Məhkəmə qərarları › İş №2-1(103)-3302/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3302/2024

26.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3302/2024 26.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, X2 Asəf qızının katibliyi, İddiaçının vəkili Vəkil,, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxsin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" MTK) “ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ötürülməsi, maddi və mənəvi ziyanın ödənilməsi “ tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 7566/2024 saylı, 05 iyun 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən “AVANT PARK” yaşayış Kompleksinin 1-ci binasında, 1-ci blok, 14-cü mərtəbə, 8 №-li 1 otaqlı olan mənzilə görə iddiaçıya qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatin müvəkkil banka ötürülməsi, xx.xx.2024-cü il tarixində qəbul edilmiş **********770500 saylı imtina qərarının ləğv edilməsi, vəkilə çəkilən xərcin əvəzi olaraq 320 (üç yüz iyirmi) manatın və 2000 (iki min) manat mənəvi zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, imtina qərarında cavabdeh özü də təsdiq etmişdir ki, alıcı tərəfindən ƏDV ödənilmiş, lakin Qaydanın 5.1.2-ci bəndinə uyğun ödəniş edilməmişdir. Bu tamamilə əsassız qərardır. Çünki yaşayış sahəsinin qiyməti ƏDV daxil hesablanıb, MTKya ödəniş olunsada də müvafiq qaydada MTK da öz tərəfindən ƏDV məbləğini ödəyib, vergiyə hesabat təqdim etmişdir. Bununla da tam təsdiq olunur ki, tərəfindən MTK-nıb cari hesabına ödənilmiş ƏDV məbləği MTK tərəfindən müvafiq qaydada ƏDV depozit hesabına köçürülmüşdür. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, "xxxx" MTK ilə iddiaçı arasında bağlanmış payçı müqavilələrində həqiqətən də ƏDV-nin ayrıca ödənilməsi şərti və bunun üçün “AVANT Group" MTK-nın ƏDV depozit hesabı qeyd edilmədiyi müəyyən olunur. İnzibati prosessual qanunvericiliyə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi, faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi cavabdehin üzərində olduğundan cavabdeh “Yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi” barədə qərarı qəbul edən zamanı obyektiv həqiqəti əks etdirdirən halların nəzərə alındığını sübuta yetirmiş, bununla da qanuni inzibati akt qəbul etmişdir. Mülki Prosessual Məcəllənin 14.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər, qanunla onların nümayəndəliyi zəruri olan hallar istisna edilməklə, özləri öz hüquq və mənafelərini müdafiə edə bilərlər. Onlar maraqlarının təmsil olunması və ya prosessual hüquqlarının həyata keçirilməsi üçün peşəkar hüquqi yardım almaq məqsədi ilə özlərinə sərbəst vəkil seçə bilər. Həmin Məcəllənin 14.5-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda, vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxs maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün dövlət hesabına peşəkar hüquqi yardım almaq hüququna malikdir. Yuxarıda qeyd edilən maddələrdən də göründüyü kimi iddiaçının peşəkar hüquqi yardım almaq məqsədi üçün sərbəst vəkil seçmək hüququ ilə yanaşı, dövlət hesabına peşəkar hüquqi yardım almaq hüququ da vardır. Bu səbəbdən hesab edilir ki ki, iddiaçı hüquqi yardım almaq üçün öz seçimi əsasında hüquq şirkətinə müraciət etmişdir, bu səbəbdən iddiaçının məruz qaldığı məsrəflərin dəyəri cavabdehdən tutula bilməz. 2000 manat mənəvi zərərin cavabdehdən tutularaq ödənilməsi ilə bağlı bildirilir ki, Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə). Hazırkı halda cavabdehin təqsirli, hüquqa zidd hərəkəti nəticəsində iddiaçıya əldən çıxmış fayda formasında zərər dəyməsi sübuta yetirilmir. Mənəvi zərərin nədə ifadə olunması və hansı hərəklərin nəticəsində baş verməsi barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Odur ki, göstərilən səbəblərdən, yəni MTK-nın alıcıya (hazırkı iddiaçıya) verginin depozitə ödənilməsi üçün depozit hesabı verməməsi, ƏDV məbləğinin ayrıca depozit hesaba ödənilməli olması izah edilməməsi ilə əlaqədar iddiaçı ona zərər dəydiyini hesab edirsə bu barədə "xxxx" MTK-ya qarşı aidiyyatı məhkəmədə iddia qaldırmaq hüququ izah olunur. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7566/2024 saylı, 05 iyun 2024-cü il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixində qəbul edilmiş **********770500 saylı imtina qərarı ləğv edilmiş, ünvan 1 ünvanında yerləşən “AVANT PARK” yaşayış Kompleksinin 1-ci binasında, 1-ci blok, 14-cü mərtəbə, 8 №-li 1 otaqlı olan mənzilə görə İddiaçı qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatin müvəkkil banka ötürülməsi öhdəliyi Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməsi, vəkilə çəkilən xərcin əvəzi olaraq 320 (üç yüz iyirmi) manat Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən tutularaq İddiaçı ödənilməsi və iddia tələbinin 2000 (iki min) manat mənəvi zərərin tutulması hissədə rədd edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” təsdiq edilmişdir. Fərman ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən, fiziki şəxs tərəfindən digər sənədlərlə yanaşı alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən bank ödəniş sənədi təqdim edildiyi təqdirdə ƏDV-nin qaytarılması həyata keçirilir. Göründüyü kimi, fiziki şəxs tərəfindən ödəniş Qaydaların tələblərinə uyğun şəkildə aparılmamışdırsa, yəni yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri (ƏDV-siz) satıcının bank hesabına və ƏDV məbləği satıcının ƏDV-nin depozit hesabına ödənilməmişdirsə, ƏDV-nin qaytarılmasına yol verilmir. İkincisi, ödənişin düzgün aparılmaması və iddiaçının təqsirinin olmamasında, o cümlədən bütün məbləği satıcının hesabına köçürülməyi seçməyin iddiaçının iradəsindən asılı olmamasında vergi orqanı da hər hansı şəkildə məsuliyyət daşımır. Məhkəmənin də qeyd etdiyi kimi alqı-satqı prosesi hüquqi şəxs olan MTK-nın, bankın və notariat orqanının iştirakı ilə həyata keçirilmişdir, müqavilənin standart şərtlərini müəyyən etmək, ödənişin qeyd edilən qaydada, yəni iddiaçıya əmlakın dəyərinin satıcı "xxxx" MTK-nın bank hesabına, ƏDV məbləğini isə satıcının ("xxxx" MTKnın) ƏDV depozit hesabına ödəməli olduğunun izah edilməsi cavabdeh orqanın vəzifələrinə aid edilməmişdir. hazırkı inzibati mübahisə İddiaçı nağdsız qaydada alınmış yaşayış sahəsinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı cavabdeh orqanın üzərinə öhdəliyin qoyulmasıdır, yəni vergi ödəyicisi kimi MTK-ya vergi orqanı tərəfindən hər hansı vergi məbləği hesablanmamışdır, həmçinin MTK tərəfindən də cavabdehin hər hansı qərarı mübahisələndirilməmişdir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nın 1.6-ci bəndlərinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslər tərəfindən elektron qaimə-fakturada, müqavilədə, qəbzdə və ya çekdə göstərilən yaşayış və qeyriyaşayış sahələrinin ƏDV-siz dəyəri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsin bank hesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına köçürülməlidir. Göründüyü kimi ƏDV-nin geri qaytarılması üçün fiziki şəxslər alınmış yaşayış sahəsi üzrə ödənişlərin həyata keçirilməsi zamanı yuxarıda qeyd edilən tələblərə uyğun şəkildə ödənişləri həyata keçirməlidirlər. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1-ci maddəsinə əsasən, alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi: 1. ödənişi aparan alıcının soyadı, adı və atasının adı; 2. ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi; 3. ödənişin təyinatı. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən, alıcı tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDVnin qaytarılması ilə bağlı alıcının müraciətinə operator 10 (on) iş günü müddətində baxır və bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan sənədlərin düzgünlüyünü yoxlayır. Sənədlərdə çatışmazlıq aşkar olunduqda, müraciət daxil olduğu gündən 5 (beş) iş günü müddətində çatışmazlıqların aradan qaldırılması barədə alıcının portalda yaratdığı elektron kabinetə bildiriş göndərilir. Həmin Qaydaların 5.6-cı bəndinə əsasən, operator tərəfindən aparılmış risk qiymətləndirilməsinin nəticələri üzrə ƏDV-nin geri qaytarılmasından imtina edildikdə, bu barədə əsaslandırılmış inzibati akt qəbul edilir və inzibati akt 2 (iki) iş günü müddətində alıcının portalda yaratdığı elektron kabinetə göndərilir. AlıcıƏDV-nin geri qaytarılmasından imtinadan inzibati qaydada və məhkəməyə şikayət verə bilər. Göründüyü kimi, Qaydaların 5.4-cü bəndində çatışmazlıqlar dedikdə, 5.1-ci bənddə qeyd edilən sənədlərlə bağlı aradan qaldırılması mümkün olan çatışmazlıqlar nəzərdə tutulur. Məsələn, ödəniş sənədlərinin və ya alqı-satqı müqaviləsinin əlavə edilməməsi, sənədlərin natamam əlavə edilməsi, ərizə üzrə zəruri məlumatların düzgün göstərilməməsi və s. Lakin fiziki şəxs tərəfindən ödəniş həmin Qaydaların tələblərinə uyğun şəkildə, yəniyaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri (ƏDV daxil olmaqla) nağdsız qaydada (alıcının bank hesabından satıcının bank hesabına ödəmə tapşırığı əsasında köçürmə yolu ilə və ya alıcı tərəfindən birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə) satıcının bank hesabına və ƏDV məbləği satıcının ƏDV-nin depozit hesabına ödənilməmişdirsə, ƏDV-nin qaytarılmasına yol verilmir. Göründüyü kimi, sənədlərlə bağlı hər hansı aradan qaldırılması mümkün olan çatışmazlıq mövcud olmamışdır. Beləliklə, ƏDV-nin qaytarılmasından imtina barədə bildiriş göndərilməsində vergi orqanı haqlı olmuşdur. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırkı iş üzrə cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi barədə qərarını onunla əsaslandırmışdır ki, “cavabdeh xx.xx.2024-cü il tarixli qərarla iddiaçının müraciətini təmin etməkdən imtina edərkən, Qaydaların 5.1.2-ci bəndinin tələblərinin pozulmasına, yəni mənzillərin dəyəri ödənilən zaman ƏDV məbləğinin ƏDV depozit hesabına deyil, alıcının hesabına ödənildiyini göstərmişdir. Məhkəmə cavabdehin bu mövqeyini əsassız hesab edərək qeyd edir ki, bu hal, iddiaçının təqsiri ucbatından olmamaqla ƏDV məbləğinin geri qaytarılmasından imtina üçün əsas deyildir. Hüquqi şəxs olan MTK-nın, bankın və notariat orqanının iştirakı ilə həyata keçirilən alqısatqı zamanı müqavilənin standart şərtlərini müəyyən etmək və ödənişin qeyd edilən qaydada, yəni bütün məbləğin satıcının hesabına köçürülməsini seçmək iddiaçının iradəsindən asılı olmamışdır. iddiaçının aldığı, alqı-satqı müqaviləsinin predmeti olan mənzilərin cəmi məbləği (ƏDV məbləği də daxil olmaqla) MTKnın hesabına ödənildiyindən, MTK da öz növbəsində həmin məbləğlər də (ƏDV depozit hesabına köçürülməsi nəzərdə tutulmuş, lakin MTK-nın hesabına köçürülmüş) daxil olmaqla həmin ay üzrə ümumi dövriyəyə cəlb olunan məbləğdən ƏDV ödəmiş və hesabat təqdim etmişdir. Belə olan halda, ƏDV məbləğinin cavabdehdən (dövlət büdcəsindən) deyil, MTK-dan tələb edilməsi, MTK-nın əsassız olaraq artıq ƏDV vergisi ödəməsinə, həmçinin ƏDV məbləğinin alıcılara qaytarılmasından yaranan ikiqat ziyana uğramasına səbəb ola bilər. MTK etdiyi alqısatqılar üzrə ƏDV hesabatı təqdim etmişdir. İş materiallarında cavabdeh tərəfindən MTK-nın satdığı mənzillərə görə ƏDV aldığı məbləğin ƏDV depozit hesabına köçürməməsinə görə maliyyə sanksiyasının tədbiq edilməsi müəyyən edilmir. Cavabdeh bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, ümumiyyətlə, bu halı mübahisələndirməmişdir.” Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” təsdiq edilmişdir. Həmin Fərman ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən, fiziki şəxs tərəfindən digər sənədlərlə yanaşı alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən bank ödəniş sənədi təqdim edildiyi təqdirdə ƏDV-nin qaytarılması həyata keçirilir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nın 1.6-ci bəndlərinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslər tərəfindən elektron qaiməfakturada, müqavilədə, qəbzdə və ya çekdə göstərilən yaşayış və qeyri-yaşayış sahələrinin ƏDV-siz dəyəri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsin bank hesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına köçürülməlidir. Göründüyü kimi, ƏDV-nin geri qaytarılması üçün fiziki şəxslər alınmış yaşayış sahəsi üzrə ödənişlərin həyata keçirilməsi zamanı yuxarıda qeyd edilən tələblərə uyğun şəkildə ödənişləri həyata keçirməlidirlər. Yəni yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının ("xxxx" MTKnın) bank hesabına, ƏDV məbləğini isə satıcının ("xxxx" MTKnın) ƏDV depozit hesabına ödəməli olduğu halda, lakin İddiaçı tərəfindən yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. .Beləliklə, yaşayış sahələrinə görə İddiaçı tərəfindən aparılmış ödənişlər “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinin tələblərinə uyğun deyil. Belə halda iddiaçının tələbinin təmin olunması üçün istinad olunan qanunvericiliyin dispozisiya şərtləri də ödənilmiş olmur. Kollegiyanın tələbin - vəkilə çəkilən xərcin əvəzi olaraq 320 (üç yüz iyirmi) manatın və 2000 (iki min) manat mənəvi zərərin cavabdehdən tutularaq ödənilməsinə münasibətdə qeyd edir ki, AR İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə görə, Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə görə, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Hazırkı halda iddia tələbi təmin edilmədiyindən məhkəmə vəkilə çəkilən xərcin əvəzi olaraq 320 (üç yüz iyirmi) manatın cavabdehdən tutulmasını əsassız hesab edir. Mənəvi ziyanın ödənilməsi ilə bağlı qeyd edilməlidir ki, Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə). Hazırkı halda cavabdehin təqsirli, hüquqa zidd hərəkəti nəticəsində iddiaçıya əldən çıxmış fayda formasında zərər dəyməsi sübuta yetirilmir. Mənəvi zərərin nədə ifadə olunması və hansı hərəklərin nəticəsində baş verməsi barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 7566/2024 saylı, 05 iyun 2024-cü il tarixli qərarı ləğv edilməli, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7566/2024 saylı, 05 iyun 2024-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “ ünvan 1 ünvanında yerləşən “AVANT PARK” yaşayış Kompleksinin 1-ci binasında, 1-ci blok, 14-cü mərtəbə, 8 №-li 1 otaqlı olan mənzilə görə iddiaçıya qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatin müvəkkil banka ötürülməsi, xx.xx.2024-cü il tarixində qəbul edilmiş **********770500 saylı imtina qərarının ləğv edilməsi, vəkilə çəkilən xərcin əvəzi olaraq 320 (üç yüz iyirmi) manatın və 2000 (iki min) manat mənəvi zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar