Məhkəmə qərarları › İş №2-1(103)-330/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-330/2022

10.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-330/2022 10.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçılar İddiaçı və X4 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4032/2021 saylı, 15 iyul 2021-ci il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus, 42 ildən artıq müddətdə faktiki istifadəsində olan ünvan 1 ünvanında yerləşən torpağa çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, yaşadığı mənzil kiçik həyətyanı sahəyə malik 1 mərtəbəli fərdi yaşayış evidir. Evin binası xüsusi mülkiyyətlərindədir. Ailəsi böyüyüb, həm də evləri kiçik, alçaq, havasız və yaşamaq üçün şəraitsizdir. Köhnə tikili olduğuna görə əsaslı təmirə və yenidənqurmaya ehtiyacı var. Tək ailə başçısıdır, ailə vəziyyəti ağırdır. 42 ildə ilk dəfə yaşayış şəraitlərini yaxşılaşdırmaq üçün, uşaqlarının, nəvələrinin sağlam böyüməsini təmin etmək üçün bir az təmir işləri aparmaq istəmişdir. Evlərini əsaslı təmir etdirmək, yüngül tikinti materiallarından, kərpicdən istifadə edərək, 2ci mərtəbə inşa etdirmək istəmişdir. Qanunvericiliyə əsasən layihələndirib aidiyyatı üzrə Sabail RİH-nə müraciət etmiş, icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdirinin imzası ilə imtina verilsə də, təqdim etdiyi sənədlərə əlavə olunmuş 3 nüsxədə eskiz layihəsi, geri qaytarılmamışdır. Məktubda imtina səbəbi kimi, evin altındakı torpaq sahəsinin çıxarışının olmaması göstərilmişdir. Ona torpaq sahəsinə çıxarış aldıqdan sonra yenidən müraciət etmək tövsiyyə olunmuşdur. DƏDRX-nə müraciət etmişdir. Oradan torpaq sahəsinin cizgisi və ayrılma sənədini əlavə etməklə müraciət etməli olduğu bildirilmişdir. 42 ildən artıqdır daş hasarın içərisində və evin altında olmaqla istifadəsində olan həmin 1 sotdan bəlkə də az olan torpaq sahəsini özəlləşdirmək üçün hüququ vardır. Sonradan iddiaçılar İddiaçı və X11 məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə uyğun olaraq iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, mülkiyyətində olan V.Muradov küçəsi, ev 25, mənzil 4 ünvanında yerləşən mənzilin (fərdi yaşayış evinin) və həyətyanı sahəsinin yerləşdiyi 0,0151 ha torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh inzibati orqan-DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş **********47 №-li 05.03.2021-ci il tarixli etirazda göstərilmişdir ki, sözügedən əmlak daşınmaz əmlakın dövlət reyestrindən mənzil kimi qeydiyyatdan keçmişdir və mənzilin yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus sahədir. Mənzilin fərdi yaşayış evinə keçirilməsinə və yerləşdiyi torpaq sahəsinin İddiaçı adına dövlət reyestrində qeydiyyata alınmasına üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər toplusu təqdim olunmamışdır. Bununla bağlı İddiaçı **********77 qeydiyyat nömrəli 13.01.2021-ci il tarixli məktub ünvanlanmışdır. Hazırda müvafiq mənzilin ½ hissəsi X11 (********** qeydiyyat nömrəli, 12.04.2018-ci il tarixli), digər ½ hissəsi İddiaçı (********** qeydiyyat nömrəli, 12.04.2018-ci il tarixli) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1 ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Bu obyektlərə mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş torpaq sahəsinə aiddir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanında qeyd olunan sənədlərdən hər hansı biri təqdim edilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4032/2021 saylı, 15 iyul 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçılar həmin qərardan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçılar apellyasiya şikayətini iddia ərizəsinə uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən verilmiş texniki pasport düzgün hazırlanmamış, birbirini təkzib edən rəqəmlər qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahat verərək bildirmişdir ki, yaşadığı mənzil kiçik həyətyanı sahəyə malik 1 mərtəbəli fərdi yaşayış evidir. Evin binası xüsusi mülkiyyətdir. 42 ildir ki, həmin mənzildə yaşayır və ilk dəfə yaşayış şəraitini yaxşılaşdırmaq üçün təmir işlərinin aparılması məqsədilə aidiyyatı üzrə Sabail RİH-nə müraciət etmişdir. Lakin, İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdirinin imzası ilə imtina verilsə də, onun təqdim etdiyi sənədlərə əlavə olunmuş 3 nüsxədə eskiz layihəsi geri qaytarılmamışdır. Məktubda imtina səbəbi kimi, evin altındakı torpaq sahəsinin çıxarışının olmaması göstərilmişdir. Torpaq sahəsinə çıxarış almaq üçün DƏDRX-nə müraciət etmişdir. Oradan torpaq sahəsinin cizgisi və ayrılma sənədini əlavə etməklə müraciət etməli olduğu bildirilmişdir. Odur ki, apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, mənzilin fərdi yaşayış evinə keçirilməsinə və yerləşdiyi torpaq sahəsinin İddiaçı adına dövlət reyestrində qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər toplusu təqdim olunmamışdır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan iddiaçılar- İddiaçı məxsus AZE 0******* №-li və X6 məxsus AZE 05555570 №-li şəxsiyyət vəsiqələrindən müəyyən olunur ki, onlar ünvan 2 ünvanında qeydiyyatdadırlar. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı adına ünvan 3 ünvanında yerləşən 4 saylı mənzilə dair 09.03.2013-cü il tarixdə 11/1870 inventar nömrəli (reyestr nömrəsi **********34-05101-093003) texniki pasport tərtib olunmuşdur. Texniki pasportda sənəd üzrə torpaq sahəsi 0,214 ha, faktiki sahə 0,214 ha, tikinti altı sahə 0,214 ha olduğu, 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 63,2 kv. m., yaşayış sahəsi 35, 6 kv. m. olduğu qeyd olunmuşdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Bakı Ərazi idarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX Seriyalı ******* saylı Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Vüqar Muradov küçəsi, e 25, mənzil 4 X4 (1/2 hissə) və İddiaçı (1/2 hissə) adlarına xüsusi mülkiyyət kimi 12.04.2018-ci il tarixdə hüquqları qeydiyyatdan keçirilmiş və bu barədə 1844 nömrəli reyestr kitabının 169902 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Asan 5” tərəfindən 29.01.2021-ci il tarixdə və “Asan 3” tərəfindən 25.05.2021-ci il tarixdə verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li və ******* №-li arayışdan müəyyən olunur ki, İddiaçı, X11, X7, X9, X12, X10, X8, X16, X3, İddiaçı Rövşən qızı və X13 ünvan 2 ünvanında qeydiyyatdadırlar. - Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış 14.08.2020-ci il tarixli 100-Ə-145-151 saylı məktubunda qeyd olunmuşdur ki, torpaq üzərində mülkiyyəti təsdiq edən sənəd (çıxarış) Səbail rayon İcra hakimiyyətinə təqdim edildikdən sonra qaldırılan məsələyə yenidən baxılacaqdır. - Bakı şəhər İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış 24.09.2020-ci il tarixli Ə-589-151 saylı məktubda qeyd olunmuşdur ki, fərdi evin tikintisinə köməklik göstərilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə ünvanladığı ərizəyə baxılmışdır. Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, vətəndaşlara fərdi ev tikintisi məqsədilə torpaq sahəsinin ayrılması Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətləri xaricindədir. Eyni zamanda qeyd edilmişdir ki, vətəndaşların torpaq sahələri üzərində hüquqlarını dövlət qeydiyyatına alınması Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq çıxarışı əsasında rəsmiləşdirilir. Müraciətdə göstərilən torpaq sahəsinə dair qanunvericilikdə nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər aidiyyəti üzrə təqdim edildikdə qaldırdığı məsələyə baxıla bilər. - Cavabdehin **********29 saylı 24.12.2020-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, sözügedən mənzilin yaşayış fondundan qeyri yaşayış fonduna keçməsi barədə sərəncamı, rəyi, bildirişi, eskizi və istismara icazə sənədlər toplusuna əlavə edilməmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 21.1 -ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının (bundan sonra — keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.9-cu maddəsinə əsasən yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin başa çatması sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənir. Yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən qəbul komissiyasının aktı sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Qəbul komissiyasının aktı sahənin keçirilməsinin başa çatmasını təsdiqləyir və keçirilmiş sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında’’ Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəlmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla), daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir (Mülki Məcəllənin 146.1, 146.2 və 178.1 -ci maddələri). Mülki və torpaq qanunvericiliyin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. (Konstitusiya Məhkəməsi Plenumunun 15.01.2010-cu il tarixli qərarı). Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələblərindən göründüyü kimi, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Hazırkı iş üzrə müəyyən edilir ki, iddiaçılar V.Muradov küçəsi, ev 25, mənzil 4 ünvanında yerləşən mənzilin (fərdi yaşayış evinin) və həyətyanı sahəsinin yerləşdiyi 0,0151 ha torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair qərar çıxarılmasını xahiş etsələr də, torpaq sahəsinə dair məhkəməyə və inzibati orqana heç bir hüquqmüəyyənedici sənəd təqdim etməmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıların hər hansı hüquqlarının pozulmasına səbəb olacaq hər hansı bir hərəkətə (və ya hərəkətsizliyə) yol verilməsi iş materialları ilə müəyyən edilməmişdir. Azərbaycan Respublikası İPM-nin 14.2-ci maddəsinə əsasən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılar cavabdeh tərəfindən verilmiş texniki pasportun düzgün tərtib edilmədiyini qeyd etsələr, bu barədə hər hansı sənəd-sübut təqdim etməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, ilkin hüquq müəyyənedici sənədlərə əsasən mübahisəli əmlak dövlət reyestrində mənzil kimi qeydiyyatdan keçdiyindən, həmçinin mübahisəli əmlakın altındakı torpaq sahəsinin üzərində yerləşən mənzillər paylı mülkiyyət hüququ ilə ayrı-ayrı şəxslərə məxsus olduğundan, iddiaçıların özlərinə məxsus mübahisəli mənzilin altında yerləşən torpaq sahəsinin xüsusi mülkiyyət hüququ ilə onların adına qeydə alınmasına dair tələbi torpaq qanunvericiliyinin tələblərinə ziddir. Cavabdeh inzibati orqan qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun olaraq iddiaçıların müraciətini təmin etməkdən imtina etmişdir ki, bu zaman iddiaçıların qanunla qorunan hər hansı bir hüquqlarının pozulması hallarına yol verilməmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4032/2021 saylı, 15 iyul 2021ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar