arxiv İdarəsinə təhvil verilmədiyi öz təsdiqini tapsa da, sorğular Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə göndərilərək həmin dövr və ondan əvvəl dövr üçün bağlanmış icarə müqavilələrinin tələb olunması əvəzinə Dövlət Arxivinin Bakı filialına göndərilmişdir. Həmçinin, vərəsəlik üzrə iddiaçının adına keçirilmiş torpaq sahəsinə dair icarə müqavilələri yalnış olaraq atası və babasının adına deyil, iddiaçının adına sorğulanmışdır. Belə ki, məhkəməyə təqdim edilən mərhum atası X9 ilə Azərbaycan Respublikası Bakı şəhər İcra hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti X2 və istismarı Birliyi arasında bağlanmış xx.xx.2004-cü il tarixli, 23929 saylı müqaviləsindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli, 120 saylı Sərəncamına əsasən Pirşağı ərazisindəki 0,2 ha sahəsi olan, 1139/t saylı bağ sahəsi X5 istifadəsinə verilmişdir.Təqdim edilən sxemdə də istifadəsində olan torpaq sahəsinin yerləşmə və digər qonşu torpaq sahələri ilə sərhədləri qeyd edilmişdir. Ümumiyyətlə, mübahisəli 0.2 ha torpaq sahəsinin babasına və atasına istifadəyə-icarəyə verilməsi üçün əsas olmuş sənədlər qovluğu tələb edilməli olduğu halda bu edilməmişdir. Nəticədə uzun müddət istifadəsində olan və hasara alınmış 0.2 ha torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması mümkün olmamış və boş torpaq sahəsi hesab edilərək sərəncamla başqa şəxsə verilmişdir. Həmçinin, həmin şəxsə verilmiş torpaq sahəsinin hansı əsaslarla verildiyini sübut edən sənədlər araşdırılmamış və sorğular əsasında müvafiq qaydada tələb edilməmişdir. Məhkəmə qərarında qeyd olunur ki, xx.xx.2004-cü il tarixli müqavilədə X4 istifadəsində həmin müqavilə bağlanmazdan əvvəl hansısa əlavə torpaq sahəsinin mövcud olması barədə hər hansı qeyd aparılmadığı göstərilsə də, faktiki olaraq həmin dövrdən hasara alınmış və istifadəsində olan torpaq sahəsinin yarısının başqa şəxs verilməsi üçün əsas olmuş sənədlərin mövcudluğu şübhə doğurmağına baxmayaraq araşdırılmamış qalmışdır. Məhkəmə tərəfindən verilmiş sorğular üzrə cavabdehin 23 iyul 2024-cü il tarixli məhkəmə sorğusuna cavab məktubunda göstərilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 1085 saylı sərəncamı ilə vətəndaş İddiaçı bağ sahəsinin ayrılması aşkar edilməmişdir. Əlbəttə, bağlanmış icarə müqaviləsi iddiaçı ilə bağlana bilməzdi, sorğuda atasının, babasının adı göstərilməmiş və nəticədə düzgün məlumat əldə olunmamışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 23 iyul 2024-cü il tarixli cavab məktubunda isə bildirilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin 1994-cü ilə dair arxiv sənədləri, o cümlədən xx.xx.1994-cü il tarixli, 1085 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Qeyd olunanlara əsasən, Bakı İnzibati məhkəməsinin 07 may 2025-ci il tarixli, 2-1(112)-1773/2025 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi və şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda o, məhkəməyə bildirdi ki, 120 nömrəli sərəncam var ki, onun və müvafiq digər sənədlərin təqdim edilməsinə dair dəfələrlə vəsatət vermiş təmin edilməmiş, yəni cavabeh tərəfindən həmin sənədlər verilməmişdir. ... Həmin sərəncam, əslində, bu işlərin hamısına aiddir, çünki Ağayev Əzizağaya (iddiaçının atasına) bu torpaq 120 nömrəli sərəncamla verilmişdir, lakin həmin sərəncamı bugünə kimi əldə edə bilməmişlər. İnzibati məhkəmə isə iddiaçının adına sorğu vermişdir. Əslində, atasının adına verilməli idi. ... Texniki pasportda 32 sot olub, daha sonra onun 4 sot yarımı qonşular tərəfindən zəbt edilmiş, qalan 28 sotdan hamısına münasibətdə müraciət olunsa da, verilməmişdir. 120 nömrəli sərəncamda isə sahənin nə qədər olduğu məlum deyildir. ... Ondan əvvəlki vəkil həm sərəncamın ləğvini, həm də çıxarışın ləğvinə dair iddia irəli sürmüşdür. Sonradan iddia tələbinə dəqiqləşmə verərək, sərəncamı bütövlükdə yox, yalnız 2.20-ci bəndi - X8 dair hissədə ləğv edilməsini və həmin çıxarış əsasında torpaq planı və kadastrı koordinatlar bizim əraziyə düşmədiyindən iddia tələbi bu hissədə mübahisələndirilmişdir. Yəni elə bil bağın içində bağ verilib. ... Əlbəttə, əslində mübahisələdirilməli idi çıxarışlar və torpaq kadastrı planı. Əvvəlki vəkil elə iddia tələbi ilə müraciət etdiyindən mübahisə elə də davam etmişdir. ... 1980-ci illərdə çəkilmiş təxmini 2 metr yarım hasar, 40-50 illik ağaclar, hovuz, iki su quyusu var sahədə, hazırda qarşı tərəf bu sadaladıqlarıma qanunsuz olaraq sahiblik edir. Bağın içində bağ salıb yəni. Prezidentin keçən il qəbul etdiyi fərmanla artıq texniki pasportlar hüquqi sənəd kimi gedir. Bu işdə isə ilkin sənəd texniki pasportdur. Qarşı tərəfə 12 sot onların ərazisindən ayrılaraq verilmişdir . Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X11 izahatında məhkəməyə bildirdi ki, bu məsələlər müzakirə olunub, qarşı tərəf işi lüzümsuz olaraq uzatmaq istəyir. Onların heç bir sənədləri yoxdur. 12 sot sahə üzrə adıma çıxarış verilmişdir. Verilən sənədlər ona dövlət tərəfindən verilib. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - X9 ilə Azərbaycan Respublikası Bakı şəhər İcra hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti X2 və istismarı Birliyi arasında bağlanmış xx.xx.2004cü il tarixli, 23929 saylı müqaviləsindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli, 120 saylı Sərəncamına əsasən Pirşağı ərazisindəki 0,2 ha sahəsi olan, 1139/t saylı bağ sahəsi X5 istifadəsinə verilmişdir. - Qanun üzrə vərəsəlik haqqında xx.xx.2021-ci il tarixli Şəhadətnaməyə əsasən, iddiaçı xx.xx.2021-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi olmaqla miras əmlak olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 1139 saylı bağ evini irs almışdır. Əmlak 54,9 kv.m sahəsi olan bağ evindən və 0,12 ha torpaq sahəsindən ibarətdir. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat saylı çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 1139 nömrəli bağ sahəsi iddiaçının mülkiyyətindədir. - Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 1085 saylı sərəncamından çıxarışdan görünür ki, Pirşağı ərazində 218 saylı BTK nəzdində 1141t saylı bağ sahəsi X8 ayrılmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat saylı çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 1141 saylı bağ sahəsi üçüncü şəxsin mülkiyyətindədir. - Məhkəmə sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətinin 23 iyul 2024-cü il tarixli, 3-52/2-2725/2024 saylı məktubunda qeyd edilmişdir ki, “… Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 1085 nömrəli sərəncamı ilə vətəndaş İddiaçı bağ sahəsinin ayrılması aşkar edilməmişdir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 05.087.1994-cü il tarixli, 1085 saylı sərəncamı böyük həcmlidir və həmin sərəncama əsas olmuş sənədlər əlavə edilməmişdir”. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısı öz əksini tapmışdır. Həmin siyahıya əsasən torpaq sahələri üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olan sənədlər aşağıdakılardır: qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar (8.0.1.); qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol (8.0.2.); daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı (8.0.3.); qanuni qüvvəyə minmiş məhkəmə qərarları (8.0.4.); 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri (8.0.5.); 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış (8.0.7.); bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər (8.0.8.); 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr (8.0.12.) Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Həmin Siyahının 2.7-ci bəndində “yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar” öz əksini tapmışdır. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 1139 saylı bağ sahəsi xx.xx.2021-ci il tarixdən iddiaçının mülkiyyətindədir. Həmin bağ sahəsi iddiaçının atası X3 iddiaçıya vərəsəlik qaydasında keçmişdir. Bağ sahəsi 0,12 hektar təşkil edir. X5 isə həmin bağ sahəsi X2 və istismarı Birliyi ilə bağlanmış xx.xx.2004-cü il tarixli müqaviləyə əsasən verilmişdir. Həmin müqaviləyə nəzər yetirdikdə, müqavilədə X5 0,2 ha torpaq sahəsinin ayrıldığı müəyyən edilir. Lakin, müqavilənin 3.1-ci bəndində göstərilmişdir ki, “bağın torpaq sahəsinin ölçüsü 0,12 hektardan artıq olmamalıdır (Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 6/333 saylı Qərarına əsasən). Müqavilənin 3.2-ci bəndində göstərilmişdir ki, “1988ci ilədək istifadəsinə bağ sahəsi götürmüş vətəndaşlar üçün isə bu ölçü 0,25 ha artıq olmamalıdır (Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1962-ci il tarixli, 33/121B saylı Qərarına əsasən)”. Müqavilənin qeyd olunan müddəalarından görünür ki, 1988-ci ilədək ayrılmış bağ sahələrinə münasibətdə Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1962-ci il tarixli, 33/121B saylı Qərarı əsas götürülməklə bağ sahəsinin ümumi ölçüsü maksimum 0,25 hektar, 1988-ci ildən sonra ayrılmış bağ sahələrinə münasibətdə isə xx.xx.1988-ci il tarixli, 6/333 saylı Qərarı əsas götürülməklə bağ sahələrinin ümumi ölçüsü maksimum 0,12 ha müəyyən edilmişdir. X5 bağ sahəsinin ayrılması barədə müqavilə 2004-cü ildə bağlanmışdır. Həmin müqavilənin bağlandığı dövrdə tətbiq edilən Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 6/333 saylı Qərarına əsasən isə vətəndaşlara ayrılan bağ sahələrinin ölçüsü 0,12 hektardan artıq ola bilməzdi. xx.xx.2004-cü il tarixli müqavilədə onun hansısa daha əvvəlki müqavilənin davamı olaraq bağlanması və ya X4 istifadəsində həmin müqavilə bağlanmazdan əvvəl hansısa əlavə torpaq sahəsinin mövcud olması barədə hər hansı qeyd aparılmamışdır. Bu isə X5 müqaviləyə əsasən 0,2 hektar torpaq sahəsi ayrılsa da, onun faktiki istifadəsinə 0,12 ha torpaq sahəsi ayrıldığını göstərir. Bu səbəbdən də verilmiş çıxarışda 0,12 ha torpaq sahəsi öz əksini tapmışdır. İddiaçı Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 1085 saylı sərəncamının onun üçün əlverişsiz nəticələrə səbəb olmasına əsaslanaraq, həmin sərəncamın ləğv edilməsini xahiş edir. Lakin, iş materialları ilə müəyyən edilir ki, həmin inzibati akt iddiaçı üçün hər hansı əlverişsiz nəticələrə səbəb olmur. Belə ki, iddiaçının mülkiyyətində olan bağ sahəsinin nömrəi 1139 olsa da, üçüncü şəxsə həmin sərəncamla 1141t saylı bağ sahəsi ayrılmışdır. İddiaçı üçüncü şəxsin mülkiyyətində olan sahənin ona məxsus sahə ilə üst-üstə düşdüyünü güman edirsə, bu zaman daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydi mübahisələndirə bilər. Beləliklə, iddiaçı mahiyyətcə öz mülkiyyətində olan torpaq sahəsinin ölçüsünün və sərhədlərinin daha geniş olduğunu iddia edir. Başqa sözlə, iddiaçı hesab edir ki, ona (atasıa) məxsus torpaq sahəsi 0,12 ha deyil, 0,2 ha olmuş və faktiki istifadə də bu həcmdə həyata keçirilmişdir. Lakin iddiaçı bu iddianı öz torpaq sahəsinə dair reyestr qeydinin dəyişdirilməsi, sərhədlərin müəyyən edilməsi və ya hüquqmüəyyənedici sənədlərin tanınması tələbi ilə deyil, üçüncü şəxsə aid torpaq sahəsinin ayrılması barədə 1994-cü il tarixli inzibati aktın qismən ləğvi tələbi ilə irəli sürmüşdür. Bu isə inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri olan effektiv hüquqi müdafiə vasitəsinin seçilməsi tələbinə ziddir. Birinci instansiyası məhkəməsi qərarında haqlı olaraq göstərmişdir ki, üçüncü şəxsə aid torpaq sahəsi iddiaçının reyestrdə qeydiyyatda olan torpaq sahəsi ilə üst-üstə düşmürsə, həmin inzibati aktın ləğvi iddiaçının hüquqi vəziyyətini dəyişmir və onun iddia etdiyi hüququ bərpa etmir. Apellyasiya şikayətində bu əsaslı hüquqi nəticə aradan qaldırılmır, iddia tələbinin yanlış seçilməsi faktı isə ümumiyyətlə təkzib edilmir. Faktiki olaraq apellyasiya şikayəti yalnız ehtimallar, “faktiki istifadə”, “hasarlanma” və “illərlə becərilmə” kimi hüquqi baxımdan mülkiyyət hüququ yaratmayan hallara istinad edir. Halbuki inzibati məhkəmə icraatında mülkiyyət hüququ faktiki istifadə ilə deyil, hüquqmüəyyənedici sənədlərlə sübuta yetirilir. Apellyasiya şikayətində iddiaçı tərəfindən əsas arqument kimi təqdim olunan “torpaq sahəsi əvvəllər 0,2 ha olmuşdur” iddiası da hüquqi baxımdan dayanıqlı deyil. Belə ki, iddia edilən müqavilədə göstərilən sahə ölçüsü normativ məhdudiyyətlərlə uzlaşmır, həmin sənəddə torpaq sahəsinin əvvəlki daha geniş sahənin hissəsi olması barədə heç bir hüquqi qeyd mövcud deyil, əlavə sahənin hansı inzibati akt, hansı qərar və ya hansı hüquqi əsasla ayrıldığı iş materiallarında olan sənədlərdən aydın deyil. Bu halda məhkəmənin reyestr məlumatlarını əsas götürməsi qanunauyğun və hüquqi sabitliyə uyğun yanaşmadır. Əks yanaşma inzibati aktlara və dövlət reyestrinə olan etimadı sarsıdar və hüquqi qeyri-müəyyənlik yaradardı ki, bu da inzibati ədalət mühakiməsinin məqsədlərinə ziddir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmçinin qeyd edilməlidir ki, “Elektron məhkəmə” İnformasiya Sistemində olan məlumatlardan görünür ki, hazırkı iş üzrə iddiaçı və üçüncü şəxs arasında hal-hazırda mülki məhkəmə icraatında da mübahisə mövcuddur. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-6116/2024 saylı qərarından aşağıdakılar müəyyən edilir: “ ... İddiaçı cavabdeh X8 qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X7 Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 1139 saylı bağ evi və 0.19 ha torpaq sahəsinin yanında yerləşən iddiaçının istifadəsində olan sahəsindən çıxarılması dair qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə birləşdirilən 2(008)-6134/2023 nömrəli iş üzrə iddiaçı X11 cavabdeh İddiaçı qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən sahəsi 0.12 ha olan 1141 saylı bağ sahəsindən cavabdeh İddiaçı çıxarılmasına və qanunsuz zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-377/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-10990/2024 nömrəli inzibati iş üzrə yekun qərar çıxarılanadək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olan 2(008)-377/2024 saylı mülki işi üzrə icraatın dayandırılması qərara alınmışdır. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, nəqədər ki, Bakı İnzibati Məhkəməsində İddiaçı cavabdeh Bakı şəhər İcra hakimiyyətinə qarşı “sərəncamın və X7 adına verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair 2-1(112)-10990/2024 nömrəli iş mövcuddur və hazırıki iş Bakı İnzibati Məhkməsinin icraatında olan 2-1(112)-10990/2024 nömrəli iş ilə əlaqədardır, hazırki mülki işin icraatı Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 10990/2024 saylı iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək dayandırılmalıdır”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 07 may 2025-ci il tarixli, 2-1(112)-1773/2025 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 07 may 2025-ci il tarixli, 2-1(112)-1773/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar