Məhkəmə qərarları › İş №2-1(103)-330/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-330/2025

06.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-330/2025 06.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Qasımov Vidadi Kamal oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X10 ibarət tərkibdə, Əlizadə Bahar Famil qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi X18, üçüncü şəxs Bakı Şəhəri X5 nümayəndəsi X6, üçüncü şəxs "X32" şirkətinin nümayəndəsi X11 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı "torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması" tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1408/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ APARİLAN İCRAAT: İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı Şəhəri Binəqədi Rayonu X5 2091 nömrəli xx.xx.2005-ci il tarixli qərarı ilə mülkiyyətinə ayrılmış 250 kv.m torpaq sahəsinin və üzərində inşa edilmiş fərdi yaşayış evinin onun adına mülkiyyət hüququnun qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə qoyulmasını xahiş etmişdir. Bundan sonra iddiaçı məhkəməyə ərizə verərək X5 2091 nömrəli 30 dekabr 2005-ci il tarixli qərarı ilə mülkiyyətinə verilmiş 250 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyata alınmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi "X5 xx.xx.2005-ci il tarixli 2091 nömrəli qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş 250 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyata alınması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə üzərinə qoyulması" kimi dəyişdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X5 2091 nömrəli 30 dekabr 2005-ci il tarixli qərarı və torpaq sahəsinə əsas olan digər sənədlərlə birgə fərdi yaşayış evinin tikintisi üçün Binəqədi qəsəbəsinin inzibati ərazisində 250 kv.m torpaq sahəsi iddiaçının adına rəsmiləşdirilərək mülkiyyətinə ayrılmışdır. Verilmiş qərara uyğun olaraq, iddiaçı ona məxsus torpaq sahəsində yaşayış şəraiti üçün fərdi mənzil inşa edərək lazımı xidmət sahələri ilə müqavilə bağlamış və iddiaçıya məxsus evdə bütün kommunikasiya xətləri onun adına sayğaclaşdırılmışdır. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin və üzərində olan tikilinin adına qeydiyyata alınmaqla çıxarışın verilməsi məqsədi ilə Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də, qeyd olunan təşkilat iddiaçının müraciətindən imtina etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Binəqədi Rayon X13 inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1408/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı iddia təmin edilmiş, Bakı Şəhəri Binəqədi Rayonu X5 30 dekabr 2005-ci il tarixli 2091 nömrəli qərarı əsasında ayrılmış Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Gülüstan küçəsində yerləşən 250 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, cavabdehin imtinasının dəlili elektron kadastr baza məlumatına əsasən torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşməklə dövlət mülkiyyətində olması və torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması ilə əlaqədar elektron kadastr baza məlumatlarında heç bir məlumat aşkar edilməməsindən ibarətdir. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak edərkən izahatında bildirmişdir ki, mübahisləndirilən torpaq sahəsi İddiaçı X13 tərəfindən ayrılmışdır və həmin (mübahisələndirilən) torpaq sahəsinin də əhatə olunduğu 164 ha torpaq sahəsinin Dövlət Neft Şirkətindən alınaraq bələdiyyəyə verilməsi barədə Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı vardır. İş materiallarına əlavə olunmuş Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 908 nömrəli "Bələdiyyələrin torpaqları və mülkiyyətlərinin müəyyən edilməsi və onlara təhvil verilməsi haqqında" Sərəncamında da qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin "Bələdiyyələrin əraziləri və torpaqları haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi" barədə 24 dekabr 1999-cu il tarixli Fərmanına əsasən Binəqədi rayonu üzrə 164 hektar torpaq sahəsi sərəncama edilmiş əlavədə göstərilən sərhədlər daxilində X7 təhvil verilmişdir. Qeyd edilən xəritənin əldə olunması üçün məhkəmə tərəfindən sorğular verilsə də, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən bildirilmişdir ki, bələdiyyələrə ayrılmış torpaq sahələrinin xəritələri Bakı Şəhər İcra Hakimiyyətinin arxivində saxlanılmır. Lakin bələdiyyə tərəfindən təqdim edilmiş Binəqədi rayonu üzrə bələdiyyəyə ayrılacaq torpaq sahəsinə dair ayrıc göstərişlərində Binəqədi bələdiyyəsinə ayrılan ərazinin Binəqədi qəsəbəsi (tam şəkildə) olduğu müəyyən edilir. Hazırkı torpağın Binəqədi qəsəbəsinin ərazisində yerləşməsi isə işin mübahisəsiz halıdır. İddiaçıya məxsus torpaq sahəsi ilə eyni ərazidə yerləşən torpaq sahələrində yerləşən fərdi yaşayış evlərinə dair (ünvan 1; Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Gülüstan küçəsi döngə 9 ev 19; Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Gülüstan küçəsi döngə 9 ev 20) dair hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşımaz əmlakın dövlət reyestrindən çıxarışların (X8, X19 və X1 adına qeydiyyata alınmış) surəti iş materiallarına əlavə olunmuşdur. Həmin sənədlərdən görünür ki, evlərin altında yerləşən torpaq sahələri iki halda Kirov rayon XDS-nin qərarı ilə (X20 və X21), bir halda X5 xx.xx.2006-cı il tarixli qərarı ilə (X9) ayrılmışdır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, təqdim edilən çıxarışlardan da göründüyü kimi, ərazidəki torpaq sahələri Binəqədi qəsəbəsində yerləşməklə yaşayış məntəqələri torpaqlarına aiddir. Beləliklə, iş materiallarında qeyd edilən ərazidəki (yaşayış məntəqələri) torpaq sahələrinin təyinatının sənaye təyinatına keçirilməsinə dair hər hansı məlumat yoxdur. Eyni zamanda, ərazidə neft quyusunun olması faktı da müəyyən edilməmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının faktiki sahibliyində və istifadəsində olan 250 kv.m torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün "qanuni gözləntisi" var. Belə ki, təqdim edilən sənədlərlə müəyyən edilir ki, qeyd olunan ərazidə Binəqədi Rayon X13 tərəfindən İddiaçı 250 kv.m torpaq sahəsi ayrılmış, torpaq sahəsi Binəqədi qəsəbəsində yerləşməklə yaşayış məntəqələri torpaqları kateqoriyasına aiddir və hazırda iddiaçının qanuni sahibliyindədir. Binəqədi Rayonu X13 tərəfindən torpaq sahəsinin yerləşmə cizgisi təsdiq edilmiş, bələdiyyə tərəfindən qəbul edilmiş qərarın mötəbərliyi ilə bağlı hər hansı şübhə yoxdur. Məhkəmə iddiaçı tərəfindən qeyd olunan torpaq sahəsi ilə eyni ərazidə yerləşən digər torpaq sahələrinə (ünvan 1; Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Gülüstan küçəsi döngə 9 ev 19; Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Gülüstan küçəsi döngə 9 ev 20) aid çıxarışların tədqiqinə əsasən qeyd etmişdir ki, ərazidə yaşayış məntəqələri kateqoriyasına aid olmaqla xüsusi mülkiyyət kimi qeydiyyata alınan torpaq sahələri mövcuddur. İddiaçıya məxsus torpaq sahəsi ilə eyni ərazidə yerləşən torpaq sahələri (X8, X19 və X1 adına qeydiyyata alınmış) vaxtilə XDS və bələdiyyə sərəncamı ilə ayrılmış torpaq sahələridir və bələdiyyə sərəncamı ilə ayrılmış torpaq sahəsi üzərinə hüquqlar qeydə alınmışdır. Odur ki, eyni ərazidə (Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Gülüstan küçəsində) yerləşən torpaq sahəsinin xüsusi mülkiyyət kimi qeydiyyata alınmasına baxmayaraq, hazırda iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin dövlət mülkiyyətində olmasına dair cavabdeh tərəfindən bildirilən dəlil ağlabatan deyil və eyni vəziyyətdə olan şəxslərə münasibətdə fərqli rəftardır. Qeyd edilən torpaq sahəsi kateqoriyasına görə yaşayış məntəqələri torpaqlarında yerləşməklə dövlətin müstəsna mülkiyyətində saxlanılan torpaqlara aid deyil. Həmin torpaq sahəsi "Torpaq islahatı haqqında" Qanunun tələbinə uyğun olaraq bələdiyyə mülkiyyətinə verilmişdir, qeyd edilən hal Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 908 nömrəli "Bələdiyyələrin torpaqları və mülkiyyətlərinin müəyyən edilməsi və onlara təhvil verilməsi haqqında" sərəncamı ilə də təsdiqini tapmışdır. Cavabdeh tərəfindən imtinasının digər dəlili olaraq yerləşmə sxemində dəqiq istinadların qeyd olunmamasının bildirilməsi (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Belə ki, qeyd edilən işlər inzibati orqan tərəfindən bilavasitə torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin aparılması işləri çərçivəsində aparılaraq müəyyən edilməlidir. Məhkəmə hesab etmişdir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçının X34 Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, elektron kadastr baza məlumatına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşməklə dövlət mülkiyyətindədir və torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması ilə əlaqədar elektron kadastr baza məlumatlarında heç bir məlumat aşkar edilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş torpaq sahəsinə dair alqı-satqı aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Həmçinin təqdim edilmiş yerləşmə cizgisində perimetrik ölçü, istinadlar və məsafə qeyd olunmadığından torpaq sahəsinin mövqeyini təyin etmək mümkün olmamışdır. Bakı İnzibati Məhkəməsi tərəfindən torpaq sahəsinin dövlət mülkiyyətində olub-olmaması, həmçinin iddiaçının adına qanunamüvafiq qaydada ayrılıbayrılmaması ilə bağlı tam və ətraflı araşdırma aparılmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2026-cı il tarixli qərardadına əsasən, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi hüquq varisi olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi X27 apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasında üçüncü şəxs X5 nümayəndəsi X15, üçüncü şəxs "X32" şirkətinin nümayəndəsi X23 apellyasiya şikayətinin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun hər hansı üzürlü səbəblə əlaqəli olub-olmadığı barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İŞİN HALLARİ: İşdə olan Bakı Şəhəri Binəqədi Rayonu X5 30 dekabr 2005-ci il tarixli 2091 nömrəli "vətəndaş İddiaçı torpaq sahəsinin alqı-satqı qaydasında ayrılması haqqında" qərara əsasən, Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 250 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş İddiaçı alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır. İşdə olan Bakı Şəhəri Binəqədi Rayonu X7 məxsus 2005-ci il tarixli 676392 №-li kassa mədaxil qəbzinə əsasən, İddiaçı tərəfindən torpağın dəyəri üçün ******* (bir milyon) manat ödənilmişdir. İşdə olan cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, vahid elektron kadastr baza məlumatına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşməklə dövlət mülkiyyətindədir. Sahənin Bələdiyyə ərazisi olması barədə məlumat aşakr edilməmişdir. İşdə olan daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktına əsasən, faktiki olaraq göstərilən torpaq sahəsi bir tərəfdən mişar daş hasarla, iki tərəfdən üzərindəki mövcud tikilinin çöl divarları və mişar daş hasarla, bir tərəfdən üzərindəki mövcud tikilinin çöl divarları ilə sərhədlənib. Torpaq sahəsi üzərində bir ədəd yarımzirzəmili 2 mərtəbəli yaşayış evi və talvar mövcuddur. İşdə olan Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 908 nömrəli "Bələdiyyələrin torpaqları və mülkiyyətlərinin müəyyən edilməsi və onlara təhvil verilməsi haqqında" sərəncamında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin "Bələdiyyələrin əraziləri və torpaqları haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi" barədə 24 dekabr 1999-cu il tarixli Fərmanına əsasən Binəqədi rayonu üzrə 164 hektar torpaq sahəsi sərəncama edilmiş əlavədə göstərilən sərhədlər daxilində X7 təhvil verilmişdir. İşdə olan Binəqədi torpaqlarının təhvil verilməsi haqqında xx.xx.2000-ci il tarixli Protokol və Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 908 №-li sərəncamına əlavə (Binəqədi rayonu üzrə Bələdiyyəyə ayrılacaq torpaq sahəsinə dair ayrıc göstərişləri) iş materiallarına əlavə olunmuşdur. İşdə olan Azərbaycan Republikası Dövlət Neft Şirkəti tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı iddiasına dair tələb olunan məlumatların və sənədlərin məhkəməyə təqdim olunması barədə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (SOCAR) ünvanlanan məktuba baxılmış, qoşmada olan koordinatlar əsasında müvafiq araşdırma aparılmışdır. Həmin koordinatların UTM WGS 84 koordinat sistemində yoxlanılması nəticəsində müəyyən olunmuşdur ki, sözügedən 261 kv.m torpaq sahəsinin X Y 400771.4787 4481400.5716 400774.7888 4481416.3681 400784.5254 4481413.7223 400780.9075 4481396.7230 koordinatlarında olan 169 kv.m hissəsi neft-qaz əməliyyatlarının aparılması məqsədilə Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Sazişə əsasən "X32" Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində X Y 400780.9075 4481396.7230 400779.1353 4481388.3962 400769.4442 4481390.8622 400771.4787 4481400.5716 koordinatlarda olan 92 kv.m hissəsi isə xaricində yerləşir. Bu səbəbdən, həmçinin qanunvericiliyin aşağıda göstərilən tələblərinə əsasən, eləcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. İşdə olan Binəqədi (Kirov) rayon XDS İK-nin 11/237 №-li, xx.xx.1990-cı il tarixli qərarına əsasən, fərdi yaşayış evinin tikintisi üçün X12 Binəqədi qəsəbə ərazisində 600 kv.m torpaq sahəsi ayrılmışdır. İşdə olan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 203 nömrəli "Binəqədi qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün vət. S.V.Hacıyevaya ayrılmış torpaq sahəsində inşası başa çatmış evin şəxsi mülkiyyətçi kimi hüquqi qeydiyyata alınması barədə" sərəncama əsasən, Binəqədi (Kirov) rayon XDS İKnin 11/237 №-li xx.xx.1990-cı il tarixli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün X12 Binəqədi qəsəbə ərazisində ayrılmış 600 kv.m torpaq sahəsində inşası başa çatmış, sahəsi 60,4 kv.m olan 2 yaşayış otağının və sahəsi 188,06 kv.m olan köməkçi otaqlardan ibarət qəsəbənin Gülüstan yaşayış massivi 10-cu döngədə yerləşən 19 №-li yaşayış evi şəxsi mülkiyyət kimi hüquqi qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində xüsusi mülkiyyət hüququ (tam) və torpaq sahəsi üzərində istifadə hüququ X8 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. İşdə olan Bakı Şəhəri Binəqədi Rayonu X5 21 iyul 2006-cı il tarixli 1048 nömrəli "vətəndaş X4 torpaq sahəsinin alqı-satqı qaydasında ayrılması haqqında" qərarda qeyd olunur ki, Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 600 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş X2 alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır. İşdə olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Binəqədi Rayon Binəqədi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 1048 nömrəli qərarı əsasında fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi ilə bağlı torpaq sahəsinin planı və ölçüsü sənədi X3 adına xx.xx.2007-ci ildə tərtib edilmişdir. İşdə olan reyestrdə 4Ə02/207 nömrə ilə qeyd olunan xx.xx.2009-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X9 ona məxsus olan Binəqədi qəsəbəsi Gülüstan küçəsi döngə 9 ünvanında yerləşən 19 nömrəli fərdi yaşayış evinin B tikintisini (iki otaqlı, ü/s 53.3 kv.m y/s 32.9 kv.m, k/s 20.4 kv.m) və 0,03 ha torpaq sahəsini alıcı X16 mülkiyyətinə vermişdir. İşdə olan reyestrdə 4Ə-2090 nömrə ilə qeyd olunan xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, X26 Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Gülüstan küçəsi döngə 9-a mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən 2 ədəd bir mərtəbəli 19 nömrəli fərdi yaşayış evi ünvanında yerləşən, yaşayış sahəsi 79,2 kv.m, yardımçı sahəsi 76,5 kv.m olan fərdi yaşayış evinin ona məxsus hissəsindən 300 kv.m torpaq sahəsini və B tikilisini X22 bağışlamışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evi üzərində xüsusi mülkiyyət hüququ X3 adına (300 kv.m torpaq sahəsi və A tikilisi; xx.xx.2009-cu il tarixdə) və X17 (300 kv.m torpaq sahəsi və A tikilisi; xx.xx.2014-cü il tarixdə) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunu: 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

"Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanunu:

9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

"İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanunu: 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ:

Məhkəmə kollegiyası aşağıdakı hallara görə bu qənaətə gəldi ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli Qərarında göstərilir ki, "Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir". Qeyd olunan hüquq normalarının hazırkı işin hallarına tətbiqi zamanı belə qənaətə gəlinir ki, iddiaçı iddia tələbində haqlıdır və Bakı Şəhəri Binəqədi Rayonu X5 2091 nömrəli xx.xx.2005-ci il tarixli qərarı ilə mülkiyyətinə ayrılmış 250 kv.m torpaq sahəsinin üzərində iddiaçının mülkiyyət hüququ yaranmışdır. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş torpaq sahəsinə dair alqı-satqı aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Həmçinin təqdim edilmiş yerləşmə cizgisində perimetrik ölçü, istinadlar və məsafə qeyd olunmadığından torpaq sahəsinin mövqeyini təyin etmək mümkün olmamışdır, eyni zamanda fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşməklə dövlət mülkiyyətindədir və torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması ilə əlaqədar elektron kadastr baza məlumatlarında heç bir məlumat aşkar edilməmişdir. Qeyd etmək lazımdır ki, bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, "İnzibati icraat haqqında" Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, "İnzibati icraat haqqında" Qanunun 64.2-ci maddəsinə əsasən, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Cavabdehin apellyasiya şikayətində nəzərdə tutduğu digər dəlilə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsi hazırda iddiaçının istifadəsindədir, qonşuluqda yerləşən torpaq sahələrinə dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mübahisələndirilən torpaq sahəsi İddiaçı X13 tərəfindən ayrılmışdır və həmin (mübahisələndirilən) torpaq sahəsinin də əhatə olunduğu 164 ha torpaq sahəsinin Dövlət Neft Şirkətindən alınaraq bələdiyyəyə verilməsi barədə Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı vardır. İş materiallarına əlavə olunmuş Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 908 nömrəli "Bələdiyyələrin torpaqları və mülkiyyətlərinin müəyyən edilməsi və onlara təhvil verilməsi haqqında" sərəncamında da qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin "Bələdiyyələrin əraziləri və torpaqları haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi" barədə 24 dekabr 1999-cu il tarixli Fərmanına əsasən, Binəqədi rayonu üzrə 164 hektar torpaq sahəsi sərəncama edilmiş əlavədə göstərilən sərhədlər daxilində X7 təhvil verilmişdir. Hazırkı torpağın Binəqədi qəsəbəsinin ərazisində yerləşməsi isə işin mübahisəsiz halıdır. İş materiallarında qeyd edilən ərazidəki (yaşayış məntəqələri) torpaq sahələrinin təyinatının sənaye təyinatına keçirilməsinə dair hər hansı məlumat yoxdur. Eyni zamanda ərazidə neft quyusunun olması faktı da müəyyən edilməmişdir. Göründüyü kimi, iddiaçının mübahisəli torpaq sahəsi üzərində "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində (qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsasdır) nəzərdə tutulmuş əsaslarla mülkiyyət hüququ yaranmışdır. Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Belə ki, torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2017-ci il tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qərarın ləğv edilməsinə əsas vermir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1408/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar