Məhkəmə qərarları › İş №2-1(103)-3304/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3304/2025

07.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3304/2025 07.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “icra vərəqəsinin tərtib edilməsi və qətnamənin icra şöbəsinə göndərilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 06 may 2025-ci il tarixli, 2-1(112)-9039/2025 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı Əzizbəyov (Xəzər) Rayon Məhkəməsinin 6 fevral 1991-ci il tarixli qətnaməsinin icra edilməsi üçün icra vərəqəsinin tərtib edilməsi və qətnamənin icra şöbəsinə göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə iddiaçı X1 Bakı şəhəri Cavabdehnə və Xəzər Rayon İcra Şöbəsinə müraciət edərək Əzizbəyov (Xəzər) Rayon Məhkəməsinin 6 fevral 1991-ci il tarixli qətnaməsinin icra edilməsi üçün icra vərəqəsinin tərtib edilməsini və qətnamənin icraya göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Cavabdeh və İcra Şöbəsi 6 fevral 1991-ci il tarixli qətnaməsinin icrası üçün heç bir tədbir görməmişlər. İddiaçı ərizə ilə Bakı şəhəri Cavabdehnə 6 fevral 1991-ci il tarixli qətnamənin icrası ilə əlaqədar müraciət etmiş, lakin, Bakı Şəhəri Cavabdeh 5 sentyabr 2024-сü il tarixli, 8(003)-219/2024 nömrəli qərardadı ilə ərizə rədd edilmişdir. Bakı şəhəri Cavabdeh 5 sentyabr 2024-cü il tarixli, 8(003)-219/2024 nömrəli qərardadını onunla əsaslandırmışdır ki, Əzizbəyov (Xəzər) Rayon Məhkəməsinin 6 fevral 1991-ci il tarixli qətnaməsinin predmetini təşkil edən daşınmaz əmlak özgəninkiləşdirilmiş və Azərbaycan SSR Mülki Prosessual Məcəlləsinin 358-ci maddəsinə əsasən məhkəmə qətnaməsi (qərarı) qüvvəyə mindiyi gündən 3 il ərizində icra edilməli idi. Hesab edir ki, Bakı şəhəri Cavabdeh qərardadı əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 3.1-ci maddəsinə əsasən, məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Bakı şəhəri Cavabdeh 5 sentyabr 2024-cü il tarixli, 8(003)-219/2024 nömrəli qərardadında prosessual hüquq normaları üzrə qüvvədən düşmüş məcəlləyə istinad etməsi qeyri-qanunidir, maddi norma üzrə həmin dövr qüvvədə olan qanunvericiliyə istinad edilə bilər. Bundan əlavə, maddi normanı təşkil edən, 1991-ci il tarixdə qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin 85-ci maddəsinə əsasən qeyri-əmlak tələbləri üzrə iddia müddətləri tətbiq edilmir və Əzizbəyov (Xəzər) Rayon Məhkəməsinin 6 fevral 1991-ci il tarixli qətnaməsinin mülki hüquq vəzifə və öhdəlik yaradan hissələri qeyri-əmlak hüquqlarını ehtiva edir. Bakı şəhəri Cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3.1-ci maddəsinə əsasən Əzizbəyov (Xəzər) Rayon Məhkəməsinin 6 fevral 1991-ci il tarixli qətnaməsi üzrə icra vərəqəsi tərtib edib, qətnaməni icraya yönəltməlidir və bu Cavabdeh inzibati vəzifəsi, öhdəliyidir. Əzizbəyov (Xəzər) Rayon Məhkəməsinin 6 fevral 1991-ci il tarixli qətnaməsi icra olunmasa, qətnamənin əsasını təşkil edən daşınmaz əmlakın özgəninkiləşdirilməsinə əsas olan alqı-satqı müqaviləsi, digər mülki müqavilələr, şəhadətnamələr, əmlak barədə çıxarışların etibarsız sayılması üçün məhkəməyə müraciət etmək qeyri-mümkün olacaqdır. Bakı şəhər Cavabdeh prosessual qanunvericilik əsasında yaranan öhdəliklərini icra etməsə iddiaçının mülkiyyət hüquqları bərpaedilməz şəkildə pozulacaqdır. Xüsusi ilə qeyd olunmalıdır ki, məhkəmə qətnaməsinə nəzarət məhkəmələrə həvalə edilmişdir. Belə ki, məhkəmə təcrübəsinin vahidliyinin təmin olunması baxımından analoji iş üzrə Ali Məhkəmənin 2-1(102)- 2301/2019 saylı, 11 sentyabr 2019-cu il tarixli qərarında (sədrlik edən N.İ.Rəsulbəyova) göstərilmişdir ki, "icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar, icra məmurunun icra sənədinin icra olunması ilə bağlı hərəkətləri və hərəkətsizlikləri inzibati hüquq sahəsinə aid olan publik xarakterli məsələlərin tənzimlənməsinə yönəlmədiyindən, ayrıca iddia qaldırılmaqla həmin qərarların, hərəkət və hərəkətsizliklərin inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün hesab olunmur. Qanuni qüvvəsini almış məhkəmə qərarının (qətnaməsinin, əmrinin) icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edilir. Bu baxımdan belə qərarın icrası ilə bağlı icra məmurunun qərarlarından, hərəkət və hərəkətsizliklərindən şikayətlərə də, məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmənin səlahiyyətinə aid edilir." (AR Ali Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 2-1(102)- 2301/2019 saylı, 11 sentyabr 2019-cu il tarixli qərarı (sədrlik edən N.İ.Rəsulbəyova). Lakin, bu iş üzrə Cavabdeh icra vərəqəsi tərtib etmədiyindən və qətnamənin icra edilməsi üçün icra şöbəsinə göndərmədiyindən, həmin mübahisə inzibati hüquq sahəsində yaranan mübahisədir və inzibati məhkəmədə baxılmalıdır. Bakı İnzibati Məhkəməsinin 06 may 2025-ci il tarixli, 2-1(112)-9039/2025 saylı qərardadı ilə (hakim A.Abdullayeva) iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək Bak İnzibati Məhkəməsinin 06 may 2025-ci il tarixli, 2-1(112)-9039/2025 saylı qərardadını ləğv edərək, işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129.1-ci maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qətnaməsi üzrə tərtib edilməli olan icra vərəqəsinin tərtibi üçün Cavabdeh üzərinə öhdəlik qoymalı idi. Cavabdeh inzibati orqan olmamasına vurğu edən Bakı İnzibati Məhkəməsi mübahisə predmetini təşkil edən qətnamə üzrə qəbul edilməli olan icra vərəqəsinin tərtib edilməsi üçün digər hüquqi vasitələrinin olmama faktını nəzərə almamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərardadında belə nəticəyə gəlmişdir ki, iddiaçının ərizəsi qanunvericiliyin tələblərinə uyğun olaraq Bakı şəhəri Cavabdeh və Bakı Apellyasiya Məhkəməsi tərəfindən baxılaraq müvafiq məhkəmə aktları qəbul edilmişdir. İddiaçının Bakı şəhəri Cavabdeh üzərinə qərarın icraya yönəldilməsi barədə öhdəlik qoyulmasına dair tələbi inzibati məhkəmə icraatında baxılan inzibati mübahisənin predmeti ola bilməz. Ona görə də, iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqe ilə razılaşaraq şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, şikayətdə göstərilənlər birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas deyildir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 12 oktyabr 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). İPMdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqeyə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. Göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də fiziki və ya hüquqi şəxslə inzibati orqan arasında inzibati mübahisənin yaranmasıdır. İnzibati icraat qaydasında baxılan istənilən iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafıq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırılmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Əks təqdirdə, məhkəmə tərəfindən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. İşin halları ilə müəyyən edilir ki, Bakı şəhəri Cavabdeh 05 sentyabr 2024-cü il tarixli, 8(003)-219/2024 nömrəli qərardadına əsasən Bakı şəhər məhkəməsinin İ instansiya mülki işlər üzrə məhkəmə kollegiyasının 3-28/1 saylı, 06 fevral 1991-ci il tarixli qərarının icraya yönəldilməsi barədə İddiaçı tərəfindən verilmiş ərizə rədd edilmiş, iddiaçı tərəfindən həmin qərardaddan verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(103)-371/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına əsasən təmin edilməyərək, Cavabdeh 05 sentyabr 2024-cü tarixli, 8(003)-219/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı hazırkı ərizə ilə Əzizbəyov (Xəzər) Rayon Məhkəməsinin 6 fevral 1991-ci il tarixli qətnaməsinin icra edilməsi üçün icra vərəqəsinin tərtib edilməsi və qətnamənin icra şöbəsinə göndərilməsini xahiş edir. Göründüyü kimi, iddiaçının iddia tələbinə baxılmış və 3-28/1 saylı, 06 fevral 1991-ci il tarixli qərar qəbul edilmidir. Bundan sonra qərarın icraya yönəldilməsi ilə bağlı iddiaçı Bakı şəhəri Cavabdehnə müraciət etmiş, ərizəsinə mahiyyəti üzrə baxılıb təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsi Cavabdeh bu mövqeyi ilə razılaşaraq qərardadı dəyişdirilmədən saxlamışdır. Ərizə üzrə qəbul edilmiş məhkəmə aktlarında qeyd edilir ki, istinad edilən məhkəmə aktının qəbul edildiyi vaxt - 01 sentyabr 2000-ci il tarixə qədər qüvvədə olan Azərbaycan SSR Mülki Prosessual Məcəllənin 358-ci maddəsinə əsasən tərəflərdən heç olmasa birinin vətəndaş olduğu iş üzrə məhkəmə qətnaməsi, qanuni qüvvəyə mindiyi vaxtdan üç il ərzində, bütün qalan işlər üzrə isə, qanunvericilikdə sair müddətlər müəyyən edilməmişsə, bir il ərzində məcburi surətdə icra olunmağa təqdim edilə bilər. Göründüyü kimi ərizəçi Bakı şəhər məhkəməsinin birinci instansiya mülki işlər üzrə məhkəmə kollegiyasının 3-28/1 saylı, 06 fevral 1991-ci il tarixli qərarının icraya yönəldilməsi üçün müəyyən edilmiş müddəti də ötürmüşdür. Hazırda iddiaçı eyni məzmunlu ərizə ilə inzibati icraat qaydasında məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddia tələbində göstərilən hallar üzrə Bakı şəhəri Cavabdeh inzibati hüququn subyekti kimi çıxış etmir. Cavabdeh üzərinə qərarın icraya yönəldilməsi barədə öhdəlik qoyulmasına dair tələb inzibati məhkəmə icraatında baxılan inzibati mübahisənin predmeti ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 02 sentyabr 2015-ci il tarixli qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair” 10 oktyabr 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir”. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Belə şikayətlərə bu qaydada baxılması ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, göstərilmiş Qanun məcəllələşdirilmiş prosessual normativ hüquqi aktlardan fərqli olaraq məhkəmə aidiyyəti qaydalarını müəyyən edə bilməz. Ümumi prinsipə görə işlər üzrə məhkəmə aidiyyəti qaydaları müvafiq sahələrə (mülki prosessual, cinayət-prosessual, inzibati prosessual, habelə inzibati xətalar haqqında qanunvericiliyə) aid prosessual qanunvericiliklə tənzimlənir. Bu səbəbdən icra məmurunun qərar və hərəkətlərindən və ya hərəkətsizliyindən şikayətlərə dair işlərin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmalı olan normativ-hüquqi akt kimi istinad edilən qanun deyil, Azərbaycan Respublikası Mülki Prosessual və İnzibati Prosessual Məcəllələri çıxış edirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da Azərbaycan Respublikası İPM-in 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin oxşar işlər üzrə qərarlarındakı mövqeyinə görə məhkəmə orqanlarının ədalət mühakiməsinin həyata keçirilməsi üzrə fəaliyyəti həmin orqanların inzibati idarəçilik sahəsi üzrə gördüyü tədbirlərə aid deyildir. Qeyd olunan fəaliyyət daxilində olan hərəkət və ya hərəkətsizliyin inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmamış, eyni zamanda iddiada qeyd olunan xüsusatlar üzrə məhkəmələr inzibati hüququn subyekti kimi çıxış etmir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 nömrəli, 10 aprel 2015ci il tarixli qərarında qeyd edilir ki, “...mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə “MPM”) 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə “İPM”) 2-ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərinə və işin yuxarıda qeyd olunan hallarına əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi ərizənin mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 06 may 2025-ci il tarixli, 2-1(112)-9039/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar