Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3302/2022 23.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5919/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin) 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə - 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5919/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5919/2022 saylı, xx.xx.2022-ci il il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki,aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, qeyri-yaşayış binasının tikintisinə icazə verilməsi barədə qərar təqdim edilməmişdir. Təqdim edilən tikinti obyektinin istismarına icazə sənədi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilməmişdir. Həmçinin təqdim edilən eskiz layihə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiqlənməmişdir və eskiz layihəyə layihəçinin layihələndirmə fəaliyyəti ilə məşğul olduğunu təsdiq edən xüsusi razılıq (lisenziya) əlavə olunmamışdır.Həmçinin şikayətdə göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” əsasnamənin 4.11.11.5. və 4.11.12,-ci bəndlərinə əsasən yerli icra hakimiyyəti başçısının təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək; müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək vəzifələri göstərilsədə, əsasnamənin 4.18.2-ci bəndinə əsasən İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək səlahiyyəti şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmədiyi qeyd edilmişdir. Apellyasiya baxışı zamanı iddiaçı tərəfindən məhkəməyə etiraz ərizəsi daxil olmuşdur. Ərizədə göstərilmişdir ki, bəhs edilən qeyri-yaşayış binası ilə bağlı Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısının 2009-cu il 16 sentyabr tarixli 318 saylı Sərəncamı verilmişdir. Sərəncamın məzmunundan müəyyən edilir ki, Sərəncam verilərkən tikili mövcud olmuşdur. Yerli icra hakimiyyəti öz səlahiyyətləri çərçivəsində mövcud tikilinin sənədləşdirilməsinə icazə vermişdir. Tikintiyə icazə verməli olan dövlət qurumunun bu Sərəncamı tikintiyə icazə alınmalı olmasına dair cavabdehin arqumentlərinin əsassız olduğunun təsdiqi sayılmalıdır. Belə ki, yerli icra hakimiyyəti bu icazənin olmamasına baxmayaraq, tikilinin mövcud şəkildə sənədləşdirilməsinə dair hüquqmüəyyənedici sənəd verirsə, həmin sənəd əvvəldən alınmalı olan tikintiyə icazə sənədinin tələb edilməsini istisna etməlidir. Artıq mövcud olan tikiliyə sonradan tikintinin aparılması üçün icazə sənədinin alınması absurd tələbdir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin tələblərinin hal-hazırki mübahisəyə tətbiqi yalnışdır. Belə ki, yuxarıda qeyd edilən hüquq müəyyənedici sənəd - Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısının 2009-cu il 16 sentyabr tarixli 318 saylı Sərəncamı bu Əsasnamənin təsdiq edilməsindən əvvəl verilmişdir. Bu səbəbdən əvvəlki Əsasnamə, yəni Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin tələbləri tətbiq edilməlidir ki, həmin Əsasnaməyə görə Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti bəhs edilən səlahiyyətlərə malik olmuşdur. İstismara icazənin mütləq Bakı şəhər İcra Hakimiyyətindən alınmalı olması ilə bağlı cavabdehin arqumenti də əsassızdır. Belə ki, qanunvericilikdə belə bir tələb yoxdur. Mövcud qanunvericiliyin bu tələbi 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanla təsdiq edilmiş Əsasnamənin tələblərindən irəli gəlir. Hal-hazırda qüvvədə olan bu Əsasnamənin tələblərinə əsasən, layihənin təsdiq edilməsi, tikintiyə icazə verilməsi şəhər rayonları icra hakimiyyətlərinin səlahiyyətlərində deyil. Bu səbəbdən Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilən tikintiyə icazə sənədlərinin yekunu olaraq, istismara icazə də həmin orqan tərəfindən həyata keçirilir. Hal-hazırkı mübahisə üzrə hüquq münasibətləri 2012-ci ilədək verilmiş hüquqmüəyyənedici sənədə əsaslandığından, Bakı şəhər icra Hakimiyyəti tərəfindən istismara icazə sənədinin verilməli olmasına dair cavabdehin arqumenti əsaslı hesab edilə bilməz. Bundan əlavə, cavabdehin bu mövqeyi İnzibati icraat haqqında Qanunun 19-cu maddəsinin tələblərinə də ziddir. Belə ki, həmin Qanunun 19.1- ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Əgər yerli icra hakimiyyəti orqanı Sərəncam vermişdirsə və həmin Sərəncamın dəyişdirilməsi, yaxud ləğv edilməsi haqda hər hansı bir məlumat yoxdursa, Sərəncam mötəbərdir. Cavabdehin arqumentlərindən biri də təqdim edilən layihəyə, bu layihənin tərtib edilməsinə səlahiyyət verən lisenziyanın olmaması ilə bağlıdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi qəbul edilənədək, sənədlərin qəbulu zamanı cavabdeh təşkilat tərəfindən bu lisenziyanın surətinin layihəyə əlavə edilməsi tələbi yox idi. Bu səbəbdən, həmin dövrdə tərtib edilmiş layihələrin bir çoxuna bu lisenziyanın surəti əlavə edilmirdi. Lakin, lisenziyanın surətinin əlavə edilməməsi həmin lisenziyanın yoxluğu anlamına gəlməməlidir. Cavabdehin bu tələbi də İnzibati icraat haqqında Qanunun 19.2-ci maddəsinin tələblərinə ziddir. Həmin maddəyə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Cavabdeh özü bu lisenziyanın mövcud olub-olmamasına dair sübutlar toplamalı idi. Lakin, məhkəmənin gedişatında işin obyektiv və hərtərəfli araşdırılamsına kömək məqsədilə tərəfimizdən layihəni tərtib ediən Xətai Rayon İcra Hakimiyyətinin Layihə Smeta Bürosunun 2005-2010cu illlərdə fəaliyyət göstərməyə səlahiyyət verən lisenziyanın təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Bununla da cavabdehin bu arqumentinin də əsassız olduğu müəyyən edilir. Bəhs edilən qeyri-yaşayış binası parametrlərinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bəzi tikinti obyektlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 02 dekabr 2016-cı il tarixli 491 saylı Qərarının təsiri altına düşür. Adıçəkilən Qərarın 1-ci bəndinə əsasən, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yerli icra hakimiyyəti orqanının qərarı əsasında mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində tikinti layihəsi ekspertizadan keçirilmədən inşa edilmiş, mərtəbəsinin sayı 1dən, hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadrat metrdən çox olmayan, həmçinin mərtəbələrinin sayı 2-dən, hər mərtəbəsinin hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadrat metrdən çox olmayan, istismarına sadələşdirilmiş icazə verilməsi tətbiq olunan qeyri-yaşayış binalarının (tikinti obyektlərinin) istismar təyinatının Siyahısı” təsdiq edilmişdir. Qərara 1 saylı Əlavə 1ci bənddə qeyd edilən Siyahıdır. Həmin Siyahını məhkəmənin diqqətinə çatdırmaq istəyirik. 1. İstehsal sahələri obyektləri. 2. Sosial təyinatlı obyektlər. 3. İnzibati obyektlər. 4. Ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələri obyektləri. Göründüyü kimi, bəhs edilən qeyri-yaşayış binası cəmi 40 kv.m. olmaqla bu Qərarın təsiri dairəsinə də düşür və 1 saylı Əlavədəki Siyahıda 4-cü sıraya aid edilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iclasda iştirak etmirlər və gəlməmə səbəbləri barədə heç bir məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflər (nümayəndələri) iştirakları olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: -Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2009-cu il tarixli, 318 nömrəli sərəncamının surətindən görünür ki, Qaçaq Nəbi küçəsində cizgidə göstərilən ərazidə tikilmiş mövcud 40 kv.m. ölçüdə məntəqənin İddiaçı adına sənədləşdirilməsi, məntəqənin eskiz layihəsinin rayon memarı ilə razılaşdırılması qərara alınmışdır; -Xətai rayonu, Qaçaq Nəbi küçəsində məntəqənin yerləşmə cizgisi Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin memarı ilə razılaşdırılmışdır; -Xətai rayonu, Qaçaq Nəbi küçəsində məntəqənin eskiz layihəsi Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin memarı ilə razılaşdırılmışdır; - Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 11 nömrəli Tikinti obyektinin istismarına icazəyə əsasən, Xətai rayonu, Qaçaq Nəbi küçəsində yerləşən obyektin ümumi sahəsi 40 kv.m., ümumi torpaq sahəsi 40 kv.m., mərtəbələrinin sayı 1, ümumi tikinti həcmi 160 kub m. olan qeyri-yaşayış sahəsi İddiaçı tikinti obyektinin istismarına icazə verilmişdir. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (icarəyə verən) ilə İddiaçı (icarəçi) arasında bağlanmış, “Hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə” xx.xx.2021-ci il tarixli 855 nömrəli müqavilənin 1-ci maddəsinə əsasən icarəyə verənin icarəyə verdiyi Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsindəki qeyri-yaşayış binasının yerləşdiyi 40.8 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir. Müqavilənin 3.1-ci maddəsinə əsasən bu müqavilə üzrə icarə haqqı aşağıdakı qaydada hesablanır: torpaq sahəsinin illik icarə haqqı 480.0 manat, aylıq icarə haqqı 40.0 manat. -İddiaçının müraciətinə cavab olaraq, 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə göstərilmişdir ki, qeyri-yaşayış binasının tikintiyə icazə verilməsi barədə qərar təqdim edilməmişdir. Təqdim edilən tikinti obyektinin istismarına icazə sənədi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilməmişdir. Həmçinin eksiz layihə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiqlənməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, işin faktiki hallarından görünür ki, iddiaçı Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2009-cu il tarixli, 318 nömrəli sərəncamına və Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 11 nömrəli Tikinti obyektinin istismarına icazəyə və icarə müqaviləsinə istinad edərək, yerləşmə cizgisi və eskiz layihəsi razılaşdırımış qeyri-yaşayış binası üzərində xüsusi mülkiyyət hüququnun qeydə alınması tələbini irəli sürmüşdür. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır; 2.3-cü maddəsinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər; 2.4-cü maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir; 3.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir; 8.0-cı maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.” Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin 30 dekabr 1999-cu il tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbulu Qaydaları”nın (Dövlət Tikinti norması (AzDTN 1.6-1)) 6.1-ci bəndinə görə tikintinin son mərhələsi obyektin istismara qəbul edilməsidir. Həmin Qaydaların 6.3-cü bəndinə əsasən istismara qəbul edilmək üçün təqdim edilən obyekt və yaxud onun tikinti növbəsi, təsdiq olunmuş layihə və müqavilə sanədlərinə və qüvvədə olan tikinti norma və standartlarına uyğun tam hazır vəziyyətdə olmalıdır. Bu obyektdə və yaxud onun tikinti növbələrində radiasiya təhlükəsizliyi, sanitar gigiyeniya və təhlükəsizlik texnikası tələblərinə uyğun hər cür fəaliyyət (yaşayış, iş, istirahət və s.) şəraiti təmin edilməlidir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 101.1-ci maddəsinə görə tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Həmin Məcəllənin 101.2-ci maddəsinə görə tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir. “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 06 sentyabr 1997-ci il tarixli 629 nömrəli Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində dövlətin adından daşınmaz dövlət əmlakını icarəyəvermə səlahiyyəti (Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hal, habelə sənaye, yaxud texnologiya parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri, binalar və qeyri-yaşayış sahələri istisna olmaqla), dövlət əmlakının sərəncamçısına - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.11-ci bəndinə əsasən Azərbaycan Respublikasının qanunlarının və Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, daşınmaz dövlət əmlakını, o cümlədən dövlətə məxsus olan hüquqi şəxslərə məxsus daşınmaz əmlakı icarəyə və istifadəyə vermək, bu məqsədlə bağlanılmış əqdlərin qeydiyyatını aparmaq, icarə haqlarının müəyyən edilməsi ilə bağlı təkliflər hazırlayıb Nazirliyə vermək və bu sahədə nəzarəti həyata keçirmək Xidmətin vəzifəsidir. Apellyasiya şikayətinin “Təqdim edilən tikinti obyektinin istismarına icazə sənədi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilməmişdir.” dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından da müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsində yerləşən qeyri-yaşayış sahəsinin iddiaçı tərəfindən uzun müddətdir istifadə edilir və yerli icra hakimiyyəti orqanı tərəfindən mövcud vəziyyətdə iddiaçının adına sənədləşdirilməsinə icazə verilmişdir. Şikayətdə qeyd edilən “təqdim edilən eskiz layihə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiqlənməmişdir və eskiz layihəyə layihəçinin layihələndirmə fəaliyyəti ilə məşğul olduğunu təsdiq edən xüsusi razılıq (lisenziya) əlavə olunmamışdır.” dəlili ilə bağlı kollegiya qeyd edir ki, iş materiallarından görünür ki, həmin qeyri-yaşayış sahəsinin layihəsi (sxem) rayon icra hakimiyyətinin memarı tərəfində təsdiq edilmişdir. Bu zaman həmin layihəni tərtib etmiş, İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən Layihə Smeta Bürosunun Müvafiq Lisnziyası olmuşdur (işin mteriallarına əlavə edilmiş həmin Lisenziya xx.xx.2005-ci il tarixdə 5 il müddətinə verimişdir). Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin xx.xx.2009-cu il tarixli, 318 nömrəli sərəncamı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən iddiaçının sözügedən qeyri-yaşayış sahəsi ilə bağlı hüquqmüəyyənedici sənəddir. Eyni zamanda iş materiallarından görünür ki, rayon icra hakimiyyəti tərəfindən sözügedən qeyri-yaşayış sahəsinin istismarına icazə verilmişdir. Qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi ilə bağlı isə müəyyən olunur ki, sözügedən topaq sahəsi dövlət mülkiyyətində olmaqla dövlət əmlakının sərəncamçısı olan Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iddiaçının istifadəsinə icarə müqaviləsi əsasında verilmişdir. Beləliklə, iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı təqdim etdiyi Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2009-cu il tarixli, 318 nömrəli sərəncamı, qeyri-yaşayış sahəsinin təsdiqlənmiş layihəsi, tikilinin istismarına dair xx.xx.2017-ci il tarixli, 11 nömrəli icazə və qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi ilə bağlı hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə 855 nömrəli, xx.xx.2021-ci il tarixli müqavilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinin tələbinə uyğun olaraq mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün əsas hesab olunur. Cavabdehin şikayətində hüquqi əsas kimi Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.11.11.5 və 4.11.12-ci bəndlərinə əsasən yerli icra hakimiyyəti başçısının təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək; müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək vəzifələri göstərilsə də, Əsasnamənin 4.18.2-ci bəndinə əsasən İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək səlahiyyəti şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmədiyi qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qeyd etdiyi normativ əsas hazırkı iddiaya münasibətdə tətbiq oluna bilməz. Belə ki, istinad edilən normalarda tikiləcək və yaxud tikilməsi nəzərdə tutulan qeyri-yaşayış binalarının məsuliyyət səviyyəsindən asılı olaraq tikintisinə icazə verilməsi səlahiyyətinin şəhər icra hakimiyyəti başçılarına və ya şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid olmasından bəhs edilir. Hazırkı işdən müəyyən olunur ki, iddia predmeti olan qeyri-yaşayış binası yeni tikili deyildir, qeyriyaşayış sahəsi uzun müddətdir ki, mövcuddur və iddiaçının istifadəsindədir. Məhz qeyriyaşayış sahəsinin uzun müddət istifadə olunmasının nəticəsidir ki, icra hakimiyyəti orqanı onun tikintisinə icazə deyil, mövcud vəziyyətdə sənədləşdirilməsinə icazə vermişdir. Həmçinin sözügedən sərəncam cavabdehin istinad etdiyi “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin təsdiq edilməsindən əvvəl verilmişdir. Kollegiya bildirir ki, işin hallarından da göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, iddiaçının sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur. Beləliklə, kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, iddia təmin edilməli, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2009-cu il tarixli, 318 nömrəli sərəncamı ilə sənədləşdirilməsi nəzərdə tutulmuş, Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsində yerləşən, ümumi sahəsi 40 kv. m. olan qeyri-yaşayış sahəsinə İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın təmin olunmasına dair qərar qəbul etmişdir. Odur ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin) 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5919/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-3302/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3302/2022
23.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver