Məhkəmə qərarları › İş №2-1(103)-331/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-331/2021

02.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-331/2021 02.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Valeh Məmməd oğlu Ağayevin sədrliyi ilə (məruzəçi); Afaq Bayram qızı Nuriyeva və Hüseyn Aida Əli qızından ibarət tərkibdə; İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “mülkiyyət hüququnun qeydiyyata alınması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-5509/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı onun və ailə üzvlərinin – yəni, həyat yoldaşı və 3 oğlu ilə birlikdə 40 ilə yaxın Zabrat 2 qəsəbəsində, köhnə ünvan Tramvay 16/1, indiki adı isə Hüseyn Cavid 16/1 ünvanında 3.5 sota yaxın torpaq sahəsində tikilmiş 2 otaqlı evdə yaşamaları, həmin daşınmaz əmlaka 40 ilə yaxın müddət ərzində fasiləsiz və etirazsız sahiblik etmələri, köhnə tikililər barədə sərəncamı nəzərə alaraq, həmin yaşayış sahəsinin və yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun tanınması və həmin yaşayış sahəsinin və yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi kimi qeydə alınmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun tərəfindən 1981-ci il tarixdə Zabrat 2 qəsəbəsində, köhnə ünvan-Tramvay 16/1, indiki adı isə Hüseyn Cavid 16/1 ünvanında 2 otaqlı evi 3.5 sota yaxın torpaq sahəsində tikmişdir. Həmin evdə, o, həyat yoldaşı və 3 oğlu ilə birlikdə hal-hazıra kimi yaşayır. Bir oğlu isə 1983-cü il may ayının 31-də həmin evdə anadan olmuşdur. Oğlanları Zabrat qəsəbəsi 75 nömrəli məktəbdə təhsil almışlar. Onlar həmin ünvana qeydiyyata düşə bilmədikləri üçün şəxsiyyət vəsiqəsi ala bilmədiklərinə görə, oğlunun adına olan Nərimanov rayonu, Ziya Bünyadov prospekti 28 A, mənzil 40 ünvanına qeydiyyata alınaraq şəxsiyyət vəsiqəsi almışlar. Hal-hazırda şəxsiyyət vəsiqələrinin yenilənməsi və yeni nəsil şəxsiyyət vəsiqələrinin alınması üçün 40 ilə yaxın yaşadıqları ünvandan yəni, Sabunçu rayonu, Zabrat 2 qəsəbəsi, H.Cavid 16/1 ünvanına xx.xx.2019-cu il tarixli 2 saylı İnzibatiİqtisadi Məhkəməsinin qərarı ilə məhkəmə qaydasında qeydiyyata düşərək şəxsiyyət vəsiqəsi almışlar. Həmin evin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər X3 qəsəbə nümayəndəliyinin və bələdiyyənin həmin ünvanda yaşamaqlarını bildirən arayış əsasında hesabat hazırlanmış, hesabat sənədini oğlu Surxayın adına qeyd etdirmişdir. Həmin evin köhnə tikili kimi, yəni 1981-ci ildə tikilməsi qeydə alınmışdır. Ölkə prezidentinin köhnə tikililərin qeydə alınması barədə göstərişindən sonra köhnə tikili kimi bələdiyyə və icra nümayəndələri köhnə tikililərin siyahısını Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim etmişlər. Həmin evə işıq, qaz, su, telefon xətti çəkilmişdir. Onun İİ qrup əlil olması, əmək veteranı olması, hərbiçi kapitan oğlunun 2016-cı ildə həlak olması, ürəyindən əməliyyat olması və ailəsinin 40 ilə yaxın, yəni uzun müddət həmin evdə yaşaması üçün həmin evə əmlak və torpaq vergisi ödəyicisidir. Yaşayış hüquqlarının həyata keçirilməsi üçün həmin yaşayış sahəsinin özəlləşdirilməsi və onun adına çıxarış verilməsi zəruridir. Ərizəsinə əlavə etdiyi sənədlərlə və sübutlarla da, onun 1981-ci ildə qeyd olunan ünvanda 3.5 sot torpaq sahəsində 2 otaqlı fərdi yaşayış evi tikdirərək həmin tarixdən də, orada ailəsi ilə birlikdə mübahisəsiz olaraq yaşadığını, həmin torpaq sahsinə dair əmlak və torpaq vergisi ödəyicisi olmasını, ailəsi ilə birlikdə həmin ünvanda pasport qeydiyyatında olmalarını və yaşamlarını, həmin köhnə tikilinin rayon icra nümayəndəliyi və Zabrat qəsəbə Bələdiyyəsi tərəfindən qeydə alınması və sənədləşdirilməsi barədə 2011-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinə məlumat göndərilməsi öz təsdiqini tam şəkildə tapmışdır. Cavabdeh təşkilata müraciət edərək, həmin yaşayış sahəsinin və yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin onun adına mülkiyyət kimi qeydiyyata alınması və müvafiq çıxarış verilməsini xahiş etmişdir. Lakin, ona verilən cavabda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə istinad olunaraq qeyd olunmuşdur ki, onun tərəfindən qeyd olunan yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi ilə əlaqədar qanunun həmin maddəsində göstərilən hər hansı bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir və buna görə də, xahişi təmin oluna bilməz. Hesab edir ki, sözügedən hüquqmüəyyənedici sənədin əldə olunması üçün onun qeyd olunan əmlaka mülkiyyət hüququ məhkəmə tərəfindən tanınmalı və qeyd olunan tikiliyə və tikilinin yerləşdiyi torpaq sahəsinə mülkiyyətçi kimi qeydiyyata alınması barədə qətnamə qəbul edilməlidir. Məhkəməyə təqdim etdiyi bütün sənədlərdən görünür ki, o, qeyd olunan əmlaka 39 ildən çoxdur ki, fasiləsiz və etirazsız sahiblik edir. Bu fakt həmin daşınmaz əmlaka onun mülkiyyət hüququnun tanınması və mülkiyyətçi kimi qeydə alınması üçün birmənalı əsasdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-5509/2020 saylı qərərdadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-5509/2020 saylı qərardadının ləğv edilməsi, iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Apellyasiya baxışı zamanı iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-5509/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Bakı İnzibati Məhkəməsində işə baxılarkən məhkəmə qeyd etmişdir ki, iddia tələbinə inzibati məhkəmə icraatında baxılması üçün iddiaçıya yardım etmək məqsədi ilə məhkəmə iclasında, Azərbaycan Respublikası İPM-nin 13 və 48.1-ci maddələrinə müvafiq olaraq qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması, natamam faktiki məlumatların tamamlanması, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması tövsiyyə edilmiş, lakin İddiaçı dəqiqləşdirilmiş iddia tələbini məhkəməyə təqdim etməmişdir. Həmçinin iddiaçı tərəfindən iddia ərizəsinə düzəliş edilsə idi belə, onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verildiyindən və iddiaçı həmin imtina cavabını aldıqdan sonra qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində məhkəməyə müraciət etmədiyindən nəticə etibarı ilə iddia yenidən mümkün sayılmayacaqdır. Eləcə də, məhkəmə tərəfindən iş materiallarına baxış keçirilərkən müəyyən edilmişdir ki, iddiaçı ona məxsus olduğunu iddia etdiyi Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, H.Cavid küçəsi, 16/1 saylı sahədə yerləşən fərdi yaşayış evinə dair dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı tələb irəli sürsə də, iş materiallarında iddiaçıya məxsus olduğu iddia edilən fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə dair hər hansı bir hüquqmüəyyənedici sənədlər, yəni, iddiaçının mübahisəli ünvan üzrə iddia qaldırmaq, hüquq və mənafelərini məhkəmədə təmsil etmək hüququnu təsdiq edən sənəd-sübut aşkarlanmamışdır. Göründüyü kimi, iddiaçının hazırki iddianı qaldırmağda subyektiv hüququ mövcud deyildir. Belə ki, onlunla cavabdeh arasında ümumi (publik) hüquq sahəsi ilə əhatə olunan inzibati hüquq münasibətlərinin mövcudluğu və həmin orqan tərəfindən onun subyektiv hüquqlarına hər hansı bir müdaxilə edildiyi və ya qanunla qorunan hüquq və azadlıqlarını pozması faktı müəyyən edilmir. Bu hal isə, iddiaçının iddia tələbinin İPM-nin 35-ci maddəsinə müvafiq əsaslandırılmış iddia kimi qəbul edilməsi istisna edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxx 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Maddənin tələblərindən göründüyü kimi iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Apellyasiya şikayətinin dəlilləri iddianın dəlilləri ilə eyni olduğundan və Məhkəmə kollegiyası həmin dəlillər üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşdığından, Kollegiya apellyasiya şikayətinin dəlilləri üzrə əlavə araşdırma aparılmasına zərurət görmür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.4 və 38.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-5509/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Valeh Ağayev Hakimlər: Afaq Nuriyeva Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar