Məhkəmə qərarları › İş №2-1(103)-33/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-33/2025

04.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-33/2025 04.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-695/2022 nömrəli, 09 mart 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 22 iyun 2004-cü il tarixli, 01 nömrəli reyestr kitabının 132-ci səhifəsində 525 reyestr nömrəsi ilə qeydiyyata alınaraq mülkiyyət hüququna dair 525 nömrəli Qeydiyyat Vəsiqəsi ilə mərhum həyat yoldaşı X3 miras payı qalmış Bakı-Şamaxı magistral yolunun sol tərəfində yerləşən qeyri-yaşayış binasına dair daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Pirəkəşkül kəndi, Bakı- Şamaxı maqistral yolunun sol tərəfində yerləşən qeyri-yaşayış binası mərhum X4nun adına Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 22 iyun 2004-cü il tarixli, 01 nömrəli reyestr kitabının 132-ci səhifəsində 525 reyestr nömrəsi ilə qeydiyyata alınaraq mülkiyyət hüququna dair 525 nömrəli qeydiyyat vəsiqəsi və texnik pasport verilmişdir. X4 xx.xx.2020ci ildə vəfat etdikdən sonra ondan miras payı qalmış qeyri-yaşayış binasına dair vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmək üçün daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın alınması üçün Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət ünvanlamışdır. İddiaçıya xx.xx.2020-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, aparılan araşdırma zamanı, elektron kadastr baza və arxiv məlumatlarına əsasən qeyd olunan ünvanda yerləşən daşınmaz əmlakın Abşeron rayonunun inzibati ərazi vahidliyinə aid ərazidə yerləşmədiyi müəyyən edilmiş və aidiyyəti üzrə Xidmətin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə müraciət etməyi tövsiyə olunmuşdur. Ona tövsiyə olunduğu kimi arayışın əldə olunması üçün cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən müraciətinə cavab olaraq bildirilmişdir ki, sözügedən qeyri-yaşayış binasına dair idarənin arxivində heç bir məlumat aşkar olunmamışdır. Həmin qeyri-yaşayış binası 20 ildən artıq bir müdətdir ki, onun ailəsinin mülkiyyətindədir və kafe kimi fəaliyyət göstərir. Qeyri-yaşayış binası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergi İdarəsindən qeydiyyatdan keçmiş və ********** saylı VÖENlə vergi ödəyicisidir. Kommunal ödənişlər iddiaçı tərəfindən vaxtında ödənilmiş və bu vaxta qədər obyekt fasiləsiz olaraq fəaliyyət göstərmişdir. Cavabdeh orqanın cavabından belə məlum olur ki, qeyri-yaşayış binasının arxiv sənədləri yoxdur. Lakin qeyri-yaşayış obyektinə dair sənədlərdən məlumdur ki, 17 ilə yaxın bir müddətdir mərhum əri Rafiq Xəlilovun mülkiyyəti kimi dövlət tərəfindən tanınmış və onun adına mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsi, texniki pasport verilmişdir. Cavabdeh orqanın arxivində qeyri-yaşayış binasına dair hər hansı məlumatın olmaması onun arayışı əldə edə bilməməyi və birinci dərəcəli vərəsə kimi miras payından kənarda qalmağı üçün əsas ola bilməz. Bakı İnzibati Məhkəməsinin (hakim Mehriban Qarayeva) 2-1(112)-695/2022 nömrəli, 09 mart 2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən 22 iyun 2004-cü il tarixli, 01 nömrəli reyestr kitabının 132-ci səhifəsində 525 reyestr nömrəsi ilə qeydiyyata alınaraq mülkiyyət hüququna dair 525 nömrəli qeydiyyat vəsiqəsi ilə iddiaçının həyat yoldaşı mərhum X3 miras payı qalmış Bakı-Şamaxı magistral yolunun sol tərəfində yerləşən qeyriyaşayış binasına dair daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı qanunsuz və əsassız olduğu üçün ləğv edilməli, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməlidir. Prosessual hüquq normaları pozulmuşdur. İş materiallarından və qərardan aydın görünür ki, məhkəmə tətbiq edilməli olan qanunu və digər normativ hüququ aktı düzgün tətbiq etməmiş və bir sıra prosessual pozuntuya yol verməklə qərar qəbul etmişdir. Məhkəmə öz qərarında iddianın rədd edilməsinə əsas olan hallardan biri kimi göstərmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, tədqiqat obyektinə baxış keçirilməsinə şərait yaradılmaması səbəbindən mütəxəssis rəyinin verilməsi mümkün olmamışdır. Məhkəmə iddianı rədd edərkən iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli arayışının məzmununu qəsdən təhrif etmişdir. Arayışın tam mətnində qeyd edilmişdir ki, «…qeyd olunan işlər üzrə baxış keçirilməsinə şərait yaradılmaması səbəbindən baxışın keçirilməsi və müvafiq münasibət bildirilməsi mümkün olmamışdır. Tədqiqat obyektinə baxış keçirilməsinin, yəni tarixi, vaxtı və yeri barədə məlumat daxil olacağı, qeyd edilən işlər üzrə qərardad, hüquqmüəyyənedici və texniki sənədlərin təqdim olunacağı, tərəflərin iştirakının təmin ediləcəyi və baxış keçirilməsinə şərait yaradılacağı təqdirdə tədqiqat obyektinə baxışda iştirak edərək müvafiq münasibət bildiriləcək». Məhkəmənin qərarında göstərilir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə torpaq və onun üzərindəki qeyri-yaşayış sahəsi üzərində mərhum X4nun hüquqlarını təsdiq edən sənəd təqdim edilməmişdir. Belə ki, iddiaçı Bakı- Şamaxı magistral yolunun sol tərəfində yerləşən qeyri-yaşayış binası üzərində mərhum X4nun hüququnun qeydiyyata alınmasını təsdiq edən sənəd kimi Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 525 saylı qeydiyyat vəsiqəsinin fotosurətini təqdim etmişdir. Lakin həmin sənədin əsli iddiaçıdan tələb edilsə də, məhkəməyə təqdim edilməmişdir. Məhkəməyə yalnız həmin sənədin fotosurətinin notariat qaydada təsdiqlənmiş surəti təqdim edilmişdir. xx.xx.2021-ci il tarixində məhkəmə iclas zalında iddiaçı tərəf ondan tələb olunan qeydiyyat vəsiqəsinin və texniki pasportun əslini məhkəməyə təqdim etmişdir. Lakin məhkəmə sənədin notarial qaydada təsdiq edilmiş surətinin iş materiallarında olduğunu bildirmişdir. Apellyasiya icraatı zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 22 iyun 2004-cü il tarixli 525 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Abşeron rayonu, Pirəküşkül kəndi, Bakı- Şamaxı magistral yolunun sol tərəfində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun iddiaçının mərhum həyat yoldaşı X7 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-122/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-695/2022 saylı 09 mart 2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilmiş, Abşeron rayon İcra Hakimiyyəti Başçısının Pirəküşkül-Qobustan kəndləri üzrə nümayəndəsinin 25 dekabr 1997-ci il tarixli 08 saylı sərəncamı əsasında Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2004-cü il tarixdə 01 №-li reyestr kitabında 132 səhifədə 525 reyestr nömrəsi altında qeydə alınmış və bu barədə 525 saylı qeydiyyat vəsiqəsi verilmiş Bakı-Şamaxı magistral yolunun sol tərəfində yerləşən daşınmaz əmlaka dair mülkiyyət hüququnun mərhum X7 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1607/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 2023-cü il tarixli, 2-1(103)- 122/2023 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda qeyd olunur: Bakı şəhəri, Qaradağ rayonu, Pirəkəşkül kəndi, Bakı-Şamaxı magistral yolunun sol tərəfində yerləşən qeyri-yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2020-ci il tarixli ərizəyə baxılmışdır. Qeyd edilən əmlakın qeydiyyata alınması ilə bağlı idarənin arxivində heç bir məlumat aşkar olunmamışdır. Həmçinin, qeyri-yaşayış binasına və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə uyğun sənədlər təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra (2013-cü il yanvarın 1-dən sonra) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim olunmalıdır. İş materiallarında olan 3 saylı Bakı ASAN xidmət mərkəzi tərəfindən xx.xx.2020-ci ildə verilmiş AZ-İİ seriyalı 063648 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2020-ci ildə Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci ildə 14 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlamış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialında saxlanılmır. Bununla əlaqədar Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə müraciət etmək tövsiyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlamış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.2004-cü il tarixli 525 nömrəli qeydiyyat vəsiqəsinin və həmin vəsiqənin verilməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş surətlərinin verilməsi barədə müraciətə baxılmış, müraciətdə qeyd olunan sənədlər arxivdə aşkar olunmadığından məsələnin müsbət həllinin imkanları xaricində olduğu bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlamış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin sənədləri mühafizə edilmək üçün Abşeron rayon Dövlət Arxiv İdarəsinə təhvil verilməmişdir. Abşeron rayon İHB-nin 25 dekabr 1997-cı ıl tarixli sərəncamı arxiv sənədlərinin içərisində aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlamış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Abşeron rayon Dövlət Arixivinin arxiv fondunda mövcud olan Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Pirəkəşkül-Qobustan kəndləri üzrə icra nümayəndəliyinin sərəncamlarında xx.xx.1995-ci il tarixli 08 saylı sərəncam aşkar edilməmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. 8.0.5. 2006-cı il iyulun 6dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri. 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçı tərəf onlarda olan nüsxəsinin sənədin əsli olduğunu iddia etdiyi qeydiyyat vəsiqəsinin surətini məhkəməyə təqdim etsə də, iddia tələbi qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun iddiaçının mərhum həyat yoldaşı X7 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıdır. Halbuki «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinin tələbinə əsasən qeydiyyat orqanı qanun və ya vəsiyyət üzrə vərəsəyə, hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı müqavilə və ya digər əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü halda verir. Bundan başqa, cavabdehin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, qeyd edilən əmlakın qeydiyyata alınması ilə bağlı idarənin arxivində heç bir məlumat aşkar olunmamışdır. Eyni zamanda məhkəmə araşdırması zamanı həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair nə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin arxivində, nə də digər orqanların arxivlərində məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən məhkəməyə ünvanlamış xx.xx.2021-ci il tarixli məktubda Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin arxivinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təhvil verildiyi bildirilmiş, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda isə iddiaçının qeyd etdiyi əmlaka dair yalnız texniki pasportun onlarda mövcud olduğu qeyd olunmuşdur. Cavabdeh tərəfindən təqdim edilən sənədlərə əsasən Abşeron Rayon İcra Hakimiyyəti başçısının Pirəkeşkül-Qobustan kəndləri üzrə nümayəndəliyinin 08 saylı 25 dekabr 1997-ci il tarixli sərəncamı ilə Bakı-Şamaxı magistral yolunun sol kənarında 20.0 x 10.0 m ölçüdə torpaq sahəsi R.Xəlilova “Görüş” kafesi tikintisi üçün ayrılmışdır. Bundan sonra Rafiq Xəlilov xx.xx.2004-cü il tarixdə öz şəxsi vəsaiti hesabına tikdirdiyi tikililərə texniki pasport və qeydiyyat vəsiqəsinin hazırlanmasını xahiş etmişdir. Bununla bağlı Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Rafiq Xəlilovun adına sözügedən daşınmaz əmlakla bağlı texniki pasport hazırlanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, texniki pasportda hüququ təsdiq edən sənəd kimi Abşeron Rayon İcra Hakimiyyəti başçısının Pirəküşkül-Qobustan kəndləri üzrə nümayəndəliyinin 08 saylı 25 dekabr 1997-ci il tarixli sərəncamı qeyd olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1607/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında qeyd olunan göstərişlərə uyğun olaraq müvafiq məhkəmə sorğuları verilmiş, məhkəmə sorğularına verilən cavablardan görünür ki, həm Abşeron rayon İcra Hakimiyyətində, həm Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialında, həm də Abşeron rayon X9 Rayon İcra Hakimiyyəti başçısının Pirəküşkül-Qobustan kəndləri üzrə nümayəndəliyinin 08 saylı 25 dekabr 1997-ci il tarixli sərəncamı və onun verilməsinə əsas olmuş sənədlər mövcud deyildir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1607/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında qeyd olunur ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Pirəkeşkül-Qobustan kəndləri üzrə nümayəndəliyinin 08 saylı 25 dekabr 1997ci il tarixli sərəncamının qəbul edilməsi ilə bağlı səlahiyyətin Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən Pirəkeşkül-Qobustan kəndləri üzrə nümayəndəliyə ötürülməsinə dair sərəncamın – inzibati aktın mövcud olması, Pirəkeşkül-Qobustan kəndləri üzrə nümayəndəliyinin torpaq ayrılması barədə sərəncam qəbul etməyə səlahiyyətli olması araşdırılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan göstərişlərinə uyğun olaraq müvafiq məhkəmə sorğuları verilmişdir. Lakin Pirəkeşkül-Qobustan kəndləri üzrə nümayəndəliyin belə bir səlahiyyətinin olması barədə, eləcə də Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən həmin nümayəndəliyə belə bir səlahiyyətin ötürülməsinə dair sübutlar məhkəməyə təqdim edilə bilinməmişdir. Abşeron Rayon İcra Hakimiyyətində və Abşeron rayon Dövlət Arxivində bununla əlaqədar sənəd və məlumat mövcud deyildir. Göründüyü kimi, iddiaçı qeyd olunan əmlak üzərində mərhum ərinin mülkiyyət və ya digər əşya hüququnu əldə etməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir və məhkəmə araşdırması zamanı da bu, öz təsdiqini tapmamışdır. Məhkəməyə təqdim edilmiş texniki pasportun tərtib edilməsinə əsas olmuş sərəncamın arxiv nüsxəsinin mövcud olması, habelə Pirəkeşkül-Qobustan kəndləri üzrə nümayəndəliyin torpaq ayrılması barədə sərəncam qəbul etməyə səlahiyyətli olması halları isə məhkəmə araşdırması zamanı müəyyən edilmədi. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-695/2022 nömrəli, 09 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar