Məhkəmə qərarları › İş №2-1(103)-3302/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3302/2023

29.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3302/2023 29.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X8 ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “şəhid ailəsi statusunun verilməsi” iddia tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11436/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “şəhid ailəsi statusunun verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona şəhid ailəsi statusunun verilməsi barədə öhdəliyin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, qardaşı X9 xx.xx.1959-cu il tarixdə Ağdam rayonunun Eyvazxanbəyli kəndində doğulmuşdur. Qardaşı xx.xx.1994-cü il tarixdə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Bununla bağlı Ağdam rayon qeydiyyat şöbəsində xx.xx.1994-cü il tarixli 16 nömrəli akt qeydi tərtib edilmişdir. X1 ölüm haqqında şəhadətnaməsində də qeyd edilmişdir ki, qardaşı döyüşdə həlak olmuşdur. Eyni zamanda xx.xx.2019-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən də görünür ki, o, qardaşının varisi kimi tanınmışdır və şəhidliklə bağlı dövlət tərəfindən verilən vəsaiti almaq hüququna malik olmuşdur. Şəhid ailəsi statusu almaq üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə müraciət etsə də agentlik xx.xx.2023-cü il tarixli, 3-17-3/2-N-17103/2023 nömrəli məktubla bundan imtina etmişdir. İmtina əsaslandırılmamışdır. Şəhid ailəsinə qarşı belə münasibətin göstərilməsi onu üzmüş və buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11436/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş edilmişdir. Apelyasiya şikayətində bildirilmişdir ki, qanunun birbaşa tələbinə görə, qardaş və bacılar şəhid ailə üzvləri hesab edilməsinə baxmayaraq məhkəmə bu faktı araşdırmamış, onun subyektiv hüququnun olmadığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu, qərardadın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan : Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidməti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 05/2-1833/69 №-li çıxarışın surətindən müəyyən olunur ki, X9 01 iyun 1959-cu ildə Ağdam rayonunun Eyvazxanbəyli kəndində doğulmuşdur. Bu barədə 19 iyun 1959-cu il tarixdə Ağdam rayonu Göytəpə icra nümayəndəliyində 99 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası qismində: Nüsrət İbrahim oğlu, anası qismində isə X7 qeyd olunmuşdur. Ağdam rayon VVAQ şöbəsi tərəfindən verilmiş İİ-ЖГ seriyalı, 438759 №-li öüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X9 xx.xx.1994-cü ildə döyüş zamanı ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 1994-cü ildə mart ayının 10-da 6 № ilə qeyd edilmişdir. 009067 №-li vəsiqənin surətindən müəyyən olunur ki, X4 1995-ci ildə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” 3 sentyabr 1993-cü il Azərbaycan Respublikasının Qanununda göstərilən güzəşt və imtiyazlardan istifadə etmək hüququnu təsdiq edən vəsiqə verilmişdir. Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidməti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 05/2-1604/69 №-li çıxarışın surətindən müəyyən olunur ki, Nüsrət İbrahim oğlu xx.xx.1972-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında xx.xx.1972-ci il tarixli 87 №-li akt qeydi tərtib olunmuşdur. Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 945577 №-li ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X7 30 mart 2010-cu ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2010-cu ilin aprel ayının 03 günündə 170 № ilə qeyd edilmişdir. Bakı şəhəri 16 saylı notariat ofisinin xüsusi notariusu X11 tərəfindən təsdiq olunmuş Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2019-cu il tarixli şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.1994-cü ildə ölmüş X6 vərəsəsi bacısı İddiaçı miras əmlakdan ¼ hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli 1 nömrəli Fərmanına uyğun ödəniləcək vəsaiti almaq hüququndan ibarətdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, aşağıdakı əsaslara görə apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 1-ci bəndinə əsasən Şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.2.2. 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; [2] 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X3 Xidmətində, X5 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər;[3] 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. Kollegiya qeyd edir ki, İddiaçı X6 qardaşı olması, qardaşının şəhid olması işin mübahisəsiz halıdır. İddiaçıda X6 qardaşı olmasını əsas gətirərək, ona şəhid ailəsi statusunun verilməli olduğunu bildirir. Kollegiya ilk növbədə aşağıdakı normalara diqqət çəkir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 2-ci bəndinə əsasən aşağıdakılar şəhid ailəsinin üzvü hesab edilirlər: 2.1.1. arvadı (əri); 2.1.2. valideynləri; 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları;[5] 2.1.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər.[6] Birinci instansiya məhkəməsi tərəfindən iddia o səbəbdən mümkün sayılmamışdır ki, iddiaçı yuxarda qeyd olunan normalara əsasən şəhid ailə üzvü hesab edilmir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı şəhidin bacısı olsada, şəhid ailəsi üzvü hesab edilməsi üçün yuxarda qeyd olunan qaydaların 2.1.4-ci bəndinin öz təsdiqini tapmağı lazımdır. Həmin bəndə görə şəhid statusu almış şəxs uşaq evində tərbiyə aldığı halda onun qardaş və bacıları şəhid ailəsi üzvü hesab edilə bilər. Hazırkı işin hallarından isə belə hal müəyyən edilmədiyindən, iddiaçının hazırkı iddia tələbi ilə çıxış etməsi üçün subyektiv hüququ yaranmır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 80, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11436/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən : Mirzə Tağızadə Hakimlər : Kamran Əkbərov Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar