Məhkəmə qərarları › İş №2-1(103)-3308/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3308/2023

06.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3308/2023 06.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tağızadə Mirzə Nəsib oğlunun sədrliyi (məruzəçi) ilə, Əkbərov Kamran Hüseyn oğlu və X2 ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Ərizəçinin nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” iddia tələbi üzrə Maraqlı şəxs MMC-nin üçüncü şəxs qismində icraata cəlb edilməsi barədə ərizəsinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1353/2021 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Maraqlı şəxs MMC ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, ümumi sahəsi 0,12 ha olan 56/57b nömrəli bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” barədə iddia tələbi üzrə inzibati işə Maraqlı şəxs MMC-nin üçüncü şəxs kimi cəlb edilməsi və iş üzrə Bakı İnzibati Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2-1(112)-1353/2021 nömrəli qərarının ləğv edilərək işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2-1(112)-1353/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, ümumi sahəsi 0,12 ha olan 56/57b nömrəli bağ sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qeyd olunan məhkəmə mübahisəsi üzrə Maraqlı şəxs MMC birinci instansiya məhkəməsi tərəfindən üçüncü şəxs qismində cəlb edilsə də, lakin sonradan Bakı Apellyasiya Məhkəməsi tərəfindən əsassız olaraq Maraqlı şəxs MMC-nin üçüncü şəxs kimi iştirakına xitam verilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsinin şimal hissəsində yerləşən 168,94 ha torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş 280 nömrəli, xx.xx.2022-ci il tarixli Sərəncamı və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Maraqlı şəxs MMC arasında bağlanmış Hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə 4284 nömrəli xx.xx.2023-cü il tarixli müqavilə əsasında verilmiş xx.xx.2023-cü il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa və xx.xx.2023-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən icarə hüququ əsasında Maraqlı şəxs MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hal-hazırda da həmin torpaq sahəsi icarə hüququ əsasında Maraqlı şəxs MMC-yə məxsus olmaqla faktiki istifadəsindədir. İcarə hüququ əsasında Maraqlı şəxs MMC-yə məxsus torpaq sahəsinin bir hissəsinin İddiaçı qeydiyyata alınması barədə iddia tələbi ilə bağlı mübahisəyə yuxarı məhkəmə instansiyalarında baxılan zaman məhkəmə Maraqlı şəxs MMC-ni üçüncü şəxs qismində işə cəlb etməmiş və bu səbəbdən də Maraqlı şəxs MMC-nin pozulmuş hüquqlarının məhkəmə qaydasında müdafiə edilməsi mümkün olmamışdır. Məhkəmə işin araşdırılması üçün vacib olan iki əsas məqama aydınlıq gətirməmişdir. Birinci məqam, mübahisəli torpaq sahəsinin qanuni və faktiki istifadəçisi kimi Maraqlı şəxs MMC-nin məhkəmə icraatının iştirakçısı olaraq üçüncü şəxs kimi işə cəlb olunmaması və bu səbəbdən də, Maraqlı şəxs MMC-nin pozulmuş hüquq və mənafelərinin təmin edilməməsidir. İkinci məqam isə sözügedən torpaq sahəsinin iddiaçı tərəfindən yerində göstərilən torpaq sahəsinin iddiaçıya aid olub-olmadığına aydınlıq gətirilməməsidir. Belə ki, qeyd olunan məsələnin dəqiqləşdirilməsi məqsədilə düzgün ekspertiza keçirilməmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya və məhkəməyə ünvanlanmış məktubundan da görünür ki, İddiaçı iddia etdiyi torpaq sahəsi Maraqlı şəxs MMC-yə məxsus torpaq sahəsinin bir hissəsi ilə üst-üstə düşür və Ləhiş bağlar massivinin bölgü sxemində (sxematik xəritədə) 56/57b saylı bağ sahəsi öz əksini tapmamışdır. Qeyd olunan ünvanda yerləşən torpaq sahəsi icarə hüququ əsasında halhazıradək Maraqlı şəxs MMC-nin qanuni və faktiki sahibliyindədir və iddia olunan həmin torpaq sahəsinin İddiaçı ayrılmış bağ sahəsinə heç bir aidiyyəti yoxdur. Lakin qeyd olunan məsələlər məhkəmə instansiyaları tərəfindən düzgün araşdırılmamışdır. Göründüyü kimi, Bakı İnzibati Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2-1(112)-1353/2021 nömrəli qərarının birbaşa Maraqlı şəxs MMCnin qanuni hüquq və maraqlarına toxunması aşkardır və ərizədə qeyd edilən hallar əsassız olaraq məhkəmə tərəfindən düzgün və ətraflı araşdırılmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1353/2021 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə mümkün sayılmamışdır. Qərardaddan narazı qalan ərizəçi apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, ərizənin təmin edilməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsinin şimal hissəsində yerləşən 168,94 ha torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş 280 nömrəli, xx.xx.2022-ci il tarixli Sərəncamı və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Maraqlı şəxs MMC arasında bağlanmış Hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə 4284 nömrəli xx.xx.2023-cü il tarixli müqavilə əsasında verilmiş xx.xx.2023-cü il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa və xx.xx.2023-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən icarə hüququ əsasında Maraqlı şəxs MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hal-hazırda da həmin torpaq sahəsi icarə hüququ əsasında Maraqlı şəxs MMC-yə məxsus olmaqla faktiki istifadəsindədir. İddiaçı iddia etdiyi torpaq sahəsidə həmin torpaq sahəsinin hüdudları daxilində yerləşir və Maraqlı şəxs MMC-yə məxsus olmaqla daşınmaz əmlakın dövlət reyestrində icarə hüququ əsasında qeydiyyata alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətini əsassız hesab edərək, qərardadın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçinin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, qərardadın ləğv edilməsi, üçüncü şəxs qismində icraata cəlb edilmələrini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi ərizənin təmin edilməsini xahiş etdi. AR İPM-in 12-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İşin faktiki hallarından müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, ümumi sahəsi 0.12 ha olan 56/57b nömrəli bağ sahəsinə onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1353/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə, İddia təmin edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə birinci instansiya qaydasında işə baxılarkən 11 mart 2021-ci il tarixli qərardadla cəlb edilmiş Maraqlı şəxs MMC-nin iş üzrə 3-cü şəxs statusu ləğv edilmişdir. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 avqust 2022-ci il tarixli, 2-1(103)-631/2022 nömrəli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-472/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə təmin edilməmişdir. Bundan sonra Maraqlı şəxs MMC ərizəçi qismində Bakı İnzibati Məhkəməsin müraciət edərək, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, ümumi sahəsi 0,12 ha olan 56/57b nömrəli bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” barədə iddia tələbi üzrə inzibati işə Maraqlı şəxs MMC-nin üçüncü şəxs kimi cəlb edilməsi və iş üzrə Bakı İnzibati Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2-1(112)-1353/2021 nömrəli qərarının ləğv edilərək işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi ərizəni mümkün hesab etməmiş və bunu onunla əsaslandırmışdır ki, “....Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-2452/2022 saylı qərardadı ilə birinci instasniya məhkəməsinin Maraqlı şəxs MMC-nin işə üçüncü şəxs qismində cəlb edilməsi qərardadı ləğv edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(103)-2452/2022 saylı qərardadı Maraqlı şəxs MMC-yə xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir. Həmin qərardaddan kassasiya şikayəti verilməmişdir”. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən ərizənin qeyrimümkün sayılması nəticəsinə gəlinərkən işin hallarına hərtərəfli yanaşılmamış, bununla da yalnış nəticəyə gəlinmişdir. Birinci instansiya məhkəməsi ərizəni qeyri-mümkün sayarkən, Bakı Apellyasiya Məhkəməsi tərəfindən Maraqlı şəxs MMC-nin üçüncü şəxs statusuna xitam verildiyini və bundan şikayət verilmədiyini əsas götürmüşdür. Lakin məhkəmə nəzərə almamışdır ki, həmin dövrdə mövcud olan işin faktiki halları ilə hazırkı işin halları eyni olmamışdır. Kollegiya qeyd edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia tələbi təmin edilərkən, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, ümumi sahəsi 0.12 ha olan 56/57b nömrəli bağ sahəsinin hər hansı başqa fiziki və ya hüquqi şəxsə məxsus olması və ya istifadəsində olması müəyyən edilməmişdir. Həmçinin Maraqlı şəxs MMC-nin üçüncü şəxs statusuna xitam verilərkən də, o əsasla xitam verilmişdir ki, qəbul ediləcək qərar sonuncunun qanunla qorunan hüquq və maraqlarına toxunmur. Lakin hazırkı iş materiallarında olan sənədlərdən görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1353/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı birbaşa olaraq Maraqlı şəxs MMC-nin qanunlara qornunan hüquq və mənafelərinə ciddi təsir edir. Belə ki, iş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş 280 nömrəli, xx.xx.2022-ci il tarixli Sərəncamından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ərazisində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 168.94 ha torpaq sahəsi Maraqlı şəxs MMC-nin istifadəsinə verilmişdir. İş materiallarında olan Maraqlı şəxs MMC ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında bağlanılmış 17 yanvar 2023-cü il tarixli, 4284 nömrəli icarə müqaviləsindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi şimal hissəsi ünvanında yerləşən 1689400.0 kv.m torpaq sahəsi Maraqlı şəxs MMC-nin icarə şərtləri əsasında müvəqqəti istifadəsinə verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Maraqlı şəxs MMC-nin qeyd edilən torpaq sahəsinə dair hüquqları dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan cavabdeh tərəfindən Bakı İnzibati Məhkəməsinə ünvanlanmış yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizədən də görünür ki, elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən iddia olunan torpaq sahəsi Maraqlı şəxs MMC-nin adına xx.xx.2023-cü il tarixində ********** qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmiş 168.94 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Göründüyü kimi, hal-hazırda Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi şimal hissəsi ünvanında yerləşən 1689400.0 kv.m torpaq sahəsi Maraqlı şəxs MMC-nin istifadəsindədir və iddiaçının iddia etdiyi torpaq sahəsi ilə üst-üstə düşür. İnzibati Prosessual Məcəlləsinin:

28. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. 28.4. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. 28.5. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair 12 aprel 2017-ci il tarixli qərarından görünür ki, Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə maraqlarına toxunan şəxsin məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə İnzibati Prosessual Məcəllənin 28.1-ci maddəsinə müvafiq olaraq üçüncü şəxs qismində işə cəlb edilməsi həmin şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğu hallarda mümkün hesab edilə bilər. AR İPM-nin 82-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin apelyasiya şikayəti əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82, 87 və 89-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı Maraqlı şəxs MMC-nin apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1353/2021 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. Maraqlı şəxs MMC 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunsun. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1353/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ləğv olunsun. İnzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Rəşid Səmədov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar