Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3305/2024 29.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər:“əlilliyinin səbəbli əlaqəsinin dəyişdirilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə,, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2784/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2018-ci il tarixdə 5 il müddətinə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlilik təyin edilmişdir. Diaqnoz: Enən çənbər bağırsağın bədxassəli yenitörəməsi, Çənbər bağırsağın xərçəngi İİİ mərhələ. Funksional mədə pozğunluğu. T3N2M2. Kombinə edilmiş müalicə prosesində vəziyyəti. Çənbər bağırsağın dalaq əyrisinin rezeksiyası. XELOX sxemi izrə İ kurs AQPKT. Digər neqativ pozuntular, Asteno-nevrotik hal.)
2. İddiaçıya cavabdehin xx.xx.2023-cü il tarixli qərarı ilə xx.xx.2023-cü il tarixdən 2 il müddətinə, ümumi xəstəlik səbəbindən orqanizmin fuknsiyalarının 70% pozuntusu ilə bağlı ikinci dərəcə əlillik təyin edilmişdir. Diqanoz: Enən çənbər bağırsağın bədxassəli yenitörəməsi, pT3N2bN0 mərhələ İİİ B G2. Enən çənbər bağırsağın korsinaması, carrahi əməliyyatdan sonrakı vəziyyət (2017 Rusiya Federasiyası Moskva) PKT (2017 MOM). OU Başlanğıc kotarakta. Zəif dərəcəli hipermetropiya. Bel və digər fəqərəarası disklərin radikulopatiysı ilə zədələnməsi. İddiaçı ona təyin edilmiş əlilliyin səbəbi əlaqəsinin dəyişdirilməsi ilə cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə iddiaçının əyani müayinəyə cəlb etmişdir. Əyani müayinənin nəticəsinə əsasən cavabdeh bildirmişdir ki, “..vətəndaşın müraciəti əsasında xx.xx.2023-cü il tarixində əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli 61 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Funksional mədə pozunlusu” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi və “Sol gözün amblopiyası görmə itiliyi 0.1 olmaqla korreksiya etmir” diaqnozlu travmanın səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd olunmuş “Enən çənbər bağirsağin bədxassəli yenitörəməsi T3N2b MO mərhələ İİİ B G2 Enən çənbər bağırsağın karsinoması cərrahi əməliyatdan sonrakı vəziyyət. PKT (2017 MOM) pT3Nəb MO İİİ B mərhələ (xx.xx.2023 MOM) . OU-Başlanğıc katarakta.Zəif dərəcəli hipermetropiya. Bel və diğər fəqərəarası disklərin radikulopatiyasi ilə zədələnmələri.” diaqnozu araşdırılmışdır. Xəstənin müayinəsi zamanı görmə zəifliyi, mədə ağrılarından şikayətlənmişdir. Anamnezində onkolojii xəstə olduğunu qeyd etmişdir. Müayinə zamanı boyu 171 sm, çəkisi 77 kq, BKİ 26,5 müəyyən edilmişdir. Baxış zamanı qarnın ön divarında orta və aşağı orta 1/3də laparatomiya kəsikləri izlənmişdir. Milli Onkologiya Mərkəzinin xx.xx.2023-cü il tarixli Tibbi Rəyində diaqnoz “Enən çənbər bağırsasın bədxassəli yeni törəməsi pT3N25bMO mərhələ İİİB G2. Enən çənbər bağırsasın cərrahi əməliyyatdan sonrakı vəziyyəti. pT3N2bMQ İİİB mərhələ” kimi qeyd olunmuşdur. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Oftalmoloq müayinəsinin nəticəsi “OD-0.05 k/ilə 0.3 Vis OS-0.03 k/e. OD-Yetişməmiş katarakta. OS-Tam yetişməmiş katarakta. Xəstəyə ixtisaslaşmış tibb müəssisəsində əlavə müayinə və müalicə olunması məsləhətdir” kimi qeyd olunmuşdur. X4 adına Milli Oftalmologiya Mərkəzinin xx.xx.2023-cü il tarixli 4971 nömrəli Tibbi Rəyində diaqnoz “V/İS OU 0.2 göstərir. Hipermetropiya ağırlaşmış katarakta. Xəstənin subyektiv görmə itiliyi obyektiv müayinələrin cavabları ilə uyğun gəlmir” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Hərbi şəhadətnamədə qeyd edilmiş xəstəliyin ağırlaşmaları əlillik təyinatına əsas verməmişdir. Əlillik təyinatına əsas verən onkoloji xəstəliyin hərbi səbəb əlaqəsi aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Xüsusi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir və xx.xx.2023-cü il tarixli Ümumi Xəstəlik ilə əlaqədar 2 iki il müddətinə orqanizmin funksiyalarının 70 faiz pozulması barədə qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilmişdir.
3. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli, 61 № li qərarında qeyd edilmişdir ki, “Lənkəran RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1993-cü ildə aldığı və N saylı hərbi hissənin Qəbul- Diaqnostika bölməsində müayinə və müalicə olunduğu xəstəlikdiaqnoz: “Funksional mədə pozğunluğu” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı ş. Qaradağ rayon idarəsinin xx.xx.2017-ci il tarixli 9 nömrəli göndərişi, xx.xx.2017-ci il tarixli 254 nömrəli arayışı, N saylı hərbi hissədən verilmiş xx.xx.2017-ci il tarixli çıxarış epikrizi, MN Mərkəz: Hərbi Hospitalından verilmiş xx.xx.1994-cü il tarixli 2/994 nömrəli arayışı, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR” və xx.xx.1994-cü ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilmə zamanı təyin edilmiş xəstəlik-diaqnoz: “Sol gözün ambliopiyası görmə itiliyi 0,1 olmaqla, korreksiya etmir” (tibbi kitabçadan çıxarışlar, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), "XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR”.
4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 2355 № li ekspert rəyində qeyd edilmişdir ki, “vətəndaş İddiaçı TSEK-ə göndərilən Forma 088 göndərişində qeyd edilən “Enən çənbər bağırsağın bədxassəli yeni törəməsi, pT3N2b M0 mərhələ İİİB G2 (MOM xx.xx.2023), Çənbər bağırsağın bədxassəli yeni törəməsi, enən çənbər bağırsağın karsinoması, cərrahi əməliyyatdan sonrakı vəziyyət (2017 RF, Moskva). PKT(2017 MOM) pT3N2b M0 mərhələ İİİB mərhələ (xx.xx.2023 MOM), Hipermetropiya, (OUbaşlanğıc katarakta, zəif dərəcəli hipermetropiya) Bel və digər şöbələrin fəqərəarası disklərin radikulopatiya ilə zədələnmələri” diaqnozdakı xəstəliklərdən əziyyət çəkməsini inkar etmək də olmaz. Belə ki, həmin diaqnozlar ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilmişdir. İddiaçı əlillik təyin edilməsinə əsas vermiş “Enən çənbər bağırsağın bədxassəsli yenitörəməsi, pT3N2b MO mərhələ İİİ B G2 Enən çənbər bağırsağın karsinoması. Cərrahi əməliyyatdan sonrakı vəziyyət. PKJİ2017 MOM, pT3N2b MO İİİ B mərhələ (xx.xx.2023 M OM). OU- Başlanğıc katarakta. Zəif dərəcəli hipermetropiya. Bel və digər fəqərəarası diaklərin radikulopatiya ilə zədələnmələri” diaqnozu ilə Hərbi-Həkim Komissiyasının qərarında qeyd edilmiş diaqnozlar yəni, TibbiSosial Ekspert komissiyası tərəfindən xx.xx.2018-ci il tarixdə əlillik təyinatı aparılarkən göstərilmiş diaqnoz ilə ona xx.xx.2023-cü il tarixdə əlillik təyinatı aparılan zaman qoyulmuş diaqnozdakı əsas xəstəliklər və ağırlaşmaları eynilik təşkil edir. İddiaçı olmuş “Enən çənbər bağırsağın karsinomasnın yaranma səbəbləri müxtəlif olduğundan onun Hərbi-Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli, 61 №-li qərarında göstərilən “funksional mədə pozğunluğu”dan yaranması haqqında konkret fikir söylənməsi mümkün olmasa da, onu tam inkar etmək də olmaz”.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdə təyin edilmiş əlilliyin səbəbinin dəyişdirilərək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” kimi göstərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Tələb onunla əsaslandırılmışdır ki, 1992-1995-ci illərdə Silahlı Qüvvələrdə həqiqi hərbi xidmət keçib. Döyüş zonasında xidmət keçərkən xəstələnmiş, mənəona “Funksional mədə pozğunluğu diaqnozu təyin edilmiş, aldığı xəstəliyin səbəb əlaqəsi “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır” ifadəsi ilə göstərilmişdir. Təyin edilmiş “sol gözün ambliopiyası görmə itiliyi 0,1 olmaqla, korreksiya etmir” diaqnozunun səbəb əlaqəsi isə “Xəstəlikdir, Hərbi Xidmət Dövrü alınmışdır” ifadəsi ilə göstərilmişdir, Xəstəliyimin fəsadlaşması nəticəsində səhhəti pozulmuş, dəfələrlə Azərbaycan Respublikasının və Rusiya Federasiyasının tibb müəssisələrində müayinə və müalicə olub. Nəhayət, xx.xx.2018-ci il tarixdə ona TSEK-nin qərarı ilə 5 illik müddətə (xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək) 2-ci dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə isə ona yenidən 2 illik müddətə 2-ci dərəcə əlillik təyin edilmiş. Lakin bu dəfə əlilliyin səbəbi “ümumi xəstəlik” ifadəsi ilə göstərilmişdir. Bundan sonra əlliyinin səbəbinin dəyişdirilərək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” ifadəsi ilə göstərilməsi xahişi ilə cavabdehə müraciət etsə də, ona xx.xx.2023-cü il tarixli imtina cavabı verilmişdir.
7. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazın dəlilləri əyani müayinə qərarında qeyd edilənlərlə eyni məzmunludur.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2784/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən xx.xx.2023-cü il tarixdə İddiaçı təyin edilmiş əlilliyin səbəbinin dəyişdirilərək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” kimi göstərilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır.
9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınan xəstəliyə səbəb olan diaqnozda göstərilən xəstəliklər göndərişdə və əlillik təyini barədə çıxarışda qeyd edilməsinə baxmayaraq cavabdeh iddiaçıya əlillik təyin edərkən əlilliyin səbəbli əlaqəsini düzgün müəyyən etməmişdir.
10. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
c) Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayətinin dəlilləri onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən sırf MHH Komissiyasının qərarına istinad etməsi ( halbuki onun mötəbərliyi belə araşdırılmamışdır ) və ekspert rəyini vətəndaşın xeyrinə tövsif etməklə qərar qəbul edərək qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşın əlillik səbəbinin dəyişdirilməsinin zəruriliyini vurqulamışdır. Halbuki, ekspert rəyində “funksional mədə pozğunluğu”dan yaranması haqqında konkret fikir söylənməsi mümkün olmasa da, onu tam inkar etmək də olmaz” kimi qeyri müəyyən fikir bildirilmişdir. Bu formada işlərdə məhkəmə tərəfindən qərardad qəbul edilərək şəxsin əyani müayinəyə cəlb edilməsi zərurəti vardır. Məhkəmə isə iş üzrə aralıq qərardad qəbul etməyərək vətəndaşı əyani müayinəyə cəlb etməmişdir. Həmçinin bildirmək istəyir ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq, səhv nəticəyə gəlmişdir.
d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə yazılı etiraz təqdim edilməmişdir.
e) Prosses iştirakçılarının izahatları
13. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
14. Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
15. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.2-ci maddəsinə əsasən, əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq; 1.0.17-ci maddəsinə uyğun olaraq, əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi. 3-cü maddəsində göstərilmişdir: “3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir; 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.”
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 2.1-ci bəndinə görə, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. 2.4-cü bəndinə uyğun olaraq, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9-cu bəndinə əsasən, göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın: 1.1-ci bəndinə uyğun olaraq, bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bəndinə əsasən, şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bəndinə görə, göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-cü bəndinə əsasən, göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bəndinə görə, göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir);
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 №-li Qərarı ilə yeni məzmunda “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş, Qərar 1 iyul 2022-ci il tarixdən qüvvəyə minmişdir.Həmin Meyarlara əsasən: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur.
2. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri
2.1. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. 2.2. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları üzrə məhdudlaşma dərəcələri aşağıdakılardır: 2.2.1. özünəqulluq bacarığı – insanın başlıca fizioloji tələbatlarını sərbəst şəkildə həyata keçirməsi, ev təsərrüfatında gündəlik ev işləri ilə məşğul olması, habelə şəxsi gigiyena bacarıqları:
1. İ dərəcə – tələb olunduğundan daha artıq vaxt sərf edərək, dağınıq formada və köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı;
2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı;
3. İİİ dərəcə – kənar şəxslərin daimi kömək və qayğısına ehtiyacın olması və kənar şəxslərdən tam asılılıqla əlaqədar özünəqulluq bacarığının olmaması;
19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 15.1.-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
22. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.Belə ki, iddiaçı xx.xx.2023-cü il tarixli qərarı mübahisələndirmək üçün xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən əlilliyin təyinatı ilə bağlı qərarın iddiaçıya hansı vaxta təqdim edilməsinə dair hər hansı bir sübut təqdim etməmişdir. İPM-də həmçinin inzibati aktın elan edilməsi ilə müddətin axımının başlanması nəzərdə tutulsa da, məhkəmə qeyd edir ki, məhz hazırkı iddiada müddətin axımının başlanması üçün inzibati aktın elan edilməsi deyil, təqdim edilməsi anı nəzərə alınmalıdır. Çünki şəxsə əlillik təyinatı ilə bağlı ona SMS məlumatlandırma gəldiyi andan, eyni zamanda şəxs əlilliyə görə pensiya ödənişləri aldığı andan ona əlillik təyin edilməsi barədə məlumatlı olsa da, ona təyin edilən əlilliyin səbəbli əlaqəsinin ümumi yaxud xüsusi əsaslarla olmasını, həmçinin əlilliyin müddətli və ya müddətsiz təyin edilməsini yalnız əlilliyin təyin edilməsinə dair qərarın şəxsə yazılı inzibati akt fomasında təqdim edilməsindən sonra bilməsi mümkündür. Hazırkı işdə cavabdeh tərəfindən hazırda mübahisələndirilən qərarın iddiaçıya hansı vaxta təqdim edilməsinə dair hər hansı sübut olmadığına görə, məhkəmə iddiaçı tərəfindən iddia müddətinin ötürülmədiyi qənaətinə gəlir.
24. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, aşağıdakılara görə cavabdehin apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
25. İşin faktiki hallarından görünür ki, iddiaçıya cavabdehin xx.xx.2023-cü il tarixli qərarı ilə xx.xx.2023-cü il tarixdən 2 il müddətinə, ümumi xəstəlik səbəbindən orqanizmin fuknsiyalarının 70% pozuntusu ilə bağlı ikinci dərəcə əlillik təyin edilmişdir.
26. İddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı ona təyin edilmiş əlilliyin səbəb əlaqəsinin dəyişdirilərək “ümumi xəstəlik” kimi deyil, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik kimi qeyd edilməsinə yönəlmişdir.
27. Cavabdeh hesab edir ki, hərbi şəhadətnamədə qeyd edilmiş xəstəliyin ağırlaşmaları əlillik təyinatına əsas vermir, əlillik təyinatına əsas verən onkoloji xəstəliyin hərbi səbəb əlaqəsi isə aşkar edilmir.
28. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır.
29. Belə ki, hazrkı iş üzrə müəyyən edilməli hal ondan ibarətdir ki, iddiaçıya əlillik təyinatına əsas olmuş onkoloji xəstəlik hərbi xidmət dövründə, hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar alınıb, yoxsa həmin xəstəliyin hərbi xidmət vəzifələlərinin icrası ilə əlaqəsi yoxdur.
30. Tərəflər arasında fikir ayrılığı bu barədədir.
31. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 19-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”ın 2.2. Bəndinin tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik" bir səra hallarda, həmçinin şəxsin yaralanmanı, travmanı, kontuziyanı (bundan sonra-xəsarət) Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusiya quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən alması halında müəyyən edilir.
32. Şəxsə o zaman ümumi xəstəlik səbəbndən əlillik təyinatı aparılır ki, şəxsin xəstəliyi hərbi xidmətə çağırılana kimi yaransın, yaxud şəxs xəsarəti, xəstəliyi hərbi xidmətdən yayınmaq məqsədi ilə özünə yetirsin və ya şəxsin xəstəliyi hərbi xidmətdən buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra yaranmışsa və xəstəliyin başlanğıcını hərbi xidmət (hərbi toplanış), dövrünə aid etməyə əsas olmasın.
33. Həmin Təlimatın: Bənd 3.3. Hərbi xidmətdən buraxılmış şəxslərin hərbi xidmətlə əlaqədar əlillik səbəbləri müəyyən edilərkən aşağıda göstərilən hərbi tibbi sənədlər əsas götürülür: 3.3.1. Xəstəlik haqqında şəhadətnamə (ştatdankənar HHK tərəfindən tərtib edilir və ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir); 3.3.2. arayış ştatdankənar HHK tərəfindən tərtib edilir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbihəkim ekspertizası haqqında Əsasnamə”nin 1.6-cı bəndində göstərilən hallarda ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir; 3.3.3. ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı. İstinad edilən normalardan göründüyü kimi, hərbi xidmətlə əlaqədar əlillik səbəbləri müəyyən edilməsi zamanı əsas götürülən sənədlər sadalanımışdır ki, ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı həmin sənədlərdən biridir.
34. Baxılan işdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli, 61 № li qərarında qeyd edilmişdir ki, “Lənkəran RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1993-cü ildə aldığı və N saylı hərbi hissənin Qəbul- Diaqnostika bölməsində müayinə və müalicə olunduğu xəstəlikdiaqnoz: “Funksional mədə pozğunluğu” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı ş. Qaradağ rayon idarəsinin xx.xx.2017ci il tarixli 9 nömrəli göndərişi, xx.xx.2017-ci il tarixli 254 nömrəli arayışı, N saylı hərbi hissədən verilmiş xx.xx.2017-ci il tarixli çıxarış epikrizi, MN Mərkəz: Hərbi Hospitalından verilmiş xx.xx.1994-cü il tarixli 2/994 nömrəli arayışı, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR” və xx.xx.1994-cü ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilmə zamanı təyin edilmiş xəstəlik-diaqnoz: “Sol gözün ambliopiyası görmə itiliyi 0,1 olmaqla, korreksiya etmir” (tibbi kitabçadan çıxarışlar, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), "XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR”.
35. Göründüyü kimi, Hərbi Həkim Komissiyasının qərarında iddiaçının hərbi travması və xəstəlikləri qeyd edilmişdir.
36. Hərbi Travma funksional mədə pozğunuluğ ilə bağlı, xəstəlik isə görmə zəifliyi ilə bağlı olmuşdur.
37. İddiaçıya hazırda təyin edilən əlillik onun, mədəsində yaranan onkoloji xəstəliklə əlaqədar olmuşdur ki, həmin travmanın hərbi xitməd dövründə alınması HHK qərarı ilə müəyyən edilir.
38. Bundan başqa məhkəməyə təqdim edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 2355 № li ekspert rəyində qeyd edilmişdir ki, “vətəndaş İddiaçı TSEK-ə göndərilən Forma 088 göndərişində qeyd edilən “Enən çənbər bağırsağın bədxassəli yeni törəməsi, pT3N2b M0 mərhələ İİİB G2 (MOM xx.xx.2023), Çənbər bağırsağın bədxassəli yeni törəməsi, enən çənbər bağırsağın karsinoması, cərrahi əməliyyatdan sonrakı vəziyyət (2017 RF, Moskva). PKT(2017 MOM) pT3N2b M0 mərhələ İİİB mərhələ (xx.xx.2023 MOM), Hipermetropiya, (OU-başlanğıc katarakta, zəif dərəcəli hipermetropiya) Bel və digər şöbələrin fəqərəarası disklərin radikulopatiya ilə zədələnmələri” diaqnozdakı xəstəliklərdən əziyyət çəkməsini inkar etmək də olmaz. Belə ki, həmin diaqnozlar ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilmişdir. İddiaçı əlillik təyin edilməsinə əsas vermiş “Enən çənbər bağırsağın bədxassəsli yenitörəməsi, pT3N2b MO mərhələ İİİ B G2 Enən çənbər bağırsağın karsinoması. Cərrahi əməliyyatdan sonrakı vəziyyət. PKJİ2017 MOM, pT3N2b MO İİİ B mərhələ (xx.xx.2023 M OM). OU- Başlanğıc katarakta. Zəif dərəcəli hipermetropiya. Bel və digər fəqərəarası diaklərin radikulopatiya ilə zədələnmələri” diaqnozu ilə Hərbi- Həkim Komissiyasının qərarında qeyd edilmiş diaqnozlar yəni, TibbiSosial Ekspert komissiyası tərəfindən xx.xx.2018-ci il tarixdə əlillik təyinatı aparılarkən göstərilmiş diaqnoz ilə ona xx.xx.2023-cü il tarixdə əlillik təyinatı aparılan zaman qoyulmuş diaqnozdakı əsas xəstəliklər və ağırlaşmaları eynilik təşkil edir. İddiaçı olmuş “Enən çənbər bağırsağın karsinomasnın yaranma səbəbləri müxtəlif olduğundan onun Hərbi- Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli, 61 №-li qərarında göstərilən “funksional mədə pozğunluğu”dan yaranması haqqında konkret fikir söylənməsi mümkün olmasa da, onu tam inkar etmək də olmaz”.
39. Ekspert rəyindən göründüyü kimi, HH komissiyasının qərarında qeyd edilən, həmçinin iddiaçıya ilkin olaraq 2018-ci ildə əlillik təyin edilərkən göstərilən əsas diqanoz və ağırlaşmalar, hazırda iddiaçıya əlillik təyinatı aparılan zaman diaqnozda göstərilən xəstəliklər eyni xəstəliklərdir.
40. Məhkəmə qeyd edir ki, iddiaçıya cavabdeh inzibati orqan tərəfindən ümumi xəstəlik səbıbindən əlillik təyin edilsə də, əlililiyin səbəb əlaqəsi ilə bağlı hərbi-həkim komissiyasının mübahisələndirilməyən qərarının mövcud olması və həmin sənəd əsasında əlilliyin səbəbinin dəyişdirilməsi ilə bağlı şəxsin özünün də müraciət etmək hüququnun olması nəzərə alınmamışdır.
41. Göründüyü kimi, iddiaçının Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınan xəstəliyə səbəb olan diaqnozda göstərilən xəstəliklər göndərişdə və əlillik təyini barədə çıxarışda qeyd edilməsinə baxmayaraq cavabdeh iddiaçıya əlillik təyin edərkən əlilliyin səbəbli əlaqəsini düzgün müəyyən etməmişdir.
42. Cavabdeh iddiaya etirazında və əyani müayinənin nəticələri haqqında qərarda iddiaçının əlilik təyinatına əsas verən onkoloji xəstəliyin hərbi xidmət dövrü zamanl alınmasına dair xəstəliklə səbəb əlaqəsi müəyyən edilmədiyini bildirir.
43. Baxılan işdə HH komissiyasının qərarı olduğu halda, iddiaçı həmin sübutu nə üçün nəzərə almadığını əsasılandırmamışdır.
44. İşdın görünür ki, HHK-nın qərarında qərar verilərkən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri, Qaradağ rayon idarəsinin xx.xx.2017-ci il tarixli 9 nömrəli göndərişi, xx.xx.2017-ci il tarixli 254 nömrəli arayışı, N saylı hərbi hissədən verilmiş xx.xx.2017-ci il tarixli çıxarış epikrizi, MN Mərkəz: Hərbi Hospitalından verilmiş xx.xx.1994-cü il tarixli 2/994 nömrəli arayışı, MN MHHK-nın həkim mütəxəssisinin rəyinə istinad edilmişdir.
45. Həmçinin ekspert rəyi ilə cavabdehin istinad etdiyi halların əsassız olması bir daha sübuta yetirilmişdir.
46. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən sırf MHH Komissiyasının qərarına istinad etməsi ( halbuki onun mötəbərliyi belə araşdırılmamışdır ) və ekspert rəyini vətəndaşın xeyrinə tövsif etməklə qərar qəbul edərək qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşın əlillik səbəbinin dəyişdirilməsinin zəruriliyini vurğulamışdır.Birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq səhv nəticəyə gəlmişdir.
47. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, məhkəmə ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirməklə (İPM-in 1.2-ci, MPM-in 88-ci maddəsinə əsasən) nəzərə alır ki, Ekspert rəyində qeyd olunanlar HH komissiyasının qərarında qeyd edilən, həmçinin iddiaçıya ilkin olaraq 2018-ci ildə əlillik təyin edilərkən göstərilən əsas diqanoz və ağırlaşmalarla uzlaşır.
48. Bundan başqa HH komissiyasının qərarının qüvvədə olmamasına dair hər hansı sübut işdə müəyyən olunmur.
49. Məhkəmə qeyd edir ki, hazırkı iddia mübahisələndirmə haqqında iddiadır və mübahisələndirilən inzibati aktı qəbul edən orqan həmin aktı qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.(İPM-in 14.1-ci maddəsi).
50. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir.
51. Beləliklə, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2784/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 73.2.-ci, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2784/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.