Məhkəmə qərarları › İş №2-1(103)-3300/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3300/2024

04.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3300/2024 04.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə2, üçüncü şəxsin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" MTK) “ƏDVnin yekun məbləği barədə məlumatın müvəkkil banka ötürülməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5723/2024 nömrəli, 21 iyun 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" MTK) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında tikilməkdə olan “Avant Park” yaşayış kompleksinin 2-ci binasında, 2-ci blok, 14-cü mərtəbə 3 nömrəli 2 otaqlı mənzilə görə nağdsız qaydada ödədiyi 120664 (bir yüz iyirmi min altı yüz altmış dörd) manat pul vəsaitinin ƏDV hissəsinin qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MTK ilə aralarında 05 avqust 2022-ci il tarixdə bağlanmış 0437 nömrəli Payçı müqaviləsinə əsasən ünvan 1 ünvanında tikilməkdə olan “Avant Park” yaşayış kompleksinin 2-ci binasında, 2-ci blok, 14-cü mərtəbə, 3 nömrəli, iki otaqlı mənzilə görə iddiaçıya qaytarılacaq ƏDV-nin yekun məbləği (payçı müqaviləsinin ümumi dəyəri olan 120664 manatın 21719,52 manat ƏDV-nin 30 faizinin (6515,85 manatın) barədə məlumatın müvəkkil banka (Azərbaycan Beynəlxalq Bankı ASC-nin müştəri xidməti departamentində olan hesabına) ötürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Mənzil Tikinti Kooperativi ilə iddiaçı arasında bağlanmış 05 avqust 2022-ci il tarixli 0437 nömrəli payçı müqaviləsinin predmetinə əsasən ünvan 1 ünvanında tikilməkdə olan “Avant Park” yaşayış kompleksinin 2-ci binasında, 2-ci blok, 14-cü mərtəbə 3 nömrəli 2 otaqlı mənzili tikib mülkiyyətinə verməsini "xxxx" MTK öhdəsinə götürmüşdür. Həmçinin müqaviləyə əsasən iddiaçı payçı kimi həmin mənzili qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri Mənzil Tikinti Kooperativinə ödənilməsini öhdəsinə götürmüşdür. Müqavilənin 2-ci bəndində nəzərdə tutulmuş üzərinə düşən öhdəlikləri vaxtında və tam icra etmişdir. xx.xx.2022-ci il tarixdə 30000 (otuz min) manat məbləğində pulu ilkin ödəniş şəklində “X1” ASC vasitəsi ilə MTK-nın hesabına ödəmişdir. Bundan başqa, xx.xx.2022-ci il tarixli AVP-053 nömrəli kredit müqaviləsi ilə “X1” ASC-də götürdüyü 90664 (doxsan min altı yüz altmış dörd) manat məbləğində pul vəsaiti nağdsız qaydada bank vasitəsilə "xxxx" MTK-nın hesabına ödənilməsi təmin olunmuşdur. Müqaviləyə əsasən ƏDV daxil olmaqla 120664 manat məbləğində pul vəsaiti nağdsiz qaydada "xxxx" ASC tərəfindən "xxxx" MTK-nın hesabına ödənilməsi tam təmin olunmuşdur. xx.xx.2023-ci il tarixdə "xxxx" MTK tərəfindən bildiriş gəldi ki, 21 noyabr 2022-ci il tarixədək rəsmiləşdirilmiş “https://new, mənzillər üçün e-TAXES.gov.az portal saitinə daxil olub müqavilə və ödəniş qəbzini sistemə yüklənilməsi və son qeydiyyat tarixi xx.xx.2022-ci il müəyyən olunmuşdur. Bildirişə və Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahəsinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın tətbiq edilməsi haqqında Fərmanına əsasən xx.xx.2023-cü il tarixdə alqı-satqı müqaviləsi, maliyyə arayışı, bank mədaxil qəbzləri və digər sənədlər əlavə dəyər vergisinin qaytarılması ilə bağlı portal saitinə yerləşdirmişdir. Lakin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi əsaslı səbəb olmadan qeyd olunan sənədlərin təqdim edilməməsini bildirmişdir. Bundan sonra, Baş İdarə əsassız olaraq xx.xx.2023-cü il tarixli **********573000 nömrəli qərarla xx.xx.2023-cü il tarixli müraciəti üzrə ƏDV-nin qaytarılmasından imtina etmişdir. Payçı kimi üzərinə düşən öhdəliyini tam yerinə yetirməklə tələb edilmiş sənədlər tam formada portala vaxtında yerləşdirilmişdir. Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn və icrası bilavasitə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə olunmasına baxmayaraq, ödədiyi pulun əlavə dəyər vergisini qaytarmadığından xx.xx.2023, xx.xx.2023-cü il tarixlərdə sifarişli məktublarla həmin Baş İdarəyə müraciətlər etmişdir. Hazıra kimi müraciətlərinə cavab verilməmiş və ƏDV-nin qaytarılması təmin olunmamışdır. MTK ƏDV-nin qaytarılmasının vergi orqanına aid olmasını və onlara aidiyyətinin olmadığını bildirir. Həmin məsələnin başqa yolla həll edilməsi mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı İnzibati Məhkəməsinin (hakim Bəhlul Cəlalov) 2-1(112)-5723/2024 nömrəli, 21 iyun 2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, ünvan 1 ünvanında tikilməkdə olan “Avant Park” yaşayış kompleksinin 2-ci binasında, 2-ci blok, 14 mərtəbə, 3 №-li, iki otaqlı mənzilə görə İddiaçı qaytarılacaq ƏDV-nin yekun məbləği (payçı müqaviləsinin ümumi dəyəri olan 120664 manatın 21719,52 manat ƏDV-nin 30 faizinin (6515,85 manatın) barədə məlumatın müvəkkil banka (Azərbaycan Respublikasının Beynəlxalq Bankı ASC-nin müştəri xidməti departamentində olan hesabına) ötürülməsi öhdəliyi Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2023-cü il tarixli “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı elektron ərizə” ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət etmişdir. Alıcı İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli elektron ərizəyə maliyyə arayışı, bank mədaxil qəbzi və digər sənədlər əlavə edilmişdir. Sənədlərdə çatışmazlıqlarla bağlı xx.xx.2023-cü il tarixli **********528600 nömrəli bildiriş alıcının portalda yaratdığı elektron kabinetə göndərilmişdir. Lakin alıcı İddiaçı tərəfindən bildirişin alındığı tarixdən 10 (on) iş günü müddətində çatışmazlıqlar aradan qaldırılmamışdır. Bildirişdə qeyd olunan çatışmazlıqlar müəyyən edilmiş müddətdə alıcı tərəfindən aradan qaldırılmadığından “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1-ci bəndində nəzərdə tutulan sənədlərin düzgünlüyünün yoxlanılması mümkün olmamışdır. "ƏDV-nin depozit hesabı" məqsədi ƏDV üzrə yayınmaların qarşısının alınması və bu sahəyə avtomatlaşdırılmış nəzarətin həyata keçirilməsi üçün nəzərdə tutulur. Bu sistem vasitəsilə vergi ödəyicisinə verilmiş vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülmə işlərinin yerinə yetirilməsi təmin olunur. Bununla yanaşı, “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi” Qaydalarının 1.1-ci bəndində qeyd edilir ki, vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi və ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə əməliyyatların aparılması, habelə həmin əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə və dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabına köçürülməsi qaydalarını müəyyən edir. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslər tərəfindən vergi hesab-fakturasında, qəbzdə və ya çekdə göstərilən yaşayış və qeyri-yaşayış sahələrinin ƏDV-siz dəyəri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsin hesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına köçürülməlidir. ƏDV-nin geri qaytarılması üçün fiziki şəxslər alınmış yaşayış sahəsi üzrə ödənişlərin həyata keçirilməsi zamanı qeyd edilən tələblərə uyğun şəkildə ödənişləri həyata keçirməlidirlər və Bakı İnzibati Məhkəməsinin Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş Qaydalara şərh vermək səlahiyyəti yoxdur. Məhkəmənin tərəflərin təqdim etdikləri dəlilləri, arqumentləri və sübutları düzgün şəkildə araşdırmaq öhdəliyi vardır. Məhkəmə işin mahiyyəti üzrə bütün arqumentləri detallı şəkildə dəqiq səbəblər təqdim edilməklə araşdırmalıdır. Birmənalı olaraq maddi və prosessual hüquq normalarının pozulması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsasdır. Qanunla müəyyən edilmiş vergiləri, hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəməyə stimullaşdırmaqdır. Ümumiyyətlə, Azərbaycan Respublikası Vergi Məcəlləsində dəyişikliklərdən biri də məhz nağdsız əməliyyatların stimullaşdırılması məqsədilə tətbiq olunan “Nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması” layihəsidir. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikası ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin qaytarılması ilə bağlı MTK tərəfindən e-qaimələrin tərtib edilməsi və alıcılar tərəfindən müraciətlərin edilməsi üçün İnternet Vergi İdarəsində müvafiq portal yaradılıb. Ölkədə tətbiq olunan “ƏDV geri al" layihəsi uğurla tətbiq edilməsində əsas məqsəd iqtisadiyyatın şəffaflaşdırılması istiqamətində mühüm addımlar atmaq olub. ƏDV-nin qaytarılması və bununla əlaqədar Azərbaycan Respublikası Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin digər əsas məqsədi “kölgə iqtisadiyyatının əhatə dairəsinin azaldılması, dövriyyələrin şəffaflaşdırılması və nağdsız əməliyyatları” daha da stimullaşdırmaqdır. Lakin təəssüflər olsun ki, belə uğurlu bir layihənin həyata keçirilməsi iddiaçı tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydaları”nın tələbləri pozularaq, onlara edilmiş güzəştdən sui-istifadə edirlər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qərarının əsası kimi istinad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmadığından Bakı İnzibati Məhkəməsinin qərarı qanuni və əsaslı deyildir. Odur ki, qərar ləğv edilməli və iddia təmin edilməməlidir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan "xxxx" MTK ilə Payçı İddiaçı arasında imzalanmış 0437 nömrəli 05 avqust 2022-ci il tarixli müqavilədən görünür ki, MTK pay qismində çıxış edən ünvan 2 ünvanında tikilməkdə olan «Avant Park» yaşayış kompleksinin 2-ci binasında, 2-ci blok, 14-cü mərtəbə, 3 nömrəli, 2 otaqlı mənzili tikib Payçının mülkiyyətinə verməyi, Payçı bu Müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan ödənişləri MTKya ödəməyə öhdəsinə götürmüşdür. Müqavilənin ümumi dəyəri ƏDV daxil olmaqla 120664 manat təşkil edir. Payçı ilkin ödəniş 30000 manat, qalıq 90664 manat məbləğində pul vəsaitini Payçı MTK və Payçı ABB ASC arasında bağlanacaq müqavilələrə əsasən aldığı kredit vəsaitinin hesabına tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan ödəniş tapşırığı və mədaxil qəbzindən görünür ki, İddiaçı "xxxx" MTK-nın hesabına xx.xx.2022-ci ildə 30000 manat, xx.xx.2022-ci ildə 90664 manat ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 29 mart 2023-cü il tarixli **********573000 nömrəli “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” qərarına əsasən sənədlərdə çatışmazlıqlarla bağlı xx.xx.2023-cü il tarixli **********528600 nömrəli bildirişin alıcının portalda yaratdığı elektron kabinetə göndərildiyi, lakin alıcı İddiaçı tərəfindən bildirişin alındığı tarixdən 10 (on) iş günü müddətində çatışmazlıqların aradan qaldırılmadığı qeyd olunaraq “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikası ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1-ci bəndində nəzərdə tutulan sənədlərin düzgünlüyünün yoxlanılması mümkün olmadığı əsası ilə İddiaçı 16 fevral 2023-cü il tarixli ərizəsi üzrə ƏDV-nin geri qaytarılmasının təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir (Həmin maddə «Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında» Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Qanunu ilə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə edilmişdir və xx.xx.2020-ci il tarixdən qüvvəyə minmişdir). “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1704-VQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə «Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası» təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası»: 1.1. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” (bundan sonra – Qayda) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin (bundan sonra – ƏDV) qaytarılması şərtlərini və qaydasını tənzimləyir. 1.2. Bu Qaydanın tələbləri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə təqdim edilmiş elektron qaiməfaktura üzrə yaşayış və qeyri-yaşayış sahələrinin qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq edilir. 1.3. ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. 1.4. Bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür. 1.5. Alıcı eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahəsi aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetrdən və qeyriyaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. Alıcının eyni binadan sahəsi 500 kvadratmetrdən artıq olan bir neçə yaşayış və ya qeyri-yaşayış sahəsi alması zamanı yaşayış və ya qeyri-yaşayış sahələrinin bir kvadratmetrinin satış qiyməti fərqli olduqda, ƏDV-nin qaytarılması məqsədilə 500 kvadratmetr hissə müəyyən edilərkən bir kvadratmetrinin satış qiyməti daha yüksək olan yaşayış və ya qeyri-yaşayış sahəsi əsas götürülür. 1.6. Yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV alıcı tərəfindən portala müraciətin daxil edildiyi tarixdən 30 (otuz) iş günü müddətində müvəkkil bank vasitəsilə qaytarılır. 2.0. Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 2.0.2. alıcı – satıcıdan yaşayış və qeyri-yaşayış sahələrini nağdsız qaydada alan fiziki şəxs olan istehlakçı; 2.0.3. satıcı – ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs; 2.0.4. operator – ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaimə-faktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra – Dövlət Vergi Xidməti); 2.0.6. müvəkkil bank – ƏDV-nin qaytarılması məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilən bank və ya banklar; 2.0.7. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi – bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanılmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi; 2.0.8. portal – bu Qaydada nəzərdə tutulmuş hallarda alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin qaytarılması üçün alıcının müraciətinin qeydiyyata alındığı informasiya sistemi. 3.1. Operator: 3.1.1. bu Qayda ilə müəyyən edilmiş hallarda ƏDV-nin qaytarılması işlərini təşkil edir; 3.1.2. aşağıdakı tələblərə cavab verən proqram təminatının, portalın və vahid məlumat bazasının yaradılmasını və idarə edilməsini təmin edir: 1. alıcıya təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturaların tərtib edilməsi və həmin elektron qaimə-fakturalar barədə məlumatların vahid elektron məlumat bazasına ötürülməsi; 2. alıcıların ƏDV-nin qaytarılması ilə bağlı müraciətlərinin real vaxt rejimində qəbulu və emal edilməsi; 3. alıcının portal üzərindən daxil etdiyi məlumatlarla satıcının tərtib etdiyi elektron qaimə-fakturanın məlumatlarının eyniləşdirilməsi; 3.1.3. proqram təminatının və portalın daim işlək vəziyyətdə saxlanılmasını və fasiləsiz fəaliyyətini təmin edir; 3.1.4. portaldan istifadəyə dair istifadəçi təlimatını portalda yerləşdirir. 4.1. Satıcı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı həmin yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinə (ƏDV daxil olmaqla) bu Qaydaya əlavə olunmuş formada elektron qaimə-fakturanı Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalının elektron qaimə-faktura sistemi vasitəsilə real vaxt rejimində tərtib edərək vahid elektron məlumat bazasına ötürür və çap edərək alıcıya təqdim edir. 5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi: 1. ödənişi aparan alıcının soyadı, adı və atasının adı; 2. ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi; 3. ödənişin təyinatı. 5.2. Bu Qaydanın 5.1.2-ci yarımbəndinin 3-cü abzasında qeyd edilən ödənişin təyinatı hissəsində aşağıdakı məlumatlar göstərilir: 5.2.1. elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi; 5.2.2. ödənişin növü (tam ödəniş, ilkin ödəniş və ya aylıq ödəniş). 5.4. Alıcı tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı alıcının müraciətinə operator 10 (on) iş günü müddətində baxır və bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan sənədlərin düzgünlüyünü yoxlayır. Sənədlərdə çatışmazlıq aşkar olunduqda, müraciət daxil olduğu gündən 5 (beş) iş günü müddətində çatışmazlıqların aradan qaldırılması barədə alıcının portalda yaratdığı elektron kabinetə bildiriş göndərilir. Bütün çatışmazlıqlar eyni zamanda bildirilməlidir. Alıcı həmin çatışmazlıqları bildirişi aldığı tarixdən ən geci 10 (on) iş günü müddətində aradan qaldırmalıdır. Bu zaman operatorun müraciətə baxması ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət operator tərəfindən alıcının müraciətinə baxılma müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə alıcının müraciətindən sonra müddətin axımı bərpa olunur. 5.5. Elektron qaimə-faktura və bu Qaydanın 5.1-ci bəndində qeyd olunmuş sənədlərdə göstərilən məlumatlar operator tərəfindən yoxlanıldıqdan sonra dərhal risk qiymətləndirilməsi aparılır və risk qiymətləndirilməsinin nəticələri əsasında, təqdim edilmiş sənədlər bu Qayda ilə müəyyən edilmiş tələblərə cavab verdikdə, operator alıcıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatı həmin gün müvəkkil banka ötürür. Bu barədə alıcının portalda yaratdığı elektron kabinetə məlumat göndərilir. 5.6. Operator tərəfindən aparılmış risk qiymətləndirilməsinin nəticələri üzrə ƏDV-nin geri qaytarılmasından imtina edildikdə, bu barədə əsaslandırılmış inzibati akt qəbul edilir və inzibati akt 2 (iki) iş günü müddətində alıcının portalda yaratdığı elektron kabinetə göndərilir. Alıcı ƏDV-nin geri qaytarılmasından imtinadan inzibati qaydada və məhkəməyə şikayət verə bilər. 5.7. Müvəkkil bank bu Qaydanın 5.5-ci bəndində nəzərdə tutulan ƏDV məbləğini məlumatı aldığı tarixdən 5 (beş) iş günündən gec olmayaraq alıcının bank hesabına qaytarır. Müvəkkil bank tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ƏDV məbləği onların seçimindən asılı olaraq milli və ya xarici valyutada qaytarılır. 5.9. Müvəkkil bank bu Qaydaya əsasən qaytarılmış ƏDV məbləği barədə məlumatı ƏDV-nin qaytarıldığı tarixdən 3 (üç) iş günü müddətində vahid məlumat bazası üzərindən operatora ötürür. 5.13. Alqı-satqı müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi və ya digər səbəblərlə əlaqədar alıcının dəyişməsi zamanı (yeni alıcı tərəfindən əvvəlki alıcının ödədiyi məbləğ nəzərə alınmaqla qalıq məbləğin ödənilməsi davam etdirildiyi halda) satıcı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı elektron qaimə-fakturalarda yeni alıcının adına dəqiqləşdirmə aparır. 6.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1. ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə; 6.1.2. bu Qaydanın 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyriyaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə. İşin faktiki hallarından görünür ki, İddiaçı "xxxx" MTK ilə aralarında bağlanmış 05 avqust 2022-ci il tarixli 0437 nömrəli müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək xx.xx.2022-ci ildə 30000 manat, xx.xx.2022-ci ildə 90664 manat ödəməklə mənzilin dəyərini tam ödəmişdir. Göründüyü kimi, iddiaçı mənzilin dəyərini xx.xx.2022-ci ildə tam ödəmişdir. İddiaçı ƏDV-nin qaytarılması üçün cavabdehə müraciət etsə də, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. Belə ki, cavabdeh sənədlərdə çatışmazlıqlarla bağlı xx.xx.2023-cü il tarixli bildirişin alıcının portalda yaratdığı elektron kabinetə göndərildiyini, lakin alıcı İddiaçı tərəfindən bildirişin alındığı tarixdən 10 (on) iş günü müddətində çatışmazlıqların aradan qaldırılmadığını, bu səbəbdən də “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikası ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1-ci bəndində nəzərdə tutulan sənədlərin düzgünlüyünün yoxlanılmasının mümkün olmadığını qeyd etməklə ƏDV-nin geri qaytarılmasını təmin etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, «Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası» Azərbaycan Respublikası Prezidentinin 2022ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmişdir, iddiaçı tərəfindən mənzil xx.xx.2022-ci ildə alınmışdır, mənzilin dəyəri xx.xx.2022-ci ildə tam ödənilmişdir, portal xx.xx.2022-ci ildə fəaliyyətə başlamışdır, iddiaçı ƏDV-nin qaytarılması ilə əlaqədar cavabdehə xx.xx.2023-cü ildə müraciət etmişdir. Qeyd olunan Qaydaların tələblərindən görünür ki, operator - ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaiməfakturanın tərtib edilməsinə, həmin elektron qaimə-faktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətidir, Operator aşağıdakı tələblərə cavab verən proqram təminatının, portalın və vahid məlumat bazasının yaradılmasını və idarə edilməsini təmin edir: 1. alıcıya təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturaların tərtib edilməsi və həmin elektron qaimə-fakturalar barədə məlumatların vahid elektron məlumat bazasına ötürülməsi; 2. alıcıların ƏDV-nin qaytarılması ilə bağlı müraciətlərinin real vaxt rejimində qəbulu və emal edilməsi; 3. alıcının portal üzərindən daxil etdiyi məlumatlarla satıcının tərtib etdiyi elektron qaiməfakturanın məlumatlarının eyniləşdirilməsi. Qeyd edilməlidir ki, iddiaçı tərəfindən mənzilin dəyəri xx.xx.2022-ci ildə tam ödənildiyindən və həmin tarixdə portal fəaliyyətə başlamadığından, satıcı tərəfindən «Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası»nın tələblərinə uyğun olaraq və bu Qaydaya əlavə olunmuş formada elektron qaimə-fakturanın təqdim edilməsi imkanı olmamışdır. Cavabdeh həm portal fəaliyyətə başladığı dövrə qədər, həm də portal fəaliyyətə başladıqdan sonra iddiaçının müraciət etdiyi dövrə qədər satıcı tərəfindən qeyd olunan formada elektron qaimə-fakturanın təqdim edilməsinin mümkün olması barədə sübutları məhkəməyə təqdim edə bilmədi. İş materiallarına əlavə edilmiş «2022-2023-cü ilin yanvar-aprel ayları ərzində təsdiqlənmiş şəxslər barədə məlumat»dan görünür ki, "xxxx" MKT tərəfindən qeyd olunan qaydada qaimlərin verilməsi 2023-cü ilin mart ayından başlayaraq mümkün olmuşdur. Həmçinin üçüncü şəxs tərəfindən təqdim edilmiş ƏDV bəyannaməsindən müəyyən edilir ki, MTK 2022-ci ilin avqust ayı üzrə cavabdehə hesabat təqdim etmişdir. Həmin hesabatdan görünür ki, MTK 2022-ci ilin avuqst ayı üzrə təqdim edilmiş mallar üzrə ƏDVyə cəlb olunan dövriyyənin məbləği 3,834,413.25 manat təşkil etmiş, həmin məbləğdən 690,194.39 AZN ƏDV məbləği ödənilmişdir. İddiaçının aldığı, alqı-satqı müqaviləsinin predmeti olan mənzilin cəmi məbləği (ƏDV məbləği də daxil olmaqla) MTK-nın hesabına ödənilmiş, MTK da öz növbəsində həmin məbləğlər də daxil olmaqla həmin ay üzrə ümumi dövriyyəyə cəlb olunan məbləğdən ƏDV məbləği ödəmiş və hesabat təqdim etmişdir. İddiaçı tərəfindən qeyd olunan dövrdə ƏDV məbləğinin ödənilməsi ilə bağlı hər hansı pozuntu halının olmasına dair sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmiş, ümumiyyətlə cavabdeh bu halı mübahisələndirməmişdir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5723/2024 nömrəli, 21 iyun 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar