Məhkəmə qərarları › İş №2-1(103)-331/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-331/2022

10.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-331/2022 10.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı «diplom üzrə aldığı ixtisasın ölkə üzrə tanınması tələbinə dair» inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1227/2021 saylı 30.06.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Təhsildə X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “iddiaçının ********** saylı müraciəti üzrə Təhsil Nazirliyi tərəfindən verilmiş “aldığı ixtisasın ölkə ərazisində tanınmasının mümkün hesab edilməməsi” qərarının ləğv edilməsi və aldığı ixtisasın ölkə ərazisində tanınmasının mümkün hesab edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına görə iddiaçı 2015-ci ilin oktyabr ayından 2015-ci ilin oktyabr ayından 2019-cu ilin oktyabr ayınadək qiyabi təhsialma formasında Ukraynanın KROK İqtisadiyyat və Hüquq Universitetinin Hüquq fakültəsində təhsil almış, imtahanları şəxsən verərək müsbət nəticə göstərmişdir. O, 09.04.2016 -17.04.2016; 24.06.2017- 07.07.2017; 28.05.2018 -14.06.2018; 16.09.2019-19.10.2019 tarixlərində Ukraynada olmuş və tədrisimtahan müddətlərində Universitetdə dərslərdə və imtahanlarda iştirak etmiş, bitirməsini təsdiq edən “Hüquq ali peşə istiqaməti üzrə” 18.10.2019-cu il tarixli, B19 249146 saylı diplom və ona əlavə təqdim edilmişdir. Diplomu aldıqdan sonra nostrifikasiyası üçün Təhsil Nazirliyinə müraciət etmiş, lakin sonuncu tərəfindən elektron qaydada onun müraciəti üzrə mənfi qərar qəbul edildiyi bildirilmişdir. Qərarda qeyd edilmişdir ki, az müddətdə Ukraynada olduğu üçün diploma əlavədə qeyd edilən tədris yükünü yerinə yetirməyi qeyrimümkündür. İddiaçı cavabdehin qərarını qanunsuz və əsassızdır. Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, ekspert qrupunun rəyinə əsasən iddiaçıya müvafiq şəhadətnamənin verilməsi məqsədəuyğun sayılmamışdır. Ekspert rəyində qeyd edilir ki, həmin təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olmuşdur ( İ il-9 gün, İİ il - 7 gün, İİİ il- 18 gün, İV il- 1 ay 2 gün). Göründüyü kimi qeyd edilən ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir və qısa müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyrimümkündür. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1227/2021 saylı 30.06.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən onun Ukraynada olma müddətini əsas götürülərək imtina etmiş, halbuki, onun bilik və bacarıqlarına uyğun olaraq dəyərləndirmə aparıb qərar qəbul etməli idi. Belə ki, imtahanları verib dipolumu almışdır Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qeyd edilən 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyin müəyyən edilməsi (nostrifikasiyası) haqqında «Qaydalar”ın 1.6-cı bəndinin 3-cü abzasına əsasən Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmada ekvivalentlik müəyən ediliblsə, ekvivalentlik haqqında şəhadətnamə ekspertiza keçirilmədən verilir. Məhkəmə bu halı nəzərə almamışdır. Azərbaycan Respublikası ilə Ukrayna Respublikası arasında bağlanmış ikitərəfli Sazişə əsasən ekvivalentlik müəyyən edilmişdir. O, birinci ali təhsil üçün 540 bal toplamış, hərbi xidmətdən qayıtdıqdan sonra hüquq təhsili almaq üçün qeyd olunan universitetə qəbul olunmuşdur. Ukraynada olarkən elə gün olmuşdur ki, 2 imtahanda iştirak etmişdir. Diplom və ona əlavə verilmişdirsə, gün sayını əsas gətirməkdə məqsəd nədir? ”Qaydalar”ın 1.6, 3.6, 3.7 və Azərbaycan Respublikasının 30.09.1997-ci il, 367-İQ №-li Qanunu ilə təsdiq edilmiş «1997-ci ildə aprelin 11-də Lissabon şəhərində imzalanmış «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiyanın normalarına istinadən iddiaçı hesab edir ki, birinci instansiya məkəməsinin qərarı əsassız qərar qəbul etmişdir. Məhkəmə kollegiyasının iclaslarının vaxtı və yeri, habelə, məhkəmə iclasına gəlmədiyi təqdirdə işə onun iştirakı olmadan baxılacağı barədə xəbərdar edilmiş İddiaçı məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi M.Sultanlı iddiaçının apellyasiya şikayəti ilə razılaşmamış, iddia ərizəsinə etirazında göstərilənlərə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin qeyd olunan faktiki hallarından göründüyü kimi, iddiaçının 2015 - 2019-cu illərdə qiyabi təhsialma formasında Ukraynanın KROK İqtisadiyyat və Hüquq Universitetinin Hüquq fakültəsində təhsil alması və 18.10.2019-cu il tarixdə ona “Hüquq ali peşə istiqaməti üzrə” B19 249146 nömrəli bakalavr diplomu verildiyi işin mübahisələndirilməyən halıdır. İşin mübahisələndirilən halları isə ondan ibarətdir ki, iddiaçı diplom üzrə ixtisasın tanınması və ekvivaltlik haqqında şəhadətnamənin verilməsi üçün cavabdeh müraciət etmiş, lakin cavabdeh ekspert qrupunun rəyinə əsasən iddiaçıya ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədəuyğun sayılmadığını bildirərək buna əsas kimi göstərmişdir ki, ali təhsil sənədləri araşıdırılarkən, Ukraynanın KROK İqtisadiyyat və Hüquq Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında onun həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsi qeyri-mümkün olduğundan, Nazirlər Kabinetinin qeyd edilən 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyin müəyyən edilməsi (nostrifikasiyası) haqqında «Qaydalar”ının 3.7-ci bəndinə əsasən ölkə ərazisində diplomun tanınması mümkün hesab olunmamışdır. İddiaçı isə hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. İddiaçı hazırkı apellyasiya şikayətinin dəlillərində Azərbaycan Respublikası ilə Ukrayna Respublikası arasında bağlanmış ikitərəfli Sazişə istinadən artıq ekvivalentliyin müəyyən edildiyini və belə olan halda onun barəsində ekspertiza keçirilməsinin əsassız olduğunu qeyd edərək, digər tərəfdən isə ona diplom verildiyi halda, cavabdeh tərəfindən qeyd olunan əsasla ixtisasının tanınmasından imtina olunmasını əsassız sayır. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə iddiaçının qeyd olunan dəlilləri ilə razılaşmır və hesab edir ki, cavabdeh diplom üzrə ixtisasının tanınmasından imtina etməkdə haqlıdır. Birincisi, işə əlavə olunmuş, ekspert rəyinə və iddiaçının sərhədkeçmə məlumatlarına (iş vərəqi: 60-61) əsasən müəyyyən olunur ki, təhsil aldığı 2015-2019-cu illərdə Ukraynada olma müddətinin: birinci il - 9 gün, ikinci il - 7 gün, üçüncü il - 18 gün dördüncü il - 1 ay 2 gün təşkil etdiyi öz təsdiqini tapır. Əslində, bir növ iddiaçıının özü tərəfindən də qeyd olunan Ukraynada olma müddəti mübahisəlndirilmir. Belə ki, iddia ərizəsində qeyd edir ki, təhsil dövründə Ukraynada 09.04.2016 - 17.04.2016; 24.06.2017-07.07.2017; 28.05.2018 - 14.06.2018; 16.09.2019 - 19.10.2019 illərdə olmuşdur. Həmin tədqiq edildikdə isə, onun Ukraynada olma müddəti birinci il - 8 gün, ikinci il 13 gün, üçüncü il 18 gün, dördüncü il 1 ay 3 gün təşkil edir. Göründüyü kimi, cavabdehin mövqeyinə münasibtdə tədris dövrünün ikinci ilində və dördüncü ilində cüzi fərq (cəmi 9 gün artıq) mövcuddur, qalan illər üzrə üst-üst düşür. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən ekspert tərəfindən verilən mənfi rəy əsasında iddiaçının diplom üzrə ixtisasının tanınmasından imtina olunması əsasıldır. Ən azından ona görə ki, iddiaçının Ukraynada qeyd olunan universitetdə qiyabi formada aldığı təhsil Azərbaycan Respublikasının təhsil qanunvericiliyi ilə müəyyən olunan dövlət standartlarına yuğun gəlmir. Belə ki, «Təhsil haqqında» Azərbaycan Respublikası Qanunun 6.3-cü maddəsindən isə göründyü kimi dövlət təhsil standartları və onların qüvvədə olma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (Həmin Qanunun tətbiq edilməsinə dair Azərbaycan Respublikası Prezidentinin Fərmanına (sentyabr 2009-cu il, № 156) əsasən müvafiq icra hakimiyyəti səlahiyyətini Nazirlər Kabineti həyata keçirir.) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.04.2010-cu il tarixli 75 №-li qərarı ilə təsdiq edilmiş «Ali təhsil pilləsinin dövlət standartı və proqrammı»nın 5.5-ci bəndi, eləcə də, Nazirlər Kabinetinin 21 yanvar 2011-ci il tarixli, 9 №-li Qərarı ilə təsdiq olunmuş «Ali təhsil müəssisəsnin «Nümunəvi Nizamnaməsi»nin 1.28-ci bəndində bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 il, qiyabi forma üzrə təhsil müddəti 1 il artıq müəyyən edilmişdır. Eyni zamanda, Nazirlər Kabinetinin 24.12.2013-cu il tarixli 348 №-li qərarı ilə təsdiq edilmiş «Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili «Qaydaları»nın: 3.2.3-cü bəndinə əsasən qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 3.2.4-cü bəndinə əsasən ixtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. İddiaçı Azərbaycan Respublikasının qeyd olunan təhsil standartlarından fərqli olaraq, qiyabi təhsialma müddəti 1 il az olmuş(yəni 4 il oxumuş), həmin müddətin özündə belə sözügedən onun qiyabi təhsil alma forması sözügedən Qaydaların 3.2.3-cü bəndi ilə müəyyən olunan tələblərə cavab vermir. Beləliklə də, Ukraynanın KROK İqtisadiyyat və Hüquq Universitetində iddiaçının qiyabi təhsilalma formasında aldığı təhsilin məzmunu, Azərbaycan Respublikasında təhsilə olan dövlət standartlarından əhəmiyyətli dərəcədə fərqlənir. Azərbaycan Respublikasının 30.09.1997-ci il, 367-İQ №-li Qanunu ilə təsdiq edilmiş «1997-ci ildə aprelin 11-də Lissabon şəhərində imzalanmış «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiyanın Vİ.1-ci maddəsi isə Razılığı gələn Tərəfin belə bir diskresion səlahiyyətini nəzərədə tutur ki, ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər aşkar edildikdə ixtisasın tanınmasından imtina oluna bilər. 31 iyul 2000-ci il tarixli 919-İQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında» Sazişə Sazişə gəlincə isə, həmin Sazişin 5-ci maddəsinin tələbinə görə “Azərbaycan Tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin «kiçik mütəxəssis», «bakalavr», «mütəxəssis» və «magistr» ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir. Sazişin qeyd olunan madəsinin mənasından göründüyü kimi, Ukrayna Respublikasında verilmiş diplom təhsilin müddətinə və təhsilin məzmununa uyğun gəlmədiyi halda, Azərbaycan Respublikası ərazisində tanına bilməz. Beləliklə də iddiaçının apellyasiya şikayətinin onun barəsində ekspertizanın keçirilməsinin sözügedən Konvensiyaya və Sazişə uyğun olmadığını mübahisələndirən dəlillləri əsassızdır. Göstərilənlər onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçının Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyin müəyyən edilməsi (nostrifikasiyası) haqqında «Qaydalar”ın 3.6 və 3.7-ci bəndləri tətbiq edilməklə, diplom üzrə ixtisasının tanınmasından iddiaçıya imtina olunması qanunmüvafiqdir. «Qaydaları»ın 3.6-cı bəndi isə nəzərdə tutur ki, ekvivalentlik haqqında şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin “Qaydaların 3.7-ci bəndinə əsasən isə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Göründüyü kimi, cavabdeh inzibati orqanın ekspertin mənfi rəyini əsas götürməklə, iddiaçının diplomu üzrə ixtisasının tanınmasından və ona ekvivalentlik şəhadətnaməsinin verilməsindən imtina olunması ölkədaxili və beynəlxalq qanunvericiliyə uyğun olmuşdur. Belə olan halda həmin imtina iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsinin mənasmından da görünür ki, o zaman məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, cavabdehin imtinası və ya hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. Eyni zamanda, qeyd olunmalıdır ki, həmin Məcəllənin 73.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Beləliklə də, göstərilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd edilməsini işdə olan sübutlara, maddi və prosessual hüquq normaları uyğun nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin, birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1227/2021 saylı 30.06.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 69, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1227/2021 saylı 30.06.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar