Məhkəmə qərarları › İş №2-1(103)-330/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-330/2021

20.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-330/2021 20.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 və cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı (xx.xx.1954-cü il tarixində Gəncə şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “daxili işlər orqanlarında xidmət etməsi barədə qərarın qəbul edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli, 2-1(112)- 2640/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 29 may 2019-cu il tarixində cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, onun daxili işlər orqanlarında 2009-cu ilin may ayınadək qulluq etməsi barədə müvafiq qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, həmin illər üzrə hesablanan təqaüdün birdəfəlik ödənilməsi və cavabdehin etinasızlığı nəticəsində ona dəymiş mənəvi zərər kimi 100.000 (bir yüz min) manat məbləğinin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan dövləti hüquqi quruculuq sahəsində mühüm qanun "Məhkəmə, hüquq - mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə dəymiş ziyanın ödənilməsi haqqında" qanun qəbul etmişdir. Qanunun tələbinə uyğun olaraq bütün icra strukturları, xüsusilə Silahlı Qüvvələri təmsil edən güc strukturları daxili sənədlərini qanunun tələbinə uyğun təkmilləşdirməlidirlər. Lakin DİN-in Kadrlar İdarəsi qanunun tələbinə əməl etməmişdir. Belə ki, daxili işlər orqanlarına 16 avqust 1978-ci il tarixli 373 saylı əmr ilə qəbul olmuşdur. 1986-cı ildən 1997-ci ilin fevral ayının 3-dək Polis Akademiyasında qulluq etmişdir. Döyüş zonasında fəal iştirak etdiyinə görə daxili işlər nazirinin əmri ilə "təşəkkür" elan edilmişdir. 1995-ci ildə müəllim vəzifəsindən üç pillə adlayaraq - tədris şöbəsinin rəis müavini vəzifəsinə təyin edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 fevral 1997-ci il tarixli hökmünə əsasən cinayət məsuliyyətinə cəlb edilmişdir. Hökm əsasında DİN-in 05.03.1997-ci il tarixli 397 saylı əmri ilə daxili işlər orqanlarından xaric edilmişdir (təqvim xidməti 19 il, 06 ay, 09 gün təşkil edib). Daxili işlər orqanlarında onun güzəştli (26 il, 03 ay, 23 gün) xidmətini nəzərə alaraq DİN-in rəhbərliyi ona pensiya təyin etmişdir. Ali Məhkəmənin Sədrinin protestinə əsasən Bakı Şəhər Məhkəməsinin Rəyasət Heyəti 1998- ci ilin iyun ayında onun əməlində cinayət tərkibi olmadığına görə cinayət işinə xitam vermişdir. Məhkəmənin bəraət qərarı həmin vaxt DİN-nə göndərilmişdir. DİN-in Kadrlar idarəsi onun natamam - 25 il qulluq etməməsini nəzərə alaraq onu hərbi həkim komissiyasına göndərməli, yararlı hesab edildiyi təqdirdə əvvəlki vəzifəsinə avtomatik bərpa etməli idi. Lakin Kadrlar idarəsi bu tələbi yerinə yetirməmişdir. Daxili işlər orqanlarında tutduğu vəzifəyə uyğun (55 yaşı tamam olduqda) o, 2009-cu ilin may ayınadək qulluq etməli olduğu halda, o, xidmətini davam etdirə bilməmişdir. Bununla əlaqədar keçən dövr ərzində dəfələrlə DİN-ə müraciət etsə də bütün müraciətləri cavabsız qalmışdır, baxmayaraq ki, həmin halı özləri də etiraf edirlər. Onun daxili işlər orqanlarından xaric olunmağına səbəb olan məhkəmə hökmü yuxarı məhkəmə instansiyasının qərarı ilə ləğv olunmuş və ona həmin cinayət işi ilə bağlı bəraət verilmişdir. Deməli işdən xaric olunmağına səbəb olan hal aradan qalxdığından eyni qaydada da o, işə bərpa olunmalı idi. Baxmayaraq ki, əmrin ləğvi ilə bağlı müraciət etməsə də, bu hal aradan qalxdığından işdən xaric olunmağına səbəb olan halı əsas götürdükləri kimi də həmin halın aradan qalxdığını da əsas götürüb eyni qaydada əmr verərək bərpa etməli idilər. Lakin keçən müddət ərzində bəraət hökmü barədə məhkəmə qərarı cavabdeh tərəfindən qanunsuz olaraq nəzərə alınmamış, nəticədə də ona külli miqdarda maddi ziyan vurulmuşdur. DİN-in Kadrlar idarəsinin onun barəsində qanunazidd hərəkətləri onda mənəvi sarsıntıya səbəb olmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2602/2019 saylı, 20.06.2019cu il tarixli qərardadı ilə (hakim E.Əliyev) inzibati iş aidiyyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(82)-2899/2019 saylı 30.09.2019cu il tarixli qərardadı ilə (hakim X.İmanov) iddianın mümkün sayılmaması qərara alınmışdır. 23.10.2019-cu il tarixdə iddiaçı qərardaddan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2765/2019 saylı 21.11.2019-cu il tarixli qərardadı ilə (hakimlər V.Baxışova, H.Həmidov, E.Nağıyeva) İddiaçı şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2899/2019 saylı 30.09.2019-cu il tarixli qərardadı qismən, iddiaçının daxili işlər orqanlarında 2009-cu ilin may ayınadək qulluq etməsi barədə müvafiq qərarın qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbinin mümkün sayılmaması hissəsində ləğv edilməsi, həmin hissədə sonrakı prosessual hərəkətlərin edilməsi üçün işin birinci instansiya məhkəməsinə qaytarılması, qərardadın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli, 2-1(112)-2640/2020 nömrəli qərarı ilə (hakim P.Hüseynov) İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “daxili işlər orqanlarında xidmət etməsi barədə qərarın qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. 26.10.2020-ci il tarixdə iddiaçı qərardan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli, 2-1(112)-2640/2020 nömrəli qərarının ləğv edilməsini və iddianın mahiyyəti üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh məhkəmə iclasına gəlməyərək lazım olan sənədlərin açıqlanmasını təmin etməmişdir. 31.03.2021-ci il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin 29.03.2021-ci il tarixli, 022/26-4101-1221 nömrəli apellyasiya şikayətinə dair etiraz daxil olmuşdur.Etirazda birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi, cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək,onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli, 2-1(112)-2640/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 15 may 2019-cu il tarixli 022/20-1665/H-3219 nömrəli məktubda qeyd olunmuşdur ki, iş stajınızın bərpası məqsədilə əmr verilərək əmək kitabçanızda müvafiq qeydiyyat aparılması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyinə ünvanladığınız müraciətinizə baxılmışdır. Bildirilmişdir ki, DİN-in X3 şöbəsinin rəis müavini vəzifəsində işləyərkən DİN-in 05.03.1997-ci il tarixli əmri ilə «Müvəqqəti Təlimat»ın 7-ci maddəsinə əsasən (məhkum olunması ilə əlaqədar) DİO-da xidmətdən xaric edilmisiniz. Bakı şəhər məhkəməsinin Rəyasət Heyətinin 05.06.1998-ci il tarixli qərarı ilə əməlinizdə cinayət tərkibi olmadığına görə işin icraatına xitam verilmişdir. Məhkəmənin qərarı və 25.07.1998-ci il tarixli müraciəti nəzərə alınaraq «Müvəqqəti Təlimat»ın 7-ci maddəsinə əsasən (məhkum olunması ilə əlaqədar) DİO-da xidmətdən xaric edilməyi barədə əmr ləğv edilərək «Müvəqqəti Təlimat»ın 4-cü maddəsinin «E» bəndinə əsasən (öz xahişi ilə) xidmətdən xaric olunmuşdur. Eyni zamanda bildirilmişdir ki, qüvvədə olan normativ sənədlərin tələblərinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bəraət qazanmış şəxsin daxili işlər orqanlarında xidmətə bərpa olunması üçün əsas həmin şəxsin ərizəsidir. Qeyd olunanları nəzərə alaraq, xahişinin müsbət həllinin imkan xaricində olması bildirilmişdir. - Azərbaycan Respublikası ƏƏSMH yanında DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 24 iyul 2019-cu il tarixli **********8 nömrəli məktubda qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun V fəslinə müvafiq müddəalarına uyğun olaraq əmək pensiyalarına əlavələr iki kateqoriyaya bölünür: 1) əmək pensiyasının sığorta hissəsinə əlavələr; 2) qulluq stajına görə əmək pensiyalarına əlavələr. Həmin Qanunun 9.5-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların yaşa görə güzəştli şərtlərlə pensiya almaq hüququ vardır. Qanunun 20.14-cü maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyası hüququ qazanmış hərbi qulluqçuların əmək pensiyasına əlavələr qulluq stajına görə müəyyən edilməklə təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınaraq hesablanır. Hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faiz, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 2 faizi (Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər üzrə isə 3 faizi) miqdarında əlavə olunmaqla müəyyən edilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər hesablanır. Sizə sözügedən Qanunun 20.14.1-ci maddəsinə uyğun qaydada hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunmuşdur. Əmək pensiyanız aşağıdakı tərkibdən ibarət olmaqla cəmi 684,06 manat məbləğində müəyyən edilmişdir: - əmək pensiyanızın sığorta hissəsi - 181,16 manat; - “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23 aprel 2019-cu il tarixinədək qüvvədə olan 19.1.6-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinə əlavəniz - 11,00 manat; - qulluq stajına görə əmək pensiyanıza əlavəniz - 491,90 manat. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 05 mart 2020-ci il tarixli 022/18-7992/H-3220 nömrəli məktubda qeyd olunmuşdur ki, Pensiyanızın yenidən hesablanması ilə əlaqədar Azərbaycan Respublikası DİN-in rəhbərliyinə ünvanlanmış müraciətinə baxılmışdır. Bildirilmişdir ki, DİN-in X3 şöbəsinin rəis müavini vəzifəsində işləyərkən DİN-in 05.03.1997-ci il tarixli əmri ilə "Müvəqqəti Təlimat"ın 7-ci maddəsinə əsasən (məhkum olunması ilə əlaqədar) DİO-da xidmətdən xaric edilmisiniz. Bakı şəhər məhkəməsinin Rəyasət Heyətinin 05.06.1998-ci il tarixli qərarı ilə əməlinizdə cinayət tərkibi olmadığına görə işin icraatına xitam verilmişdir. Məhkəmənin qərarı və 25.07.1998-ci il tarixli müraciəti nəzərə alınaraq "Müvəqqəti Təlimat"ın 7-ci maddəsinə əsasən (məhkum olunması ilə əlaqədar) DİO-da xidmətdən xaric edilməsi barədə əmr ləğv edilərək "Müvəqqəti Təlimat"ın 4-cü maddəsinin "E" bəndinə əsasən (öz xahişi ilə) xidmətdən xaric olunmuşunuz. Müraciətinizlə əlaqədar xidmət illəriniz bir daha hesablanmış və xidmətdən xaric olunarkən xidmət müddətinizin təqvimi hesablama ilə 19 il, 02 ay, 03 gün, imtiyazlı hesablama ilə 28 il, 05 ay, 23 gün təşkil etdiyi nəzərə alınaraq müvafiq təminat xərcliyinin 74 faizi hesabı ilə pensiya ilə təmin edildiyiniz müəyyən edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 24 fevral 1997-ci il tarixli 81 nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, cinayət əməli etdiyinə görə məhkum olunduğu üçün X3 şöbəsinin rəis müavini, polis podpolkovniki İddiaçı “Müvəqqəti Təlimat»ın 7-ci maddəsinə əsasən daxili işlər orqanlarından xaric olunması əmr edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 05 mart 1997-ci il tarixli 397ş/h nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, X3 şöbəsinin rəis müavini, polis podpolkovniki İddiaçı Azərbaycan Respublikası daxili işlər orqanlarının sıravi və rəis heyətinin xidmətdən xaric edilməsi qaydası barədə Müvəqqəti Təlimatın 7-ci maddəsinə əsasən məhkum olunması ilə əlaqədar olaraq 03 fevral 1997-ci il tarixdən daxili işlər orqanlarından xaric edilmişdir - Silahlı Qüvvələrə ehtiyata buraxılmaqla. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 04 avqust 1998-ci il tarixli 252 nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, DİN-nin X3 şöbəsinin rəis müavini, polis podpolkovniki İddiaçı dələduzluq yolu ilə vət.Seyidovadan ev alınması üçün pul alıb qaytarmadığına görə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 03 fevral 1997-ci il tarixli hökmü ilə CM-nin 147-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinib 2 il müddətinə azadlıqdan məhrum olunmaqla həbs edildiyi üçün DİN-in 24 fevral 1997-ci il tarixli 81 saylı əmri ilə «Müvəqqəti Təlimat»ın 7-ci bəndinə əsasən DİO-dan xaric edilmişdir. Bakı şəhər Məhkəməsinin Rəyasət Heyətinin 05 iyun 1998-ci il tarixli Qərarı ilə İddiaçı barədə olan hökm ləğv edilmiş və əməlində CM-nin 147-ci maddəsinin 2-ci hissəsinin tərkibi olmadığına görə işin icraatına xitam verilmişdir. Bununla əlaqədar İddiaçı daxili işlər orqanlarından xaric olunması barədə DİN-in müvafiq əmrində dəyişikliklər edilərək təqaüdə göndərilməsinin ərizəsinə əsasən sənədləşdirilməsini xahiş etmişdir. Bununla əlaqədar olaraq polis podpolkovniki İddiaçı daxili işlər orqanlarından xaric olunması barədə DİN-in 24.02.1997-ci il tarixli 81 saylı əmrinin ləğv edilməsi, polis podpolkovniki İddiaçı «Müvəqqəti Təlimat»ın 4-cü maddəsinin «E» bəndinə əsasən (öz xahişi ilə) 24.02.1997-ci il tarixdən daxili işlər orqanlarından xaric olunması əmr edilmişdir. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16.12.2002-ci il tarixli, 2-2134/2002 nömrəli qətnaməsi ilə (hakim F.İ.Ağasiyeva) iddianın qismən təmin edilməsi, İddiaçı əmək stajının 1978-ci ilin avqust ayının 10-dan 1998-ci ilin iyul ayının 5-dək hesablanaraq həmin müddət üçün onun pensiyasının yenidən hesablanması, İddiaçı 1978-ci ilin avqust ayının 10-dan 1998-ci ilin iyul ayının 5-dək olan əmək stajına görə pensiyanın yenidən hesablanması ilə bağlı yaranmış fərqin iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 19 fevral 2003-cü il tarixli 300 ş/h nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası DİN-in 04 avqust 1998-ci il tarixli 252 saylı əmrinin 2-ci bəndinə qismən dəyişiklik edilərək sabiq polis polkovnik-leytenantı İddiaçı 05 iyul 1998-ci il tarixdən daxili işlər orqanlarından xaric edilmiş hesab olunması, İddiaçı təqaüd materiallarına yenidən baxılaraq bununla bağlı yaranmış fərqin ödənilməsinin təmin edilməsi əmr edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, qeyd edir ki, iş materialları ilə müəyyən edildiyi kimi iddiaçı DİN-nin X3 şöbəsinin rəis müavini vəzifəsində işləyərkən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 fevral 1997-ci il tarixli hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum olunmaqla həbs edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 24 fevral 1997-ci il tarixli 81 saylı əmri ilə Azərbaycan Respublikası daxili işlər orqanlarının sıravi və rəis heyətinin xidmətdən xaric edilməsi qaydası barədə «Müvəqqəti Təlimat»ın 7-ci bəndinə əsasən daxili işlər orqanlarından xaric edilmişdir (DİN-in 05 mart 1997-ci il tarixli 397ş/h nömrəli əmrinə əsasən 03.02.1997- ci ildən, Silahlı Qüvvələrə ehtiyata buraxılmaqla). Bakı Şəhər Məhkəməsi Rəyasət Heyətinin 05 iyun 1998-ci il tarixli Qərarı ilə iddiaçı barədə olan hökm ləğv edilmiş və əməlində CM-nin 147-ci maddəsinin 2-ci hissəsinin tərkibi olmadığına görə işin icraatına xitam verilmişdir. Bundan sonra iddiaçı Daxili İşlər Nazirliyinə ərizə ilə müraciət edərək DİNin 24 fevral 1997-ci il tarixli 81 saylı əmrinin ləğv edilməsini və öz ərizəsi ilə daxili işlər orqanlarında xidmətdən xaric edilməsini xahiş etmişdir. DİN-in 04 avqust 1998-ci il tarixli 252 nömrəli əmri ilə DİN-in 24.02.1997-ci il tarixli 81 saylı əmri ləğv edilmiş və iddiaçının «Müvəqqəti Təlimat»ın 4-cü maddəsinin «E» bəndinə əsasən (öz xahişi ilə) 24.02.1997-ci il tarixdən daxili işlər orqanlarından xaric olunması əmr edilmişdir. Daha sonra isə DİN-in 19 fevral 2003-cü il tarixli 300 ş/h nömrəli əmri ilə DİN-in 04 avqust 1998-ci il tarixli 252 saylı əmrinin 2-ci bəndinə qismən dəyişiklik edilərək iddiaçı 05 iyul 1998-ci il tarixdən daxili işlər orqanlarından xaric edilmiş hesab olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ərizə ilə müraciət edərək daxili işlər orqanlarında xidmətdən xaric olunmasını xahiş etdiyindən və ərizəsi əsasında öz xahişi ilə iddiaçı daxili işlər orqanlarında xidmətdən xaric olunduğundan hazırkı iş üzrə birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi barədə gəldiyi nəticə düzgün olmuşdur. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlili olan cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməyərək lazım olan sənədlərin açıqlanmasını təmin etməməsi ilə bağlı qeyd edir ki, iş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən cavabdeh inzibati orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış və cavabdehin nümayəndəsi məhkəmə iclaslarında iştirak etmişdir. Həmçinin cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz da məhkəməyə təqdim edilmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli, 2-1(112)-2640/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli, 2-1(112)-2640/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar